Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏSGƏRLİKDƏ NAMAZ QILMAQ NİYƏ MƏHDUDLAŞDIRILIR? – HƏRBİ EKSPERTDƏN DİNLƏ BAĞLI LƏTİFƏ

Hərbi hissələrimizdə namaza münasibət necədir?

Ölkəmizdə namaz qılanların sayı artdıqca bu mövzuda bəzi sahələrdə müəyyən problemlərin və əngəllərin yaranmasına səbəb olur. Ümumiyyətlə, bəşər yarandığı gündən din mübahisəli və başıbəlalı olub. Hələ hərbi hissələrdə əsgərlərin namaz qılması məsələsi də… Türkiyə kimi müsəlman ölkəsində namaz qılan, oruc tutan, Ramazanda iftar açan əsgərlərin fotoları gündəmdə işıqlandırılır, fotoları paylaşılır. Bəs görəsən bizim hərbi hissələrimizdə namaza münasibət necədir?

Din.az bildirir ki, hərbi ekspert, ehtiyyatda olan polkovnik Cəlil Xəlilov “A24.az”a açıqlamasında ilk olaraq dini mövzudan çox uzaqda olduğunu, lakin hərbi hissələrdən əsgərlərimizə şərait yaradıldığını qeyd etdi:

“Bizim hərbi hissələrdə kütləvi şəkildə namaz qılanlar yoxdur. Varsa da 3-5 adamdır ki, onlara da namaz qılmaları üçün şərait yaradılır. Dini marifləndirmə ilə məşğul olmaları, mövhumata yol verilməsin deyə əlavə məlumatlandırılmaları üçün şərait yaradılır. Yəni hərbi hissələrdə bununla bağlı heç bir sıxıntı yoxdur. Belə bir məsələ də var ki, müəyyən qaydaları pozmadan 5 dəqiqə tez, 5 dəqiqə gec olmaqla əsgərlər üçün namaz qılmağa şərait yaradılır. Çünki hərbi xidmətlə bağlı müəyyən məqamlar var, ona görə də orda vaxtın getməsi xüsusilə nəzərə alınır.

Amma təbii ki, hərbçilərə saqqal saxlamaq, səhərdən axşama kimi Quran oxumağa icazə verilməz axı. Çünki əsgər xidmətə gedib və xidmət göstərməlidir. Həm əsgər başının üstündən bomba, atəş yağa-yağa durduğu yerdən tərpənməyəcək ki, namaz qılıram? Axı bu düzgün deyil. Müharibə şəraitində olan bir ölkəyik. Başa düşdük, mollanın işi yox, gücü yox, bekar adamdır, gedir səhərdən axşama kimi məsciddə oturur, hərədən 5-3 manat alıb Yasin oxuyur.

Gənclərə belə şeyləri aşılamaq lazım deyil. Çalışmaq lazımdır ki, gənclər baş bağlamaqdan, saqqal saxlamaqdan azad edilsin. Bunların hamısı yalançı şeylərdir. Allah hər bir insanın ürəyində, qəlbində olmalıdır. Və Quranın da çox tərbiyəvi əhəmiyyəti var, onu oxuyub şərtlərini yerinə yetirmək lazımdır. Yəni heç kimə pislik etməmək, aldatmamaq, yalan danışmamaq, ailəsinə sataşmamaq kimi orda çoxlu tərbiyəvi əhəmiyyətli məqamlar var. Onlara riayət etmək lazımdır.

Daha sonra hərbi ekspert mövzu ilə bağlı fikirlərini lətifə ilə davam etdi:

“Hətta sizə mollalardan maraqlı bir lətifə də danışım güləsiniz: “Kənddə bir molla olur, kasıbın biri “Jiquli” maşını ilə onu qəbir üstünə gətirir ki, atasına Yasin oxusun. Molla başlayır qəbirin üstündə yasın oxumağa, heç 1 dəqiqə keçmir görür ki, uzaqdan Rusiya nömrə nişanlı “Jeep” avtomobili gəlir. Tez molla ayağa durur və Rusiyadan gələnlər onu yanlarına çağırıb cibinə 100 dollar qoyurlar. Pulu görən molla 40 dəqiqə Yasin və dua oxumağa başlayır. Oxuyub qurtarandan sonra onu “Jiquli” ilə qəbiristanlığa gətirən şəxs gözləyir ki, molla duasını qutarsın və onu kəndə aparsın. Mollanı maşına mindirən “Jiquli”nin sahibi yolda “Vallah, molla mən əziyyət çəkdim, sizi qəbiristanlığa gətirdim, heç mənim atamın qəbrinin üstündə ikicə dəqiqə Yasin oxumadınız. Amma rusların qəbirinin üstündə 40 dəqiqə oxudunuz?!” deyir. Molla isə cavabında “Allah atana rəhmət eləsin, kitabı açan kimi sənin atan hər şeyi başa düşdü. 40 dəqiqədir orda oxuyuram, amma onlar heç nə başa düşmür” deyərək hərəkətinə bu cür haqq qazandırır.

“Yenə deyirəm, yaşamaq, Allahın tələblərinə riayət eləmək istəyirsənsə, heç kimə pislik eləmə, yalan danışma, çörəyini kəsmə, problem yaratma, nahaqdan ona-buna şər atma və sair Quranın bunun kimi minə qədər tələbləri var. Hökməndir ki, gedib saqqal saxlayasan, başını, ayaqlarını bağlayasan?!”

Allahın Quranda namazla bağlı buyurduğuna gəldikdə “Əgər qorxu halındasınızsa, namazı yeriyə-yeriyə və ya minik üstündə qılın. Təhlükə sovuşub getdikdə də bilmədiyiniz şeyləri sizə başa salan Allahın öyrətdiyi kimi (namaz qılaraq) Allahı yad edin” qeyd edir .

Ayəyə əsasən siz də həm növbədə durarsınız, həm də namaz qıla bilərsiniz. Təbii ki, məsələyə kənardan baxıb qəzəl oxumaq asandır; biz bunu yaxşı başa düşürük. Yəni, belə bir şəraitdə olan adamın vəziyyətini düzgün qiymətləndirmək lazımdır. Yenə də (heç bir şeyə baxmayaraq) namazı düzgün və vaxtında qılmaq lazımdır.

Konstitusiyamızda etiqad azadlığı var. Din azadlığı insanların öz inanc və ibadətlərini azad surətdə həyata keçirə bilməyini ifadə edir.

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...