Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Əyyubun səbri

Qazandığına şükür etməyi, əlindəki sərvətin sadəcə özünə məxsus olmadığını bilən nadir insanlardan idi.

Cəlil CAVANŞİR

Qatarın sonuncu dəfə fit verib nəriltiylə yerindən tərpəndiyi beş saat olmuşdu. Vaqondakı səfər yoldaşlarımın bəziləri xorhaxor yatsa da, bəziləri hələ oyaq olduğunu bəlli etmək üçün narazı şəkildə fısıldayıb, yerində sağa-sola çevrilirdi. Bütün yol boyu gözümü qırpmamışdım. Bütün gecəni Əyyub kişini düşünmüşdüm. Dilindən dua tükənməyən, mətanətli baxışlarından şükranlıq oxunan, imanına şübhəni yaxın qoymayan Əyyub kişinin baxışları gözlərimin qabağından getmirdi. Səhər, qəfil yol qəzasında dünyadan köçən dostum Süleymanın dəfninə getmək üçün qatardan düşüb taksiyə əyləşdim. Mən Süleymangilin evinə çatanda bütün tanışlar, yaxın və uzaq qohumlar toplanmışdı. Çox ağır faciəydi. Süleymangilin ailəsinin başına gələn hadisələri izah etmək üçün faciə sözü çox acizdir. Bir ilin içində Əyyüb kişinin qapısından 12 cənazə qalxmışdı! Təsəvvür edirsiniz, 12! Mərhum Süleymanın iki qardaşı Rusiyada ailəsi ilə birlikdə qətlə yetirilmiş, bu xəbəri eşidən bacısı və anası təyyarə hava limanına enməmiş infarkt keçirmişdi. Süleyman isə qardaşlarının, anasının və bacısının qəbirlərini ziyarət edib geri qayıdanda yolda sükan arxasında yuxuya getmiş, idarə elədiyi avtomobil yük maşının altına girmişdi. İnanmayacaqsınız, amma yük maşının sürücüsü də bacısının böyük oğlu Yusif imiş. İki cənazə gəlmişdi Əyyub kişinin qapısına…

Əyyub kişinin ehtişamlı evinin darvazasına on dörd qara lent bağlanmışdı. Bağ-bağatlı, meyvə ağaclarının bir-birinə boy vermədiyi geniş həyətə hüzn və kədər hakim idi. Əyyub kişinin illər əvvəl tikdirdiyi, bütün ailənin xoş və firavan günlər keçirdiyi olduqca dəbdəbəli, üç mərtəbəli möhtəşəm evin darvazasının önündə bir anlıq ayaq saxladım. Daimi yaşayış olan, xoşbəxt insanların məskunlaşdığı, qonaq-qaralı evlərdən biriydi. Heç vaxt dəyişməyən, heç vaxt qonaq-qarasız qalmayan bu evin indiki görkəmi insanı xoflandırırdı. Bütün otaqları mebellə bəzədilib, bütün mebellər illərdir yerindən tərpənmədən evin özünəməxsus ruhunu qoruyurdu. Bu evin rəngi solmuş, xarab olmuş əşyaları əsla evdən çıxarılmaz, əsla atılmazdı. İllər boyu bu evin otaqlarında yalnız yeni doğulan uşaqlar üçün alınan uşaq çarpayıları üçün yer hazırlanardı. Həmişə səs-küylü, həmişə qonaq-qaralı bu ev indi sükuta bələnmişdi. Həyətdə qonşular ehsan qazanlarının altını qalayır, somavarlara od salır, yas çadırının stol-stulunu daşıyırdılar. Əyyub kişi bir tərəfdə səssiz-sədasız dayanıb aramla, səbrlə təsbeh çəkirdi. Sinəsinə qədər uzanmış ağappaq saqqalından üzünə qəribə işıq yayılırdı. Üzündə illər əvvəl Süleymanın toyunda gördüyüm o sakit və şükranlıq dolu ifadə vardı. Yaxınlaşıb görüşdüm. Kədərli gözlərinə baxıb özümü saxlaya bilmədim. Boynuna sarıldım və göz yaşlarımı saxlaya bilmədim:

