Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ELŞAD MİRİ MƏQALƏMİ OXUYUB MƏNİ ATEİST ADLANDIRDI. TARYEL ABDULLAYEV TƏKAMÜL NƏZƏRİYYƏSİNDƏN DANIŞDI – MÜSAHİBƏ

Taryel Abdullayev: “Ümumiyyələ, Tanrının varlığı və yoxluğu üzərində izah edilən elm sahəsi yoxdur”.

Din.az bildirir ki, “A24.az” tanınmış gənc bologger Taryel Abdullayevlə müsahibə edib. Müsahibənin suallarınının əsasını isə Təkamül Nəzəriyyəsi təşkil edib.

Gənc bloggerin mövzu ilə bağlı cavablandırdığı sualların cavablarını sizə təqdim edirik:

-Təkamül Nəzəriyyəsinin kütləviləşməsində aktivlik göstərirsiniz? Sizcə, Təkamül qəbul etmək üçün ateist olmaq lazımdır?

-Xeyr! Bu iddia mənim qarşıma çox tez-tez çıxır. Bunun səbəbi də ölkəmizdə Harun Yahyanın müridlərinin apardığı təbliğatdı. Təkamül bir Tanrı tələb etmir, ancaq Tanrının mövcud olmadığını da demir. Bu mənada digər elm sahələri kimi Tanrının varlığı və yoxluğu üzərində izah edilən elm sahəsi deyil. Ümumiyyələ, Tanrının varlığı və yoxluğu üzərində izah edilən elm sahəsi yoxdur. Təkamülçü ateistlər də var inanclılarda. Bu, şəxsin subutektiv fikirlərinə, inanclarına əsaslanır. Elmin və elm adamlarının məqsədi kainatı, planetimizi, canlılar aləmini izah etməkdir. Bunun üçün elmi metoda dayanan nəzəriyyələr inkişaf etdirirlər. Bir çox elm adamları Tanrı inancına sahibdir və hətta elmin nəticələri üzərində subyektiv olaraq Tanrı izahları da edirlər. Lakin kainatın yaranması üçün Tanrıya ehtiyac olmadığını deyən Hokinq kimi elm adamları da var. Dediyim kimi bunlar hamısı subyektiv fikirlərdi.

-Deyirlər Təkamül Nəzəriyyəsi adi bir nəzəriyyədi, yəni bu doğrulanmayıb.

Bəli, deyirlər, ancaq bunu elmdə nəzəriyyənin nəyə deyildiyini bilməyənlər deyir. Elmdə nəzəriyyə kütlə arasında idda edilən kimi fərziyyə deyil. Əgər elmdə nəzəriyyə əsassız bir şey olsaydı o zaman hüceyrə nəzəriyyəsi, atom nəzəriyyəsi, mikrob nəzəriyyəsi, böyük partlayış nəzəriyyəsi, kvant nəzəriyyəsi, qravitasiya nəzəriyyəsi kimi bir çox elmi nəzəriyyələri atardıq kənara. İnsanlar başa düşməlidir ki, elmdə nəzəriyyə gündəlik istifadə etdiyimiz sözdən fərqlidir. Məsələn, sizə adi bir misal verim. Əlimdəki bu telefonu buraxsam yerə düşəcək, bu bir təbiət qanunudur, yəni cazibə qanunu. Lakin bunun yerə düşməyinin səbəbini izah etmək lazımdır. Bax bu zaman, bu qanunu izah etmək üçün qravitasiya, nisbilik kimi nəzəriyyələr lazımdır. Təkamül də bir təbiət qanunudur və onun işləmə prinsiplərini Təkamül Nəzəriyyəsi 20-dən çox mexanizmlə izah edir.

– Dediniz ki, Tanrının varlığı və yoxluğu üzərində izah edilən elm sahəsi yoxdur, ancaq niyəsini izah etmədiniz?

