Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məhərrəmlik mərasimləri necə keçirilməlidir? – İlahiyyat İnstitutunun rektoru izah edir

“Məhərrəm ayı mühüm dini-mənəvi əhəmiyyət daşıyan aylardan sayılır.”

İslam dünyasının müqəddəs bildiyi və mahiyyətində həm böyük hüzn, eyni zamanda, qəhrəmanlıq daşıyan Məhərrəm ayı başlayıb. Ayın gəlişi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi də öz ənənəsinə sadiq qalaraq, müvafiq fətva ilə ictimaiyyətə səsləndi.

Məhərrəm ayının gəlişi, Aşuranın fəlsəfəsi və əhəmiyyəti, ictimaiyyətin buna münasibəti ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Xalq əzetinə fikirlərini bildirib:

– Məlum olduğu kimi, Məhərrəm ayı müsəlman aləmində mühüm dini-mənəvi əhəmiyyət daşıyan aylardan sayılır. Özündə hüzn və mərdlik, qəhrəmanlıq birləşdirən mühüm hadisələr ayıdır. Bu ayda sevimli peyğəmbərimiz Məhəmməd əleyhissalamın sevimli nəvəsi İmam Hüseyn (ə.) öz ailə üzvləri və ən yaxın silahdaşları ilə Yezidin qoşunları tərəfindən qətlə yetirilmişdir.

Məhərrəm ayı döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də İmam Hüseynin (ə.) şəhadəti ilə tarixə həkk olunub. Məzhəbindən asılı olmayaraq bu faciəni tarix boyunca, bütün müsəlmanlar dərin hüznlə qarşılamış, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmuşlar. Azərbaycanda Aşura mərasimlərinin keçirilməsinin fərqli formaları müşahidə edilir. Müasir dövrdə müstəqil Azərbaycanda məscidlərdə Məhərrəmlik mərasimləri dindarların iştirakı ilə sərbəst şəkildə keçirilir və müsbət haldır ki, baş yarmaq, bədənə müxtəlif fiziki işgəncələr vermək kimi mənfi hallar, demək olar ki, müşahidə edilmir.
Məhərrəmlik mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, baş yarmaq, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olan hərəkətlərə yol verilməməlidir. Qafqaz Müsəlmanları Qazılar Şurasının Məhərrəmliklə bağlı fətvasında qeyd olunan məqamlara diqqət yetirilməlidir. Qan çıxarmağı zəruri hesab edənlərə tövsiyə edirik ki, onlar bu cür bəyənilməyən əməllərin əvəzinə, könüllü olaraq qanvermə aksiyalarına qoşulsunlar. Bununla onlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olarlar. Bir sözlə, Aşura günü öz ruhuna uyğun şəkildə keçirilməlidir.

Lakin xüsusi vurğulanmalı məqamlardan biri də bu ayda məqsəd şəhidlərimizin xatırlanmasıdır. Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmiş insanlarımız təbliğ olunmalı, İmam Hüseyin (ə.), qəhrəmanlığından nümunələr gətirilməli, gənclərimiz bu mötəbər şəxsiyyətin yolu ilə gedən Vətən oğullarımızı tanımalıdırlar. Onu da qeyd etmək yerinə düşər ki, bizim İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək. Bu aksiyada bütün müəllim heyəti iştirak edəcəkdir. Aşura günü ilə bağlı başqa tədbirimiz də nəzərdə tutulur. Sentyabr ayının 19-da “Kərbəla hadisəsinə tarixi, sosio-psixoloji və ədəbi baxış” adlı “dəyirmi masa” keçiriləcək.

Azərbaycan dövlətinin apardığı din-dövlət siyasətinin uğurlu nəticəsi göz qabağındadır. Əsas vəzifəsi inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarət olan Azərbaycan İlahiyyat İnstitutu öz fəaliyyətində bu istiqamətdə maarifləndirmə işlərinə xüsusi diqqət yetirəcək.

İnstitutun əməkdaşları millətimiz üçün əhəmiyyət daşıyan Məhərrəm ayı kimi mənəvi günlərimizdə, bayramlarımızda cəmiyyətimizin düzgün maarifləndirilməsində yaxından iştirak edəcəklər. / Aznews.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...