Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Heç bir din İslam qədər qadına ali münasibət bəsləməyib”

Dini idarələrdə sədr müavini olan ilk qadınla müsahibə…

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı “musavat.com”un “Dini radikalizmin gender bərabərliyinə etdiyi mənfi təsirlərin azaldılması” mövzusunda suallarını cavablandırıb.

“Din.az” xəbər verir ki, Qəmərxanım Cavadlı filologiya üzrə fəlsəfə doktorudur. 2010-cu ildə ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qərarı ilə QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsinə təyin olunub. MDB məkanında, eləcə də bir sıra müsəlman ölkələrində mövcud olan dini idarələrin tarixində bu statusu qazanan ilk qadındır. 2002-2013 illər ərzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi olub.

– Dini radikalizmin gender bərabərliyinə təsiri varmı?  Radikalizmlə mübarizədə hansı vasitələrdən istifadə etmək olar?

– Tarixdən bizə məlumdur ki, dini dözümsüzlük, qadınlara qarşı inkvizisiya, Varfolomey gecələrini təşkil edənlər və bununla da radikalizmin özəyini yaradanlar heç də müsəlmanlar olmayıb. Radikalizm hər bir dönəmdə, özünü bu və ya digər şəkildə büruzə verən ictimai deqradasiya problemidir. Önəmli olan onun profilaktikasını aparmaq, residiv hallarına yol verməməkdir.

Bəzi görüşlərdə radikalizmlə mübarizədə yalnız güc strukturlarının və cəza mexanizminin fəaliyyəti önə sürülür. Bəzi analitiklər sosial qruplar arasında təbliğat aparılmasını təsirli hesab edirlər. Reallıqda biz təklif olunan versiyaların çox da  işə yaramadığının şahidi oluruq. Çünki dini mötədilliyin özəyi və ən vacib amili dini təhsil və maarifləndirmədir. Əgər biz bu gün məktəblərimizdə uşaqlarımıza cilalanmış dini biliklər verməsək, sabah o, bizdən ala bilmədiklərini küçələrdən, qapalı toplumlardan, sektalardan alacaq. Biz bir çox gənclərimizin yanlış dini təsəvvürlər nəticəsində uçuruma yuvarlandığının şahidi olmuşuq və təəssüf ki, bu prosesin davamını Suriyada İŞİD-ə qoşulan həmyerlilərimizin xəbərləri ilə eşidirik. Bu gün gələcəyimizi radikalizm bəlasından sığortalamağın profilaktik metodu məhz orta təhsil müəssisələrində ibtidai siniflərdən başlayaraq dini bilikləri, ölkəmizin tolerantlıq mühitini, dinlərarası və məzhəblərarası münasibətləri ehtiva edən bir fənnin tədris edilməsidir.

– İslamda insan və qadın azadlığı konkret nədədir? İslam insan azadlığına hansı təsiri göstərir, artırır, ya əksinə?

– Bu, çox böyük mövzudur, bu mövzu İslamın yaranışından bu günə kimi böyük İslam alimlərinin, mütəfəkkirlərinin, fəlsəfə, fiqh və kəlam alimlərinin tədqiq etdiyi elmi sahə olub.

Qadın hüquqlarına gəldikdə isə qeyd etməliyəm ki, dünya dinləri arasında heç bir din İslam qədər qadına ali münasibət bəsləməmiş, ailə və cəmiyyətdə hüquqlarını bərqərar edərək qorumamışdır. Qız uşaqlarını diri-diri basdırılmaqdan xilas edən, anaların ayaqları altına cənnəti sərən, qadınları elmə sövq edən, onları iqtisadi asılılıqdan qurtararaq hüquqlar verən din məhz İslamdır.

2960125552ab

– Qafqaz Müsəlmanları İdarəsində gender siyasəti mövcuddurmu?

– Qafqaz Müsəlmanları İdarəsi nadir dini qurumlardandır ki, özünün həm təşkilati strukturunda, həm də beynəlxalq imicində gender bərabərliyini nümayiş etdirməkdən çəkinməmişdir. Çoxları üçün təəccüblü gəlsə də, dünyada mövcud olan dini təşkilatların heç birində sədrin qadın müavini statusu olmamışdır. 2010-cu ildə ilk dəfə Şeyxülislam Allahşükür Paşazadə həzrətləri bu vəzifəyə məni təyin edəndə, hamı bu etimadın ağırlığını və məsuliyyətini hiss edirdi. Biz bir qədər daxili və xarici qınaqdan da ehtiyat edirdik. Lakin zaman göstərdi ki, qadınların dini vəzifələrə gəlməsi nəinki mümkünmüş, hətta ictimai və siyasi baxımdan da vacibmiş.

