Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Keşikçi böhranının” hədəfləri: gürcülər nəyi unutmamalıdır?

Salome Zurabişvili: “Azərbaycanla sərhəd məsələsinin sürətli həlli lazımdır”.

Son günlər Azərbaycan və Gürcüstan arasında sərhədin delimitasiyası ilə bağlı məsələ qabardılaraq, süni gərginliyin yaradılması cəhdləri müşahidə olunur. Keşikçi dağ məbədi (David Qareci, yaxud Qaraca məbədi): əsas müzakirə mövzusu budur. Məbəd kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir. Bu məbəd kompleksi Alban abidəsi olsa da, əsrlər öncə gürcüləşdirilib. Hərçənd, Azərbaycan və Gürcüstan regionda iki tərəfdaş ölkə olaraq tarixə yox, bu günə və gələcəyə baxır, sərhədin delimitasiyası məsələsini beynəlxalq hüquq çərçivəsində həlli üçün müzakirələr aparır. Hazırda delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66 faiz sərhəd razılaşdırılıb, qalan 34 faizin həll olunması istiqamətində müzakirələr aparır.

İstər rəsmi Bakı, istərsə rəsmi Tbilisi problemin tezliklə hüquq çərçivəsində həllindən yanadır, iki dövlətin mövcud münasibətləri də buna imkan verir. Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, Azərbaycanla sərhəd məsələsinin sürətli həlli lazımdır. Rəsmi Bakı da məsələyə müsbət yanaşdığını bəyan edib. Müzakirələr rəsmi səviyyədə davam edir.

Gürcüstanda siyasi proseslərin istiqamətinə baxanda məsələ ilə bağlı yaradılan süni gərginliyin “Gürcü arzusu” iqtidarına qarşı siyasi rıçaq kimi istifadə edildiyi, gürcü müxalifətinin millətçilik kartına yatırım edərək, ictimai rəydə üstünlük qazanmağa çalışdığı görünür. Keçmiş müdafiə naziri İrakli Okuruaşvilinin sərsəm bəyanatı da buna hesablanıb. Bu baxımdan, sərhəd məsələsində gərginliyin yaradılmasına Gürcüstan daxilində iqtidar-müxalifət qovğası olaraq baxmaq olardı, lakin prosesin inkişafı məsələnin görünməyən tərəfindən ciddi təxribatın hazırlandığına dair ehtimalları gücləndirir, xüsusilə 2019-cu ilin ilk ayından etibarən qeydə alınan bir sıra hadisələr fonunda…

“Azərbaycan sərhədçiləri turist və zəvvarları məbəd kompleksinə buraxmır”.

Bu iddia müzakirələrin aparıldığı vaxt peyda oldu və sürətlə tirajlandı. Zamanın seçilməsi təsadüfi deyildi, çünki bütün xristianlar üçün müqəddəs olan Pasxa bayramında məbədə girişin məhdudlaşdırıldığı xəbəri narazılıq doğuracaqdı.

İnformasiyanın Gürcüstan mediası ilə yanaşı, Ermənistan və regionda erməniyönümlü media tərəfindən tirajlaması baş verənlərin pərdəarxasını anlamağa imkan verir. Hətta erməni mediasının “Papadan artıq katoliklik” edərək, gürcülərin “halına yanması” xüsusi diqqət çəkir.

“Zurabişbilinin siyasətinin nəticələri: Azərbaycan gürcü monastırını bağladı”.

Erməniyönümlü “eadaily” saytı belə sərlövhə ilə məsələni böhrana çevirməyə cəhd edir və iddia edir ki, “Zurabişvilinin Bakıya səfərindən sonra problem böyüdü, çünki gürcü prezident sərhədin delimitasiyasının sürətli həlli haqqında danışırdı”.

Sayt bu iddianı tirajladığı 25 aprel tarixindən iki gün sonra – 27 apreldə yayımladığı “Sərhəddə monastr: Azərbaycan-Gürcüstan dostluğuna “Qareci maneəsi” sərlövhəli məqaləsində tarixə “baş vurur” və iki ölkə arasında gərginlik yaratmaq niyyəti ilə iddialar ortaya qoyur.

