Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İslamda qadınların təhsilinin əhəmiyyəti vacib məqamdır

“Dünyəvi təhsilə qarşı çıxmaq, övladını məktəbdən uzaqlaşdırmaq, onu erkən nikaha sövq etmək xurafatın, cahilliyin ilkin formasıdır.”

Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

Din.az bildiirir ki, sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib. Konfransda DQİDK və AQUPDK-nın təmsilçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, din xadimləri, qadın təşkilatlarının rəhbərləri, həmçinin, ictimaiyyət fəalları iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva DQİDK-nın həyata keçirdiyi maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub.
Dövlət Komitəsi tərəfindən tolerantlıq mühitinin qorunması, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, eyni zamanda dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində müxtəlif səpkili tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb. Komitənin təşkilatçılığı ilə təkcə bu ilin birinci yarısında 250-dən çox tədbirin keçirildiyini vurğulayan şöbə müdiri təmsil etdiyi qurumun bu istiqamətdə aidiyyəti orqanlarla uğurlu əməkdaşlıq etdiyini qeyd edib. Qadın hüquqlarının qorunması, dini maarifləndirmə prosesində qadınların aktivliyinin təmin edilməsi ilə bağlı bölgələrdə silsilə konfransların təşkil olunduğunu bildirən Y.Əliyeva DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun da qadın hüquqlarının qorunması ilə bağlı müxtəlif layihələr reallaşdırdığını deyib.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxışında qadın hüquqlarının pozulması ilə bağlı faktlara toxunub. Bildirib ki, insan hüquqlarının qorunması, xüsusilə bu hüquqlar çərçivəsində qadın hərəkatının inkişafı və azadlıqlarının təmin olunması istiqamətində qanunvericilik bazası genişləndirilib, cəmiyyətin müxtəlif sferalarında qadınların rolunun artırılması yolunda işlər görülür, gender bərabərliyi mövzusunda müzakirələr aparılır. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq cəmiyyətdə erkən nikah, qızların təhsildən yayınması kimi mənfi təzahürlərə rast gəlinir. Şöbə müdiri bu kimi hallarla mübarizədə din xadimlərinin üzərinə də böyük məsuliyyət düşdüyünü qeyd edib.

Daha sonra “Qadın haqları və dini icmalar” mövzusunda təqdimatla çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, İslamda qadınların təhsil və tədrisinin əhəmiyyəti, qadın haqlarının qorunması məqsədilə dini icmaların üzərinə düşən vəzifələr kimi vacib məqamlara toxunub. E.Kərimova bildirib ki, Azərbaycan qadınının cəmiyyətdə rolunun bundan sonra da yüksəldilməsi, milli adət- ənənələr əsasında tərbiyə almış Azərbaycan qadınının millilik və müasirliyin vəhdətində öz mövqeyini gücləndirməsi çox vacib amildir. Ölkəmizdə qadının sosial-siyasi həyatda fəal iştirakının reallaşdırılması və davamlılığının təmin edilməsi üçün ilk növbədə ailədə və cəmiyyətdə maarifləndirmə işləri aparılmalı, qadınları əzən, onları cəmiyyətdən təcrid edən stereotiplər və bu cür əxlaq normaları aradan qaldırılmalıdır. Bu məqsədlə cəmiyyətdə dini maarifləndirmənin, xüsusilə İslamda ailə dəyərləri, qadının mövqeyi, ona verilən dəyər mövzusunda təbliğatın aparılması çox vacibdir. Şöbə müdiri vurğulayıb ki, qadının təhsilli olması, öz hüquqlarını bilməsi, düzgün dini bilgilərə malik olması, milli-mənəvi dəyərlərimizə bağlılığı bir ailənin, cəmiyyətin sağlam gələcəyi deməkdir. “Ana, həmçinin övlad üçün örnəkdir. Məhz örnək olduğu üçün qadının üzərində çox böyük vəzifələr, missiyalar düşür. Qadın təhsili, əxlaqı, məsuliyyəti, bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir insan olmalıdır ki, övladı onu örnək alarkən bütün bu xüsusiyyətləri də özünə örnək götürsün. Qadın cəmiyyətin tərbiyəçisidir. O, sahib olduğu dəyərləri öz övladına, yəni sabahın cəmiyyətinə ötürür” – deyə, şöbə müdiri sözlərinə əlavə edib.

AQUPDK-nın İnformasiya və Sosial Analitik Araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova isə təqdimatında qadın hüquqlarının pozulmasında din adından sui-istifadə edilməsi kimi mənfi təzahürlər barədə danışıb. Bildirib ki, İslamda elm öyrənmək, təhsil almaq kişi və qadın fərqi qoyulmadan bütün müsəlmanlara vacib buyrulub. Bütün bunlardan sonra dünyəvi təhsilə qarşı çıxmaq, övladını məktəbdən uzaqlaşdırmaq, onu erkən nikaha sövq etmək xurafatın, cahilliyin ilkin formasıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı dini icmaların qadın hüquqlarının qorunmasındakı rolu və din xadimlərinin üzərlərinə düşən missiyanı uğurla həyata keçirməsi barədə danışıb. Eyni zamanda Azərbaycanda 4 icma rəhbərinin qadın olduğunu vurğulayan sədr müavini “Şəbnəm” Qızlar İslam Kollecinin Azərbaycanda qızlara ayrıca dini təhsil verən yeganə təhsil müəssisəsi olduğunu deyib.

Daha sonra Bakı Dövlət Universitetinin Ərəb Filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Mirzəyeva, AMEA-nın Qadın Şurası Sosial iş və Analitika qrupunun rəhbəri, AMEA Fəlsəfə İnstitutu “Müasir Fəlsəfə problemləri” şöbəsinin elmi işçisi Mahrux Nəcəfli və Dilarə Əliyeva adına Qadın Hüquqlarının MüdafiəsiCəmiyyətinin nümayəndəsi Əntiqə Qurbanova mövzu barədə fikirlərini bölüşüblər. Çıxışlarda “Həyat bilgisi” fənni çərçivəsində şagirdlərə ilkin dini biliklərin verilməsinin vacibliyi vurğulanıb.

Tədbir qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından dini icmaların yeri və rolu barədə müzakirələrlə öz işini yekunlaşıb. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...