Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Gəncədə radikal şəxslərdən silah-sursat tapılıb, iki nəfər həbs olunub

Radikal dini baxışları bölüşən şəxslər ələ keçirilir.

Gəncədə radikal şəxslərdən silah-sursat tapılıb.

Din.az-ın xəbərinə əsasən, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatında deyilir ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Davam etdirilən prosessual araşdırmalar və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, iyulun 3-də törədilmiş cinayətin icraçısı, hazırda həbsdə olan Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizovla birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəlib. Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçmiş və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd “Makarov” markalı tapança almışlar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk etmişlər.

Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və “Marqulin” markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilmiş xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilmiş Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev “Makarov” tapançasını pul müqabilində Pərviz Bayramova və “Kalaşnikov” avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib, “Marqulin” markalı tapança isə Anar Bağırovda qalıb.

Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb. Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından “Kalaşnikov” avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən “Marqulin” markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, “Teksun” yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb.

Aydın Qurbanov və Pərviz Bayramov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv surətdə davam etdirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...