Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“EY QEYRİ-MÜSƏLMANLAR, KİTABINIZA SAHİB ÇIXIN, MÜSƏLMANLARA BUXARMAYIN, ONLAR BU KİTABA XƏYANƏT ETDİLƏR” – ELŞAD MİRİNİN MUSTAFA İSLAMOĞLU İLƏ MÜSAHİBƏSİ

MUSTAFA İSLAMOĞLU İLƏ MARAQLI MÜSAHİBƏ…

Din.az “A24.az”a istinadən bildirir ki, ilahiyyatçı Elşad Miri Türkiyənin tanınmış ilahiyyatçısı, alim Mustafa İslamoğlu ilə növbəti müsahibəsini gerçəkləşdirib. “Ateistlərin suallarına cavablar” başlığı altında alınan müsahibə Elşad Mirinin Macarıstanda olarkən Mustafa İslamoğlu ilə “Uydurulan, yoxsa endirilən din?” mövzusu ətrafında apardığı müsahibənin davamıdır. Belə ki, ateistlərin İslamla, Muhamməd peyğəmbər və Quranla bağlı verdiyi suallar ətraflı və dolğun şəkildə türkiyəli ilahiyyatçı tərəfindən cavablandırılıb. Müsahibənin çəkilişi Türkiyənin “Hilal” televiziyasında həyata keçirilib.

Həmin müsahibəni sizə təqdim edirik:

-Keçən dəfə sizə verdiyim bir sual var idi: Peyğəmbərimiz peyğəmbərliyini necə başa düşdü? Və siz dediniz ki, Muhamməd özünün peyğəmbər olacağını gözləmirdi. Hətta bəzi məlumatlarda Peyğəmbərin özünü intihar edəcək vəziyyətə qədər gəldiyi bildirilir. Belə bir sual: o zaman Muhamməd Peyğəmbərlə Xədicə arasında olan söhbətləri bizə kimlər danışır? Daha sonra Muhamməd adlı bir şəxs xanımı və yoldaşının qohumu ilə birləşib İslam dinini meydana gətirə bilməzdilərmi?

-Düşünürəm ki, bu sualı verən ateistlərdir. Bu cür sualların verilməsini mən hər zaman müsbət qarşılamışam və bu kimi suallardan qaçmağı da düzgün bilmirəm. Belə ki, xristianlıq əvvəlcə inam verər, İslam və Quran isə əvvəlcə bil, sonra inan deyər! Yəni yaşayan aşkar bir dəlillə yaşasın, inkar edən də yenə aşkar bir dəlillə həlak olsun. (“Ənfal” surəsi, 3/42)

3 nəfər birləşib bir din meydana gətirə bilməzmi? Dünyada 3 insanın birləşib yaratdığı dinlər çoxdur. Hətta 3 nəfərin deyil, bir insanın da yaratdığı dinlər də var. Bu sadəcə keçmişdə deyil, bu gün də yaşanır. Hara baxsan ortaya peyğəmbərlər çıxır. Bizim ölkədə çoxlu peyğəmbərlər var, sizin məmləkətdə yoxdurmu? Sizin ölkədə peyğəmbərlərin olduğunu sosial səhifənizdə etdiyiniz paylaşımınızdan da gördüm. Dolayısı ilə Azərbaycanda da “peyğmbərəm” deyənlər varmış. Burda da var, hələ ötən həftə biri ilə məhkəmədə görüşdük. O insan haqqında “Yalançı peyğəmbər” adı altında məqalə yazdım deyə, məni məhkəməyə vermişdi. Hazırda qaçaraq Amerikaya gedib. İndi siz fikirləşin, əgər mən ona həqiqi peyğəmbər desəm, məni Allah cəzalandıracaq, yalançı peyğəmbər dedim deyə, istədim məni dövlət cəzalandırsın. Məhkəmədə hakimə də dedim: “Siz deyin, mən hansı yolu seçim?”

Yəni bir insan özünün peyğəmbərliyini elan etdiyi zaman əslində bir din yaratmış olur. Məsələn, kuakrlar… Bu hələ 16-cı əsrdə İngiltərədə başladı və daha sonra Anqlosakson dünyasının mücavir yerlərinə yayıldı. Kuakrlar dediyimiz bu məktəb protestantların içərisindən çıxdı və o qədər saxta peyğəmbərlər, saxta məsihlər, hətta ilahlar çıxartdılar ki, təsəvvür edin insan özünə “Allah, mən Haqqam” deyirdi. Allah, tanrı mənə girdi, Allah mənə təcəssüd etdi, cisimləşdi, dolayısı ilə “mən Allah oldum” deyirdi. Bunların hər biri, etiraf etsələr də, etməsələr də din qurucusudur.

-Bəs buddizm ola bilməzmi? Məsələn, Sitharta Qautama Buddizm dinini qurdu və bu gün bir milyarddan çox mənsubu var!

-Unutmayın! Bu dinlərin heç birisi mənsublarını “ağlını işlədəcəksən, sorğu-sual edəcəksən, dəlilə uyacaqsan, əgər doğru söyləyirsənsə, dəlillərinizi gətirin” deyən bir mesaja sahib deyil.

-Amma konfutsianizmdə sizin söylədiyiniz bəzi fəlsəfi düşüncələr vardır.

-Konfutsianizm dediyin din deyildir.

-Amma bəzən o Santio deyə Çindəki 3 dindən biri olaraq qəbul edilir: Konfutsionizm, Taoizm və Buddizm…

-Konfutsionizmdən sonra din şəklinə salınmış bir formul vardır, amma Konfutciş özündən sonra bir din buraxdığına dair fikir söyləməmişdir. Amma Allahın rəsulu Muhamməd peyğəmbər heç vaxt din qurduğunu iddia etməmişdir. Allahın rəsulu “Mən məndən əvvəl gələn həqiqət karvanının bir üzvüyəm, uzun bir zəncirin halqasıyam və mən məndən əvvəlkiləri təsdiq edirəm” deyib.

-Muhamməd peyğəmbər özünü ondan əvvəlki peyğəmbərlərin davamçısı adlandıraraq insanları ətrafına yığa bilməzdimi? Bu, daha asan olmazdımı? Bayaqkı sualıma qayıdım: Xədicənin həyat yoldaşı Muhamməd peyğəmbər haqqında dediyi sözləri bizə kim çatdırıb?