-Başın sağ olsun Əyyub əmi! Süleyman hamımızın belini qırdı…

-Başımız sağ olsun oğul! Şükür allahın kəramətinə! Kəramətindən və lütfündən sual olunmaz rəbbim bilir nə etdiyni…Verən də odur, alan da…

***

Günorta dəfndən qayıdanda Əyyub kişinin üzünə baxdım. Eyni səbr və təmkinlə təsbeh çəkirdi. Köhnə tanışlarla, dostlarla yas çadırına keçdik. Camaat aralarında ailənin başına gələn faciələrdən pıçıltıyla danışır, Əyyub kişinin əzminə heyrətlərini ifadə edirdilər. Ailənin başına gələn faciələr bir insanın ağlını başdan çıxaracaq qədər çox idi. Bir ilin içində on dörd cənazə qalxan həyətdə Əyyub kişi təkbaşına qalmışdı. Evin böyük oğlu İshaq Moskvada böyük biznes şəbəkəsinə rəhbərlik edir, ailəsi ilə Moskva ətrafında dəbdəbəli bir villada, rusların içində də namazında, orucunda qüsur etməyən həqiqi bir mömin ömrü yaşayırmış. Atası Əyyubdan aldığı tərbiyəni bir gün də unutmazmış. Övladları da onun kimi…

Ölkədəki biznesini idarə edən qardaşı İlyas ailəsini də götürüb Moskvaya gəzməyə, qardaşının yanına gedəndə baş verəcəklərdən xəbərsizmiş. İshaqın inanclı bir insan olduğunu bilən Suriyada döyüşən terrorçuların Rusiyadakı dəstəkçiləri ondan İŞİD üçün külli-miqdarda ianə tələb etmiş, İshaq pul verməkdən imtina etməklə bütün ailəsini təhdid altında qoymuşdu. İlyas bütün bunlardan xəbərsiz yollanmışdı Moskvaya. Qana susamış İŞİD tərəfdarları bir gecə qəfildən evə basqın edib hər iki qardaşı və ailəsini öldürmüş, evdəki bütün sərvəti talamışdılar. O dəbdəbəli həyatdan bir ovuc kül qalmışdı…

Sonra İlyasın nəzarət etdiyi mebel zavadunda yanğın olmuş, bütün qazancı, bütün sərvəti bir gecədə heçə çevrilmişdi. Əyyub kişi və Süleyman mərhumlardan qalan borcları güclə vermişdilər. İndi də Süleymanın və bacısının son yadigarı Yusifin faciəsi… O böyük ailədən sadəcə Əyyub kişi sağ qalmışdı bu dəbdəbəli, gözoxşayan evdə. Çadır boyu ailə üzvlərinin çərçivələnmiş, qara lentlə bağlanmış şəkilləri asılmışdı…

***

Əyyub kişi sovetlərin at oynatdığı vaxtlarda yüksək vəzifələrdə işləmiş, imperiyanın hər üzünü görmüş insandı. Zəhmət, alın təri, əzmkarlıq sayəsində müstəqillik illərində böyük sərvət qazanmış, amma sərvətin çoxluğundan qudurub cızığından çıxmamışdı. Qazandığına şükür etməyi, əlindəki sərvətin sadəcə özünə məxsus olmadığını bilən nadir insanlardan idi. Ailəsi də onun kimi imanlı, əqidəli və dürst insanlardan ibarətdi. Qazancından neçə-neçə kasıb tələbəyə təhsil haqqı ödəyər, evsizlərin, yoxsulların qayğısına qalar, kasıblarla dostluq edər, məktəb təmirinə, xəstəxana tikintisinə pul xərcləməkdən çəkinməzdi. Dilindən dua, şükranlıq əksik olmaz, malın-mülkün əsil sahibini bir an da olsun unutmazdı. Hərdən məclislərdə Əyyub kişiyə söz atanlar da tapılardı: “Ağsaqqal, bu qədər cah-cəlalın olmasa yenə də şükür etməyi, yenə də dua etməyi bacararsanmı? Sənin duaların, möminliyin var-dövlətə, oğul-uşağına görədir Əyyub kişi!”. Əyyub kişi ciddiyyətini pozmazdı:

– Onun kəramətindən şübhə edilməz! Verən də, alan da odur! O istəsə bir günün içində hər şeyi almağı da, geri qaytarmağı da bacarar!

