Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərəb dilinin doğma dilimizə təsiri olub – çünki dinimizin dilidir

Nizami Cəfərov: “İki “y” hərfi ilə bağlı yeni qaydanın tətbiqi xeyli vəsait tələb edəcək”

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda Ana Dili Gününə həsr edilən tədbir keçirildi.

Din.az Publika.az-a istinadən xəbər verir ki, tədbirdə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu, Dövlət Dil Komisiiyasının üzvü, millət vəkili, akadmeik Nizami Cəfərov, Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli, filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov çıxış etdilər.

Çıxışlar əsanasında Azərbaycan dilinin zənginliyindən, etnik köklərindən, alınma sözlərin dilin normalarına uyğunlaşdırılması prosesindən, eləcə də Orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən bəhs olundu.

M.Nağısoylu bildirdi ki, Dilçilik İnstitunun tərkibində yaradılan Orfoqrafiya ilə bağlı İşçi Qrupu hazırda təkliflər üzərində işləyir:

“Yeni təkliflərin mart ayına qədər tam hazırlanması planlaşdırılır. İşlər bitən kimi təkliflər Orfoqrafiya Komissiyasına təqdim olunacaq. Komissiya baxdıqdan sonra isə hazır variant Nazirlər Kabinetinə göndəriləcək. Lüğətin çap olunması isə Nazirlər Kabinetinin qərarından asılıdır. Ancaq yeni lüğətin təxminən bu ilin ortalarına kimi çapdan çıxması gözlənilir”.

N.Cəfərov isə söylədi ki, Azərbaycan dili iltisaqi cəhətdən güclü dildir. Buna görə də, region dillərinin Azərbaycan dilinə təsiri olmur:

“Fars dilinin bizim dilimizə təsiri güclü olub. Çünki mükəmməl dildir. Ərəb dilinin təsiri olub, çünki dinimizin dilidir. Və nəhayət Avropa dillərinin. Mən deyərdim ki, rus dilinin bizim dilimizə təsiri xüsusilə məişət üslubunda olub. Sadəcə biz Avropa mənşəli sözləri öz dilimizə rus dilindən tərcümə olunmuş şəkildə qəbul etdiyimiz üçün, bu gün rusdilli aksentdən Avropa aksentinə keçə bilmirik. Bu problem bütün dillərdə var”.

N.Cəfərovun fikrincə, yeni orfoqrafiya layihəsində elə qaydalar var ki, onların dəyişdirilməsi qəbul ediləsə, büdcədən ciddi məbləğdə vəsait ayrılmalıdır:

“Ana dilini gözəlləşdirmək üçün gözəl şeirlər yazmaq yox, sözləri düz yazmaq lazımdır. Orfoqrafiya lüğətinə dəyişiklik sadə proses deyil. Burada ediləcək dəyişikliklər nəticəsində demək olar ki, bir çox rəsmi sənədlərdə də dəyişiklik olacaq. Elə qaydalar var ki, onların dəyişdirilməsi qəbul olunsa, büdcədən çoxlu pul ayrılmalıdır. Məsələn, iki “y” hərfi ilə yazılan sözlərin bir “y” ilə yazılması qaydalara əlavə edilərsə, bir neçə nazirliyin rəsmi adı da dəyişdirilməlidir. Bunlar arasında Ədliyyə, Maliyyə nazirlikləri, eyni zamanda bir çox başqa qurumlar var. Məncə, bu çox böyük məsələyə çevrilə bilər”.

B.Xəlilov isə söylədi ki, Azərbaycan dilinə daxil olan alınma sözlər səs strukturuna uyğunlaşdırılmalıdır:

“Orfoqrafiya lüğətinə daxil olan yeni sözlər eyni zamanda, dilimizin normalarına uyğunlaşdırılmalıdır. Azərbaycan xalqı bütün dünya dillərinin öyrənilməsinə maraqlı olduğu üçün tarix boyu dilimizə çoxsaylı sözlər daxil olub və bu proses davam edir. Düşünürəm ki, dəyişikliklərdən sonra Orfoqrafiya lüğətində qarışıq qalan bütün məsələlər öz həllini tapacaq”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...