Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

LOĞMANIN OĞLU OLMAQ

Quran, istəyir ki, biz, oğuluqsa İbrahim olaq, atayıqsa Loğman.

Allah bizdən kim olmağımızı istəyir?

Quran bizə qissələr danışır, ailələr barədə məlumat verir. Bəzən gözümüz önündə kafir atanın mömin oğlu İbrahim canlanır, bəzən mömin atanın kafir oğlu Kənan. Bəzən bizə Firounun mömin zövcəsi Asyanın hekayəsini danışır, bəzən Lutun kafir xanımının. Bəzən atalara qibtə edirik, bəzən oğullara… Bəzən Azər oluruq, bəzən Kənan. Allah isə bizdən İbrahim olmağımızı, Nuh olmağımızı istəyir.

Ailələr fərqli olduğu kimi hekayələri də fərqlidir. Amma Quran, istəyir ki, biz, oğuluqsa İbrahim olaq, atayıqsa Loğman. Firounun zövcəsiyiksə Asya kimi davranaq, İbrahimə Həcər olaq. Anayıqsa, Hannə olub övladımızı Allaha adayaq. Məryəmiksə, İsaya hamilə qalaq…

Bu hekayətlər sadəcə hekayə olun deyə danışılmır. Nümunə götürülsün, ibrət alınsın və tətbiq edilsin, deyə danışılır. Allah, hər rastlaşdığımız həyat hadisəsinə bir çözüm olması üçün həmin hekayətləri bizə çatdırır.

Qissələr bəzən ad vermədən hadisəyə diqqət çəkir: Adəmin iki oğlunun hekayəti kimi. Biri malının ən yaxşısını qurban verib, biri sahib olduğunun ən pisini. Habillik etmək də, Qabil kimi davranmaq da bizdən asılıdır. Allah bizim əməlimizə baxıb bizə ad verəcək. Ya bizə Habil deyəcək, ya da ki Qabil…


Fironun zövcəsinin davranışından danışır bizə. Firona asi çıxdığı üçün biz onu Asya olaraq anırıq. Fironun da adı bəlli deyil, Asyanın da. Davranışımız müəyyən edəcək biz saraydan vaz keçməyən Fironuqmu, ya saraya arxa çevirən Asya…

İmranın ailəsini anladır bizə. Məryəmin anasının adının Hannə olduğunu açıqlamadan. Məqsəd bizə Hannəni tanıtmaq deyil, məqsəd Hannəliyi öyrətməkdir.

Loğmandan danışır Allah, bizə. Onun rəsul və ya nəbi olub olmadığını mübahisə mövzusu etməyimiz üçün deyil, onun oğluna verdiyi nəsihəti üstümüzə alıb əməl etməyimiz üçün.

Quran bizə nə Loğmanın hekayətini danışır, nə də onun oğlunun kimliyini açıqlayır. Bizi maraqlandıran “onlar kimdir, nə zaman və harada yaşayıblar?” sualı olmamalıdır. Bizi düşündürən o nəsihətdən pay alıb almamağımızdır.

Nə deyir Loğman oğluna?

1. Allaha şirk qoşma. Deyir və səbəbini açıqlayır: çünki şirk ən böyük zülmdür.


2. Valideyinlərimizə yaxşı davranmağı nəsihət edir və yenə də səbəbini açıqlayır: ana övladını bətnində daşıyıb, ağır sancılara qatlanaraq dünyaya gətirib, süd verib… Dönüşün Allaha olacağını unutmadan valideyinə də Allaha da şükrü öyrədir bizə Loğman atamız.

3. Bilgisiz itaəti inkar edir. Əməldə bilgini şərt qoşur.

4. Allahın şahid olduğunu, hər əməli gördüyünü xatırladır oğluna. Xardal dənəsi boyda olsa da o əməldən Allahın xəbərdar olduğunu yada salır. Gizli və açıq kameraların həyatımızın hər tərəfini işğal etdiyi bir dövrdə Allahın bizi necə gördüyünü təsəvvür etmək artıq çətin deyil… Həm də Allahın kamerası gizli deyil. Öncədən elan edilmiş bir xəbərdarlıqdır.


5. Loğmanın oğluna verdiyi təlimatlardan biri də ibadəti haqqı ilə əda edərək yaxşılığı əmr edib, pislikdən çəkindirməkdir. Yaxşını əmr etmək üçünsə həm yaxşını bilmək lazımdır, həm də bildiyinlə əməl etmək. Çünki Loğman öncəki bir nəsihətində bilgisiz əməli inkar etmişdir. Nəyi nə üçün etdiyini bilməyənin əməli sadəcə təqlidir. Təqlid isə meymuna yaraşar, insana deyil.


6. Təkəbbürdən, lovğalıqdan uzaq olmağa səsləyir. Allahın verdiyi nemətin fərqində olan şükrü kimə edəcəyini bildiyi üçün təkəbbürdən uzaq olar.


7. Loğmanın son nəsihəti, həyat yolumuzda intizamlı yürməyi, səsimizi yüksəltməməyi tövsiyədir. Səbəbi yenə bəllidir: ən pis səs uzunqulağın səsidir. Bənzətmə metaforadır: anlatmaqla anqırmaq arasındakı fərq insanla heyvan arasındakı fərq kimidir. Loğman bizə insanlığı öyrədir, insan kimi davranmağı nəsihət edir…

Loğmanın oğlu olmaq onun nəslindən olmaq anlamına gəlmir. Loğmanın oğlu olmaq onun nəsihətinə uymaq deməkdir. Bu nəsihəti üstünə alan, ona əməl edən hər kəs Loğmanın oğludur. İstər anadan qız doğulsun. Allah ona Loğmanın oğlu gözü ilə baxacaq.

P.S. Quran dərs kitabıdır. Bizə həyat dərsini keçir. Övlad olmağı da oradan öyrənirik, valideyn olmağı da. Ərlik də Qurandan öyrənilməlidir, qadınlıq da. Yerişimizə, geyimimizə, işimizə-gücümüzə, evliliyimizə – boşanmağımıza, yeməyimizə – içməyimizə, qazancımıza – xərcliyimizə qarışan Allah, bizi cənnətə istiqamətləndirir. Quran, cənnətinin yoluna işıq salan mayakdır. Qaranlıq yolların sonu cəhənnəmə çıxır. Yol bəlli, bələdçi bəlli. Yolu seçmək yolçunun ixtiyarındadır. Ya Loğmana uyub onun oğlu olacağıq, ya Nuhun kafir oğlu Kənan kimi qayalara çırpılacağıq.

Rüzgar Kəskin /azerislam.com

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...