-Burda varlıq məsələsi ortaya çıxır. Elmdə varlıq anlayışı fəlsəfənin və teologiyyanın varlıq anlayışından tamamilə fərqlidir. Elm bir növ maddi aləm üzərində fəaliyyətdədir. Elmin bizə çatdırdığı məlumatlar fərqlidi. Belə ki, bir məlumatın elmi əsası olması üçün obyektiv məlumat olmalıdı. Bunun üçün də əvvəl təsvir edilməli, sonra tərif edilməli, daha sonra ölçülməli və nəhayət təsnif edilməlidir. Bu şəkildə əldə edilən məlumatın işə yarama potensialı olmalıdır ki, üzərində işləməyə dəysin. Bu mərhələlərdən keçməyən məlumatlar və onların təmsil etdiyi varlıqlar subyektiv, doqmatik və elmin metodologiyasından kənardı. Bunlar inanc, etiqad və ya iman mövzusudur; dəyişdirilə bilməz, təcrübə edilməz. Dini, metafizik və mistik məlumatlar bu xüsusiyyətdədir. Bunların elmə inyeksiyası ancaq xaos yarada bilər. Bunun üçün də elm və elm adamları elmin metoduna uyğunlaşmayan qavramlardan istifadə etməzlər.

-Təkamül Nəzəriyyəsinə inanan müsəlman, xristian və ya digər dini inanclara sahib insanlar var. Bunlar haqqında fikirləriniz necədir?

-Mən istəyərdim hər kəs belə olsun, təkamülün nə olduğunu öyrənib başa düşsünlər. Hətta yadıma gəlir, bir dəfə ilahiyyatcı Hacı Şahin müsahibəsinin birində dedi ki, təkamül Allahın qoyduğu bir qayda ola bilər. Bu tərz inanırlarsa etiraz etmərəm. Lakin səmimi olmaq lazımdır. Onlar insanın əjdadı taksonomiya nöqteyi-nəzərindən bir zamanlar meymun növü olub deyirlərmi? Yəni əgər təkamül keçmişimizə geri səyahət etsək, qarşımıza sıra ilə insan və şimpazenin əcdadı Hominini, sonra insan, şimpanze və qorillanın əcdadı Homininae, daha sonra böyük insanabənzərlər, insani insanabənzərlər, insanabənzərlər, qədim dünya meymunları, meymunabənzərlər, quru burunlu meymunlar və meymunlar çıxacaq. Yəni soy ağacında zamanda geri getdiyimiz təqdirdə əcdadlarımızın meymun olduğunu görə bilirik. “Təkamül Allahın qoyduğu qayda ola bilər” deməklə iş bitmir. Mən düşünürəm ki, bu cür arqumentlər səsləndirmək elmin qarşısında aciz qalıb bir növ söz manipulyasiyası etməkdir. Yox əgər səmimidirlərsə, o zaman detallarına kimi etiraf etsinlər və çıxıb moizələrində, çıxışlarında desinlər ki, “bəli, biz meymunlarla ortaq ataya sahibik”.

-Təkamül ölkəmiz də geniş füsət alsa bizə nə faydası olacaq?

-Bu gün üzümüzü Qərbə tərəf çevirib elmin və texnologiyyanın gəldiyi nöqtə ilə maraqlansaq görərdik ki, tibb elmi sürətli bir irəlləyiş içindədir. Yeni dərmanlar və müalicə metodları inkişaf etdirilir və sürətlə istifadə edilməsi üçün cəmiyyətə təqdim olunur. Əgər ölkəmizdə təkamülü nəzərə alsaq bu inkişaflardan daha yaxşı bir şəkildə faydalana bilərik. Bütün bioloji sistemlər kimi həm xəstəliklərə yol açan orqanizmlər, həm də onların qurbanları təkamül edir, bu bir gerçəkdir. Təkamülü başa düşmək, xəstəlikləri necə müalicə edəcəyimiz istiqamətində əhəmiyyətli ola bilər. Xəstəliklərə səbəb olan orqanizmlərin təkamül sürəti, bizim müalicə inkişaf etdirmə qabiliyyətimizi aşa bilər, yəni xəstəliklərin təkamül mənşəyini başa düşmək onları müalicə etmək üçün ipucları verə bilir. İlkin olaraq təkamül prosesini qiymətləndirmək, genetik xəstəliklərin mənşəyini başa düşməyimizə kömək edə bilər. İnsanlar maraqlansa görərlər ki, elm adamları da bunun üzərində dayanmadan işləyir. Hal-hazırda dünyada genetik olaraq milyonlarla qüsurlu doğulan uşaq olduğunu çox yaxşı bilirik. İngiltərədə elm adamları yoluxucu xəstəlikləri ana bətnində yaxşılaşdırmaq, onu bərpa etmək məqsədi ilə insan embriosunun DNT-lərini dəyişdirmək üçün hökümətdən icazə istədiyi zaman, elm adamlarının insan embrionlarının DNT-lərini dəyişdirmək, yəni genlərlə oynama texnologiyasına qarşı çox sayda tənqidlər edildi. Bu seqment, genetik dəyişiklik etməklə elmin Tanrı oyunu oynadığını idda edirdilər. Bu fikri müdafiə edənlər hardasa haqlıdır. Həqiqətən elm adamları embrionun üzərində genetik dəyişikliklər edərək Tanrı oyunu oynayır deyə bilərik. Lakin bu pis bir şey deyil axı. Çünki Tanrı, təbiət və ya inandığınız yaradıcı hər nə olur olsun görünən budur ki, çoxlu səhvlər edir və bu səhvləri düzəltmək elm adamlarının üzərinə düşüb.

