Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Əslən yəhudi olan Milli Qəhrəmanımız – VİDEO

Azərbaycan Xalq Cumhuriyyətinin ilk səhiyyə naziri yəhudi olub

ABŞ Konqresində Amerikadakı nüfuzlu yəhudi təşkilatlarından olan Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının təşkilatçılığı ilə “Bilinməyən tarix: Azərbaycandakı yəhudi icması” adlı brifinq təşkil edilib.

Milli Koalisiyanın icraçı direktoru Mark Levinin moderatorluğu ilə keçən tədbirdə əsas natiq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib.

İlk öncə açılış nitqi edən Mark Levin dinindən və irqindən asılı olmayaraq Azərbaycanda bütün insanların sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb. Bu kontekstdə, Azərbaycandakı yəhudi icmasının da istisna təşkil etmədiyi və uzun əsrlər boyu dağ yəhudiləri icmasının Azərbaycanda heç bir ayrı seçkiliyə məruz qalmadan dinc yaşadığı və inkişaf etdiyi bildirilib.

Mark Levin, həmçinin Azərbaycana sonuncu səfəri ilə bağlı təəssüratlarını və xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, ölkəmizdə bütün konfessiya mənsubları, o cümlədən yəhudilər üçün yaradılmış əlverişli şəraiti şəxsən öz gözləri ilə gördüyünü qeyd edib. Onun sözlərinə görə, günü-gündən inkişaf edən İsrail və Azərbaycan arasındakı güclü tərəfdaşlıq bağları da məhz xalqlar arasındakı bu dostluqdan qaynaqlanır. O, dünyanın bir çox yerlərində anti-semitizmin tüğyan etdiyi bir zamanda əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bir çoxları üçün nümunə olduğunu və bu kimi halların daha da geniş auditoriyaların diqqətinə çatdırılmasına ehtiyac olduğunu bildirib.

Daha sonra çıxış edən səfir Süleymanov qeyd edib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir və ölkəmizin elmi-intellektual, siyasi və iqtisadi həyatında mühüm rol oynayır. Səfir Azərbaycan yəhudilərinin dövlətçiliyimizin təşəkkülü və inkişafında da mühüm rol oynadığını, misal üçün Azərbaycan Xalq Cumhuriyyətinin ilk səhiyyə nazirinin yəhudi olduğunu və o zaman da, indi də yəhudi əsilli vətəndaşlarımızın Azərbaycan Parlamentində təmsil olunduğunu diqqətə çatdırıb. Müstəqillik illərində Ermənistanın hərbi aqressiyasına məruz qaldığımız zamanda, torpaqlarımızın bütövlüyünün qorunması üçün yəhudi icmasının öz həmvətənləri ilə birgə silaha sarıldığı, habelə əslən yəhudi olan Albert Aqarunovun vətənin qorunmasındakı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü diqqətə çatdırılıb.

Diplomat ölkə rəhbərliyinin xüsusi qayğısı sayəsində Bakıda iki sinaqoqun inşa edildiyi və Cənubi Qafqazdakı ən böyük yəhudi təhsil mərkəzinin tikildiyini brifinq iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin müstəqillik qazandığımızdan bəri İsrail-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkəmizin İsrailin enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Səfir Süleymanov tolerantlıq və multikulturalizmin Azərbaycan cəmiyyətinin təməl daşı olduğunu, bu xüsusda 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edilməsi və BMT-nin Sivilizasiyalar Alyansının sonuncu forumunun cari ilin aprel ayında Bakıda təşkil edilməsinin təsadüfi olmadığını qeyd edib. Sonda diplomat dünyanın hansı yerində olmasından asılı olmayaraq, Azərbaycanın zorakılıq və radikalizm meyllərini pislədiyini bildirib.

Brifinqdə ABŞ Konqres üzvlərinin köməkçiləri, ictimai təşkilatların nümayəndələri, Azərbaycan və yəhudi icmasının təmsilçiləri və media mənsubları iştirak edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...