-Bu rəvayətlər yenə bizə onların özləri tərəfindən çatdırılıb. Bu insanlar çox əhəmiyyətli hadisələrin bir hissəsi olublar və unutmayaq ki, bizə çatdırılan bu rəvayətlərin içərisində şübhələnməyimiz üçün əvvəlcə baxmağımız lazımdır. Bizə çatdırılan rəvayətlərdə əslində çatdırılmaması vacib olan ünsürlər var. Danışılan bu rəvayətlərdə peyğəmbərimiz hələ öz peyğəmbərliyinə əmin olmadan Həzrəti Xədicənin əmin olduğunu görürük. Əgər ustalıqla dizayn edilmiş bir rəvayət olsaydı, bu rəvayətlər bizə bu şəkildə çatdırılmazdı. Gizlədilər və ya belə bir şəkildə bizə çatdırılardı: “Xədicə Muhammədi gördü, Muhamməd elə bir halda idi ki, onda ilahi işıq gördü. Onda fövqəladə hallar aşkarladı və sair kimi ünsürləri gördü. Bunu görən Xədicənin dili tutuldu, özündən getdi, nitqi qurudu və heç bir şey deyə bilmədi. Və Xədicə onu görəndən sonra iman etdi”. Amma rəvayətlərdə belə bir şey yoxdur.

-Bəs o zaman imkanlı və 40 yaşlarında bir qadın olan Xədicə özündən 15 yaş gənc olan Muhamməddəki perspektivi görməsəydi, ona evlilik təklif edərdimi?

-Xədicə bu şeyləri gördüyü üçün təklif etmədi ki… Xədicənin Muhamməddə nə gördüyünü edilən rəvayətlərdən öyrənirik. Birincisi, Allahın rəsulu Allah rəsulu olmadan əvvəl, yəni Abdullahın oğlu olduğu vaxtlarda yaxşı bir insan kimi ətrafında gözəl izlər buraxmışdı. Yəni Muhamməd hər kəs tərəfindən yaxşı insan kimi qəbul edilən biri idi. Hətta bunu düşmənləri belə təsdiq edir. Əgər bir insanın yaxşılığını düşmənləri deyirsə, deməli həmin adam yaxşı adamdır! Bu mənada Məkkədə Allahın rəsulunun peyğəmbər olmadan əvvəl əl-əmin olduğuna etiraz edən biri yoxdur. İkincisi, “əl-əmin” nə deməkdir? “Əl-əmin” güvənilən deməkdir. Beləliklə, bir insana günəvilən damğası vurulur. Lakin bu damğanı cəmiyyətin nüfuzlu şəxsləri, dövləti idarə edənlər, dövlətdə fəaliyyət göstərən qurum və müəssisələr vurmur. Bu damğanı cəmiyyət vurur.

-Həmin cəmiyyətdə Muhamməd peyğəmbərdən başqa etibarlı, güvəniləcək insanlar yox idimi?

-Hamıya günəvilən insan deyə bilmərik ki… Amma cəmiyyətin güvənilən biri olduğuna inandığı bir insan var idi, əgər ikinci bir insan var idisə, onu da biz bilmirik. Dolayısı ilə güvən hər zaman əhəmiyyət daşıyan ünsür olub.

-Bəs niyə sonradan bu cür günəvilən, “əl-Əmin” (etibarlı) insan adlandırdıqları bu şəxsə yalançı, sehrbaz kimi böhtanlar atdılar?

-Peyğəmbərə kebbaz deyənlərin başında Əbu Cəhl gəlirdi. Lakin Peyğəmbərə kezzab deyən Əbu Cəhl öz əmanətini Allahın rəsulunun yanında qoymuşdu.

-Bunu hardan bilirik?

-Bunu bizim dövrə qədər gəlib çıxan rəvayətlərdən bilirik və bu rəvayətlərə etiraz yoxdur.

-Etiraz olan etirazların bizə gəlməmə ehtimalı yoxdurmu?

-Vardır?

-O zaman müsəlmanlar peyğəmbərlərini daha etibarlı göstərmək üçün bu cür iddiaları ortaya ata bilməzdilərmi?

-Ola bilər, lakin burda şübhədən yola çıxaraq biz “bu rəvayət atılmadır” deyə bilmərik. Bu şübhəni də dəlilləndirməyimiz lazımdır. Muhamməd peyğəmbərin gəncliyinə, yetkinlik dövrünə, peyğəmbərlikdən sonrakı həyatına aid özünün bildirmək istəmədiyi xəbərləri görürük. Yəni Allahın rəsulunun Həzrəti Zeynəblə bağlı yaşananları öz ixtiyarında olsa idi, bir cümlə belə yazmazdı, nə də başqa birisinə danışmazdı.

-O zaman belə deyək: Muhamməd peyğəmbər çox ağıllı və bacarıqlı olduğu üçün bizim bir gün bu kimi sualları verəcəyimizi bilib bu kimi ayələri Qurana yerləşdirmişdir.

-Bir lətifə yadıma düşdü. Biri başqasına sual verir ki, ayı səni qovalasa neyniyərsən? Deyib qaçaram. Arxandan gələrsə, neyniyərsən? Təpəyə qaçaram deyib. Təpəyə də çıxarsa neyniyərsən? Ağaca çıxaram deyib. Bəs ağaca da çıxarsa… “Dayan” deyə cavab verib. Burda siz mənə deyin görüm, siz ayının tərəfindəsiniz, yoxsa mənim?

Siz indi baxın, bu mövzuda insanlığın doğru, yaxşı və gözəlliyə dair ümumi bir qənaəti vardır. İnsan fitrətən doğru, yaxşı və gözəl olanı bilir. İnsan fitrətinə etibar etmədən heç bir şey danışa bilmərik. Əgər cəmiyyətin əxlaqında doğru şeylər yoxdursa, kainat və təbiət qanunlarında təbiət qanunları yoxdursa, sünnətullah yoxdursa, (sünnətullah dedikdə, Allahın fiziki qanunları və Allahın cəmiyyət üçün qanunları başa düşülür) insana aid nələrdənsə danışırıqsa, bizim insanlığa dair təməl kriteriyalarımız, ölçülərimiz olmalıdır. Bu ölçülər hər yerdə keçərli olmalıdır. Məsələn, insan əxlaqında yaxşı nədir, pis nədir?! Bununla bağlı ölçülərimiz olmalıdır və mən bu ölçülər çərçivəsində bunları demək istəyirəm: Allahın rəsulu gəldikdən sonra düşmənləri var idimi? Var idi. Allahın rəsuluna qarşı edilən bütün iftiraları Quran sənədləşdirdimi? Bəli. Bu çox vacib məsələdir. Hansı insan özünün yazdığı kitaba əleyhində danışılanları qələmə alar?