-İlahiyyatcı Elşad Miri və millət vəkili Fazil Mustafa sizin düşüncələrinizə qarşı fikirlər səsləndirmişdilər. Elşad Miri video çıxış da hazırlamışdı.

-Bəli! Elşad bəy Fazil Mustafa bəyə yazdığım cavab məqaləmi oxuyub məni ateist adlandırmışdı. Halbuki ateist deyiləm. Video çıxışında Təkamül Nəzəriyyəsinin öz təsdiqini tapmadığını, Nobel mükafatını adi bir şey kimi, hətta riyaziyyatcılara niyə Nobel mükafatının verilmədiyinin səbəbini bilmədiyini etiraf etmişdi. Elşad bəy mənim məqaləmi çox səmimiyyətsizcə şərh etmişdi. Çünki mən o məqalədə qeyd etmişdim ki, “Təkamül Nəzəriyyəsi nə Allahın varlığı, nə də yoxluğunu deyən bir nəzəriyyə deyil. Elmlə məşğul olan insanın inanclı olub-olmaması qətiyyən əsas kriteriya sayılmır. Tarixdə elmə xidmət etmiş və onu inkişaf etdirən onlarca inanclı insan var. Bu şəxslər elmi metodu əsas alaraq fəaliyyətdədirlər. Hətta iordaniyalı genetik və molekulyar bioloq, təkamülçü müsəlman qadın Rana Dajandi kimi elm adamının adını qeyd etmişdim. Halbuki Elşad bəy bu hissəsini qeyd etmədən videoda mənim yazımı şərh etmişdir ki, bu isə səmimiyyətsizlikdir.

Sonra mən Elşad bəyin subyektiv görüşlərinə qarşı olaraq feyzbuk üzərindən suallar ünvanladım. Ona dedim ki, bioloji təsnifatlandırmada mənim kimi siz də bioloji olaraq heyvanlar aləmində təsnif olunmusunuz. Dəstə olaraq primatlara, yarımdəstə olaraq haplorhinisiniz, yəni quru burunlu meymunlara aidsiniz. Fəsilə olaraq hominidsiniz, yəni böyük insanabənzərlər adlanırsınız. Hominini hesab olunursunuz, çünki genetik olaraq şimpanzelərlə ortaq əcdada sahibsiniz. Homo, yəni insan adlanırsınız və növ olaraq adınız Homo sapiensdir. Bu mənim subyektiv fikirlərim deyil. Genetika, müqayisəli anatomiya, antropologiya və biologiya elmlərinin dedikləridir. Elşad bəy əksini idda edirsə, o zaman elmi metoda dayanaraq Təkamül Nəzəriyyəsinin, məsələn yalnızca elə Genetik sürüklənməni götürsün və tutarsızlıqları akademik olaraq yalnışlasın və öz nəzəriyyəsini elmi metoda dayanaraq, yəni təkrarlanan təcrübə, test və müşahidəyə əsasən akademik olaraq sübut etsin. Bunun qaydası belədir. Yoxsa kiminsə subyektiv fikirləri ümumi elmi realizm baxımından heç bir məna ifadə etmir və ağlı başında olan, biraz geniş maraqlanan insanlar isə bu söz manipulyasiyaları edənləri ciddi qəbul etmir.

