Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İlham Əliyev: “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir”

İlham Əliyev: “Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır”.

“Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur”.

Din.az Modern.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir: “Azərbaycan nisbətən gənc müstəqil ölkədir. Lakin, biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək alırıq. Bunun sübutu olaraq, mən bir neçə il əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edərdim. Bu, onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində çox mühüm rol oynadıq. Biz, həmçinin qlobal təhlükəsizlik sahəsində rol oynayırıq. Biz sülhməramlı əməliyyatlarda iştirak edirik. Bu yaxınlarda biz Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbçilərimizin sayını artırdıq. Biz, həmçinin koalisiya qüvvələrini çox mühüm nəqliyyat və logistika dəstəyi ilə təmin edirik”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın üzvü olduğu Şimal paylaşdırma şəbəkəsi çox etibarlı təchizat marşrutudur:

“Bu, həm də müasir infrastruktura, xüsusilə nəqliyyata investisiyaların yatırılması sayəsində mümkün olub. Sonuncu Qlobal Forumdan sonra keçən dövrdə biz Xəzər dənizinin Azərbaycan sahilində böyük dəniz ticarət limanının açılışını etdik. Bu dəniz limanı böyük həcmdə – ilkin mərhələdə 15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək qabiliyyətinə malikdir və ölkələri yaxınlaşdırmaq baxımından çox mühüm rol oynayır”.

Prezident İlham Əliyev bildirib ki, qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur:

“Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır. Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan böyük layihə üzərində işləyirik. O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəmər sistemi vasitəsilə əlaqələndirir. Kəmərin uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir. Ötən ilin mayında biz Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik. Ötən ilin iyununda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışı oldu. Azərbaycan qazı artıq bu kəmər vasitəsilə nəql olunur və ümidvaram ki, gələn il layihə tam yekunlaşacaq. Bu, regionda ən böyük infrastruktur layihələrindən biridir”.

Dövlət başçısının sözlərinə görə, qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır:

“Beynəlxalq maliyyə institutları bizə güclü dəstək verir və əlbəttə ki, korporativ vəsaitdən də istifadə olunur. Bu, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı və ölkələr arasında əməkdaşlıq layihəsidir. Bizim planlarımız bugünkü formatın hüdudlarından kənara çıxır. Biz artıq Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro kimi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalamışıq. Ümidvaram ki, növbəti mərhələdə biz bu ölkələrlə həm də fəal əməkdaşlığa başlayacağıq. Cənub Qaz Dəhlizi layihəsinə bu və ya digər yolla qoşulmağı planlaşdıran ölkələrin coğrafiyası genişlənir. Bu, enerji və nəqliyyat təşəbbüslərinin geniş beynəlxalq əməkdaşlığa yol açdığını əyani şəkildə göstərir. Düşünürəm ki, biz enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaratmışıq. Bu, həqiqətən də qiymətli töhfədir və biz hələ bu prosesin başlanğıcındayıq. Çünki biz hələ icra mərhələsindəyik. Bütün bu layihələr həyata keçiriləndən sonra iqtisadi stimul, iqtisadi fayda olacaq, bu ölkələrdə on minlərlə iş yeri açılacaq və bu, ölkələri yaxınlaşdıracaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...