Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fırıldaqçı “xeyriyyəçilər” və diləndirilən uşaqlar

“Roman tayfalarından olan uşaqlar metrolarda dilənirlər”.

Xeyriyyəçilər və xeyriyyəçilik təşkilatlarının sayının artması dünyanın daha gözəl bir yer olmasına gətirib-çıxara bilərdi, pis niyyətli insanlar olmasaydı.

Ötən gün Bərdədə baş verən hadisə bunu bir daha sübut etdi. İnsanlara xəstə uşaqları üçün pul yığdıqlarını deyib, müəyyən bir məbləğ toplayıb, onları aldadan insanlar cəmiyyətdə olan doğrulara da inamı itirir.

Xeyriyyəçiliklə məşğul olan insanların bəziləri artıq aldanmadıqlarını, araşdırıb sonra kömək göstərdiklərini desələr də, bunun əksi olan hallar da xeylidir. Məsələn, “İnayə” Xeyriyyə İctimai Birliyinin nümayəndələri bu halla tez-tez rastlaşdıqlarını deyib:

“Müraciət edənlərdən sənədlər və epikrizlər tələb edirik. Amma çox təəssüf ki, yalan danışanlarla da tez-tez rastlaşırıq”.

Bəs, görəsən, bunlara kim nəzarət edir?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bunun onların səlahiyyətində olmadığını bildirdi:

“Xəstə haqqında məlumat almaq həkim etikasına ziddir. Səhiyyə Nazirliyi detektor deyil, sadəcə, xəstələrin sağlamlığı ilə məşğul olan qurumdur”.

Hüquqşünas Xəyal Bəşirov isə bu halların sübuta yetirilməsinin mütləq olduğunu qeyd etdi:

“Belə məsələlərdə, adətən, könüllü şəkildə yardım göstərilir. Dələduzluq əlaməti sübuta yetirilərsə, həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Amma onları da şirnikləndirən televiziyalar və ya digər vasitələrdir. İnsanların inamından istifadə edib, onlara qarşı dələduzluq edənlərə şərait yaradanlar var.

Yəni, həmin şəxs özü onu belə ictimailəşdirə bilməz. Sübuta yetirilsə, onda onlara o şəraiti yaradanlar daha çox məsuliyyət daşıyırlar, çünki onların öz maraqları var. Belə olanda, ortada cinayət olmasa da, insanlar məhkəməyə müraciət edib pullarını ala bilərlər”.

Gənc Tağıyevçilər Cəmiyyətinin sədri Fərid İsmayılov bu hallarla tez-tez rastlaşdığından və necə mübarizə apardığından danışdı:

“Cəmiyyətimiz, ümumiyyətlə, ürəyiyanan, dəstək olandır. Küçədə salfet satan nənə görəndə hamı gedib yardım edir. Bizə müraciətlər gələndə, məsələn, eşidəndə ki, kiminsə vəziyyəti acınacaqlıdır, köməyə ehtiyacı var, gənclərimiz pul toplayır, ərzaq daşıyırlar. Bu, əslində, dilənçilikdir. Biz ailələrə aylıq ərzaqlar aparıb verdikdə, onlara dəstək olduqda onlar öyrəşirlər. Düşünmürlər ki, bu nə vaxta qədər davam etməlidir?

Bakıda kirayədə yaşayıb, insanların hesabına dolananlar var ki, sonradan öyrənirik ki, rayonda malikanələri var. Kiməsə yardım edərkən öncə ondan şəxsiyyət vəsiqəsini tələb etmək, qeydiyyatda olduğu rayonun ən azından bələdiyyə orqanını tapıb onun haqqında məlumat öyrənmək lazımdır.

Belə insanlar daha çox rayondan gələnlər və ya qaçqınlar olur. “Qaçqınlarla iş üzrə dövlət Komitəsi”nə zəng edib maraqlanmaq lazımdır. Bəlkə, bu insan cinayətkardır?!

Bu yaxınlarda sosial şəbəkədə Xocalıdan məcburi köçkün düşən bir ailə ilə bağlı məlumat – video yayıldı, gənclərimiz araşdırdı. Hətta media qurumlarımız gedib çəkdilər, əhalinin bir qismi dövləti, bir qismi insanları qınadı. Dörd uşaqlı ailədir, qadın Xocalıda əsirlikdə olduğunu, orada yara aldığını iddia edirdi və doğrudan da, başında zədə var idi, əli də yaralı idi.

Çadırda yaşayırdılar. Deyirdi ki, yataqxanadan çıxarıb, evsiz qoyublar. Bəhanələrlə danışırdı. Araşdıranda məlum oldu ki, bu adda insan heç Xocalıda olmayıb. Yarasını da ailə-məişət zəminində, yoldaşı tərəfindən alıb. Yoldaşı xəstə deyil, alkoqol aludəçisidir. Ailənin Qobustanda şəxsi mülkü var. Həmin ailə ilə görüşdüm, vəsiqəsini tələb etdim, bəhanə gətirdi.

O ailəyə onlarla, yüzlərlə yardım edənlər olub. Sonradan məlum oldu ki, gətirilən ərzaqları ata marketdə spirtli içki ilə dəyişib. Həmin pulu toplayanlar tələbələr idi. Biz artıq mübarizəni gücləndirmişik, ailələrin heç birinə ərzaq yardımı etmirik. Onları işlə təmin edirik və ərzaq yardımını dayandırırıq, xəbər edirik ki, o ailə işləyir”.

O da məlumdur ki, bunu sadə insanlar etmir, özünü xeyriyyəçi kimi təqdim edənlərdə də fırıldaqçılıq hallarına rast gəlinir. Müsahibimiz bununla bağlı xeyriyyəçilərin iki qrupa bölündüyünü dedi: həqiqətən, dəstək olanlar və xeyriyyə təşkilatını özü üçün iş yerinə çevirənlər.

Bəs, fırıldaqlar bununla bitirmi?

Sosial işçi dilənən uşaqlarla bağlı da tədbir görməyin vacib olduğını qeyd etdi:

“Roman tayfalarından olan uşaqlar metrolarda dilənirlər. Onların özlərinə birbaşa cəza düşməsə də, valideynlərinə inzibati yolla cərimə düşür. Bu fırıldaqçıların kökünü kəsmək üçün hansısa dövlət proqramına ehtiyac var. Dilənən uşaq gördükdə 102-yə və ya yaxınlıqdaki polisə xəbər verin, çünki bu, istismardır”.

Gənc xeyriyyəçi fırıldaqların qarşısının necə alınmalı olduğundan da danışdı:

“Xeyriyyəçilər hamısı bir olsa, belə hadisələrin qarşısı alınar. Məsələn, birimiz gedib hansısa ailənin fırıldaqçı olduğunu aşkar edirik, amma digərimizin bundan xəbəri olmur və yardımı davam etdirir. Xeyriyyəçilər birləşməyə can atmırlar, bir-biri ilə əlaqə qurmurlar. Xeyriyyə ilə məşğul olan şəxs sosial aktiv olmalıdır.

Fırıldaqçılarla bağlı Cinayət Məcəlləmizdə insanların etibarından sui-istifadə etmə ilə bağlı maddə var. Kimsə müəyyən məbləğdə pul yükləyibsə, qəbzləri saxlasınlar, o qəbzlər vasitəsilə məhkəmələrə müraciət etsinlər”. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...