Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

KİTAB YANDIRMAQ! Bu həm də tarixi yandırmaqdır.

Kitab yandıranlar kimlərdir?

Düşüncələr, baxışlar, dünyagörüşlər, zövqlər fərqli ola bilər. Seçkilərə də, rejimlərə də münasibətin, siyasətçilərə də sevgi və nifrətin tərs mütənasibliyi dünyanın hər guşəsində yüzillərdir az və ya çox dərəcədə mövcudddur. Fikirlərlə razılaşıb-razılaşmamaq bir toxunulmaz haqdır və buna görə tənqid edənləri qınamaq, topa tutmaq yanlışdır. Ancaq bir əməl var ki, onun adı sadəcə tərbiyəsizlik deyil, qatillikdir, hannibalizimdir, vəhşilikdir və ən nəhayət nadanlıqdır. Niyə nadanlıqdır, onu izah edim. Yazıçı Anarın Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və çəkisi var. İstər ədəbi mühitdə, istərsə də ictimai-siyasi həyatda tutduğu mövqe, səsləndirdiyi fikirlər hər kəsin təqdirinə və tənqidinə açıqdır. Buna qarşı kimsə haqlı və ya haqsız kampaniya aparmaqda da sərbəstdir. Lakin elə bir çağırış səslənib ki, bunu qətiyyən diqqətdən kənarda saxlamaq, görməzdən gəlmək mümkün deyil. Bir qrup gənc çağırış edib ki, yazıçı Anarın siyasi mövqeyini bəyənmədiyimizə görə kitablarını yandırmalıyıq. KİTAB YANDIRMAQ! Bu həm də tarixi yandırmaqdır. Bu həm də ədəbiyyatı yandırmaqdır. Bir neçə il öncə Əkrəm Əylislinin də bir ədəbi əsərində yazdığı tariximizə kölgə salan xatalı tezisinə görə bu tanış şüarlar səsləndirilmişdi. Cəmiyyət xatalı tezislərinə görə qocaman yazarı qınadı, bir çox hallarda sərt üslubda təhqir də etdi. Bu emosiyaları bəlkə də anlamaq mümkündür, ancaq kitab yandırmaq barədə çağırış səslənəndə, dərhal güzümün qarşısına Mirzə Fətəlini, Mirzə Sabiri, Mirzə Cəlili mənəvi terrorla öldürən milli qaragüruhumuz göz önünə gəlir. Doğrudanmı bu qargüruh virusu bu qədər gəncləşərək 21-ci əsrə qədər içimizdə hökmranlıq edə bilir? Tarix boyu işğal edənlər işğal olunanın kitablarını yandırıb.Bunu dinsizlər də edib, xristianlar da, yəhudilər də, müsəlmanlar da. Ötən əsrdə də bu vəhşiliyi faşistlər, kommunistlər, yobaz dinçilər təkrarlayıblar. Hər kəs öz ideologiyasına, baxışlarına tərs düşən kitabı yandırmaqla özünə rahatlıq tapacağını düşünüb. Ancaq yer üzündə bundan iyrənc, bundan yaramaz əməl təsüvvür etmək mənim üçün həqiqətən çətindir. İnsanın cismini yandıranlar da onun fikrini yandırandan o dərəcədə təhlükəli deyil. Bu çağırışı sadəcə qınayıb keçmək olmaz, heç yazıçı Anarı da dəstəkləmək kimi addıma da ehtiyac yox, kitab yandırmaq virusunun daşıyıcılarından qorxmaq lazımdır, müqaviməti düşünmək lazımdır, gənc olsun, böyük olsun, o yerdə ki, kitabın müəllifinə ölüm hökmü kəsirlər, o yerdə ki, kitabı qadağan edirlər, o yerdə ki, kitabı yandırırlar, o yerə 22-ci əsrdə də Şeyx Nəsrullah təkrar-təkrar ölü diriltməyə gələcəkdir. O zaman milli qaragüruhun yandırdığı “Ölülər”i axtaracaqlar, hətta külünün də xiffətini çəkəcəklər.
Bilmirəm, bəlkə bu millətin başqa gəncləri də bu vəhşiliyin, bu nadanlığın, bu hannibalizmin qarşısına “Kitabı qoruyaq və oxuyaq!” kampaniyası ilə çıxsalar daha islahedici bir davranış sərgiləmiş olarlar?
Bu gün dünyamız vaxtilə kitab yandıran kitabsızlara görə bir çox bilgilərdən məhrumdur. Həm də hər bir kitab bir insanın zehninin, əlinin, vaxtının məhsuludur, bəyənmirsinizsə, oxumayın, evinizə götürməyin. Ancaq kitab yandıran cahil kimi yaddaşlarda qalanlardan olmayın!

/ Din.az bildirir ki, millət vəkili bu məqaləni özünün Facebook səhifəsində paylaşıb

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...