-Yazılarınızda hər dəfə İslam aləmində elmə xidmət etmiş insanlar olduğunu qeyd edirsiniz. Bəs sonra nə oldu?

-Əlbəttə olub. Orta əsrlər İslam coğrafiyyasında əsasını Antik Yunanlardan götürərək həqiqətən elm adına böyük işlər görülüb. Bunu o dövrü araşdıraraq daha aydın görmək olur. Məsələn, elə götürək elm tarixçisi Berthelotin tərəfindən kimyanın qurucusu və ustadı adalandırılan Cabir bin Həyyanı. Cabir bin Həyyan kimya, tibb, astronomiya və məntiq, fəlsəfə, fizika kimi elm sahələrində də çalışmalar edərək bunlarla əlaqədar əsərlər yazıb. Məsələn, onun haqqında müasir tədqiqatçılar belə deyir: “Əgər Cabir bin Həyyan dövrümüzün texnologiyasını istifadə edərək eyni əsərləri yazsaydı, müasir nəticələrə çata bilərdi. Çünki o, induksiya metodunu istifadə edirdi. Yəni maddənin ən kiçik parçasından araşdırmaya başlayaraq, istədiyinə çatırdı. Bununla birlikdə, o deduksiya müşahidələri metodundan da faydalanırdı. Yəni maddənin təbii halından ən kiçik parçasına qədər araşdıraraq nəticəyə çatmaq. Bunla yanaşı İbni Sinanın, Xarəzminin, Fərqaninin, Fərabinin, Birunin, İbni Heysəmin, İbn Xaldunun və başqalarının işlərini qeyd etmək olar. Lakin bu fəaliyyətlər Fazil Mustafa bəyin dediyi kimi ehkamçı düşüncəylə, İmam Qazzali ilə sona çatdı. İslam coğrafiyasında elmə qarşı ehkamçı düşüncənin müqaviməti bu gün də davam edir. Ona görə də bu gün ehkam tərəfdarı olan Elşad Miri bəy mənə cavab səsləndirəndə deyir ki, Nobel mükafatını şişirtməyin, o adi bir şeydi. Və ya Fazil Mustafa bəy çıxıb müsahibəsində deyir ki, “mən ehkamın ortaya qoyduqlarını qəbul edirəm elmin deyil”. Bu mühavizəkar təfəkkürdə olduqdan sonra ölkəmizdə hansı elm, texnologiya və ümumi inkişafdan danışmaq olar?

– Bildiyim qədəriylə Təkamülün orta məktəblərdə tədris edilməsini dəstəkləyirsiniz. Təkamül mövzusuna toxunmadan biologiya tədris edilə bilməz?

-Təkamül olmasa orta məktəblərdə biologiyanın tədris edilməsi bir təbiət tarixi kimi olardı. Təbiət tarixi özündə mühüm məlumatları ehtiva edə bilər, lakin təkamül bütün bioloji məlumatları bir-birinə birləşdirən elmi nəzəriyyədir. Yalnız bu məlumatları deyil, bu məlumatların harada və necə əldə olunduğunu izah edir. Təkamülü izah etmədən biologiya təhsili vermək, elementlərin dövri cədvəlini öyrətməyib kimyanı tədris etməyə bənzəyərdi.

– Təkamülü əsas hansı peşə sahibləri öyrənməlidir?

-Məncə, bütün peşə sahibləri öyrənməlidir, çünki təkamül bütün sahələrdə özünü göstərir. Ancaq xüsusən həkimlərin öyrənməyi mənim düşüncəmə görə çox vacibdir. Çünki təbiətdə heç bir şey olduğu kimi qalmır. Atom səviyyəsindən astronomik ölçülərə qədər hər şey təkamül keçirir və dəyişir. Buna xəstəliklərə səbəb olan mikroorqanizmlər ilə xəstəliklərin qurbanı olan orqanizmlər də daxildir. İkisi də həmişə və qarşılıqlı olaraq təkamül keçirirlər və inkişaf edirlər. Təkamülün başa düşülməsiylə bizim xəstəliklərə qarşı açdığımız döyüşdə qalib gəlməyimizdə çox əhəmiyyətli rol oynayır.

Edilən mübarizələr illərdir nəticəsiz və uğursuz olur. Çünki patogenlərin təkamülü, elm adamlarının dərman inkişaf etdirmək sürətindən daha yüksək bir sürətlə baş verir. Bunu ən gözəl bir şəkildə qrip viruslarında görmək olar. Bu virusun təkamül sürəti o qədər yüksəkdir ki, bir il əvvəl kəşf etdilən mübarizə üsulu, 1 il içərisində etibarsız hala gəlir. Buna görə də elm adamları hər il yeni peyvənd yaradırlar. Ancaq canlıların təkamülünü daha yaxşı başa düşdükcə, bu təkamülün hansı istiqamətdə olacağını təyin etmək asanlaşacaq. Hətta Təkamül Biologiyası baxımından canlıların fizioloji və morfoloji xüsusiyyətin öyrəndikləri zaman, onların təkamülünün qarşısını almaq mümkün ola biləcək və bu patogenlərdən bəlkə sonsuza qədər xilas olmaq mümkün olacaq. Gələcəkdə genetik xəstəliklərin hamısının həllini tapmaq mümkün olacaq. Çünki bir genin mutasiyalarının təkamül olaraq hansı istiqamətdə dəyişmə yaradacağını əvvəlcədən bilmələri, elm adamlarına qarşısı alınmaz bir mübarizə silahı yaratmağı təmin edəcək. Və bu da xəstəliklərlə mübarizə etməyi son dərəcə asanlaşdıracaq. Yəni ki, təkamülü dəstəkləyən Tibb elminin faydası daha çoxdu.

– Bir dəfə qeyd etmişdiniz ki, Homo Sapienslər Neandertallarla birlikdə yaşayıb. Bəs sonra Neandertalların nəsli niyə kəsildi ? Neandertalları Homo Sapienslər öldürdü?

-Bu mövzu tam aydın olmasa da müxtəlif görüşlər var. Neandertallar 400 000 il əvvəl başlayan uzun zaman ərzində Avropa və Cənubi Asiyada geniş bir əraziyə yayılmışdır. Ancaq təxminən 45 min il əvvəl erkən Homo sapienslər Afrikadan Avropaya köçməyə başladığı zaman işlər dəyişməyə başladı. 5000 il sonra Neandertlların nəsli kəsildi. Rəqabətdən və iqlim dəyişikliyindən yaranan yaşayış mühitinin dəyişməsi Neandertalların soyunun tükənməsinə səbəb ola bilərdi.
Neandertallar Böyük Buzlaşma dövrünün heyvanlarını ovlamaq üçün yüksək dərəcədə rəqabət göstərə bilmirdilər. İqlim dəyişikliyi və bu dövrün heyvanlarının tükənməsinə görə, Neandertallar aclıqdan əziyyət çəkmiş ola bilərdilər. Bizim növümüzlə Neandertalların arasında mübarizənin birbaşa bir sübutu yoxdu. Əksinə hibridləşdirildikləri üçün, qarşılıqlı əlaqələri var. Afrikadan kənarda yaşayan hər kəsin genlərində Neandertal DNT-si var.

-Bütün canlılar təkamül ediblər?

-Əlbəttə! Bütün canlılar müəyyən səviyyələrdə təkamül keçirirlər. Ancaq bəzən bu təkamül molekulyar ölçüdə olur, bəzən morfoloji ölçüdə. Bu mövzunu dərindən bilməyən və ya yaradılışcılar bir neçə milyon il keçməsinə baxmayaraq, morfoloji olaraq eyni görünən bir canlıya “Bu növ heç təkamül etməyib” deyə bilər. Lakin bu mövzunu aydın bilən şəxslər canlılar arasında morfoloji fərqin çox böyük olmamasına baxmayaraq, hər hansı iki canlı arasında yüzlərlə fərq sayar və beləliklə də fərqli iki növ olduğunu ortaya qoya bilər.

-Təkamülü öyrənmək sizə nə qazandırdı və nələri öyrəndiniz?

