Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyatçı öngörücülərdən DANIŞDI: “Keçmişdən və gələcəkdən xəbər verən bütün insanlar yalançıdır”

“Qeybin açarları Allahın əlindədir. Onları ancaq Allah bilir”.

Müxtəlif vaxtlarda xüsusi istedadı olduğunu iddia edən insanlar televiziya ekranlarına çıxarılaraq “istedadlarını” nümayiş etdirir, ruh çağırıb, gələcəkdə olacaqları gördüklərini deyirlər. Bəs islam dini bu haqda nə deyir? Bu tipli insanların reallığından söz açmaq mümkündümü?

Din.az-ın xəbərinə görə, məsələ ilə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, belə bir anlayış yanlışdır:

“Çünki biz İslam mənbələrinə baxdıqda görürük ki, qeybi bilmək, yəni hər hansısa bir insanın həyatını, keçmişini, gələcəyini bilmək elmi indiyə qədər heç bir şəxsə, hətta peyğəmbərlərə belə verilməyib. Mələklər belə hər hansısa bir şəxsin keçmişi, gələcəyi haqqında heç bir məlumata sahib deyillər. Allah-təala qeybin heç kimi bilmədiyini, yalnız Allahın müəyyən qədər Peyğəmbərə bildirdiyini Qurani-Kərimdə bizə xəbər verib. Hətta Qurani-Kərimdə qeybin yalnız Allaha məxsus olması bildirilir. Heç Peyğəmbər belə tam təfsilatı ilə keçmişi və gələcəyi, yəni qeybi Allahın ona bildirməsindən artıq bilməz. Allah-təala Qurani-Kərimdə buyurur: “Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin indi olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun Peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!” (Ali-Imran: 179)”.

Müsahibimiz qeyd edib ki,peyğəmbərin və digər peyğəmbərlərin qeybi, yəni kiməsə və nəyəsə aid keçmişi və gələcəyi bilməməsi haqqında Quranda ayələr çoxdur:

“Allah-təala buyurur: “De ki: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı yalnız qorxudan və müjdələyənəm!” (əl-Əraf: 188).

Nuh (Ona salam olsun!) demişdir: “Mən sizə demirəm ki, məndə Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm. Mən həm də demirəm ki, mən mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (mömin kasıblara) Allahın heç bir xeyir ver-məyəcəyini də demirəm. Onların ürəklərində olanı hamıdan yaxşı Allah bilir. (Əgər mən möminləri qovub bu sözləri desəm), onda şübhəsiz ki, zalimlərdən olacağam” (Hud: 31).

“(Ya Məhəmməd!) De ki: “Allahdan başqa göylərdə və yerdə olanı, qeybi heç kəs bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” (ən-Nəhl: 65).

“Sonra Süleymana ölüm hökmü verdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) Süleymanın əsasını yeyən ağac qurdu xəbər verdi. O ölmüş halda yerə sərildikdən sonra cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmaz-dılar” (Səba: 14).

“Qeybin açarları Allahın əlindədir. Onları ancaq Allah bilir. Allah həm suda, həm də quruda olanların hamısını bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah ondan xəbərsiz olsun. Yerin zülmətləri içində elə bir toxum, kainatda elə bir şey yoxdur ki, məhz açıqaydın kitabda (lövhiməhfuzda) olmasın” (əl-Ənam: 59).

“Müşriklər: “Barı Peyğəmbərə Rəbbinizdən bir möcüzə nazil ediləydi!” – deyirlər. Onlara belə cavab ver: “Qeyb aləmi ancaq Allaha məxsusdur. Elə isə Allahın əzabını gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm” (Yunus: 20).

“Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də axırda Allaha qayıdacaqdır. (Ya Məhəm-məd!) Yalnız Ona ibadət et! Yalnız Ona təvəkkül et! Rəbbin nə etdiklərinizdən qafil deyildir!” (Hud: 123).

“Qeybi bilən ancaq Odur! O, qeybi heç kəsə əyan etməz!” (əlCinn: 26).

“(Ya Məhəmməd!) De ki: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini yalnız O bilir. O, hər şeyi necə də gözəl görür, necə də yaxşı eşidir! Onların (Göy və yer əhlinin) Allahdan başqa hamisi yoxdur. O heç kəsi Öz hökmünə şərik etməz!” (əl-Kəhf: 26)””.

Əkrəm Həsənov deyib ki, bütün bu və ya digər Quran ayələrinə baxdıqda keçmişdən və gələcəkdən xəbər verən bütün insanların yalançı olduğunu görürük:

“Onların sözünə etibar etmək, sözlərini doğrultmaq olmaz. Bu barədə kifayət qədər hədislər də vardır ki, Allah Rəsulu belə insanların yanına getməyi, onların sözünü təsdiq etməyi qəti olaraq qadağan edib, hətta kahinin, falçının yanına gedənin 40 gün ibadətinin qəbul olunmadığını, böyük günah sahibi olduğunu bildirib. Abdulla ibn Ömərin (Allah ondan və atasından razı olsun!) rəvayətinə görə, Peyğəmbər (s.ə.a.s) demişdir: “Qeybin beş açarı vardır, onları yalnız Allah bilir. Allahdan başqa sabah nə baş verəcəyini heç kəs bilməz. Ana bətnində nəyin olduğunu Allahdan başqa heç kəs bilməz. Nəfs sabah nə qazanacağını bilməz. Nəfsin hansı torpaqda öləcəyini yalnız Allah bilir. Yağışın nə vaxt yağacağını yalnız Allah bilir. Axirət saatının nə vaxt tamam olacağını yalnız Allah bilir”. (Qaynaqlar: Buxari, dörd yerdə:

1. “Istisqa” (Yağış duası), 2/23;

2. “əl-Ənam surəsinin təfsiri”, 5/193;

3. “Tövhid”, 8/165-166;

4. “Loğman” surəsinin təfsiri, 6/21.

Əhməd, 2/52. Səhih istinadlı hədisdir).

Ümumiyyətlə bu barədə kifayət qədər dəlil və sübutlar vardır ki, İslam dininə görə gələcəkdən xəbər vermək anlayışı insanları aldatmaqdan və böyük günah sahibi olmaqdan başqa bir şey deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...