Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“MƏSCİDLƏRDƏ İNSANLAR İDMAN DA EDƏ BİLƏR, HAMAM, KİTABXANA VƏ ÇAYXANA DA OLA BİLƏR” – İLAHIYYATÇIDAN AÇIQLAMA

Məsciddə namazdan əvvəl idman hərəkətlərinin edilməsinə münasibət…

“Bu günləri məscidlərdən düzgün istifadə olunmur. Namaz vaxtı sorğu keçirsək, gedib müşahidə aparsaq, görərik ki, namazdan başqa qalan vaxtlarda məscidlər bomboşdur. Bəs bundan necə istifadə etmək olar?”

Din.az “A24.az”a istinadən bildirir ki, bu sözləri tanınmış ilahiyyatçı Elşad Miri Türkiyənin Kütahya bölgəsində həyata keçirilməyə başlayan məsciddə namazdan əvvəl idman hərəkətlərinin edilməsinə münasibət bildirərkən deyib:


“Əvvəllər Türkiyəyə gedəndə görürdün ki, məscidləri kilsə halına gətiriblər. Arxa tərəfə oturacaq qoyublar və bütün yaşlılar da oturaraq ibadət edirlər. Bunun qarşısını almaq üçün etiraz etdilər. Ümumiyyətlə, namaz qılan insanların o cür problemləri olmur. Yəni insan cavanlığından etibarən namaz qılırsa, onda diz və ya ayaqtutulma problemi olmur.

Bir misal çəkim: Universitetdə oxuyurdum, Azərbaycanda Türkiyənin bir iş adamı var idi. Böyük bir firmanın rəsmisi idi. Tələbələr arasından məni onun yanına göndərdilər. Quranı ərəb dilində üzündən oxumaq və namaz qılmaq istəyirdi. 60 yaşı var idi, Türkiyədə yaşamasına baxmayaraq, çox həvəsli idi və gəlib Azərbaycanda namaz qılmağı, Quran oxumağı öyrənirdi. Ona dedim ki, səhhətinizdəki problemlərdən dolayı oturaraq namaz qıla bilərsiniz Daha sonra sual verdi: “Peyğəmbər namazı necə qılıb? “Əyilərək namaz qılıb” dedim. O isə bildirdi ki, mənim yaşım Peyğəmbərin yaşından azdır və güləşçilər üçün nəzərdə tutulan döşəkçə aldı. Ayaqları açılmırdı deyə, möhkəmcə özünü həmin döşəkçənin üstünə atırdı. Bu məşqlərindən 3 ay sonra ayaqları açıldı və namazlarını mütəmadi olaraq, əyilərək qılırdı.


Təbii ki, bu kimi problemlər insanlara sonradan gəlirsə, namazını oturduğu yerdə qıla bilər, orda problem yoxdur. Amma bu günləri məscidlərdən düzgün istifadə olunmur. Namaz vaxtı sorğu keçirsək, gedib müşahidə aparsaq, görərik ki, namazdan başqa qalan vaxtlarda məscidlər bomboşdur. Bəs bundan necə istifadə etmək olar? Mən o vaxtı da belə bir təklif etmişdim ki, məscidlər kompleks halında olmalıdır. Yəni məscidlərin özlərində idman zaları da ola bilər (təbii olaraq məscidin içərisində demirəm, kompleksə daxil olan sahədə). Çünki əvvəllər Oslamlı dövründə də belə olub. Həmin kompleksdə insanlar məşqini də edə bilər, hamamı da ola bilər, xüsusi dəstəman alınan və çimmək üçün yer də ola bilər. Niyə də yox?! İnsanlar etiraz eləyə bilər, hətta etiraz edənlər çox oldu. Amma etiraz edənlər görə bilərlər ki, Ümmrə və Həccə gedəndə ordakı ayaqyollarından hamam kimi istifadə olunması üçün duş kabinələri də qoyulub. Yaxud, bu gün Londondakı dördmərtəbəli məscidin ən alt qatında ayaqyolu və dəstəmazın alınması üçün yer olduğu kimi, duş almaq üçün də məkan var. Həmin məscidin bir hissəsi qadınlar, bir hissəsi kişilər üçündür. Daha sonra orda həm kişilərin, həm də qadınların idman etməsi üçün yerlər də var. Yəni biz bunu niyə bu cürə istifadə etməyək ki?

