Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İngiltərədə dinsizlərin sayı dindarları keçib

Share Button

“The İndependent” yazır ki, yeni təhlilə əsasən İngiltərə və Uelsdə ilk dəfə olaraq dinsizlərin sayı xristianlardan çox olub. “Din.az” BBC-yə istinadən xəbər verir ki, əhalinin son siyahıya alınmasında adamların 48,5 faizi anketlərdəki dini mənsubiyyət qrafasına “heç bir din” yazıb. Halbuki 2011-ci ilin siyahıyaalmasında belə cavab verənlərin sayı indikindən az qala iki dəfə az, 25 faiz […]

“The İndependent” yazır ki, yeni təhlilə əsasən İngiltərə və Uelsdə ilk dəfə olaraq dinsizlərin sayı xristianlardan çox olub.

“Din.az” BBC-yə istinadən xəbər verir ki, əhalinin son siyahıya alınmasında adamların 48,5 faizi anketlərdəki dini mənsubiyyət qrafasına “heç bir din” yazıb. Halbuki 2011-ci ilin siyahıyaalmasında belə cavab verənlərin sayı indikindən az qala iki dəfə az, 25 faiz idi.

Özlərini xristian – katolik, anqlikan və başqa dinlərə aid edənlər əhalinin 43 faizini təşkil edirlər.

“Ən maraqlısı budur ki, “dinsizlərin” sayı ölkə əhalisinin ümumi sayı ilə mütənasib olaraq artıb” – deyib son 30 il ərzində bu araşdırmanı aparmış Stephen Bullivant. Twickenham şəhərindəki Müqəddəs Mary Universiteti professorunun fikrincə, bu prosesin arxasında müəyyən bir din mühitində böyüyüb başa çatmış insanların indi özlərinin heç bir dini olmadığını deməsi dayanır.

Stephen Bullivanta ən qəribə gələni budur ki, insanların əksəriyyəti anketdə bu bəndin qarşısına, necə deyərlər, heç “quş” da qoymur. Professorun fikrincə, buna səbəb “dinin sosialogiyasının” dəyişməsidir.

Hesabatda Şotlandiya və ya Şimali İrlandiyadakı vəziyyət əksini tapmayıb, lakin ötən ay Şotlandiyada keçirilmiş Sosial Yanaşmalar sorğusunda əhalinin 52 faizi dindar olmadığını bildirib. 1990-cı ildə bu rəqəm 40 faiz idi.

“The İndependent” yazır ki, yeni təhlil, adamlar arasında mütəşəkkil dinə biganəliyin artmasından narahat olan xristian ruhanilərin əndişəsini daha da çoxaldacaq. İngiltərə kilsəsi bildirir ki, qarşıdan gələn 30 ildə dindar xristianların sayı azalmaqda davam edəcək. Buna səbəb dini icmaların yaşlanması və yeni minillik insanlarının dindən üz çevirməsidir.

Bullivantın bu gün Britaniya parlamentinə təqdim olunacaq “İngiltərə və Uelsdə Çağdaş Katolisizm” adlı hesabatında deyilir ki, anqlikan və katolik kilsələri xristian kimi doğulmuş insanları dinin çevrəsində saxlamaq üçün çarpışırlar.

İndi anqlikan kimi doğulub böyümüş hər on nəfərdən 4-ü heç bir dinə sitayiş etmədiyini bildirir. “The İndependent” yazır ki, katoliklər üçün də rəqəm təxminən eynidir.

Məqalədə deyilir ki, kilsəyə yeni gələnlərin say dinamikası da azalır. Anqlikanlar kilsəyə yenicə qədəm basan hər bir nəfərin müqabilində 12, katoliklər isə 10 dindarı itirirlər. Bu da qeyd olunur ki, dinini dəyişənlərin əksəriyyətini başqa dinlərdən dönmələr yox, xristianlığın bir təriqətindən başqa təriqətinə keçənlər təşkil edirlər.

“The İndependent” yazır ki, özlərini anlqlikan kimi tədim edənlərin ümumi əhaliyə nisbəti 1983-cü ildəki 44,5 faizdən 2014-cü ildə 19 faizə düşüb.

Dindarların 8, faizini katoliklər, 15,7 faizini başqa xristianlar və 7,7 faizini isə qeyri-xristian dinlərdən olanlar təşkil edirlər.

“The İndependent” yazır ki, yeni təhlil, həmçinin dindarların və dinsizlərin regional nisbətinin dəyişdiyini göstərib. Məsələn, London 40 faizlə özünü heç bir dinə aid etməyənlərin sayının ən az olduğu şəhərdir, lakin Uelsdə əhalinin az qala 60 faizi “dinsiz” olduğunu deyib.

Qadınlar daha dindardır

Burada maraqlı yaş nisbətləri də var. Məsələn İngiltərə və Uelsdəki xristianların yarıdan çoxu yaşı 55-i ötənlərdir. Bu mənada katoliklərin tərkibi anqlikanlardan daha gəncdir. Bu da maraqlıdır ki, özünü xristian kimi təqdim edənlərin 58,6 faizi qadınlardır.

Məqalədə deyilir ki, hər 10 xristiandan 9-u ağdərilidir.

Katoliklərin 27,5, anqlikanların isə 8,9 faizi həftədə heç olmasa bir dəfə kilsəyə baş çəkir.

Bullivant deyir ki, kilsələr bu rəqəmlər barədə ciddi düşünməlidir.

Lakin İngiltərə Kilsəsinin mətbuat üçün açıqlamasında deyilir ki, özünü dinsiz adlandıranların sayca artması adamlar arasında dünyəviliyin deyil, plüralizmin artdığını göstərir.

Kilsənin fikrincə, dindarların sayı azaldıqca cəmiyyətin dünyəviliyi artmır.

Kilsənin qənaətinə görə, qlobal kontekstdə dinə sitayiş azalmır ki, artır. Xristianlıq 2 milyard nəfər davamçısı ilə dünyanın ən böyük dini olaraq qalır.

Anqlikan Kilsəsi bildirir ki, statistikanın göstəricilərinə baxmayaraq, Britaniyada adamların əksəriyyəri dindar olaraq qalır.

Katolik kilsəsi hesabata münasibət bildirməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir