Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Əsəd buna görə Soçiyə gəlmişdi – Həlledici döyüş başlayır

Əsəd hərbi əməliyyatlara hazırlaşır.

Əsədin belə bir addım atmasına səbəb Azad Suriya Ordusunun günü-gündən artan nüfuzudur.

Din.az bildirir ki, bunu Axar.az-a Suriya lideri Bəşər Əsədin müxaliflərin nəzarətində olan ərazilərə hücuma hazırlaşması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, qeyd edib ki, Suriyanın xeyli yaşayış məntəqələrini nəzarət altına alan ASO artıq təsir dairəsini genişləndirir:

“Bu səbəbdən də Əsəd hərbi əməliyyatlara hazırlaşır. Qərar verilməzdən öncə Əsəd Putinlə Soçidə müəyyən məsləhətləşmələr aparıb. Yəqin ki, Moskvadan hərbi dəstək xahiş edilib və buna da sözsüz ki, nail olunub. Əsədin Soçiyə getməsinin əsas səbəbi S-400 hava hücumundan müdafiə sistemlərinin alınması və Hmeymim bazasında olan S-400-lərin İsrailin hücumları zamanı istifadəsinə icazə verilməsi ilə bağlı olub. Çünki Əsəd fəaliyyətə başlayan kimi İsrail dərhal havadan bombardman edir. İsrail Əsədin İran qüvvələri ilə, xüsusilə də İranın nəzarətində olan Haşdi Şabi partizan qruplaşması ilə birgə fəaliyyətinə qarşıdır və bunu özü üçün təhlükə hesab edir. İsrail İranın bölgədə təsir dairəsinin genişlənməsinin qarşısını almaq üçün Əsəd rejiminin istənilən hərəkətlərini məhdudlaşdıran hava hücumları təşkil edir. Bu mənada Əsəd xeyli neytrallaşdırılıb. Əgər Əsəd dünənə qədər Qolan təpələri uğrunda mübarizə ilə bağlı İsraili təhdid edirdisə, indi artıq bundan imtina edib. Əsədin məlum qərarı ilə bağlı İran və ya Rusiyadan məsləhət aldığı da şübhə doğurmur. Bu məsələdə hər iki dövlət Əsədi aktiv müdafiə edir. Əsəd onu himayə edən qüvvələrin iştirakı ilə ASO-nu sıradan çıxarmaq istəyir”.

Politoloq ASO-ya və müxalif qüvvələrə Türkiyədən müəyyən dəstək verildiyini və onların hərbi təchizatlarının qarşılandığını istisna etməyib:

“Bu məsələdə Türkiyə və ABŞ-ın mövqeyi üst-üstə düşür. Bu səbəbdən bölgədə sanki Əsədin sonunu gətirə biləcək tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulur. Əsədə qarşı olan qüvvələr “Qurtuluş Ordusu” şəklində birləşiblər. Bu birləşmədən sonra sayları 30 minə çatan müxalif qüvvələr Əsədin istənilən hücumunu dəf etməyə qadir olduqlarını bəyan ediblər. Bugünlədə isə Türkiyə XİN başçısı ölkəsinin ABŞ-la Menbiç məsələsində razılığa gəlmək üzrə olduğunu bildirib. Menbiçdən kürd qüvvələri çıxarılacaq və bu bölgənin təhlüksizliyi ABŞ və Türkiyə qüvvələri tərəfindən təmin ediləcək. Tramp bundan öncə sözügedən yardımı dayandıracağını açıqlasa da, son məlumatlar bunun əksini təsdiq edir. “Qurtuluş Ordusu”nun əsas hədəfi Suriyada rejim dəyişikliyinə nail olmaq və Əsədin sonunu gətirəcək hərbi əməliyyatları başlatmaqdır. Hətta Suriya müxalifətinin Əsədlə sonuncu və həlledici döyüşlərə hazırlaşdığı iddia edilir. Beləliklə, Suriyada daxili mübarizə yenidən qızışır və bu mübarizə rejim dəyişikliyi ilə nəticələnə bilər”.

Qeyd edək ki, Əsəd rejiminə məxsus helikopterlərdən İdlibdəki yaşayış məntəqələrinə təhdid mesajları atılıb. Bundan sonra Azad Suriya Ordusuna bağlı olan bəzi hərbi qruplar vahid “Qurtuluş Ordusu” ordusu yaradıblar.
ABŞ Dövlət Departamenti isə Suriya rejiminin müxaliflərin nəzarətindəki Dera bölgəsinə genişmiqyaslı hücuma hazırlaşdığı barədə bəyanat yayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...