"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Ərəb turistlər ölkəyə hansı təhlükəni yaradır?

Share Button

Ölkəyə gələn ərəblərin hamısının bir-biri ilə ciddi əlaqəsi var

“Mən Azərbaycanda Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam. Bu gün Azərbaycan IŞID-in (Iraq və Suriyada qanlı terror əməlləri ilə məşhur olan Islam Dövləti silahlı qruplaşması – red.) hədəfindədir”.

“Din.az” xəbər verir ki, bu fikirləri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev “Azadlıq” radiosuna müsahibədə belə deyib.

O, Gülənçilərin Azərbaycanda təşkilatlandığını, hətta hakimiyyət olimpində onlara yardım edənlərin olduğunu da söyləyir. Amma R.Əliyev hazırda Azərbaycan üçün ən böyük təhlükənin ölkəmizə axın edən ərəb turistlərindən gəldiyini düşünür: “Son iki ayda Yaxın Şərqdən, xüsusən də İraqdan, Suriyadan gələn turistlərin sayı həddən çoxdur. Hətta bunu turizmin ərəbləşməsi kimi qiymətləndirirəm. Ərəblərin sayı turistlərin 40-50 faizini təşkil edir. Gələnlər də 7-8 nəfərlik qruplardır. Aralarında bir yaşlı kişi, ya qadın olur, qalanları cavanlardır, başları da bağlı. Mən ərəbşünasam. Bunlar ərəbcə danışanda başa düşürsən ki, onlar Azərbaycanın bölgələrinə gələn ərəb turistlərlə danışır, məlumat alırlar. Bunların hamısının bir-biri ilə ciddi əlaqəsi var. Mehmanxana ətrafında fırlananda bu söhbətləri eşidirsən. Bu da məni təşvişə salır”.

“Terror aktlarının qarşısını almaq lazımdır”

R.Əliyevin sözlərinə görə, mehmanxanalarda təhlükəsizlik tədbiri görülmür, baqajlar yoxlanılmır. “O gün birinin baqajında 7-8 boru gördüm. Bu, nəyə lazımdır ki? Otellərdə kameralar ola bilər. Amma bu kamera terror aktı törədildikdən sonra lazım olur. Bizə lazımdır ki, terror aktı olmasın. Buna görə deyirəm ki, bu gün Azərbaycanda Gülənçilərin yox, terror törətməyə cəhd edən insanların sayı çoxdur. Gülənçilərin terrorçulara aidiyyatı yoxdur. Bunlar İŞİD-ə, islam xilafətinə aiddirlər. Azərbaycan Yaxın Şərq yaxınlığında yeganə müsəlman ölkəsidir ki, əmin-amanlıq içində yaşayır. Burda qarışıqlıq salsalar, bizə çox çətin ola bilər”.

Azərbaycanın İŞİD-in hədəfində olduğunu deyən R.Əliyev onu da bildirdi ki, bunu dəfələrlə açıq deyiblər. “Amma hədəfdə olduğumuzu bilərək təhlükəsizlik tədbirləri görülürmü? Məncə, yox. Turist axınını, onların davranışını görəndə onlarla heç kimin məşğul olmadığını başa düşürəm. Hotellərin məqsədi pul qazanmaqdır, təhlükəsizlik aşağıdır. Buna görə narahatam, bizdə ciddi mütəxəssis qrupu yoxdur ki, gələnləri nəzarətdə saxlaya bilsinlər. Beşulduzlu hoteldə iki-üç ay qalmağa pul lazımdı. Hardandır o pul 7-8 nəfərlik ailə üçün? Niyə bura gəlirlər? Niyə cavanlar 3 ay yayı burda keçirirlər? İraqda, Suriyada belə varlı insanlar varmı indi? Gəlmək imkanları varmı? Bəlkə Suriya, İraq pasportu ilə başqa ölkələrdən gəlirlər? Niyə Antalyaya, Bodruma getmirlər?”, deyə R.Əliyev narahatlığını dilə gətirib.

Bəs, müvafiq strukturlar hansı addımları atmalıdırlar? Ərəb turistlərin təhlükə mənbəyi olmasıyla bağlı fikirlər nə dərəcədə əsaslıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, turistlər Azərbaycan ərazisinə daxil olmamışdan öncə təyyarə ilə gəlirlər və gömrükdən keçirlər. Bu mərhələdə onların özləri ilə gətirdikləri baqajlar yoxlanılır. İ.İsmayılın sözlərinə görə, onların özüylə ölkəmizə partlayıcı maddə gətirməsi təsbit olunmayıb. Azərbaycana qədəm basdıqdan sonra bu şəxslərin nəsə əldə etməsinə, radikal dindarlarla əlaqə girməsinə gəlincə isə, radikal dindarlar özləri də bu işi görə bilər. Buna görə turistin xidmətindən istifadə etməyə ehtiyac yoxdur: “Ərəb turistinin Azərbaycanda terror aktı törətməsi az inandırıcıdır. Ərəb turistləri bizim qəbul etdiyimiz etiket qaydalarına riayət etmirlər. Bu təhlükə olmasa da, xoşa gəlməyən tərəfləri var. Amma hər bir halda bu sahəyə də nəzarət edilməlidir. Çünki Azərbaycan ərazisinə bu yol ilə kamikadze də gələ bilər. Ona görə bütün sahələrə olduğu kimi bura da diqqət ayrılmalıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir