Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“İslamda Yoxdur” Azərbaycanın qələm adamları arasında mübahisəli fikirlər doğurdu – MÖVQE

Elşad Mirinin “İslamda Yoxdur” kitabı ilə bağlı şərhlər gəlməkdə davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən çapı qadağan olunan ilahiyyatçı Elşad Mirinin “İslamda Yoxdur” kitabı ilə bağlı şərhlər gəlməkdə davam edir.

Din.az bildirir ki, bu dəfə kitab haqda fikirlərini “A24.az”la paylaşan jurnalist İlham Tumasla gənc yazıçı və publisist Mirmehdi Ağaoğlu bölüşüb.

“Komitə də hesab edib ki, bu kitabın dərc olunması nümunəvi Azərbaycan modeli olan İslamın müəyyən əsaslarını zədələyə bilər” deyən İlham Tumas fikrini bu cür əsaslandırdı:

“Etiraf etməliyik ki, Azərbaycanda oturuşmuş İslam modeli var. Yəni hər ölkənin olduğu kimi Azərbaycanın da var, bunu təbii ki, Elşad Miri daha yaxşı bilir. Bizdə qədim türk inanclarından gəlmiş modellər var ki, İslamla qaynayıb qarışıb. Məsələn, deyək ki, digər ölkələrdə pir məsələsi olmaya bilər, amma bizdə pirə, seyidə, ocaqlara inam var. İndi yəqin ki, Elşad bəyin kitabında da inamlarla, inanclarla bağlı məsələlər “İslamda Yoxdur” deyə sərt şəkildə qoyulub. Komitə də hesab edib ki, bu kitabın dərc olunması nümunəvi Azərbaycan modeli olan İslamın müəyyən əsaslarını zədələyə bilər. Mən onların vəkili deyiləm, amma belə bir arqument irəli sürürəm. Amma düşünmürəm ki, hər hansısa kitab və ya əsərlə oturuşmuş İslam modelini dağıtmaq olar. Əslində hesab edirəm ki, Elşad Mirinin kitabı dərc olunmalı idi. Çünki fikir azadlığıdır və tolerant bir ölkədə normal şəkildə hər bir insanın, xüsusən də Elşad Miri kimi savadlı bir ilahiyyatçının kitabı dərc olunmalı idi.

Elşad Miri ilə dini komitə arasındakı münasibətləri bilmirəm deyə, qərəzli münasibətin olub olmadığını deyə bilmərəm. Amma inanmıram qərəz olsun. Onu artıq Elşad bəy özü və kitaba rəy verən ekspertlər daha yaxşı bilər”.

Kitab haqqında dəyərli fikirlər səsənlədirən gənc yazar Mirmehdi Ağaoğlu isə Elşad Mirini tənqid də etdi:

“Mən Elşad Mirinin dünyagörüşü ilə az-çox tanışam, bilirəm ki, o kitabda nə yaza bilər. Çox güman ki, kitabda da mətbuatda dəfələrlə səsləndirdiyi fikirlər yer alıb. Və cəmiyyətimizdə də onun fikirləri birmənalı qarşılanmır. Amma bununla belə o kitabın qadağan edilməsini düzgün hesab etmirəm. Əvvəla qadağan olunan məhsula maraq ikiqat artır. İkincisi, Elşad Miri dəyərli ilahiyyatçıdır. Mənə elə gəlir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Elşad Miri birgə çalışıb, səy göstərib daha münasib variantda kitab çap edə bilərdilər. O kitabı silib atmaq olmaz, çünki orda əminəm ki, dəyərli materiallar var. Hər iki tərəf birlikdə çalışıb və nələrisə güzəştə getməklə kitab çap olunmalıdır.

Bizdə dini müstəvilərdə bir sıra problemlər var ki, biz onları gizlətməklə, süni şəkildə üstünü bağlamaqla guya düşünürük ki, problemi həll edirik, amma elə deyil, qeyri-müəyyən zamana saxlayırıq. Bu, gələcəkdə ciddi fəsadlar verə bilər. Əlbəttə ilahiyyat və din sahəsi həssas sahədir. Amma bununla belə hesab edirəm ki, dini ekstremizmə, terrorizmə dəstək vermirsə, onları aşılamırsa, dini radikalizmi yaymırsa, Elşad Miri də belə bir şey yaymırsa, bildiyim qədəri ilə çıxışlarında heç vaxt elə bir şey görməmişəm, kitabın çapına icazə vermək lazımdır.

Amma xahiş edirəm, Elşad Miriyə qarşı edəcəyim bu tənqidimi də qeyd edin. Düzdür, bu haqda bir yazı da yazmışdım. Dostum haqqında bunu demək istəyirəm ki, sadəcə Elşad Miri bəzən haqlı olduğu məqamları çox sərt şəkildə ifadə edir və bu da insanlarda qıcıq yaradır. Düşünürəm ki, din məsələsi həssas olduğuna görə, burda qıcıqdan, qalmaqaldan qaçıb daha rahat bir metod seçmək lazımdır. Həqiqi olan və haqlı olduğu şeyləri elə tərzdə tətbiq edir ki, sanki bu xalqa nifrət edir. Əslində bu belə olmamalıdır. Xalqa sevgiylə aşılamalıdır, onların 1000-1500 illik ənənələri lap İslamda batil olsa belə… Bu insanlar artıq bunu islam adından yaşıyırlar və çoxluğu bu yoldan döndərmək çətin məsələdir. Tutaq ki, kənddə yaşayan yaşlı bir qadın hələ də hansısa qəbirə nəzir aparır və bunu İslam kimi dərk edir. Onu Elşad Miri yox, yüz Elşad Miri kimisi gəlib dəyişdirə bilməz. Dəyişdirə bilmədiyi üçün də o fikirləri qarşısındakına, bu xalqa hörmətlə ifadə etməlidir.

Odur ki, dini fanatizmi, xürafatı yayan kitablar yox, əslində dinə elmi şəkildə yanaşan, elmin prinsiplərini analiz edən, faktlara elmi şəkildə yanaşan dini kitablar bizə gərəklidir. Xürafatla analiz edəndə sabah əldə qələm yox, qılınc olacaq”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.

“İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...