Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məktəblərdə dinin tədrisində ZİDDİYYƏTLƏR

“Bu fikrin həm müsbət, həm də mənfi tərəfləri var…”

Respublikanın orta ümumtəhsil məktəblərində din mövzusunun tədrisinə başlanılır. Uzun müddətdir mətbuatda da müzakirəsi işıqlanan dini təhsil yenidən gündəmə oturub.690208261c2315efb8266da37ec738e4(1)

“Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanın orta məktəblərində dinlə bağlı biliklər geniş şəkildə tədris ediləcək, lakin bunun üçün ayrıca dərsliklər çap olunmayacaq. “Həyat bilgisi” fənninin daxilində dinlə bağlı mövzular əlavə olunacaq.

Təhsildə bu yeniliyin tətbiq olunması özüylə bir sıra suallar ortaya qoyur. Bu sahədə hansı mütəxəssislər cəlb olunacaq? Gələcəkdə nə kimi yeniliklərə nail olacağıq?

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli jurnalistlərə açıqlamasında bildirib ki, Orta məktəblərdə dini biliklərin tədrisi üçün bizim kifayət qədər kadr potensialımız var. Biz bu fənnin tədrisi zamanı hər hansı dini ibadətin təbliğini və aşılanmasını yox, uşaqlarda ümumiyyətlə, bütün səmavi dinlər haqqında baza məlumatlara yer verilməsini təklif edirik.

88386İlahiyyatçı Elşad Miri isə deyir ki, uşaq və yeniyetmələrin formalaşdırılmasında ancaq din yardımçı ola bilər. “Bu məsələ, həqiqətən, zəruriyyət doğuran məsələlərdəndir. Lakin bunu qeyd etmək lazımdır ki, bu fikrin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfləri odur ki, dövlət bundan xeyli mənfəət əldə edərək ərazi daxilindəki missioner kəşfiyyatçılığının qarşısını ala bilər. Müxtəlif dini sektalar və ya məzhəblərin fəaliyyətini bu cür məhdudlaşdırmaq olar. Eyni zamanda, din insanda bir əxlaq təcəssümünü formalaşdırır. Uşaq və yeniyetmələrin formalaşdırılmasında ancaq din yardımçı ola bilər. Bunun mənfi cəhətləri bu ola bilər ki, dövlət əsas dini ideyanı təhrifləşdirərək bunu tələbələrə ötürə bilər. Məsələn, müsəlmanlar radikal tanıtdırılaraq, digər dinlər daha liberal göstərilə bilər və ya digər ocaqlarda fərdi verilən dərslərə qadağa da qoya bilər. Bunun çarəsi ölkənin ən savadlı ilahiyyatçıları ilə köməkləşərək bu tərtibatı aparmaqdır”.

Onun sözlərinə görə, Azərbaycan məktəblərində standart tədris proqramı təsdiq olunaraq həmin proqram üzrə dərslər tədris edilsə, məsələ bununla da həllini tapar: “Artıq bununla bağlı bir neçə dərslik hazırlanıb. Sadəcə, hökumətin dəstəyi lazımdır. Hətta düşünürəm ki, dini biliklər nəinki orta məktəblərdə, uşaq bağçalarında tədris olunmalıdır. O ki qaldı kadr məsələsinə, hesab edirəm ki, bununla bağlı hansısa problem ortaya çıxmayacaq. Əgər hökumət istəsə, onda ilahiyyat fakültələrinə qəbul planını artıra bilər. Bununla da heç bir problem qalmaz”.

E.Miri həmçinin onu da söyləyir ki, bu iş Azərbaycanda fəaliyyət göstərən özəl türk liseylərdə daha yaxşı qurulub: “Məsələn, adıçəkilən təhsil müəssisələrində həftədə bir dəfə mənəviyyat fənni tədris olunur. Bunun nəticəsidir ki, orada təhsil alan şagirdlərlə Azərbaycanın orta məktəblərində oxuyan yeniyetmələr arasında böyük fərqlər var. Bu həm insanlara qarşı davranışda, həm Vətənə, torpağa münasibətdə özünü açıq şəkildə göstərir”.

Təhsil üzrə ekspertlər dinin tədrisinə qarşı çıxıblar. Onlar fərqli şərhləri ilə diqqət çəkirlər.

“Azərbaycan dünyəvi dövlətdir və…”

Məsələyə münasibət açıqlayan təhsil eksperti Vəfa Yaqublu söyləyir ki, bu təklifə olduqca ehtiyatlı yanaşmaq lazımdır. Ümumiliklə orta məktəblərdə dini dərslərin tədrisinin əleyhinə olduğunu vurğulayan həmsöhbətimiz deyir ki, Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır: “Dövlət təhsil müəssisələrində dinin tədris olunması təşəbbüsü, sözsüz ki, dünyəvi dövlətin təməl prinsipləri və dəyərləri ilə ziddiyyət təşkil edə bilər. Əlbəttə, burada müəllimlərin seçim məsələsi də çox önəmlidir. Yəni hər adam gəlib orta məktəbdə din dərsi deyə bilməz. O adamın özünün din barəsində düzgün, açıq-aydın təsəvvürü, mütaliələri olmalıdır. Digər tərəfdən, hansısa bir insanın dini biliklərə malik olması o demək deyil ki, həmin şəxs orta məktəbdə dini tədris edə bilər. Bu kadrların həm də pedaqoji təcrübəsi vacibdir”.

