Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətinə həsr olunmuş konfrans keçirilib

“Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas işi din-dövlət məsələlərində maarifləndirmə işlərinin aparılmasından ibarətdir”.

Oktyabrın 10-da Bakıda “Mənəvi dəyərlər və dövlət siyasəti” adlı konfrans keçirilib.

Din.az bildirir ki, konfrans Mənəvi Dəyərlərin Təbliği Fondunun iki illik fəaliyyətinə həsr edilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov fondun 2017-ci il oktyabrın 10-da yaradıldığını bildirib: “Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas işi mənəvi dəyərlərimizin qorunmasından, din-dövlət məsələlərində maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Çünki cəmiyyətin iqtisadi və sosial inkişafı ilə yanaşı mənəvi cəhətdən inkişafı da xüsusi əhəmiyyət kəsb edir. O baxımdan cənab Prezident bu sahəyə xüsusi diqqət göstərir və Fondun yaradılması haqqında sərəncam da bu fəaliyyətin əyani sübutudur”.

M.İsmayılov Mənəvi Dəyərlərin Təbliği Fondunun ötən iki il ərzində bir sıra layihələr həyata keçirdiyini qeyd edib: “İki il ərzində” Dəyərlərimizi öyrənək” adlı intellektual yarışlar, “Vəhdət dəyərimizidir” adlı seminarlar, ali məktəb tələbələri, şəhid ailələrinin üzvləri və fondun könüllülərinin iştirakı ilə yay məktəbləri, Asan Radio ilə birgə “Mənəvi dəyərlər” adlı radio verilişlər və başqa layihələr həyata keçirmişik. Bir çox təşkilatlarla, dövlət və qeyri-dövlət qurumları ilə, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və Təhsil Nazirliyi ilə əməkdaşlıq etmişik. Bundan sonra da əlaqələrimizi genişləndirməyə, Azərbaycanın mədəni-mənəvi inkişafına öz töhfəmizi verməyə çalışacağıq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsib etdiyini söyləyib: “Cənab Prezidentin sərəncamı ilə yaradılan bu qurum Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması baxımından atılan vacib addımlardan biridir. Əlbəttə, xalqımızın mənəvi dəyərləri başqa qurumlar tərəfindən də qorunur. Lakin belə bir fondun yaradılması da vacib idi. Mənəvi Dəyərlərin Təbliği Fondunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində olsa da, bir sıra məsələlərdə sərbəstdirlər. Fondun fəaliyyəti təkcə dinlə əlaqədar deyil, gənc nəslin zərərli vərdişlərdən uzaqlaşdırılması ilə bağlı məsələlərlə və başqa sahələrlə məşğuldur. Mənə elə gəlir ki, iki il ərzində Mənəvi Mənəvi Dəyərlərin Təbliği Fondunun böyük işlər görüb. Mən inanıram ki, qurum gələcək illərdə fəaliyyət dairəsi daha da genişlənəcək”.

M.Qurbanlı hazırkı dövrdə Azərbaycanın öz mənəvi dəyərlərini qorunmasının çox vacib olduğunu vurğulayıb: “Qloballaşma dövründə özünüqoruma instinkti ön plana keçir və hər bir xalq öz dəyərlərini qorumağa çalışır. Nəzər yetirsək görərik ki, bəzi xalqlar tədricən öz kimliklərini itirməkdədirlər. Buna görə də biz ilk növbədə öz milli dəyərlərimizi qorumalıyıq. Bizim dövlətimiz, dinimiz, adət-ənənələrimiz, azərbaycançılıq ideologiyası mənəvi dəyərimizdir. Dünyaya nə qədər inteqrasiya etsək də, azərbaycançılıq kimliyimizi qoruyub gələcək nəsillərə ötürməliyik. Hər bir xalqın kimliyinin söykəndiyi vacib sütunları var. Bizim üçün də Qarabağ problemi, işğal altında qalan ərazilərimiz bu sütunlardan biridir və cənab Prezidentin Valday Beynəlxalq Diskussiya Klubunda çıxışı da göstərdi ki, Qarabağ probleminin həllində Azərbaycan bir addım da geri çəkilməyəcək. Bu sütunlar nə qədər möhkəm olsa, biz üzləşdiyimiz problemləri tezliklə həll edə bilərik. Millətin ruhu sönməsə, onun mənəvi dəyərləri aradan qalxmasa, həmin millət əbədiyaşar olacaq”.

Sonra Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əlheydər Zülfüqarov, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvləri, deputat Sahibə Qafarova, akademik Teymur Kərimli və başqaları çıxış ediblər.

Daha sonra bir sıra media orqanlarına mükafatlar təqdim edilib. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...