-Məsələn, siz 20 il bundan əvvəl yazdığınız bir kitab haqqında 100-cü nəşrini etdiyiniz kitabda deyirsiniz ki, mənim əvvəlki kitabımda yanlış var idi, “bu günləri həmin səhvlərimi düzəldirəm və bunları yazıram” deyərək qeyd edə bilərsiniz.

-Xeyir, mənim verdiyim sual bu deyil ki? Mənim verdiyim sual budur ki, “Quranı ona burda biriləri öyrədir” cümləsini Quranın içərisində yazarsınızmı? Bunu heç kim yazmaz.

-Bəs belə ola bilərmi? Deyək ki, sizin haqqınızda bəzi söhbətlər var və siz həmin danışıqları qeydə alarkən yaza bilərsiniz ki, “Mustafa İslamoğlu haqqında deyilir ki, o kitabları özü deyil, ətrafında olan bəzi insanlara yazıdırır” kimi cavab vermiş ola bilərsiniz.

-Amma biz Mustafa İslamoğlundan danışmırıq. Onun kitablarını Mustafa İslamoğlu yazıb və sabah deyə bilər ki, fikirlərimi dəyişdirdim.

-Amma ateist deyir ki, Quranı da Muhamməd yazmışdır. Ona görə də belə deyirəm.

-Biz də deyirik ki, əgər bir insan özü kitab yazırsa, o kitabı özünün iddiasının, yəni “bu mənə Allahdan gələn vəhydir” iddiasını tam çürüdəcək, kökdən kəsəcək, dibindən yox edəcək bir iddianı həmin kitaba qoymaz. Kitaba başqa şeylər yazar.

-Başqa şeylər yazar dediniz, o zaman yazıbmı? Məsələn, Muhamməd peyğəmbər də başqa dinlərdəki universal həqiqətləri yazdığı iddia edilənləri Quranda yerləşdirməsi mümkün deyilmi?

-Mümkün deyil. Çünki Allahın rəsulu vəhy gözləmirdi. Vəhy onun gözlədiyi bir şey deyildi, hətta istəmirdi də.

-Muhamməd peyğəmbər vəhyin vəhy olduğunu necə bildi?

-Peyğəmbər vəyhi bildiyi üçün anlamadı, “bu nə ola bilər?” deyə sual etdi. Cinlərin onu narahat etdiyini sual etdi, hətta sizə gələn rəvayətlərin içərisində peyğəmbərin bu qənaəti də var idi. Ona görə də Həzrəti Xədicəyə bu səbəbdən şikayətləndi. “Şeytani bir ilham ola bilərmi?” deyə öz-özünə düşündü. Rəsulullah dayanmadan özünə suallar verirdi və ona gələnlərin vəhy olduğuna əmin olması üçün ciddi bir müddətdən keçdi. Peyğəmbərin peyğəmbərliyinə inanması üçün sərf etdiyi əməyi biz ona inanmaq üçün sərf etmədik.

Peyğəmbərin cəmiyyətin idarəedicisi deyildi, kahin, şair, lider, Məkkənin başçısı deyildi. Cəmiyyətdə əhəmiyyətli birisi deyildi, yeganə şöhrəti dürüstlüyü idi. Bu da dürüstlüklə bağlı olan bir məsələdir. Yəni ona gələnin nə olduğunu özü belə bilmirdi. Peyğəmbərimiz vəhy gələn zaman çətin anlar yaşadı, ona görə də ona motivasiya vermək üçün surələr endirildi, Duha və İnşirah surəsi. Ona görə də Taha surəsinin girişində “Ey İnsan” Biz bu ilahi kəlamı sənə məşəqqət çəkib kədərli olmağın üçün göndərmədik” (“Taha” surəsi, 20/1-2) deyilir.

-O zaman Quran nə üçün göndərildi?

-Quran Allahın insana yeganə müdaxilə üsulu deyil. Yəni Quran Allahın insana yeganə rəhbərliyi deyil.

– Quran olmasaydı, nə olardı?

-Bu səhv sualdır. Bunu belə verək: Qurandan əvvəl insanların hamısı əxlaqsız idi? Deyildi. Allahın rəhbərliyi sadəcə vəhy surətindəmi təcəlli etdi? Xeyir! Bəs necə təcəlli etdi? Birincisi, Allahın rəhbərliyi kainat Quranı şəklində təcəlli etdi. Kainat Quranı tamamilə Allahın rəhbərliyidir. Ona görə də Qurandakı ayələr kainat Quranına referans verir. Əslində əsil referans kainat Quranıdır. Quran endirilmədən əvvəl də kainat Quranı var idi. Qurandan əvvəlki Quran Kainat Quranıdır!

Bir də insana ağıl, iradə və vicdan verdi. Bunlar da insanın daxilindəki rəhbərlik, insanın daxilindəki peyğəmbərlik, insanın öz daxilindəki vəhydir. İnsana rəhbərlik ağıl üzərindən verdi. İnsan hər şeyi ölçüb-biçər, doğru-yanlış, yaxşı-pis, haqq-batil, ədalət və zülmü ağılla ayırd edər.

İradə – aktiv bir iradə insana verilmiş ilahi bir rəhbərlikdir.

Vicdan – Vicdanından soruş, sənə düzgün olanını deyəcək. Yer üzündə hər vicdan fitrədə uyğun formalaşmışdır. Buna oğrunun vicdanı da, arsızın vicdanı da, caninin və qatilin vicdanı da daxildir. Bəs vicdadına rəğmən oğru necə oğruluq, arsız necə arsızlıq, qatil necə qatillik edər? Vicdanını basdırar, susdurar, vicdanının üzərini örtər. Baxın küfür budur. Quran həmin pərdəni götürmək üçün sənə yardımçı olar. Amma insan bu yardımçıya ehtiyac duymadan, vicdanının üzərindəki pərdəni qaldıra bilər. Ona görə də mən hər zaman deyirəm ki, Şimal Qütbündə yaşayan eskimo özünü xilas edə bilər, amma sən özünü çətin qurtara bilərsən, ey Allahın qulu! Sənin məsuliyyətin ondan daha ağırdır. Çünki o iradəsi, ağlı və vicdanı ilə Kainat ayələrinə baxar, ilahi rəhbərliyi daxilində oxuyar və Allahın “maruf” (orta yaxşı) – insanlığın “orta yaxşı” dediyi kimi görər və buna uyğun həyat yaşayar və ya qurtula bilər.