Eyni informasiya təbliğatı Ermənistanın “aravot”, “yerkramas” və digər şovinist nəşrlərində də tirajlanır və proses süni şəkildə şişirdilir.

İnformasiya axını oxları Ermənistana yönəldir və aydın olur ki, düşmənin məqsədi sərhədin delimitasiyası ilə bağlı aparılan müzakirələrin yönünü dəyişmək, mümkünsə, Bakı və Tbilisi arasında hazırda problem olaraq görünən məsələnin həll edilməsinin qarşısını almaqdır.

Azərbaycan sərhədçilərinin zəvvarlara maneə kimi göstərilməsinin arxasında da iki hədəf var:

Birincisi, Gürcüstan ictimaiyyətində və xristian icmalarında Azərbaycana qarşı qəzəbi formalaşdırmaq. Burada dünya xristianlarının Azərbaycana qarşı birləşdirilməsi və müsəlman-xristian qarşıdurmasının körüklənməsi planı aydın görünür. Bu, tarix boyu “əzilən xristian” kimliyinə bürünüb qonşu ölkələrin ərazilərini işğal edən və iddialar irəli sürən klassik erməni üslubudur.

İkincisi, Pasxa bayramında Keşikçi dağı məbədində təxribatın törədilməsi. Bu ehtimal son günlər dünyada qeydə alınan terror aktları fonunda ön plana çıxır. Xüsusilə Şri-Lankada 300-dən çox insanın ölümünə səbəb olan terror aktının Pasxa bayramı ərəfəsində kilsələrə hücumla həyata keçirilməsi, baş verənlərə dini motivin yüklənməsi diqqət çəkir. Mümkündür ki, Keşikçi dağı məbədində belə bir terror, yaxud hər-hansı təxribat törətmək və miqyasından asılı olmayaraq, dini bayram vaxtı baş verə biləcək neqativ hadisədən Azərbaycana qarşı istifadə etmək planı qurulubmuş, səhədçilərimizin nəzarəti gücləndirməsi planların baş tutmasına imkan verməyib və erməni təbliğat maşınının işə düşməsi bu kontekstdə təəccüblü deyil. Bu torpaqların illərdir erməni terrorizmindən əziyyət çəkməsi fonunda belə bir plan istisna kimi görünmür.

Və baş verənlərə bu ehtimallar kontekstində baxanda yaradılan süni gərginliyin arxasında erməni barmağı aydın görünür. Hədəf Azərbaycan və Gürcüstan münasibətlərinin pozulması, Bakı və Tbilisini bir-birinə düşmən etməkdir. Plan baş tutarsa:

a) Ermənistanın işğalçı siyasətinə görə Azərbaycan tərəfindən məruz qaldığı blokadadan Gürcüstan vasitəsilə xilas olmaq ümidi yaranır;

b) Gürcüstanla münasibətlərin pozulması Azərbaycanın Qərb qapısının bağlanması versiyasını önə çıxarır;

c) Azərbaycan blokada siyasətini yürüdən ölkədən blokadaya düşən ölkəyə çevrilir və bu, işğalçı ölkənin Dağlıq Qarabağ masasında əlini gücləndirir;

Bu planın baş tutması mümkünsüzdür, Azərbaycanın gücü və strateji potensialı ilə müqayisədə yalnız “erməni xəyalından” başqa bir şey deyil, lakin bu, düşmənin belə oyunlar qurmadığı da demək deyil və məsələ bu gün regionda bütün ölkələrə qarşı ərazi iddiası olan ermənilərdirsə, təxribatın kökü ortaya çıxır. Əslində Ermənistanın hazırda düşdüyü vəziyyət də düşmənin təxribat planlarını aktivləşdirdiyi versiyasını gücləndirir:

