Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslam dünyasının qibləgahı ətrafında baş qaldıran “fırtına” nə vəd edir?

Səudiyyə Ərəbistanı son bir neçə aydır ki, dünya gündəmindən düşmür.

Din.az Milli.Az-a istinadən Azər Rəşidoğlunun yazısını təqsdim edir

Səudiyyə Ərəbistanı son bir neçə aydır ki, dünya gündəmindən düşmür. Öncə şahzadələrin həbsi, daha sonra milyardlarla dollar qarşılığında onların azadlığa buraxılması, indi də ordudakı gözlənilməz istefalar dünyanın diqqətini ərəb yarımadasına çevirib.

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Baş Qərargah rəisi Əbdülrəhman ibn Saleh əl-Bünyanı işdən azad edib. Həmçinin Quru Qoşunları komandanı, Hava Hücumundan Müdafiə və Strateji Əhəmiyyətli Raket Qoşunları komandanı da istefaya göndərilib. Ölkənin yeni Baş Qərargah rəisi vəzifəsinə Fayad ibn Həmid ər-Ruvayl təyin olunub. Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Məhəmməd ibn Avvad Sühaymın yerinə general-leytenant Fəhd ibn Abdulla Məhəmməd əl-Müteyr təyin olunub. Hökumətdəki kadr dəyişiklikləri qubernatorları, müavinləri və şəhər merlərini də ağuşuna alıb. Əmək və sosial inkişaf naziri də işdən çıxarılıb. Onun yerinə Tamader ər-Rammah gətirilib.

Siyasi araşdırmaçılar belə hesab edirlər ki, islahatlar sırf Qərbin sifarişi ilə həyata keçirilir. Səudiyyə öz diplomatiyasında da Vaşinqtonun sifarişləri ilə hərəkət edir. Səudiyyə Ərəbistanı ilə İran arasında vəziyyətin gərginləşməsi də Birləşmiş Ştatların maraq dairəsindədir. Bu baxımdan, Səudiyyə Ərəbistanının İrana qarşı hərbi əməliyyatlara başlayacağı da istisna edilmir.

Bu ərəfədə kral öz hakimiyyətini də möhkəmləndirir. İranla vəziyyətin gərginləşməsinin əleyhinə olanlar həbs edilir. Səudiyyə Ərəbistanında və şəxsən kral ailəsində kimin korrupsiya ilə məşğul olub-olmadığını müəyyənləşdirmək qeyri-mümkündür. Çünki Səudiyyə Ərəbistanında kral ailəsinin davranışı, onların şəxsi biznesi və dövlət hakimiyyətini əllərində saxlaması o qədər bir-birinə qarışıb ki, orada təxminən kralın yaxınları nə işlə məşğuldursa, həbs edilən şahzadələr də o işlə məşğuldurlar.

Səudiyyə Ərəbistanında olan islahatlar daha çox qadın azadlıqlarını nəzərdə tutur. Bu ölkədə ancaq indi icazə verilir ki, qadın maşın sürsün. İranda isə demək olar ki, maşın sürənlərin yarısı qadınlardır. Yəni İran qadınları bu hüququ artıq 20 ildən çoxdur ki, əldə ediblər. Yaxud da qadınların televiziyada çıxış məsələsini qeyd etsək, buna da Səudiyyə Ərəbistanında ancaq indi icazə verilib. Amma bildiyimiz kimi Misir də ərəb dövlətidir və orada çoxdan televiziyada qadınlar işləyir.

Buna görə də Səudiyyə Ərəbistanında aparılan islahatlar onun öz daxili işidir. Bu islahatlar da sırf Qərbin xoşuna gəlməkdən ötrüdür. Yəni bu mənada Səudiyyə Ərəbistanı Trampa vəd verib və indi də o vədləri yerinə yetirir. Həmçinin, bildiyimiz kimi, Səudiyyə Ərəbistanındakı islahatların və xüsusən qadınlarla bağlı islahatların arxasında Trampın xanımı və qızının yaratdığı fond dayanır.

Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp İranı sülh üçün böyük təhlükə adlandırıb. O, öz seçki kampaniyasının gedişində Yəmən və Suriyanın İran tərəfindən zəbt olunacağı xəbərdarlığını etmişdi. ABŞ prezidenti səudiyyəlilərlə irimiqyaslı silah satışı müqaviləsi imzaladı və onların insan haqlarına qarşı törətdikləri cinayətləri qınamaqdan imtina etdi.

Digər tərəfdən, Suriyadakı müharibə Bəşər Əsədin tərəfini tutan Rusiya və İranı birləşdirdi. Lakin dünya siyasəti daha çox qeyri-ardıcıl olur. Yəməndə və Suriyada dünya nəhəngi ABŞ Səudiyyə Ərəbistanı ilə birləşir, amma İraqda Amerika İranın dəstəklədiyi müqavimət qüvvələri ilə çiyin-çiyinə İŞİD-ə qarşı vuruşur.

Səudiyyə Ərəbistanı isə öz növbəsində sünnilərin üstünlük təşkil etdiyi yaraqlıları dəstəkləyir. Bunların içərisində Azad Suriya Ordusu və həmçinin də “Əl-Qaidə” qruplaşması ilə bağlı olan “Cəbhət ən-Nusra” kimi təşkilatlar var. İran və Rusiya Suriya müharibəsində daha aktiv rol oynamağa başlayandan sonra, Səudiyyə Ərəbistanı terrorçulara göndərdiyi silahın miqdarını bir qədər də artırıb.

Bəzi siyasi təhlil mərkəzlərində belə hesab edirlər ki, ABŞ və Səudiyyənin münasibətlərinin pozulması dünyanı yeni krizisə apara bilər. Çünki ABŞ Səudiyyə Ərəbistanının neftin qiymətinin bahalaşması üçün atdığı addımları bəyənmir. Əgər kral bu məsələdə ABŞ-ın yanında olmasa, vəziyyət daha da kritikləşəcək.

Analitiklər Əl-Riyadın ABŞ-a qarşı belə bir addım atacağına inanmır. Çünki elə bir şey olarsa, bundan siyasi və iqtisadi baxımdan ən çox zərəri kral ölkəsinin özü görəcək. ABŞ-ın neft qiymətini tam aşağı sala biləcək neft ehtiyatları var. Əgər o neft ehtiyatlarının, heç olmasa, 10 faizi bazara çıxarılsa, neftin qiyməti kəskin şəkildə ucuzlaşacaq.

Həmçinin ABŞ Səudiyyə Ərəbistanını özünə düşmən elan edib İranla müttəfiqlik qursa, Səudiyyə bütün sistemini itirə bilər. Bunu əl-Riyad da anlayır və odur ki, özünü Vaşinqtonun vassalı kimi aparır…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...