Yəni Quran endirilmədən əvvəl “hər kəs əxlaqsız idi, hər kəs batil idi, hər kəs Cəhənnəmlikdir” deyənin özündə problem vardır. Quran zamanın bir dilimində tarixi bəlli bir dilimində endirildi. Ona görə də həyatın özü dindən daha böyükdür! Din həyatın içərisində bir yer tutar və vəhylər də həyatın içərisində bir yer tutar. Bu mənada əgər siz dini həyatın üzərinə örtsəniz, o zaman dinin təbii sərhədlərindən kənara çıxarsanız. Həyatın təbii sərhədlərinə təcavüz etmiş olarsınız. Həyatın yaradıcısı ilə dinin göndəricisini iki ayrı ilah olaraq zımnən görmüş olarsınız. Niyə Allahın həyata həyatın içərisindən müdaxilə etdiyinə inanmırsınız? Niyə sünnətüllaha inanmırsınız? Yəni vəhyi göndərən Allaha inanırsınızsa, Allahın kainata kitabı üzərindən də vəhy etdiyinə inanın.

-O zaman söylədiklərinizdən belə bir sual meydana gəlir: Avropa kimi ölkələrdə vicdanı olub Quranı olmayanlar haqqında nə deyərdiniz?

-Bu verdiyiniz çox əhəmiyyətli sual deyil, problemdir. Hazırda müsəlmanların ən başlıca problemlərdən biridir. Baxırsınız ki, bir insan Qurana görə həmin insanı vicdan, iradə, ağıl, əxlaq, davranış baxımından ələ alırsan, həmin insan müsəlman çıxır, amma özünü müsəlman olaraq adlandırmır. Qurana görə “mən müsəlmanam” deyərək hayqıran, saçı, saqqalı,cübbəsi, aksessuarı ilə müsəlman olduğunu iddia edən, ondan başqa müsəlmanlara mənsubiyyətini satan birilərinə baxanda, Quranın əxlaq sınağından keçirəndə və bu iki insanlar arasında müqayisə edəndə nəticələrdən görürsən ki, “mən müsəlmanam” deyən Qurandakı əxlaqdan danışan şəxs, özünün heç müsəlman adlandırmayandan geridədir.

-O zaman Quranı oxuyan müsəlman niyə bu kitabı oxuyur?

-Onu həmin insandan soruşmaq lazımdır.

-Bəs, siz özünüzə belə bir sual vermədinizmi?

-Mən də sual etdim və hətta uzun illər bundan əvvəl belə dedim: Müsəlman olmaq bir qrupa mənsub olmaq deyil, bir duruşa sahib olmaqdır. Bu sözləri əslində özüm deməmişəm. Bunu mənə təhsil verən və müəllimim olan Quranın mənə verdiyi zehniyyətlə söylədim. Quranın məni inşa etdiyi zehniyyətlə dedim. Quran qurtuluşla bağlı son olaraq bunu deyər: “Nihai qurtuluş nə sizin boş xəyallarınıza, iddianıza görədir, nə də əhli-kitabın iddiasına görədir. Nihai qurtuluş haqqında son sözü söyləmək Allahın əlindədir. Biz bunu deyər, buna inanar, burda dayanarıq. Ona görə də Nihai qurtuluşa dair heç kim haqqında nihai söyləmək səlahiyyətini özümüzdə görmürük. Ona görə də təkfiri təkfir edərik. Çünki təkfir nihai qurtuluşa dair birinin imanı haqqında son sözü söyləməkdir. Bu, həddini bilməməkdir.

-O zaman bugünün Avropası əllərində Quran olmadığı halda bugünkü səviyyəyə necə gəldilər?

– Bu suala cavab verməzdən əvvəl aparılan bir araşdırmanı xatırlatmaq istəyərdim. Bu, “Gallup” beynəlxalq araşdırmalar mərkəzinin “Müsəlman ölkələr müsəlman çıxmadı” araşdırmasıdır. Araşdırmada müsəlmanların əxlaqi keyfiyyətlərini yazıblar. Və bu keyfiyyətlərə əsasən adı İslam ölkəsi olan ölkələr və islam ölkəsi olmayan 60-a yaxın ölkə müqayisə edilib. Belə ki, araşdırma zamanı İslam adını daşıyan ölkələr sınaqdan keçə bilməyiblər. Yəni İslam ölkələri müsəlman çıxmayıblar. İslamın kriteriyalarına görə, İslam ölkəsi adı verilən ölkələr geridə qalıblar. Bəs sınaqdan keçən ölkələr hansılardır, bilirsinizmi? Yeni Zelandiya, Norveç, İsveç, Finlandiya, Danimarka və sair. Statistik göstəricilər və həmin ölkələrə getdiyiniz zaman hər şey özünü göstərir. Odur ki, papağımızı, şapkamızı, cübbəmizi, sarğımızı qarşımıza qoyub yaxşıca düşünməyimiz, tövbə etməyimiz lazımdır.

-Bugünkü avropalıya Quranı versək, onun həyatında nələr dəyişəcək?

-Mən çox şeyin dəyişəcəyini düşünürəm və gördüm. Mən bu kitabı əlinə almış avropalıların necə möhtəşəm bir nöqtəyə gəldiklərinin nümunələrini gördüm. İstər yaxından tanıdığım, istərsə də əsərləri ilə tanıdığım bir çoxları, məsələn, Muhamməd Əsəd 20-ci əsrin muhtədiyi (imanını sonradan alnının və ürəyinin təri ilə tapan insanlara deyilir) dinini bizim kimi babalarımızdan miras qalmış şəkildə deyil, alnının təri ilə qazanan yəhudi olaraq doğulan və qəbri İspaniyada olan müsəlmandır. Eyni zamanda ömrünü müsəlmanların yaxşılığı üçün sərf edən birisidir. Doğulduğu ölkədə mənsub olduğu dinə və irqə xidmət etməmiş, Pakistan vətəndaşı olaraq onun qurulmasında xidmət göstərmiş, qurucu ünsürlərdən biri olmuş, ondan sonra da Pakistanın BMT-dəki təmsilçisi olub. Daha nələr etmiş, necə kitablar yazmış…

Mən bu yolda daha başqa birisini tanıyıram, həyatdadır, yaşayır, Allah ömrünü muammər eləsin. Bu şəxs almaniyalı diplomat Murad Hofmandır. Almaniyanın Əlcəzairdə, Misirdə böyük elçiliyini edib. Mən bu şəxslə birlikdə verilişlər, simpoziumlar etdim, onun həyat hekayəsini birbaşa özündən eşitdim. Mən Quranın bir insanı dəyişdirmək qabiliyyətini bunun kimi tanıdığım insanların timsalında gördüm.

-Bəs o zaman bir avropalı, İslamı qəbul edən avropalı müsəlmanı necə qəbul edir?

-Bunu avropalılardan soruşmaq lazımdır. Çünki bu haqda sizə ətraflı olaraq danışa, aydınlıq gətirə bilmərəm. Çünki bildiyim və bilmədiyim məqamlar var. Amma onu deyim ki, bu insanların bəziləri ilə görüşdüyüm zaman bəziləri ətraflarında olan ağıllı insanlardan maksimum dərəcədə istifadə etdiklərini söyləyib. Məsələn, mən Hollandiyada yaşlı bir şərqşunasın ciddi mənada Qurandan istifadə edib, Quranla həmhal olub, İslamını elan etmədiyi halda bir Quran müsəlmanı kimi yaşadığına şahidəm. Çox qəribədir. Həmin şəxs Quranla maraqlana-maraqlana Qurana vurulmuş və bütün problemlərini Quran vasitəsi ilə həll edir.

Buna başqa bir misal yaponiyalı alim Tuşiko İsusu misal göstərək, dünyasını dəyişib. Bundan başqa Amerikadan, Avropadan, Kanadadan da tanıdıqlarım var. Bir insanın özünü dəyişdirmək potensialından daha çox Quranın insanı dəyişdirmək potensialını gördüm… Ona görə də mən Avropada, Vyanada, Berlində və daha başqa Avropa ölkələrində bu çağırışı etdim: hətta bəzləri bunu anlamadı, bəziləri ola bilsin buna gülüb də. Amma ən yaxşı anlayanlar salona gələn qeyri-müsəlman olanlardır. Bilirsinizmi nə dedim: “Ey qeyri-müsəlmanlar, kitabınıza sahib çıxın, müsəlmanlara buxarmayın. Müsəlmanlar bu kitabın haqqını verə bilmədilər, bu kitaba xəyanət etdilər, bu kitaba arxalarını çevirdilər, müsəlman bu kitabın yanına kuma gətirdilər. Müsəlmanlar bu kitaba paralel kitablar icad etdilər”. Niyə “kitabınıza sahib çıxın” dedim? Çünki Quran insanlara aiddir. Quran “Siz, ey insanlıq” deyən bir kitabdır. Belə bir kitab tapa bilmərsiniz. “Müqəddəs” olmaq iddiasında kitabların heç birində belə bir iddia tapa bilmərsiniz. Quranda insanların dəyərlərinə, ağla, dəlilə, iradəyə, azadlığa, insanın azad seçimi ilə imanını tərcih etməsinə vurğu edən ikinci bir din görmədim. Ona görə də insanlar Qurana iman etməmiş ola bilərlər, amma mən Quranı araşdıran qeyri-müsəlmanların, əgər tərəfsiz bir gözlə incələyirlərsə, Qurana iman etməsələr belə heyran ola biləcəkləri qənaətindəyəm. Amma bunun qarşısında bir əngəl var, o da biz müsəlmanlarıq. Biz Quranla insan arasında girmiş maneələrik. Hansı ki, biz Cuma surəsində verilən ayədə deyildiyi kimi “vəhyin məsuliyyətini daşımaqla əmr olunduq”. Quran bunu etməyənə kitab yüklü eşşəklər deyir. Yəni bunu Tövrat üçün deyir… Tövrat üçün bunu deyən Quran üçün daşımaq məsuliyyətini yüklənməyənlərə afərinmi deyəcək?! Ona görə də biz Quranla insan arasına girən əngəl olduq. Hansı ki, biz körpü olmalı idik. Üstümüzdən Quran keçsin ayələr, hidayət keçsin, biz də bu hidayətə yol olaq, körpü olaq deməyi bilməli idik. Amma ola bilmədik, biz hazırda divarıq. Qeyri-müsəlman olan birisi islamı araşdırmaq istəyirsə, müsəlmanlara baxır və nifrət edir. Hər-halda “əgər Quran adam etsəydi, bunları adam edərdi” deyir. Mən bunun kimi fikirlər səsləndirənləri də gördüm, onlarla mübahisələrimiz də oldu. Ona görə də biz Quranın üzünü qaraldanlarıq.

-Quran tərcümələrini oxuyan insanlar yanlış tərcümələr ucbatından Qurandan uzaqlaşmış ola bilərlərmi?

-Ola bilərlər.

-Bəs o zaman VII əsrdə gələn bir kitabı həm gəldiyi dövrün, həm indiki zamanın, həm də gələcəkdəki insanların kitabı olaraq qəbul edə bilərik?

-Hər zaman mən Quranın ayaqları yerdə, başı göydə olan bir kitabdır deyirəm. Quran 1400 il bundan əvvəl 23 il davam edən bir cəmiyyətə bir dildə endirilmiş vəhylərdən ibarətdir. Quranın tarixi olması ayrı bir şey, Qurana tarixi yanaşma başqa bir şeydir. Bu iki nüansın ayrılmalı olduğunu düşünürəm. Mən tarixçi deyiləm və buna qarşıyam, amma universal da deyiləm, yenə ona da qarşıyam. Mən məqsədləri olan birisiyəm və bu barədə “Quranı anlama yöntəmi” adlı kitabımda bölmə-bölmə işlədim. Yəni məqsədçi, Quranın ayələrinin və mesajlarının məqsədlərinə baxılmasının vacibliyini, Quranın bizi götürmək istədiyi bir yer olduğuna, bir məqsəd olduğuna inanan biriyəm. Sizə tarixçilərin istismar etdiyi ayələrdən misal çəkim: “Gücünüz nisbətində güc və süvari dəstələr tədarük edin” (“Ənfal” surəsi, 8-60). İndi bu ayədə iki cümlə arasında işlədilən “vau” belə məna verir: qüvvət hazırlayın. Ayənin məqsədi qüvvətdir. Bu ümumi hökmdür və qiyamətə qədər keçərlidir. Bu qüvvətin tərkibinə təyyarə də daxil edilə bilər, tank da , sərnişin daşıyan və gələcəkdə bu gün olmayan başqa nəqliyyat vasitələri də daxil edilə bilər. Lakin ayənin demək istədiyi, məqsədi gücün hazırlanmasıdır. Ayənin tarixi yönünə baxanda ordakı “vau” bu günün gördüyü atlar kimi başa düşülür. Çünki atlar və at arabaları bölgədə və həmin dövrdə ən yaxşı döyüş vasitələri idi. Amma biri çıxıb “Quran bizə atlar hazırlayın dedi, o zaman Quranın və Allahın əmri atlar hazırlamaqdır, ayələrdən çıxan höküm də budur, gəlin birlikdə at yetişdirək” deyirsə, bu insan lazufcudur, literalistdir və bir tərəfdən də dünyəvidir. Tarixçilər bu ayəni sırf həmin dövrdə yaşayan ərəblərə deyildiyini izah edərək bunun yalnız onlara aid olduğunu və bügünkü zamanla heç bir əlaqəsinin olmadığını bildirir. Lakin mən və mənim kimi məqsədçilər deyirik ki, ikiniz də yanlış söyləyirsiniz. Burada Quran endirildiyi dövrünə aid bir şey söyləyir və atlar deyir. Bəli, bu həmin dövrə aiddir. Amma əsil məqsədi bundan əvvəlki cümlədə söyləyir: Güc. Güc əslində bütün müharibə vasitələri, təkcə müharibə deyil, texniki vasitələr, internet, sosial media, süni zəka, robotlar, enerji, iqtisadiyyat – bunların hamısı gücdür. Eyni zamanda “taka” ərəb dilində enerji deməkdir.

-Niyə müsəlmanlar həmişə savaşla, döyüşlə, müharibə ilə birlikdə yad edilir? Bunların səbəbləri nələrdir? Həqiqətənmi İslam savaş dinidir? Yaxud din bu şəkildəmi yayıldı?

-Bu sualınıza iki cavab var. Birincisi, birbaşa Qurandan çıxardacağımız cavab, ikincisi Qurandan kənarda müsəlman mədəniyyətinin yaratdığı qaynaqlardan əldə edəcəyimiz cavab. Əgər bu suala Qurandan cavab istəyiriksə, Quran 6236 ayəsi ilə qarşındadır. 6236 ayənin içərisində savaş ayələri inanın 30 faizində ola, ya olmaya…

-Amma bu rəqəm də az deyil…

-Unutmayaq ki, bu dinin qarşısına çoxlu düşmənlər çıxdı. Bu dini və Allahın rəsulunu yox etmək üçün, hər növ düşmənçilik etmək üçün, Peyğəmbərimizin 23 illik həyatında düşmən olmayan kimsə qalmadı desək yanılmarıq. Belə bir ömürdə başqa nə gözləyə bilərdik ki? Ona görə də 30 faizi çox deyil. Dediyim rəqəmləri saymadığım üçün dəqiq deyil, ümumi söylədim. Amma inanın ki, o qədər də deyil. “Bəqərə” surəsi 286 ayədir. Bu ayələr içərisindən toplasaq müharibə haqqında danışılan nə qədər ayə çıxar? “Ali-İmran” surəsi 200 ayədir, müharibə ilə bağlı hansı ayəni tapa bilərik? “Məryəm” surəsindən isə müharibə ilə bağlı heç bir şey tapmaq olmaz. Əlimizdə “Ənfal” və “Tövbə” surələri qalır ki, surənin bir hissəsində müharibələr zamanı ələ keçən qənimətlərdən, bir hissəsi əsirlərdən, bir hissəsi də müharibədən sonra yoxsul və yetim qalanlardan danışır. Həttə adıçəkilən surələrdə savaş əxlaqı haqqında da söhbət keçir. Ona görə də müharibədən danışan surələri ayələrinə ayırdığımız zaman İslamın savaşa dəvət edən ayələrinin olması çox az saydadır.

-Yəni savaşa dəvət edən ayələrin olduğunu demək istəyirsiniz?!

-Burda savaşa dəvət edən deyil, müdafiə olunmağa dəvət edən ayələrin olduğunu demək istədim. Savaşa dəvət edən ayə olsaydı, Allahın rəsulunun dəyişdirdiyi sözlər arasında bütlərin adını çıxmaqla müharibə olmazdı. Allahın rəsulu müharibəni heç vaxt sevmədi. Ona görə də savaş sözünü də heç vaxt sevmədi. Və Muhamməd peyğəmbərin hər hansı müharibədə, savaşda hansısa düşmənini öldürdüyünü eşitdinizmi? Əgər öldürmək insanı mücahid edirsə, Allahın rəsulu cihaddan və mücahid olmaqdanmı qaçdı?

-Muhamməd peyğəmbər Xədicə anamız vəfat edəndən sonra 632-ci ilə qədər necə dolanırdı? Dolanışığını döyüşlərdən əldə edilən qənimətlərlə təmin edirdi?

-Allahın rəsulu qənimətlərdən gələn 5-də bir hissəni dövlət işlərinə ayırırdı. Bu ayələrdə də təsdiqini tapıb. Qənimətləri olmadığı zaman peyğəmbər ticarət etdiyi zaman qazandığı sərvətini xərcləyib. Bundan başqa Həzrəti Xədicənin böyük bir sərvəti var idi. Bu sərvətlərin hamısı Allah yolunda xərcləndi. Hətta peyğəmbər Məkkəni tərk edərkən qoyub getdiyi evi var idi. Həmin evi peyğəmbərin əmisi oğlu satır. Yəni Muhamməd peyğəmbər heç vaxt sərvəti ilə maraqlanmayıb.

-Muhamməd peyğəmbərin dolanışığı üçün mütləq qənimət əldə etməli və bunun üçün də döyüşməli idimi?

-Həmin dövrü düşünsək, o dövrün tələbi bu idi. Belə deyək də, Allahın rəsulu özünün və cəmiyyətinin həyatını yox etməyə çalışmadı. Yəni müsəlmanlar 13 il Məkkədə qaldılar, bu müddət ərzində nə kimyəsə əlini qaldırdı, nə də kimsənin əli ona qalxdı. Müsəlmanlar Məkkədə öldülər, amma öldürmədilər. Bu haqda bir misal belə yoxdur. Məkkədə yaşayan müsəlmanlar zülm və işgəncə gördü, amma kimsəyə zülm və işgəncə vermədilər.

-Edə bilməzdilər axı, çünki güclü deyildilər.