Adı dillərdə dolaşan bu ailənin faciəsi və Əyyub kişinin əsla asi olmaması hamı kimi məni də təəccübləndirirdi…

***

Süleymanın ölümündən üç il keçmişdi. Əyyub kişini tamamən unutmuş, gündəlik həyatın qayğıları arasında dostumun tənha atasından xəbərsiz, məişət qayğılarının və rəhbərlik etdiyim xəstəxananın problemləri arasında itib batmışdım. Hər gün palatalara bir-bir baş çəkir, xəstələrlə maraqlanır, əməliyyatdan çıxan, əməliyyata girən həkimlərlə, xəstələrə nəzarət edən tibb bacıları ilə söhbətləşirdim. Qazancım normal, yaşayışım ürəyimcəydi. Hərdən ağır əməliyyatlara özüm girir, gecəni xəstəxanada keçirirdim. Bir gün qəbul şöbəsinə ölümcül, bədəni yaralarla örtülmüş bir xəstə gətirdilər. Xəstəni xüsusi palataya köçürəndən sonra diaqnoz qoymaq üçün analizlər alındı. Həkimlər ümidsiz halda konsiliuma toplaşmış, ümidsiz xəstənin müalicəsi ilə bağlı mənim qərarımı gözləyirdilər. Xəstənin bütün analizləri qarşımda, həkimlərin xəstə ilə bağlı ümidsiz fikirlərini dinləyirdim. Qəfildən xəstənin adı-soyadı gözümə sataşdı:

-Təcili xəstəni görmək istəyirəm, təcili! Mənə xəstənin yatdığı palatanı göstərin!

***

Əyyub kişinin vəziyyəti olduqca ağır, çarəsiz görünürdü. Bütün bədəni yaralar içində, ciyərləri soyuqlamış, işıqlı siması sap-sarı saralmış, heysizlikdən, xəstəliyin ağırlığından dili söz tutmasa da, dodaqlarının arasından süzülən duaları eşidirdim:

– Şükür kərəminə ya rəbb! Verən də sənsən, alan da!

Təcili müalicə başlamaq üçün göstəriş verdim. Əyyub kişi günlərlə bir nöqtəyə baxır, sadəcə dodaqları tərpənirdi. Dodaqlarının arasından çıxan xəfif xışıltıdan şükür etdiyini anlayırdım. O hətta bu ümidsiz halında da dualarından qalmırdı. Bütün xəstəxana onun qulluğundaydı. Sadəcə dostum Süleymana görə yox, Əyyub kişinin səbri və əzmi qarşısında da özümü borclu hiss edirdim. Bədəninə yayılmış irinli yaralar gündən-günə daha da böyüyür, bədənin hər yerini işğal edirdi. Palatanı nə qədər sərin saxlasaq da, bütün tibbi-sanitar-gigyenik qaydalara əməl etsək də Əyyub kişinin yaralarına qurd düşürdü, üfunət iyindən palataya heç bir tibb bacısı girmək istəmirdi. Hər dəfə onu görəndə göz yaşlarımı saxlaya bilmir, bu çarəsiz xəstəlik qarşısında acizliyimi etiraf edirdim. İrandan, Türkiyədən gələn həkimlər də xəstəliyin çarəsiz və ümidsiz olduğunu təkrar edir və çıxıb gedirdilər.

