Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Mediadakı intihar və şiddət xəbərləri digər insanlarda çağırış effekti yaradır” 

İntihar edən insanlardan daha ağır vəziyyətdə olanlar var.

Limunət Əmrahlı: “ KİV sanki “intihar və təcafüz hərəkətlərinin icra qaydaları haqqında maarifləndirmə” funksiyasını yerinə yetirir”
“Mediada bu cür xəbərlərin yer almasını önləmək mümkün deyil, çünki…”

Son günlər artan intihar və təcavüz xəbərləri cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır. Nə qədər qəribə olsa da, cəmiyyətin bu sahədəki narahatlıq və narazılığının bir ünvanı da bu kimi xəbərləri onlara çatdıran mediadır. Belə ki, bəzi vətəndaşlar hesab edir ki, medianın bu xəbərlərə yer verməsi ictimai psixoz yaradır və bu qəbildən olan cinayətləri tətikləyir.

Bəs əslində necə, intihar və təcavüz xəbərləri intihar və təcavüzə meyilli şəxsləri həqiqətən də bu əməllərə təhrik edirmi? Doğrudanmı medianın bu yöndəki susqunluğu yeni cinayət və intiharların önlənməsinə səbəb ola bilər?

Din.az bildirir ki, Moderator.az bu və bu kimi məqamlara aydınlıq gətirmək üçün olaraq “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlıya müraciət edib.

-Limunət xanım, son vaxtlar mediada intihar və təcavüzlərlə bağlı xəbərlərin artması medianın özünə yönəlik bəzi ittihamlara yol açıb. Belə ki, bəzi şəxslər hesab edir ki, media bu cür xəbərlərə yer verməklə intihar və təcavüzə meyl edən digər insanları da bir növ buna təhrik edir. Maraqlıdır, mediada yer alan bu tip xəbərlərin oxşar qəbildən olan hadisələrin baş verməsinə hansısa təsiri varmı?

-İnsan psixikasının çox maraqlı xüsusiyyətləri var. Bu, ilk növbədə şüur (ağıl) və alt şüur (təltəlşüur) arasındakı əlaqə ilə bağlıdır. İnsan bilir ki, narkotik qəbul eləmək onu məhvə sürükləyir, lakin altşüurdan qaynaqlanan maraqlar onu bu hərəkətə vadar edir. Yəni, maraq ağılı üstələyir. İntihar da belədir. Bu baxımdan mətbuatda gedən informasiyaların intiharların, təcavüzün, şiddətin artmasına bilavasitə təsiri var. Bu informasiyalar onlarda çağırış effekti yaradır.

-Yəni psixologiya elmi bu cür təsirin mövcudluğunu təsdiqləyir?

-Bəli. Psixologiyada bununla bağlı çoxsaylı eksperimentlər aparılıb. Labrozo, Bandura, Skinner və b. sübut ediblər ki, aqressiya haqqında düşünməyən, xarakterində buna meyilliliyi olmayan şəxslər belə aqressiv təsirlərə məruz qaldıqda onlarda oxşar reaksiyalar başlayır.

Başqa bir maraqlı cəhət insanlarda ölüm prosesinə maraqla bağlıdır. Məsələn, biz yüksəklikdən baxdıqda yer bizi özünə cəlb edir. Oradan atılmaq, suya baxdıqda onun ləpələri arasında qərq olmaq, alova baxdıqda ağuşunda ərimək, əlimizdə ətdoğrayanla işləyərkən bu alətlə kiməsə xətər yetirmək barədə düşünürük. Ancaq ağlımız bizə “DUR” deyir.

-Lakin müəyyən istisnalara da rast gəlirik.

-İstisnalar var. Məsələ ondadır ki, zəif iradəli insanlarda “Dur” iradəsi işləmir. Dünyada intihar edən insanlardan çox-çox ağır vəziyyətdə olan, çıxılmaz vəziyyədə qalan insanlar var. Onlar intihar etmirlər.

Digər bir məsələ bu prosesin fərqli yollarla baş verməsidir. İnsanlar həmin prosesə baxır, hansı yol onun üçün daha asan görünürsə, o cür də öz istəklərini həyata keçirir.

-Onda belə çıxır ki, KİV-də yer alan intihar xəbərləri bir növ bu şəxslər üçün “yol xəritəsi”, kompas və ya mayak rolunu oynayır?

-Elədir. KİV bu sahədə “intihar və təcafüz hərəkətlərinin icra qaydaları haqqında maarifləndirmə” funksiyasını yerinə yetirmiş olur.

-Sizcə bu gerçəyin media əməkdaşları, jurnalist təşkilatları tərəfindən dərki bu kimi xəbərlərin KİV-də yer almasını əngəlləyə bilərmi? Medianın belə bir anlayış göstərməsini nə dərəcədə mümkün hesab edirsiniz?

-Bütün bunlara rəğmən, mən KİV-də belə informasiyaların getməyəcəyini qətiyyən düşünmürəm. Bunun qarşısını almaq mümkün deyil. Söhbət rəqabətdən gedir. Baxın, dünyada ekoloji tarazlığın qorunması ilə bağlı nəhəng təşkilatlar fəaliyyət göstərir. Görürsünüz ki, qarşısını almaq mümkün olmur, çünki ortada inkişaf rəqabəti var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...