Bizim məscidlər nə üçün istifadə olunur? Əsasən cümə günləri bir yerə yığışmaq üçün… Digər namaz vaxtlarında gedin görün məscidlərdə nə qədər adam olur? Bundan başqa, məscidlərimizdən yas məclislərini yola vermək üçün istifadə olunur”.


Türkiyənin niyə bu mövqeyə indi gəldiyini soruşduqda isə ilahiyyatçı bunu başlıca olaraq Diyanət İşlərinə təyin olunan nazirlərin fəaliyyəti ilə əlaqələndirdi:

“Hazırda Türkiyədə inkişaf var. Əvvəllər, bilmirəm fikir vermişdiniz, ya yox, Türkiyənin məscidlərində qadınları elə künc yerlərə yerləşdirirdilər ki, sanki onlara məsciddə namaz qılmaq vacib deyil, mütləq evdə qılmalıdırlar, cümə namazını qılmaq fərz deyil. İndiyə qədər bizim ilahiyyatçılarla yanaşı, başqaları da bu şəkildə qeyd edirdilər. Halbuki cümə günü namaz qılmaq qadınlara da fərz olan bir ibadətdir.

Bundan əvvəl Türkiyə Diyanət İşlərinin başında olan Ali Bardakoğlu bu kimi məsələləri gündəmə gətirdi. Daha sonra Mehmet Görmez bu məsələləri gündəmə gətiməklə ciddi irəliləyiş oldu. İndi Diyanət İşlərinə yeni gələn nazirin müavini ilk dəfə olaraq qadın müfti təyin olundu. Bu, çox mükəmməl bir irəliləyişdir.

Məsələn, yuxarıda qeyd etdiyim kimi məscid kompleksini mən Bosniyada da, Avropa və Amerikada da görmüşəm. Hətta həmin məscid komplekslərinə kitabxana da daxildir. İnsanlar rahatlıqla gedib həmin məkanlarda kitabları seçir, oturub oxuyur. Belçikanın Qenq şəhərində oldum, orda bilirsiniz ki, dövlətin rəsmi dini İslam dinidir və dövlət ona büdcə də ayırır. Belçikada məscid kompleksinə çayxana, dərs verilən yerlər də daxildir. Yəni bu kimi ölkələrdə məscid komplekslərindən hər cürə istifadə edirlər, biz niyə etməyək?!”


“Bəlkə də biz bu kimi məkanları müqəddəsləşdiririk deyə, bu kimi yenilikləri yaxın qoymuruq” sualına gəldikdə, Elşad Miri məşhur ifaçının uşaqlığından misal çəkdi və irəli sürdüyü fikirlə ideya vermiş oldu:

“Müqəddəs olan kərpic, kubik deyil. Müqəddəs olan ancaq Allahdır. Məkanları müqəddəsləşdirmək bizim keçmişdən qalan qalıqdır. İnsan müqəddəs olan yerdə dəstəmazı da pozulur, ayaqyoluna da gedilir. Yəni buranı niyə müqəddəsləşdirməlisən? Sadəcə olaraq ordakı ülvi anlayışı biz fərqli bir məcraya gətirdiyimizə görə, bu günləri məscidlərimizdən düzgün şəkildə istifadə etmirik.

Təsəvvür edin, ilk dəfə qızımı uşaq ikən qucağımda məscidə aparanda məscidin axundu fikirlərimlə bağlı məni təhqir etmişdi.

Bundan başqa Türkiyənin məşhur müğənnisi olan, Barış Manço ilə eyni dövrdə yetişən Cem Karacanın vəfat etməzdən əvvəl müsahibəsini oxumuşdum. Deyir ki, 7 yaşında məscidə gedirdim, uşaqlıq edirdik, məni məsciddən qovdular. Bir də 70 yaşımda məscidə girə bildim. Yəni bu günləri uşaqların oynamaqları üçün bir yer olmalıdır. Uşaqları biz məsciddən qovmamalıyıq, onları qovub oyun zallarına salmamalıyıq. Yəni bu haqda geniş şəkildə düşünüb ona görə addımlar atılmalıdır”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...