Nəhayət xəstəlik Əyyub kişini tamam əldən saldı. Sonuncu dəfə yanına girəndə güclə eşidilən xırıltılı səslə mənə yalvardı:

– Həkim, məni evimizə göndər. Öz evimdə ölmək istəyirəm…

***

70 yaşlı Əyyub kişi həyətdə 3 yaşlı oğlunun əlindən tutub asta addımlarla gəzişir, bağçadakı gülləri, meyvə ağaclarını yoxlayırdı. Həyət on il əvvəl gördüyüm kimi öz şahanə görkəmindəydi.

…Bu gün səhər qatardan düşəndə güclü bir əl yapışmışdı biləyimdən:

– Ver çantanı oğul, yol yorğunusan.

Qulaqlarıma inanmamışdım. Bu 7 il əvvəl çarəsiz xəstəlikdən əziyyət çəkən, ümidsiz halda evinə göndərdiyim Əyyub əminin səsiydi. Üzündə əvvəlki işıq, dimdik qarşımda dayanmışdı. “Lexsus”un yük yerini açıb çantamı yerləşdirdim. Əyyub kişi cavan oğlan qıvraqlığı ilə sükan arxasına keçib avtomobili işə saldı. Onun bu qədər qıvraq və sağlam olması əsil möcüzəydi. Mən onun sonuncu arzusunu yerinə yetirib evinə göndərəndən üç gün sonra Almaniyadan aldığım iş təklifini qəbul edib, getmişdim ölkədən. Rəhbərlik etdiyim xəstəxana, evim, kiçik labaratoriyam bir sözlə hər şeyimi qoyub, çıxıb getmişdim. İki gün öncə bir əməliyyat üçün dəvət etmişdilər. Yüksək məbləğdə pul təklif etdikləri üçün, düşünmədən adıma alınan gediş-dönüş biletini qəbul edib, hesabıma köçürülən məbləğdən bir qədər xərclik götürüb gecəylə Bakıya uçmuşdum. Bakıda əməliyyatın əyalətdə keçiriləcəyini eşidib qanım qaralsa da, dostum Süleymanın doğulduğu və dəfn olunduğu yerləri yenidən görmək, Əyyub kişinin məzarını ziyarət etməyi düşünmüşdüm. İnanılmaz olsa da, məzarını ziyarət etmək istədiyim adam qarşılamışdı məni. Arayıb-soraqlamış, oğlunun sünnəti üçün ağlasığmaz məbləğdə pul ödəyib məni Almaniyadan buralara qədər gətirməyi bacarmışdı…

Yol boyu necə sağalmasından, xəstəliyə necə qalib gəlməsindən, təkliyin daşını atıb yenidən evlənməsindən, ona bu yaşında yenidən atalıq sevincini yaşadan Məhəmməddən danışır, pəncərədən içəri soxulan təmiz, bahar küləyinin dalğalandırdığı saçları və ağ saqqalı ona sirli, müdrik görkəm verirdi. Dilindən eyni duanı eşidəndə illərdir beynimdə səslənən o duaya mən də qoşuldum: “Şükür kərəminə ya rəbb! Verən də sənsən, alan da!”

***

Məhəmmədin sünnətindən sonra bütün tanışlar, qohumlar bər-bəzəkli çadırda yemək süfrəsi arxasında toplanmışdı. Əyyub kişi asta və şirin səslə “Qurani-Kərim”dən “Ənbiya” surəsini oxuyurdu. Hamı səssizcə bu nur üzlü, səbr, əzm və iman sahibini dinləyirdi. 83-cü ayəyə çatanda Əyyub kişinin çöhrəsi daha da işıqlandı. Hamı maraqla ona diqqət kəsildi. Əyyub kişi başını qaldırmadan:

– Bu ayə, illərdir mənim səbrimin, şükranlığımın açarıdır. Diqqət edin, lütf və kərəm sahibi, rəhimlilərin ən mərhəmətlisi nə buyurur:

“Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən.”

Hamı təəccüb içində Əyyub kişinin üzündəki işıq haləsinə tamaşa edirdi, o isə səbri ilə İblisi utandırmış Əyyub peyğəmbərin hekayəsini danışırdı…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir