Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kül başına, ay İran…

İran hadisələrindən xəbərsiz olan vətəndaşlarımız nağılvari fikirlər səsləndirdi.

Keçən ayın sonlarına doğru qonşumuz İranda hökumətə qarşı etiraz aksiyaları başladı. Bu ölkədə baş verənlər xalq olaraq bizim üçün maraqlıdır. Çünki, tarixi torpaqlarımızın, o torpaqlarda yaşayan milyonlarla həmvətənimizin taleyi bizi narahat etməyə bilməz. Ona görə də İran barədə danışmaq, İranda baş verənlərə münasibət bildirmək haradasa bizim haqqımızdır. Ancaq bunu hansı formada etməliyik?

İranda başlayan etiraz dalğasının mahiyyət və məramından xəbərsiz olan vətəndaşlarımız, hadisələr barədə inanılmaz nağıllar uydurdu, nağılvari fikirlər səsləndirdi. Hərdən elə fikirlərlə rastlaşdım ki, istənilən politoloq belə bu fikirləri eşitsə zülüm-zülüm ağlaya bilər. İrandakı iğtişaşlar gözəl ölkəmin hər şeylə maraqlanan qəhrəman və qoçaq vətəndaşlarını ən azı iki yerə parçaladı. Bütöv Azərbaycan ideologiyasından xəbərsiz “vətənpərvərlər” az qala Təbrizə üç rəngli bayraq sancır, şiə ayətullahların təəssübkeşləri isə Amerikanı söyür, qonşu ölkənin ali dini liderinə sevgisini izhar edir, ona qahmar çıxırdı. Kül başına, ay İran…

İran sevgisi ilə alışıb yananlara, İranı müqəddəsləşdirənlərə hər zaman ikrahla yanaşmışam. Birmənalı olaraq iranpərəstlər gözümün düşmənidir. Ümumiyyətlə “pərəstlər”dən xoşum gəlmir. Fars şovonizmi və şiə məzhəbçiliyi bu xalqı həmişə geri salıb. Hələ də fars nağıllarını din adı altında bizə sırıyanlara inanan insanlarımız var. Həmişə bu təbliğata qarşı olmuşam, İslamın mahiyyətinin bu qədər təhrif olunması məni qorxudub. İranda təhsil alan dindarları bu ölkə üçün təhlükə hesab etmişəm və hələ də xaricdən idxal edilən din adamlarından, xüsusilə fars təfəkkürlü mollalardan qorxuram.

Proseslər göstərdi ki, “vətənpərvərlər” də təhlükəlidir. Bütöv Azərbaycan ideologiyasının mahiyyətini anlamayan insanlar, hadisələrə obyektiv qiymət verə bilmir, Azərbaycanın bütövlüyünü arzulayarkən buna mane olan ən böyük amilin şiəlik olduğunu anlamaq istəmir. İranda yaşayan soydaşlarımızın hüquqsuzluğunun əsas səbəbi şiə məzhəbçiliyi, soydaşlarımızın böyük əksəriyyətinin milli kimliyini, məzhəb təəssübkeşliyinə güzəştə getməsidir. Təbii ki, ziyalılar arasında kifayət qədər milli düşüncənin mahiyyətini dərk edənlər, illərini milli mücadiləyə həsr edən insanlar var. Onların əziyyətini yerə vurmaq vicdansızlıq olar. Amma kütlənin böyük əksəriyyəti, şiəliyin, məzhəbçiliyin yanındadır. Hətta İrandakı molla rejiminin bəlkə də ən böyük dəstəkçisi, əzilən soydaşlarımızdır.

Bu günlərdə millət vəkili Fazil Mustafanın İranda baş verənlərlə bağlı, xüsusilə Güney Azərbaycanla bağlı fikirlərini oxudum. Fazil bəy həqiqətləri, İranda baş verənlərin mahiyyətini çox gözəl şərh edib. Xüsusilə Səttarxan, Xiyabani, Pişəvəri hərəkatları ilə bağlı fikirləri mənim diqqətimi çəkdi. Bəli, Səttərxan hərəkatının ilhamverici qüvvəsi şiə mollalarıydı və məqsəd İranın bütövlüyü idi. Xiyabanini hərəkatı bolşevizmlə şiəliyin qarışığından ibarət idi və Azərbaycan türklərinə heç nə vəd etmirdi. Yeganə ümidverici hərəkat “21 Azər” hərəkatı idi ki, onu da imperialistlər beşiyində boğdu.

Hazırda İranda gedən proseslərin Milli Hərəkatla heç bir əlaqəsi yoxdur. İmperialist gücləri bizim əzilən soydaşlarımızın taleyi əsla narahat etmir. Və çox təəssüf ki, kütlə milli kimlik üçün savaşmaq istəmir. İrandakı etirazlardan ümidlənmək, naşılıqdır.

Azərbaycanın bütövlüyü şəxsən mənim ən böyük arzumdur. Amma bu arzunun həyata keçməsi üçün illərlə mübarizə aparmağa ehtiyacımız var.

Hələlik məzhçilikdən uzaq durmağı bacarsaq, milli kimliyimizə hörmət etsək xalqımızın, millətimizin gələcəyi üçün daha faydalı olar… / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...