– Geosiyasi reallıqlar Dağlıq Qarabağ masasında Azərbaycanın əlini gücləndirib və rəsmi Bakı məsələnin həllinə addım-addım yaxınlaşmaqdadır. Blokada şəraitində olan Ermənistanın Nikol Paşinyanın “Baqramyan 33”-ə gəlişindən sonra “yaşamaq” üçün yeganə çıxış yolu münaqişənin həllinə razılaşmaqdır. Lakin ortada erməni diasporu/lobbisinin iştirakı ilə Azərbaycana qarşı hazırlanan oyunlar da müşahidə olunur və əsas hədəf Bakının Qarabağ masasında geri çəkilməsinə nail olmaqdır. Bunun üçün erməni diasporu/lobbisi Avropa strukturlarından başlamış regionda gərginliyin yaradılmasına qədər uğursuz cəhdlər edir. Əsas planlardan biri də məhz Bakı-Tbilisi xəttində çatların yaradılması və regiondakı vəziyyəti Ermənistanın xeyrinə dəyişməkdir. Hadisələrin xrinologiyası da bunu açıq şəkildə göstərir:

1. Bu ilin 14 yanvar tarixində Nikol Paşinyan parlament seçkilərində qalib gələndən dərhal sonra qeyri-rəsmi şəkildə Gürcüstana səfər etdi və bu ölkənin baş naziri Mamuka Baxtadze ilə azərbaycanlıların tarixi şəhəri Bolnisidə görüşdü. (Azərbaycanlıların tarixi yurdu olan Bolnisidə görüş)

2. Bu səfərdən 6 gün sonra Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana qoyulan abidənin təntənəli açılışı keçirildi. (Erməni terrorçu Mixail Avaqyana abidə ucaldılır və Gürcüstan bütün etirazlara rəğmən sükutu pozmur.)

3. 8 gün sonra – yanvarın 28-də Ermənistan səfirliyinin Gürcüstan parlamentinin Tbilisidə yeganə rəsmi strukturu olan parlament kitabxanasının binasında işğalçı ölkənin silahlı qüvvələrinin 27-ci ildönümü münasibətilə təşkil etdiyi rəsmi qəbulda Gürcüstanın bütün hərbi rəhbərliyi iştirak edirdi.

Və bu hadisələrdən 3 ay sonra Keşikçi dağ məbədi üzərindən süni gərginlik yaradılır. Proseslərin analizi təsdiqləyir ki, ermənilər Bakı-Tbilisi münasibətlərinin pozulmasında Gürcüstanın qaranlıq dəhlizlərində gizlənən erməni lobbisinin üzvləri ilə birlikdə hərəkət edirlər. Əks təqdirdə oynanılan oyunun nəticələri də olmazdı.

Burada ən çox Gürcüstan düşünməli və unutmamalıdır:

– Bu gün “gürcü məbədinin müdafiəçisi” kimi çıxış edən və bununla Bakı-Tbilisi münasibətlərini pozmağa çalışan ermənilər Gürcüstanın 465 mədəbinə rəsmi şəkildə iddia edir;

– Ermənilər zəbt etdikləri gürcü məbədinə – Xudjabi – gürcüləri buraxmır;

– Azərbaycan torpaqlarını işğal edənlər bu gün Gürcüstan torpaqlarına da açıq şəkildə iddia edir, hətta paytaxt Tbilisini erməni şəhəri elan edirlər;

– Regionun ən böyük bəlası olan erməni millətçiliyi Cavaxetiyada separatizm yuvası qurmaqla yanaşı, Gürcüstana qarşı svan və meqrel kartından istifadə etmək planlarını da gizlətmirlər;

Və gürcülər unutmamalıdır ki, Azərbaycan tarix boyu Gürcüstandan dost əlini əsirgəməyib, ən çətin dövrlərdə siyasi və iqtisadi dəstək verib, bu gün də bütün istiqamətlərdə Bakının dəstəyi davam edir. Azərbaycana qarşı yanlış addım ilk növbədə Gürcüstanın ziyanınadır. Bu baxımdan, Azərbaycanla həmrəy olmaq, proseslərə soyuq başla yanaşmaq və məsələnin iki dövlətin maraqları çərçivəsində həllinə nail olmaq ən doğru addım olar. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...