Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərəb turistlərə mənfi münasibət nədən qaynaqlanır? – REPORTAJ

Paytaxt əhalisinin ərəb turistlərə münasibəti necədir?

Son vaxtlar şəhərimizin hər yerində ərəb turistlərə rast gəlirik. Ərəb turistlərin Azərbaycana, xüsusən də Bakıya axını bəzən birmənalı qarşılanmır. Kimisi onların gəlməsini istəmir, kimisi isə bizim qonaqpərvər olduğumuzu əsas gətirir. Sosial şəbəkələrdə də biz bunun şahidi oluruq. Elə isə turistlərə, xüsusən də ərəb turistlərə münasibətimiz necə olmalıdır?

Din.az Lent.az-a istinadən bildirir ki, xoş olmasa da, sosial şəbəkələrdə ərəb turistdən ağac kölgəsi üçün 5 manat pul istənilməsi, yol göstərmək üçün xidmət haqqı tələb olunması və ya ərəb turistlərin natəmizliyi ilə bağlı videoların yayılmasının şahidi oluruq. Maraqlıdır ki, indiyə qədər ölkəmizə İran, Türkiyə, Rusiya, MDB və Qərb ölkələrindən də turistlərin gəlməsinə baxmayaraq, daha çox ərəblərin gəlişi müzakirə olunur. Bəs bunun səbəbi nədir?

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyir ki, ildən-ilə Azərbaycana gələn turistlərin sayı artır: “Ötən il Azərbaycana 20 faizdən artıq, bu il ilin ilk yarısında 10 faizdən çox insan gəlib. Bu, həm yeni bazardan, həm də ənənəvi bazardan gələn turistlərdir ki, son dövrlərdə bu rəqəmlərdə sıçrayış var. Gələn qonaqların təxminən beşdə biri isə Körfəz ölkələrindəndir”.

Kənan Quluzadə ərəb turistlərə olan reaksiyaları belə qiymətləndirir: “Bizim insanlar postsovet məkanından, İrandan və Qərbdən gələn qonaqlara öyrəşmişdilər. Fərqli münasibət ondandır ki, ümumiləşdirmə olur, bu isə qəti yolverilməzdir. Hansısa bir insan haradasa qanunu, sanitar-gigiyenik qaydaları, özünü aparmaq qaydasını pozursa, bunu ümumi kütləyə şamil etmək düzgün deyil. Azərbaycana fərqli mədəniyyəti daşıyan insanlar gəlir. İndi Çindən, Hindistandan, Cənubi Asiya ölkələrindən axın olacaq ki, onların da fərqli mədəniyyəti var. Biz bütün dünya üçün multikulturalizm, tolerantlıq nümunəsiyik deyə, biz öz gülərüzlüyümüzü, qonaqpərvərliyimizi saxlamalıyıq”.

Həmsöhbətimiz təəssüflə qeyd edir ki, bəzi hallarda insanlar özlərini fürsətcil aparırlar: “Bir qonaq görəndə elə bilirlər ki, bir daha gəlməyəcək. Əslində bu belə deyil. Turizm sahəsini inkişaf etdirən xalq kimi hamımız turizm sahəsinin bir hissəsi olmalıyıq. Turistləri məmnun yola salmalıyıq ki, getsin qohumlarını, qonşularını, dostlarını, yoldaşlarını gətirsin, sosial şəbəkələrdə Azərbaycanın canlı təbliğat daşıyıcısı olsun ki, sabah bizim qapımızı 10 nəfər açsın”.

Turistləri nəqliyyatda, restoranlarda aldatmağın, insanın ağlına gəlməyən xidmətlər üçün pul istəməyin düzgün olmadığını deyən Kənan Quluzadənin sözlərinə görə, Dövlət Turizm Agentliyi KİV-lə birlikdə maarifləndirmə işi aparır. O ki qaldı bəzi hallara… “Xidmətlərə görə əlavə pul istəyiblər, fantastik qiymətlər təklif ediblər. Bunun kökündə vacib bir şey var – bütün xidmətlərin qiyməti istər xarici, istər yerli qonaq olsun, göstərilməlidir. İstehlakçıların hüquqlarının qorunması mexanizmi qanunda yazılıb və müvafiq dövlət qurumları cavabdehdirlər ki, tətbiq edilsin”.

Xüsusən də regionlarda problemlərin olduğunu qeyd mütəxəssis sosial şəbəkələrdə ərəblərlə bağlı yayılan xoşagəlməz videolara da münasibət bildirib: “Mən də bir neçə elə video görmüşəm. Mən belə videoların, xüsusən də hotel işlədənlərin və ya hotellərdə menecer olan şəxslərin tərəfindən paylaşıb bölüşməsinin qəti əleyhinəyəm. Hansısa bir insan bizə gələn qonaqları pisləyirsə, təhqiramiz videolar yayırsa, gülüş obyektinə deyil, qınaq obyektinə çevrilməlidir. Cəmiyyət sağlam münasibət nümayiş etdirsə, belə hallar da azalacaq”.

Bəs paytaxt əhalisinin ərəb turistlərə münasibəti necədir?

– Yaxşı.

– Əslində hər bir ölkəyə turist axını çox gözəldir. Turist xidmətlərinin artması xalqın yaxşı dolanışığından xəbər verir. Amma təəssüflər olsun ki, ərəblər natəmizlik göstərirlər, mədəniyyətləri azdır. Ya da bəlkə özlərini elə göstərirlər. Mənə bir turist müraciət eləsə, – Peyğəmbərimiz də deyib ki, müsafirə yol göstərmək özü bir mədəniyyətdir – cibinə xərclik də qoyaram, evimə aparıb yedizdirərəm. Bu, ümumilikdə bizim yaralı yerimizdir ki, taksilər, dükanlar, restoranlar aldadır, bu da ümumilikdə turizmə təsir edir.

– Mən eşitmişəm onlar səliqə-sahmana fikir vermirlər, bu da bizim özümüzdən asılıdır. Biz öz evimizi qorusaq, təmizliyinə fikir versək, turistlər o halda bir şey etməz. Onların gəlib-getməyi, hər halda, bizim ölkənin xeyrinədir.

Müsbət fikirlərlə yanaşı, ərəb turistlərin ölkəmizə gəlməsini istəməyənlər də var.

– Əlinin düzgün, ya əyri olduğunu bilmirik. Adamların içini-çölünü bilmək olmur.

– Biz də sosial şəbəkələrdə izləyirik, videogörüntülərdə və şəkillərdə görürük ki, ərəb turistlər mehmanxanalarda, istirahət məskənlərində natəmizlik yaradırlar. Bu hal sözsüz ki, onlar haqqında mənfi fikir formalaşdırır. Yaxşı olardı ki, mədəniyyət, etika qaydalarına riayət eləsinlər. Bizə kömək üçün müraciət etsələr, əlimizdən gələni etməyə çalışarıq, son nəticədə bu, vətəndaşlarımızın və dövlətimizin maddi olaraq güclənməsinə şərait yaradır.

Göründüyü kimi, fikirlər fərqli olsa da, yenə də əksəriyyət yol göstərməyin, kömək etməyin tərəfdarıdır. Unutmayaq ki, qonaq olan evdə xeyir-bərəkət də olar. Azərbaycan isə bizim təkcə vətənimiz yox, həm də evimizdir…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...