-Təkamüllə maraqlandığım zamandan bu vaxta qədər bildiyim ümumi bir həqiqət var ki, biz insan olaraq bütün canlılarla müəyyən dərəcə yaxınıq. Hər şeydən əvvəl, bir canlı olaraq digər canlılarla təbitədə eyni taleyi paylaşırıq. Ətrafımızda mövcud təbiət şərtlərinə qarşı inkişaf etdirdiyimiz və digər canlılardan fərqli xüsusi bir immunitet sistemimiz yoxdur. Hər canlı kimi ekoloji faktorlardan biz də təsirlənirik. Hər canlı üçün etibarlı olan əsas tələblər bizim üçün də keçərilidi, həyatımızı davam etdirmək üçün nəfəs alırıq, bəslənirik və yatırıq. Təkamülün bizə qazandırdıqlarına baxsaq, təbiətin elə güclü bir varlığı sayılmırıq. Nə aslan kimi möhkəm və güclü bir pəncəmiz, nə timsah kimi parçalayıcı dişlərimiz, nə fil kimi iri bir bədənimiz, nə də hepardlar kimi çevik qıçlarımız var. Bizi təbiətin ən güclüsü edən fərqli bir xüsusiyyətimiz var. Bizi bütün canlılar dünyasının yeganə varlığı edən fərqləndirici bir xüsusiyyətimiz bizim beynimizdi. Təbii ki, hər canlının bir beyni var, ancaq digər canlıların beyni bizimkinə görə sadə bir quruluşdadı. Heyvanlar aləmində beyin korteksi ən inkişaf etmiş növ insandır. Beynimiz, sahib olduğu mücərrəd düşüncə potensialı ilə təbiətdə bənzəri olmayan bir orqandır. İnsanı ən əhəmiyyətli və ən mənalı edən, bizi mağaradan çıxarıb marsa aparn, insanlaşdıran əminəm ki elə budur. Həqiqətən də, minlərlə il ərzində xüsusilə beynin keçirdiyi unikal təkamül insanı çox xüsusi bir canlı halına gətirmişdir. Nə qədər qeyri-adi beyin qurluşumuzla bu bənzəri olmayan xüsusiyyətə sahib olsaq da, digər canlılardan qopmuş fövqəltəbii bir varlıq deyilik. Hər canlı yaşadığı mühitdə varlığını davam etdirmə imkanı təmin edən kompleks və xüsusi bir uyğunlaşma strategiyası inkişaf etdirmişdir. Bu hal elə biz insanlarada aiddir və biz bunu beynimizlə bacardıq.

-O zaman insana ən üstün canlı deyə bilərik?

-Bu söz böyük yanılğılara səbəb ola bilər. Məsələn antropik qaydadan yaranmış insanmərkəzçilik kimi. Lakin mən bunu insanlığın yaratdığı boş bir xəyal məhsulu kimi görürəm. Bu Kainat, canlılar aləmi haqqında yetərincə məlumatsızlıqdan yaranmış fikirlərdi. İnsan nəyinki üstün olmaq, tək imtiyazı olan ağlını belə kifayət qədər öz xeyrinə istifadə edə bilən bir varlıq deyil. Məsələn Hiroşima və Naqasaki kimi şəhərləri atom bombardmanı etmək, Holokost və Xocalı kimi soyqırımlarını etmək üçün insanlar digər növlərdən fərqli olaraq hansı ağıl sahibi olmalı idi? Kainatı şərh edərkən baxış sahəsini yalnızca dünya və insan üzərində qurmaq bu müzakirəni gülünc bir hala gətirir. Çünki hər canlı müəyyən mövzularda üstünlüyə görə bugünə gəlib çata bilmişdir. Əlinizdə hər hansı bir alət olmasa təbii mühitdə nə qədər ağıllı olursunuz olun, lap Albert Eynşteynin beyninə sahib olsanız belə bir pələngə qarşı şansınız demək olar ki çox azdır. Və bu bizə bu nəticəni verir; hər varlıq müəyyən şərtlərdə bir-birindən üstündür. Əgər növümüzün özünün fərqində olmağı və digər planetimizə hökm etməsi bir üstünlükdürsə, buna dünyadakı ən mürəkkəb varlıq deyə bilərik. Lakin burda üstün sözünü istifadə etmək doğru olmazdı, çünki hər varlığın canı və müxtəlif üstün qabiliyyətləri mənim üçün qiymətlidir. Çünki mənim üçün hadisələrin ideoloji tərəfi deyil bioloji tərəfi maraqlıdı.

-Müsahibə üçün təşəkkür edirik.

-Mən təşəkkür edirəm.

 

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...