-Xeyir, edə bilərdilər!

-Necə?

-Təşkilat kimi davranardılar, gizli şəkildə insanları qaçırdardılar.

-Bəs niyə etmədilər?

-“Onlarla bu (vəhy) sayəsində var gücünü sərf edərək böyük cihada giriş” (“Furqan” surəsi, 25/52). Yəni ürəkləri qazanmaq üçün böyük cihadı Quranla et deyirdi. Bu surə Quran endirildikdən 5 il sonra nazil olmuşdur, 615-ci ildə. Yəni Quran endirildikdən 5 il sonra, hansı ki, hicrətə 8 il var ikən Quran cihaddan bəhs edir. Amma Quran cihadı savaşmaq deyil, elm ilə insan qazan, ürək qazan deyir. Quran elmi, oxumağı təmsil edir. Bu mənada müsəlmanlar zülmə məruz qaldılar, amma zülm etmədilər. Qovuldular, amma heç kimi qovmadılar. Yurdlarından çıxarıldılar, 2 dəfə Həbəşə hicrət etdilər, Muhamməd peyğəmbər hicrət etmək üçün yer axtarırdı və bütün bunlar 13 il ərzində yaşanıb. Amma müharibə etmək haqqında heç bir çey yoxdur, müdafiə olunmaq var.

-Niyə yoxdur? Məsələn, birisi bu gün gəlib bizi vursa, döysə, müdafiə olunmaq üçün Məkkə dövründən nümanə götürməliyik ki, o dövrdə Muhamməd peyğəmbər qarşı çıxmayıb, gücləndikdən sonra müdafiə olunaq?

-İlk nəslin daşıdığı məsuliyyət o qədər ağırdır ki, onlara deyir ki, Quranın xətrinə haqqınızdan fərağet edin. Ən çətini budur. Düşünün Məkkədə Həmzə, Ömər, Saat, Musad bin Umeyir, Osman, Abdurrahman bin Auf kimi mərd gənc döyüşçülərin qarşısında durmaq, müharibədən, savaşmaqdan çəkindirmək Muhamməd peyğəmbər üçün görün nə qədər çətin olub. Siz olsanız, onları dayandıra bilərsinizmi? Yəni “bizə mane olma, ya Rəsulallah, üzək boğazlarını, öldürəni öldürək, asanı asaq, basanı basaq” deyərək bunlar edə bilərdilər. Çünki bunlar islama tam inananlar idi. Edə bilmədilər deyil, Quranın qarşısına maneə çəkməmək üçün etmədilər. Bu çox vacib məsələdir və çətin məsuliyyətdir. Hətta məndən soruşsanız, bu müharibədə iştirak etməkdən daha çətindir.

Suala gələndə, xeyir, Peyğəmbərimiz dolanışığı üçün savaşmadı. Bunu belə demiş olsaq Quranı təhqir etmiş olarıq. Əksinə bu mənada peyğəmbərimizin dolanışığını güddüyü üçün danlanıldığı məqamlar var. Peyğəmbərin qarşısında bir karvan var idi, bir də ordu. Əsil qənimət karvada idi. Bu sahədə Quran dərhal peyğəmbərimizə xəbərdarlıq edir. Karvan hər zaman qənimət olub və hər zaman risksizdir. Lakin ordu risklidir və onda qənimət yoxdur. Amma Şamdan gələn karvanın belində böyük qənimət var idi.

Allahın rəsulu və səhabələri bu qədər mənfi təsirlərlə qarşılaşmasaydılar, sürgünlərə, hicrətə getməyə, evlərindən və yurdlarından qovulmağa məruz qalmasaydılar, təhdidlər, işgəncə və zorla bir küncə sıxışdırımasaydılar və öz cəmiyyətini qurmağa icazə verilsəydi ticarətlə məşğul olar, inkişaf edər və dolaradı. Bu onsuz da Allahın rəsulunun işi idi. Bugünkü mənada biznesmen idi.

Biz bilirik ki, peyğəmbər Mədinəyə gəldiyi zaman 3 şeyi etdi: məscid , bazar və universitet tikdirdi. Yəni din, təhsil və ticarət (iqtisadiyyat). Fikir versəniz iqtisadiyyat təhsildən əvvəl gəlirdi. Amma imkan vermədilər.

Qənimət məsələsinə gələndə Muhamməd peyğəmbərin bu mövzuda əldə edilən qənimətlərə maraq göstərmədiyini örnək hadisələrdən bilirik. Onlardan biri də Huneyn qənimətləri hadisəsidir. Huneyn qənimətlərindən Allahın rəsulu Mədinəyə nə gətirdi? Heç bir şey, hamısını verdi. 23 illik peyğəmbərlik dövründə peyğəmbər müharibələrdən əldə edilən qənimətləri görmədi, hətta bəzi tarixçilər həmin bölgədə yaşayan insanların belə qənimət görmədiklərini deyir. Muhamməd peyğəmbər döyüşlər zamanı ələ keçirilən qənimətlərdən nə özü götürər, nə də yanındakılara verərdi. Belə olduğu halda mızıldanan insanlara deyərdi: “Siz yanınızda Allahın rəsulu ilə qayıdırsınız, bu sizə yetməzmi?”

– Niyə Quranda bəzi peyğəmbərlərin xətasından bəhs edildiyi halda, İsa peyğəmbərdə belə bir nümunəyə rast gəlmirik?

-Birincisi, hər peyğəmbərin xətasından bəhs ediləcək bir şey yoxdur. İkincisi, Həzərəti İsanın həyatı ilə bağlı Quranda bəzi məqamlarda qeyd edilmişdir. Yəni Həzrəti İsanın yaşadığı həyatın içərisindən bəzi məqamlar verilib. Bu isə onun doğulması və ondan sonrakı 3 ildir. Bu qısa müddətdir. Ona görə də Quranda hər peyğəmbərin bir modelliyi var. Bəziləri örnək, bəziləri ibrət olaraq təqdim edilir. Hətta Quranda bir peyğəmbərin 3 şəkildə təqdimatı var: bir davranışı ilə örnək, bir davranışı ilə ibrət, bir davranışı ilə də dərs vermiş olur. Məsələn, Həzrəti İbrahim bizə örnəkdir. Quranda Həzrəti İbrahimin örnək olduğu yer də var, örnək ola bilmədiyinə işarə edən məqam da var, atasına duası kimi….

