Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“İranın məscidlərin yerində donuzxanalar yaratmış bir ölkə ilə əməkdaşlığına etirazımı bildirmişəm”

“İki dövlət yaxınlaşmalı, İran Ermənistanla əməkdaşlıqdan imtina etməlidir”.

“Mən xalqımın bədxahı yox, təmsilçisiyəm. Ona görə də İran İslam Respublikasının rəhbərliyinin Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş, 1 milyon müsəlmanı ev-eşiyindən didərgin salmış, İslam mədəniyyəti abidələrini dağıtmış, məhv eləmiş, məscidlərin yerində donuzxanalar yaratmış bir ölkənin rəsmiləri ilə yaxından əməkdaşlıq etməsinə etirazımı bildirmişəm”.

Din.az bildirir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Ovqat.com-a müsahibəsində belə deyib.

Deputat açıqlamasında qeyd edib ki, o, İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır və müsahibələrində də bu fikirlərini açıq dilə gətirir: “Narazılıqla qarşılanan həmin müsahibədə də mən söyləmişəm ki, iki dövlət yaxınlaşmalı, İran Ermənistanla əməkdaşlıqdan imtina etməli, qardaş Türkiyə Respublikasından nümunə götürməlidir. Təklif etmişəm ki, farslar da daxil olmaqla hər il min tələbəni İrandan gətirib Azərbaycanın müxtəlif ali məktəblərində pulsuz oxutmaq lazımdır. Məqsəd isə iki dövlətin mədəni inteqrasiya prosesini gücləndirmək olmalıdır. Azərbaycanla İran arasında iqtisadi əlaqələr gücləndirilməlidir. Dəmiryollarının birləşdirilməsini, viza rejiminin aradan qaldırılmasını dəfələrlə alqışlamışam. Bunun harası iki dövlət arasındakı münasibətləri korlamaqdır?”

İranla Azərbaycanın iki qardaş ölkə kimi yaxınlaşmasını arzuladığını deyən Qüdrət bəy bu istiqamətdə əməli fəaliyyət göstərdiyini bildirib: “Həmişə hesab etmişəm ki, 35 milyon azərbaycanlının öz dədə-baba torpaqlarında yaşaması İranı ikinci Azərbaycan dövləti kimi qəbul etməyimizə əsas verir və mən bu cür qəbul edirəm. Ona görə də hansısa ali məktəb müəllimi adından qələmə alınan sifarişli yazılar heç nəyi dəyişmir və cəfəngiyyatdan başqa bir şey deyil”.

Qeyd edək ki, deputatın Ovqat.com-a verdiyi Qüdrət Həsənquliyev: “Ey İran, sən ki Ermənistanla ağız-ağıza öpüşür, yeyib-içib hırıldaşırsan…” sərlövhəli müsahibəsi İranda qıcıq doğurmuş və Azad İslam Universitetinin Təbriz bölməsinin müəllimi doktor Əziz Cavanpurun imzası ilə ona yarırəsmi “AranNews” xəbər portalında cavab verilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...