Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsində olublar

Aİİ kollektivi Qəbələ şəhər məscidini ziyarət edib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsinə səfər ediblər.

Din.az bildirir ki, Aİİ-dən Trend-ə verilən məlumata görə, ilk öncə institutun şəxsi heyəti Qəbələ rayon icra hakimiyyətinin məsul işçiləri ilə birlikdə Qəbələ şəhərinın mərkəzindəki Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.

Səfər zamanı Qəbələ şəhər məscidinə ziyarət təşkil olunub. Aİİ kollektivi dini müəssisədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə qayğısını əks etdirən fotoguşə ilə tanış olub.

Ziyarət zamanı kollektivə məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə, 600 mömin ibadət edə bilir. Bildirilib ki, məscidin divarlarına müqəddəs Qurani-Kərimdən surələr yazılıb, sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və digər köməkçi tikililər inşa olunub.

Daha sonra Aİİ əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi Kilsəsini ziyarət ediblər. Aİİ heyətinə məlumat verilib ki, dünyada yaşayan udilərin sayı on minə yaxındır. Altı mindən çox əhalisi olan Nic qəsəbəsində dörd mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dillərini, dinlərini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Bütün bunlarla yanaşı qəsəbədə ibtidai sinif şagirdləri üçün udi dili tədris olunur.

Diqqətə çatdırılıb ki, Nic qəsəbəsində “Orayın” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr mövcuddur. Qeyd olunub ki, dünyanın etnik xəritəsində udi adlı etnos yalnız Azərbaycan ərazisində mövcuddur.

Rayonun Nic qəsəbəsi ilə tanışlıqdan sonra Qəbələ Rayon Mədəniyyət Mərkəzində dəyirmi masa təşkil olunub. Toplantıda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları məhz ümummilli lider tərəfindən müəyyən olunub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, rayonun Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə qərarlaşdığı yeganə yaşayış məskənidir. Bildirilib ki, rayonun Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.

Daha sonra C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutu haqqında ümumi məlumat verərək, təhsil müəssisəsinin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradıldığını qeyd edib. Natiq bildirib ki, İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin inkişafına, uğurlu gələcəklərinin qurulmasına, hərtərəfli şəxsiyyət kimi yetişmələrinə xüsusi önəm verir.

Rektor ali təhsil müəssisəsində keçirilən bütün tədbirlərin başlıca məqsədinin tələbələrin intellektual və mənəvi baxımdan inkişafını hədəflədiyini nəzərə çatdırıb. O bildirib ki, Nic qəsəbəsinə ziyarət də bu baxımdan xüsusi önəm daşıyır. Gənclərimiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolun uğurlu davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü və ardıcıl siyasətinin, həmçinin Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi, udilərin də mədəniyyətinin, adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlərin həyata keçirildiyinin canlı şahidi olurlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...