Mən keçən il Parisdə keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgəyaşamaq mədəniyyəti” konfransında iştirak edərkən bu faktın necə böyük maraqla qarşılandığının şahidi oldum. Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi müsəlman dini qurumları tarixində bunun bir ilk olduğunu vurğuladı. Mən hesab edirəm ki, Azərbaycanın demokratik islahatlar sahəsində Şərqdə pioner olması faktı bizim qərarımıza da müsbət təsir göstərib.

Əlbəttə, QMİ-nin gender siyasəti təkcə bununla tamamlanmır. Bizim üçün çox əhəmiyyət kəsb edən məqamlardan biri də odur ki, QMİ tərkibində olan bir neçə dini icmaya- Bakı, Gəncə, Tovuz, Ağcabədi icmalarına qadınlar rəhbərlik edirlər. Bakıda respublikanın müxtəlif bölgələrindən gələn qızlara, hətta əlil və gözdən şikəst qızlara dini təhsil verən “Şəbnəm” mədrəsəmiz vardır. Bizim üçün çox önəmlidir ki, qadınların dini maariflənməsi sayəsində cəmiyyətimizə, ölkəmizə xeyirli vətəndaşlar, ailə xanımları yetişsin. Çünki ailə və cəmiyyət quruculuğunda, radikalizm və təkfirçiliklə mübarizədə təkcə kişilərin deyil, qadınların da rolu təkzibolunmazdır.

e20507f420cd

– Dörd arvad almaq genderə zidd deyilmi? Azərbaycan qadını radikal Şərq qadınına çevrilə bilərmi?

– Mən diqqət etmişəm ki, İslamdakı bu müddəa hər zaman müxaliflər tərəfindən əleyhimizə istifadə olunur. Çoxarvadlılığın genealogiyası, yaranma tarixi, şəriət baxımından səbəbləri və şərtləri unudularaq, bunun müasir dövrdə mümkünlüyünü təsdiq etməyə təhrik edirlər. Adəm peyğəmbərdən bu günə qədər nəhəng tarixi dönəmdə və bütün gəlib-keçmiş dinlərə məxsus insan toplumlarında poliqamiya adi hal olub. Bugünkü reallıqda, Azərbaycan dünyəvi dövlətində, hüquq qanunları çərçivəsində yaşayan kişilərin dörd arvad almaq istəyi təkcə genderə deyil, o insanın iqtisadi durumuna və ictimai nüfuzuna da ağır zərbə olar.

Eyni zamanda, Azərbaycan qadınının keçdiyi tarixi yolun da geriyə reqress edəcəyinə əmin deyiləm. Əslində radikalizmi yaradan  səbəb daha çox iqtisadi və sosial motivli olur, din bu hallarda yalnız şüardır. İstisna hallarda maddi-mənəvi sıxıntılar insanın təbiətini dəyişə bilər, lakin bunun kütləvi xarakter alacağı və qadınlarımızın radikallaşacağı barədə proqnozlar verilməsi doğru deyil.

6f5b355f49df

– Ölkədə dini kəbinlə qurulan ailələrin sayı artır. Bu ailələr dövlət tərəfindən tanınmır. Çıxış yolu nədədir?

– Bu məsələ ilə bağlı 2002-ci ildə Qafqaz Müsəlmanları Qazılar Şurasının xüsusi fətvası olub və qeyd edilib ki: “Bir sıra fiqh və şəriət kitablarında bu və ya digər ölkənin iqlim şəraitinə və dövlət qanunlarına uyğun olaraq evlənmək üçün aşağı və orta yaş həddi qəbul edilmişdir, həmçinin çoxarvadlılıq, müvəqqəti nikah və irslə bağlı bəzi hökmlər verilmişdir ki, bunlar Azərbaycanda qüvvədə olan qanunlarla uzlaşmadığı üçün qəbul olunmur və hökmü dayandırılır”. Bizdə dini nikah mərasimi yalnız VVAQ idarəsində rəsmi qeydiyyat aparıldıqdan sonra icra edilməlidir və evlilik üçün həddi-buluğ yaşı 18 (qızlar üçün müstəsna hallarda 17) sayılır.

Rəsmi mövqe budur, lakin təbii ki, biz dini kəbinlə əlaqədar bir sıra mənfi rəylərlə də tanışıq. Məsələnin mahiyyətinə birmənalı yanaşmaq olmaz. Kəbin Allah əmridir, evliliyin halallığı və dini təminatıdır, bunu dəyişmək mümkün deyil. Azərbaycanda kəbinsiz evlilik ən azından mühitin qınağına səbəb olan haldır. Digər tərəfdən, insanları dövlət nikahından əvvəl dini kəbinə məcbur edən bir sıra subyektiv səbəblər ola bilər. Azyaşlıların qoşulub qaçması, iqtisadi çətinliklər üzündən valideynlərin övladlarını erkən evləndirməsi və sairə amillər bu qəbildəndir. Bu, bir sosial problemdir, ictimai araşdırmalar üçün açıq olan mövzudur, həlli də dövlət və ictimai qurumların qarşılıqlı anlaşmasından keçir.

193f41492b9f

– Azərbaycanda məzhəb savaşı ola bilərmi? QMİ dini radikalizmin qarşısını almaq üçün hansı tədbirlər həyata keçirir? 

– Azərbaycan tarixən çoxkonfessiyalı və çoxmədəniyyətli bir dövlət olub. Əsrlər boyu bu ərazilərdə həm müxtəlif dinlərin nümayəndələri, həm də İslamın müxtəlif məzhəblərinin daşıyıcıları dinc yanaşı yaşayıblar və dini zəmində heç bir münaqişə faktı tariximizdə mövcud olmayıb. Bu tolerantlığın səbəbini məndən xarici səfərlərdə dəfələrlə soruşublar və hər dəfə verdiyim cavab ondan ibarətdir ki, Azərbaycan xalqının dini dözümlülüyünün iki təməl səbəbi vardir. Birincisi, onun milli mentalitetinə xas olan qonaqsevərlikdir, ikincisi mənsub olduğu İslam dininin təməl prinsiplərindən biri olan “Əhli-kitaba və özünüzdən olan din qardaşlarınıza ehtiramla yanaşmaq” postulatıdır. Bundan başqa, din-dövlət münasibətlərində müsbət irəliləyişlər, ölkənin beynəlxalq imicini formalaşdıran multikulturalizm ideyaları təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Ona görə də bu gün ölkəmizdə mövcud olan ənənəvi müsəlman, pravoslav, yəhudi, alban-udi, katolik dini konfessiyaları, eləcə də İslamın cəfəri, hənəfi və şafii məzhəbləri arasında konfliktin yaşanacağına dair fikirləri əsassız və mümkünsüz hesab edirəm.

Doğrudur, daxildən və xaricdən ölkəmizin dini mühitini təhdid edən bəzi qüvvələr vardır, ara-sıra vəhhabilik, sələfilik, xəvaric və nurçuluq kimi təkfirçi cərəyanların ekstremal hərəkətləri cəmiyyəti narahat edir. Biz bu faktların sadəcə seyrçisi ola bilmərik. Qafqaz Müsəlmanları İdarəsi  ictimai qurum statusundadır, nəzarətedici funksiyası olan güc strukturu deyildir, lakin dövlət qanunları və dini sabitlik əleyhinə olan radikalizmə qarşı  öz strateji  tədbirlərini mütəmadi olaraq həyata keçirir. Bu, bizim konfessiyalar arası qarşılıqlı münasibətlərimizdə, beynəlxalq və regional miqyaslı tədbirlərimizdə, yerlərdə dini icmalarla daimi əlaqələrimizdə öz əksini tapır.

Əlbəttə, görüləcək işlərimiz hələ çoxdur, bir sıra əhəmiyyətli layihələr üzərində işləyirik. İnşallah, dövlətimizin sabitliyi, cəmiyyətimizin rifahı, dinimizin  mötədilliyi sayəsində zamanla hər şeyin uğurlu olacağına inanırıq.

Röya RƏFİYEVA

Günay HÜSEYN

Yazı “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyinin “Dini radikalizmin gender bərabərliyinə etdiyi mənfi təsirlərin azaldılması” mövzusunda həyata kçeirdiyi layihə çərçivəsində hazırlanıb. Müsahibədə “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyinin rəhbəri Günay Hüseyn ekspert qismində iştirak edib.

34564413324a

95b45929b99f

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...