-Sualı verməkdə məqsədim, adətən bir çox xristianlar İsa peyğəmbəri tanrı kimi qəbul edirlər və bildirirlər ki, onun xəta etmədiyi Quranda belə var. Amma İncili oxuduğum zaman İsanın anasına qışqırdığını deyən hissələrlə qarşılaşmışam.

-İsanın İncildə anasına qışqırması, hətta Qüdsə getdiyi zaman piştaxtaları dağıtması, ortalığı darmadağın etməsi deyilir. Amma bunların heç birini Quranda görə bilmərik. İncildə bunların yazılmasına baxmayaraq xristianlar İsaya Tanrının oğlu tanrı, Quranda isə bu kimi çeylər yazılmadığı halda Məryəmin oğlu İsa deyə müraciət edilir.

-Dinlər həqiqətən də patriarxaldırmı? Niyə qadın peyğəmbər gəlməyib?

-Peyğəmbərlərin kişilərdən olması ilə bağlı Quranda bir ayədə bəhs edilir. Ayədə peyğəmbərlərin kişi olacağına dair göstərilən söz “ricail” kəliməsidir. “Ricail” kişi deməkdir. Amma ayənin əvvəlində qövm mələk peyğəmbər istəmiş, “biz peyğəmbərləri mələklərdən deyil, “ricail”dən göndərdik” deyilir. Yəni insandan deməkdir. Dolayısı ilə burdan kişilərin peyğəmbər olmaları kimi məcburiyyət anlayışı ortalığa çıxa bilməz.

Türkiyə xalqının əslində məzhəbi yoxdur. Amma məzhəbi olan və “ulema” dediyimiz bir qrup insanlar da eşariliyin fərqində olmayan gizli eşaridir. Yəni eşarilikdə də qadın peyğəmbər vardır. Eşarinin özü 6 qadının peyğəmbər olduğunu öz əsərində söyləyib və bunu da Qurandan çızardıb. Bunlar Həzrəti Musanın anası Məryəm, Fironun xanımı Asiye, Həzrəti İsmayılın anası Hacər, İsanın anası Sarə, Məryəm və Məryəmin anası Hanne.

Biz yəhudi və xristianlar kimi qadınlarımızı dindən çölə atmalıyıq? Hər bir kişini qadın dünyaya gətirir. Heç bir kişinin qadın və ya kişi dünyaya gətirdiyini eşitdinizmi? Xeyir! Yəhudilərdə qadın sinaqoqun içərisinə daxil ola bilməz. Xaxam ola bilməz. Belə ki, yəhudilərdə qadını insan kimi saymaq cəhətdən bir problemi var.

Digər tərəfdən xristianlıq…Baxın bir qadın papa ola bilmir. Var, amma o da kişi cildində.

-Müsəlmanlarda da bir qadının imam ola bilməməsi iddia edilir.

-Peyğəmbərimizin dövründə qadın imam olmuş.

-Quranda peyğəmbərlərin xanımları möminlərin anaları kimi təqdim olunur. Bəs qızları? Çünki ateistlər bildirir ki, peyğəmbərlər öldükdən sonra xanımları başqaları ilə evlənməsin deyə onları ana olaraq adlandırıb.

-Ateistlər bu mövzuda haqsızlıq edir. Mən ateistlərə də əxlaqsızlığı yaraşdırmaram. Mən əxlaqlı ateistlər gördüm, ona görə də mən bu mövzu da ateistləri əxlaqlı olmağa dəvət edirəm. Etiraf etsinlər ki, bu insanlıq arasında yaşayan bir sünnətdir. Yəni bir dövlət başçısı öldüyü zaman evlənən qadınlara nadir rastlanır. Krallar ölər, amma xanımları evlənməzlər. Liderlər ölər, amma həyat yoldaşları evlənməzlər. Bu sadəcə kral və liderlərlə əlaqədar deyil, arxasında kütlə olan insan ölər, amma sağ qalan xanımları özlərinə ər axtarmazlar. Birincisi, bunu xalq qəbul etməz, ikincisi, bunu həmin liderin xanımı qəbul etməz, üçüncüsü bunu cəmiyyət qəbul etməz. Dolayısı ilə insanlıq tarixində üstünə adı qoyulmamış bir məqam var.

Əgər Peyğəmbərimizin xanımını biri alsaydı, onunla evlənib ondan bir övladı olsaydı burda yaranacaq qarışıqlığı ağlınızdan keçirin.

-Əgər bir lider öldüyü zaman 30 yaşlı xanımı tək qalırsa, onun günahı nədir? Liderin xanımı olduğu üçün Allahın ona verdiyi sünnətullaha etirazmı etsin?

-Xeyir, etiraz etməsin. O peyğəmbərin həyat yoldaşı olmaqla bu məsuliyyəti daşısın.

-Tutaq ki, evlənib və evlənəndən sonra ona peyğəmbərlik verilmiş, bəs onda necə?

-Olsun, bu fərq etməz. Həmin xanım insanlıq tarixində çox nadir görülən hadisənin bir hissəsinə çevrilib.

-O zaman burdan belə bir məna çıxır ki, Allah Qurani-Kərim vasitəsi ilə peyğəmbər xanımlarının başqası ilə evlənməməsini qəti olaraq bildirib. Daha əvvəllər yazılı olmayan bir mövzunu, yazılı mətn halına gətirib.

-Bəli! Yəni bu insanlıq tarixi ərzində rəhbərlərə, liderlərə tətbiq olunan bir sünnətdir ki, Quran bunu yazılı hala gətirib.

-Verilişimiz bitmək üzrədir. Mövzu ilə bağlı sizin son fikirlərinizi almaq istərdik.

-Bir fırtına oldu. 1 saat yarım keçdi, amma vaxtın necə gəlib keçdiyini hiss etmədim. Əslində verdiyiniz bu suallar mənim hər zaman “qarşıma biri çıxsın və mənə bu sualları versin” dediyim suallardır. Çünki sual cavabı cəlb edər. Sual cavabın duasıdır. Sualın duası olmadan cavaba dəvət gerçəkləşmir. Ona görə də mən sizə təşəkkür edirəm və sizə Macarıstanda söz vermişdim, indi həmin sözümü təkrarlayıram, Allah və siz də şahidsiniz ki, mən sizə “bu sualları ver, bunu vermə deyə” bir söz dedimmi? Mənə hansı sualları verəcəksən deyə sual verdimmi?

-Xeyr, Allah şahiddir ki, bu haqda heç bir söhbətimiz olmadı.

-Əlhəmdülillah!

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...