Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Küveyt mətbuatı: “Azərbaycan… dünyada inkişaf edən turizm incisidir”

“Azərbaycan ərəb ölkələri ilə tarixi, dini və mədəni köklərlə bağlıdır”.

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin 15 mart tarixli sayında qəzetin müxbiri Samira Freymeşin “Azərbaycan… dünyada inkişaf edən turizm incisidir” başlıqlı məqaləsi dərc edilib.

Din.az xəbər verir ki, məqalədə müəllif, son dövrdə Azərbaycan hökumətinin dəstəyi sayəsində Azərbaycanda turizmin inkişaf etdiyini, bir neçə illər bundan öncə isə Azərbaycanın turistlər üçün turizm ölkəsi kimi hesab olunmadığını qeyd edib.

Lakin, o, son zamanlar Yaxın Şərqin ən əhəmiyyətli turistik ölkələrində təhlükəsizlik və sabitliyin olmaması səbəbindən Körfəz ərəb ölkələri və ümumiyyətlə bütün ərəb dövlətlərindən turistlərin öz bayram tətillərində Azərbaycana səyahət etməyə maraqlarının artdığını, Azərbaycan hökumətinin Küveyt də daxil olmaqla bütün ərəb ölkələrindən Azərbaycana turistlərin cəlb edilməsi üçün prosedur qaydalarının asanlaşdırılması məqsədilə özəl sektor və turizm şirkətlərinə dəstəyini əsirgəmədiyini, Körfəz ərəb ölkələri və Azərbaycan arasında turizm sahəsinin inkişaf etdiyini, Küveyt və Bakı arasında çox münasib bir qiymətə birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra iki ölkə arasında turist axının intensivləşdiyini qeyd edib.

Müəllif Azərbaycanın ərəb ölkələri ilə tarixi, dini və mədəni köklərlə bağlı olduğunu qeyd edərək, son zamanlar Azərbaycan və Küveytin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin gücləndiyini bildirib, Azərbaycanın bir çox turizm şirkətlərinin ərəb və Körfəz ərəb ölkələrindən turistlərin gəlişində maraqlı olduqlarını, Küveyt vətəndaşlarının Azərbaycana səfər etmək üçün Bakıda hava limanında və ya elektron viza almaq imkanında olduqlarını qeyd edib. Azərbaycanın Küveytdəki Səfirliyinin ölkədə turizm sahəsinin inkişafının təşviqi istiqamətində rolunu və səylərini yüksək qiymətləndirən jurnalist, Küveytlə Azərbaycan arasında məsafənin bir o qədər böyük olmadığını bildirərək, küveytli turistlərin Azərbaycana sayının daha da artacağına inandığını diqqətə çatdırıb.

Həmçinin müəllif öz məqaləsində, Azərbaycanın turizm şirkətləri tərəfindən bütün turistlərə, xüsusən də tarixi, dini, mədəni köklərlə bağlı ərəb ölkələrinin turistlərinə xüsusi diqqət və yüksək xidmət göstərildiyini, turistlərin ixtisaslaşmış institutların mütəxəssisləri və məzunlarından ibarət ərəb dilindən tərcüməçilər, habelə Azərbaycanın turizm bölgələrinə səfər etmələri üçün bələdçilərlə təmin edildiyini, Azərbaycanın paytaxtı Bakının ölkənin ən əhəmiyyətli turistik şəhərləindən biri olduğunu, Heydər Əliyev adına Beynəlxalq hava limanında bütün şəraitin mövcud olduğunu, bu hava limanından digər bölgələrə getməyin çox asan olduğunu, turizm şirkətlərinin turistləri hava limanından mehmanxanalara və istənilən məkana getmələri üçün nəqliyyat vasitələri ilə təmin etdiklərini, onların rahatlıqla Azərbaycanın turizm bölgələrinə səfər etmələri və turizm obyektləri ilə tanış olmaları üçün yüksək səviyyədə xidmət göstərdiklərini oxucuların diqqətinə çatdırıb.

Eyni zamanda məqalədə, 11 iqlim qurşağından 9-nun mövcud olduğu Azərbaycanın xəzəryanı və keçmiş Sovet İttifaqının tərkibində olmuş neftlə zəngin bir ölkə olduğu, Azərbaycanda YUNESKO-nun ümumdünya irs siyahısına salınmış çoxlu sayda tarixi abidələrin mövcud olduğu, Azərbaycanda nəinki yayda ilin digər mövsümlərində, xüsusən də qış aylarında turistlərin dağlarda xizək sürmələri üçün kifayət qədər şəraitin yaradıldığı, Körfəz ərəb ölkələrindən Azərbaycana investisiya qoyulduğu, ölkədə bir çox ərəb restoranlarının açıldığı, Azərbaycan xalqının böyük bir mədəniyyətə sahib, qonaqpərvər və qonaq sevən xalq olduğu, paytaxt Bakının Xəzər dənizinin sahilində və Abşeron yarımadasının cənub sahilində yerləşən ən böyük şəhərlərdən biri olduğu, şəhərin Azərbaycanın elmi, mədəni və sənaye mərkəzi sayıldığı, Bakıda bir çox zavod, fabrika və müəssisənin, habelə dünyanın 100 ən güclü şirkətlərindən biri olan SOCAR-ın fəaliyyət göstərdiyi, Bakıda 1847-ci ildə ilk dəfə neft hasil olmağa başlandıqdan sonra şəhərin iqtisadi cəhətdən regional mərkəzə çevrilldiyi, küveytli turistlərə Bakı və digər şəhərlərdə ən yüksək səviyyədə xidmətlər təklif olunduğu, ölkədə turistlər üçün hər bir şəraitin yaradıldığı, həmçinin Azərbaycanın digər turistik şəhərlərindən biri olan Qəbələ şəhərində turistlərin alış-veriş etmələri üçün bir çox ticarət mərkəzlərinin fəaliyyət göstərdiyi, 2009-cu ildən etibarən Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalının keçirildiyi, şəhərdə bir çox tarixi muzey, mədəniyyət mərkəzləri və teatrların fəaliyyət göstərdiyi qeyd olunub. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...