Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Elşad Miridən Şeyxin fətvasına reaksiya: “Peyğəmbər belə haram qoymaq səlahiyyətində olmayıb”

İlahiyyatçı Elşad Miri Allahşükür Paşazadənin fikrinə münasibət bildirib.

“Peyğəmbər belə hər hansı məsələdə halal və yaxud haram qoymaq səlahiyyətində olmayıb”.

Din.az “A24.az”a istinadən bildirir ki, bu açıqlamanı ilahiyyatçı Elşad Miri Allahşükür Paşazadənin “iftara qədər din xadimlərinin ehsan süfrələrində oturması haramdır, dinə ziddir” fikirlərinə münasibət bildirərkən deyib.

“Birinci növbədə, İslamda din xadimi anlayışı varmı? Bu məsələnin üzərində durmaq lazımdır. Yəni dini kiminsə inhisarına vermək İslamın özündə qadağandır. Hətta Peyğəmbərin belə bir səlahiyyəti olmayıb. Peyğəmbər belə hər hansı məsələdə halal və yaxud haram qoymaq səlahiyyətində olmayıb. Bu səlahiyyət ancaq və ancaq Allaha aiddir. Quranda 16-cı surə olan Nəhl surəsinin 116-cı ayəsində Allah belə buyurur:

“Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”.

Ona görə də bu günləri kimin harda oturması, ehsan süfrəsi və sair. bunlar hamısı sonradan ortaya çıxmış şeylərdir. İslamda ehsan süfrəsi deyilən anlayış da yoxdur. Bu, hər hansı din xadimlərinin yası düşənlərdən pul almaq üçün istifadə etdikləri ifadələrdir”.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə çıxış edib. O qeyd edib ki, İftara qədər din xadimlərinin ehsan süfrələrində oturması haramdır, dinə ziddir: “Mən bir daha din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıram”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...