Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır

“Siğənin öz tarixi əsasları, yaranma və inkişaf səbəbləri, müsbət və mənfi cəhətləri var”.

Müxtəlif fikir ayrılığına səbəb olan məsələlərdən biri də siğənin İslam dinində olub-olmaması məsələsidir. Son günlər Demokratik İslam Partiyasının sədri Tahir Abbaslının bununla bağlı fikirləri ciddi səs-küyə səbəb olub. “Müasir dünyamızda siğə fahişəliyin, əxlaqsızlığın qarşısını almaq üçün gərəkdir. Siğə əleyhdarları çox zaman siğə haqda Qurani-Kərimdə ayə olmadığını əsas gətirir. Halbuki, Quranda müvəqqəti kəbin haqda ayə var, amma hər şey Quranda yazılsaydı, onda Quran adi kitab olardı, heç kəs oxumazdı” – deyə T.Abbaslı bildirib. Buna cavab olaraq ilahiyyatçı Elşad Miri isə İslam dinində siğə anlayışının olmadığını deyib: “Siğə dini don geyindirilən əxlaqsızlıqdır”.

Əslində reallıq hansıdır? İslam dinində siğə anlayışı varmı?

Din.az bildirir ki, mövzu ilə bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı “Yeni Sabah”a açıqlamasında bu suala qısa və net cavab verməyin mümkün olmadığını deyib:

“Mən yalnız onu deyə bilərəm ki, siğənin öz tarixi əsasları, yaranma və inkişaf səbəbləri, müsbət və mənfi cəhətləri var. Onların araşdırılması konkret nəticə verməyə bilər, çünki problemin daxilində məzhəb fərqliliyi və dünyəvi prinsiplərin ziddiyyəti var. Mənim fikrimcə, siğə barəsində şəriət alimlərinin fikirlərini öyrənmək və qarşılaşdırmaq lazımdır”.

Quranı tərcümə edən alim, sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva məsələ ilə bağlı bildirib ki, siğə zinanın paltar geyindirilmiş, bəzəndirilmiş formasıdır: “Birbaşa günahdır. Nəticədə qadın və övlad hüququ pozulur. Çünkü yetim qalan və cəmiyyətdə xor görülən, qınağa məruz qalaraq psixologiyası pozulan uşaq meydana gələ bilir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev isə saytımıza danışarkən qeyd edib ki, İslamda ümumiyyətlə siğə yoxdur:

“Dinimizdə kəbin var, amma siğə əsasən İslamın şiə məzhəbi olan adamlar arasında daha çox yayılıb. Sünni məzhəblərdə siğə yayılmayıb, hətta bəzi yerlərdə bunun nə olduğunu bilmirlər. Siğəliyin heç bir qanuni əsası olmur. Biz demokratik dövlətdə yaşayırıq, qanunlarla idarə edilirik. Siğə edilən qadının hüquqları isə təmin edilmir. Bu baxımdan siğəliyi bütün ərəb, müsəlman ölkələrində qadağan ediblər. Amma hazırda İranda, Azərbaycanın cənub zonasında siğə qalıb. Bu da azyaşlı qızların ərə getməsini təmin etmək üçündür. Çünki nigahda ancaq 18 yaşına çatmış qızların kəbinlərini kəsirlər”.

R.Əliyev bildirib ki, cənub zonasında 50 faizdən çox qızlar siğə ilə ərə gedirlər, xüsusilə də iranlılara:

“Yəni belə hallar var. Amma siğənin dünyəvi dövlətimizdə heç bir əhəmiyyəti yoxdur. Hüquqi qüvvəsi olmayan bir vərəqlə əksəriyyət ikinci, üçüncü arvad almaq bəhanəsi irəli sürə bilir. Hətta qadınları siğə yolu ilə alıb ortalıqda qoyanlar, uşaqları ilə təkbaşına buraxanlar var. Həmin qadınların taleyi ciddi surətdə, pis istiqamətdə dəyişir. Bəzən siğəlikdən ikinci şəxsin – məşuqun olmasını pərdələmək üçün istifadə edirlər. Məsələn, məndən də soruşurlar ki, mənim məşuqum var, onu siğə etdirsəm, Allah qarşısında günahımı yuya bilərəmmi? Əlbəttə, bu düzgün deyil. Siğəlik fahişəliyə necə təsir edə bilər? Qadınları siğə edib alırlar, atandan sonra qadın qalır uşaqlarla və ya ərə gedə bilmir. Bəlkə də fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...