Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İlahiyyat İnstitutunda Harvard, Oksford və Kembricin təcrübələri tətbiq olunur” – İRADLARA CAVAB

“İlahiyyat İnstitutu ilə bağlı yayılan informasiyalar tamamilə əsassızdır”.

Son zamanlar Azərbaycan İlahiyyat İnstitutu barədə sosial şəbəkələrdə bir sıra fikirlər dolaşır. Sözügedən ali təhsil müəssisəsində, dünyəvi deyil, yalnız dini dərslərin tədris olunduğunadair iddialar səslənir.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, AzEdu.az məsələni aydınlaşdırmaq üçün institutun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Mətbuat xidmətindən bildiriblər ki, yayılan informasiyalar tamamilə əsassızdır.

Məlumatda qeyd olunur ki, 2018-ci ilin iyun ayından etibarən, institutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, habelə maarifləndirmə istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb. İnstitutun müəllim və işçi heyəti, habelə strukturunun təşkili üçün prioritetlər müəyyənləşdirilərək, ictimaiyyətə elan olunub və şəffaf şəkildə həyata keçirilib.

Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları hazırlanaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb.

İnstitutun təhsil standartlarının müəyyənləşdirilməsində Harvard, Oksford və Kembric kimi aparıcı dünya universitetlərinin, eləcə də Şərqin qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsi geniş araşdırılaraq tətbiq olunub.

Ali təhsil müəssisəsində dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları tədris olunmaqla yanaşı, eyni zamanda Müqayisəli dinlər tarixi, Din psixologiyası, Müqəddəs mətnlərin hermenevtikası, Elm və din, Müqayisəli teologiya, Mistisizm, Din fəlsəfəsi, Din sosiologiyası, Din psixologiyası, Müqəddəs kitabların müqayisəsi, Yeni dini hərəkatlar, Qərbdə İslam tədqiqatları, Sosial elmlərin metodologiyası, Yəhudilik və xristianlıq, Hind-Çin dinləri öyrədilir.

Həmçinin Aİİ-də Azərbaycan tarixi, Azərbaycan dili və nitq mədəniyyəti, İnformatika və kompüter texnologiyası, Mülki müdafiə, Multikulturalizmə giriş, İslam ölkələri tarixi və coğrafiyası kimi fənlər geniş tədris olunur.

Tələbələr,ingilis, ərəb, klassik ibrani və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının – oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir.

Aİİ Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilən yeni ali dünyəvi təhsil müəssisəsidir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-cu il tarixli Sərəncamı ilə yaradılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...