Ekspert onu da vurğulayır ki, hazırda orta məktəblərdə ədəbi irs kimi seçmə fənn olaraq mənəviyyat fənni tədris olunur: “Bu fənn çərçivəsində şagirdlərə din barəsində zəruri biliklər öyrədilir”.1468997664_0001

Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev isə hesab edir ki, orta məktəb dərslikləri kifayət qədər yüklənib və yeni bir fənn proqramının tətbiqi şagirdi bir qədər də çətinliyə sala bilər. Bu baxımdan ekspert orta məktəblərdə dini tədrisin əleyhinə olduğunu söyləyir:

“Bir çox ölkələrdə dinin elementar əsasları tədris olunur. Lakin Azərbaycanda indiki şəraitdə bunu mümkün hesab etmirəm. Ümumiyyətlə, orta məktəblərdə tədris olunan bir neçə fəndə din haqqında, dini şəxsiyyətlərimiz barədə sitatlar, dini anlayışlar verilir. Bu baxımdan dinin ayrıca fənn kimi tədrisinə ehtiyac görmürəm”. E.Əliyev qeyd edir ki, şagirdlər üçün dini kitabların yazılması müsbət olar. Bir qədər elmi əsaslandırılmış dini kitabların yazılması zəruridir ki, sinifdənxaric oxu üçün şagirdlər bu ədəbiyyatdan istifadə edə bilər.

1456141397Ekspert Kamran Əsədov isə həmkarlarından fərqli olaraq dinin məktəblərdə öyrədilməsini vacib sayır:Mən hesab edirəm ki, dinin tədrisi ilə bağlı təkliflər son dərəcə gecikmiş təkliflərdir. Gərək orta məktəblərdə dini biliklərin tədrisi işinə çoxdan başlanılardı. Axı dini dəyərlər tarix boyu xalqımızın milli-mədəni və ideoloji identikliyini formalaşdırmış əsas baza hesab olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Amma qeyd etmək istəyirəm ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaqları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. Yerli məzunların da çatışmayan cəhəti islam hüququ, tarixi, mədəniyyəti və s. haqda biliklərinin yüksək səviyyədə olmamağıdır. Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Din fəninin şagirdlər tərəfindən yaxşı şəkildə mənimsənilməsini təmin edən əsas amillərdən biri budur ki, müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaq və davranışı ilə, həyat tərzi ilə onlara nümunə olsun. Bununla yanaşı, din fəninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fəninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir. Birdə vurğulamaq istəyirəm ki, əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. İslamın gözəlliklərindən, Məhəmməd peyğəmbərin yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək. Habelə din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək. Adətən gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edir. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək”.

Psixoloq yanaşması…

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov orta məktəblərdə dinin tədrisinivacib sayır: «Düzdür, ölkədə din mütəxəssislərin sayı kifayət qədər deyil. Əgər tədris olunacaqsa, bütün dinlər barədə şagirdlərə məlumat verilməlidir, tarixləri öyrədilməlidir. Dinin tədrisi həm də gəncləri zərərli vərdişlərdən qoruyar. Bu gün gənclərin mənəviyyatında çox ciddi boşluq var və bunun da kökü orta məktəblərə gedib çıxır».

Din ayrıca tədris olunmayacaq…

Təkrar edək ki, dinin tədrisi “Həyat bilgisi” dərsliklərinə salınacaq mövzularda əks olunacaq. Ayrıca fənn kim tədrisə salınmamasının səbəbini isə rəsmi qurumlar belə izah edir: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, orta məktəblərdə dinin, şəriətin tədrisindən söhbət gedə bilməz: “Ancaq dinlə bağlı biliklərin genişləndirilməsin ehtiyac var. Yaxın vaxtlarda cəmiyyət orta məktəblərdə “Həyat bilgisi” dərsliyində dinlə bağlı bilgilərin genişləndirilməsinin şahidi olacaq”. Sədrin dediklərinə əlavə olaraq nazirlikdən verilən açıqlamada kadr çatışmazlığı da dinin ayrıca tədrisi fənləri siyahısına salınmamasının səbəbidir.

MÜZAKİRƏ

1 şərh Məktəblərdə dinin tədrisində ZİDDİYYƏTLƏR üçün

  1. Sevinc dedi:

    Kədərli tale göydən düşmür, o adamın axmaqlığından, nadanlığından döğur. (A.)
    İnandığımız budur ki, nadanlığı aradan qaldırmaq üçün ölkəmizdə dini dərslər bütün siniflərdə Elşad MİRİnin köməkliyi ilə (Onun başçılığı altında) Qurandan tədris olunarsa Azərbaycanlı mömin müsəlmanlar dünyalarını zülmətdən nura çıxmış görəcəklər. AMİN !!!!!!!!!!!!!!!!!

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...