Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məzarlarımız da standart olacaq

“Dini Komitənin təklifi xalqın faydasınadır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycanda qəbir daşlarının ölçü standartları müəyyən olunacaq. M.Qurbanlı işə nə zaman başlanacağı barədə məlumat verməsə də, komitə bu  problemin həllində israrlı kimi görünür. Amma effekt verəcəyi inandırıcı deyil. Çünki qurum bundan əvvəl yas mərasimlərindəki israfçılığın aradan qaldırılması üçün etdiyi təklif də nəticə vermədi. Yaslardakı israfçılığın qarşısının alınması üçün müəyyən olunmuş standart mərasim süfrələri korrupsiya və rüşvətə yol açdı.

İnsanlar arasında ənənəyə çevrilmiş dəbdəbəli yas süfrələrini yığışdırmaq mümkün olmadı. Qaydaları və qanunları pozmağa adət etmiş cəmiyyət yerli icra hakimiyyəti və bələdiyyə orqanlarına rüşvət verərək, öz ölülərinə oxunan rəhməti çoxaltmaq üçün komitənin qaydalarına riayət etməyəcəyini israrla nümayiş etdirdi. Mərasimlər kimi qəbir daşlarına münasibət də cəmiyyətin baxışı nöqteyi-nəzərindən eynidir. Şübhəsiz, dəbdəbəli yas mərasimləri kimi qəbir daşlarının möhtəşəm olması ölü sahiblərinin bir növ təsəllisidir. Digər yandan bu, cəmiyyət arasında yarış halına çevrilmiş “üstünlük sindromu”nun tərkib hissəsidir. Əlbəttə, iş görülsə belə, bu cəmiyyətin baxışında bir sıra sualları ortaya çıxarır. Məsələn, insanlar düşünə bilərlər ki, “Bu prosesə hansı qurum nəzarət edəcək?”, “Bu, insan haqlarının pozulması demək deyil ki?”, “Buna ehtiyac var, ümumiyyətlə, qəbir daşları barədə din nə deyir” – kimi suallar yaranır.

Hər kəsə doğma olan ölüsü…

Əgər prosesə hansısa qurum sistemli formada nəzarət etməyəcəksə və hansısa fərdlərin pul təklifinə uyğun olaraq, onlara istədikləri formada qəbir daşları qoymalarına icazə verəcəksə, bu işə başlamağa indidən ehtiyac yoxdur. Bu olmasa belə, hansısa oliqarx, yaxud qeyri-oliqarx məmur öz səlahiyyətlərindən sui-istifadə edərək qaydaları pozsa, bu, narazılıq yaradacaq və ortada səmimi iş olmayacaq. Əgər, bu ölkənin ümumi vahidi üçün nəzərdə tutulubsa, qaydalar varlı və kasıb üçün də eyni olmalıdır. Dəbdəbə kimlərinsə adına leqallaşdırılmamalıdır. Hər kəsin ölüsü özü üçün doğmadır. Yəni, komitə hansısa məmur, yaxud məmurlarla xətir söhbəti edəcəksə, bu insan haqlarının pozulması olacaq. İşin öz müsbət nəticəsini tapması üçün birinci məmur vətəndaşa nümunə olmalıdır. Yəni, Dini Komitə prosesə nəzarəti sistemli formada həyata keçirməlidir ki, heç kəs narazı qalmasın…

elshadDin nə deyir, ümumiyyətlə, qəbir daşına ehtiyac var?

İlahiyyatçı Elşad Miri “Cümhuriyət”ə bildirib ki, İslam dinində qəbir daşı anlayışı yoxdur, bu sonradan ortaya çıxmış məsələdir. E.Mirinin sözlərinə görə, qəbir daşları ortaya çıxdıqdan sonra gördülər ki, bundan gəlir əldə etmək olur, bunu da din halına gətirib özlərinə “çörək ağacı” düzəltdilər: “İslam dinində vəfat edən bir insan üçün dəfn və cənazə mərasimləri var. Qalan anlayışların bu dinə heç bir aidiyyatı yoxdur. Hal-hazırda Dini Komitənin təklifi xalqımızın faydasınadır. Bu, xalqımız arasında ənənəyə və yarışa çevrilmiş yanlış bir addımın aradan qaldırılması deməkdir. Bu gün bundan insanların hisslərindən istifadə edib pul qazanmaq, özlərinə biznes sahəsi açmaq istəyənlər var. Dini Komitənin bu addımı dəstəklənməli və hər kəsə şamil olunmalıdır. Başqa ölkələrdə bunun nümunələri var. Məsələn, Amerikada standart qəbirləri görmüşəm. Həmin daşlarda sadəcə, mərhumun doğum və ölüm tarixi qeyd olunur. İnsanlar bu gün dəbdəbəli baş daşına baxıb nəyi dəyişə bilərlər? İnsanların qəbir daşlarını ziyarətə getmələrində məqsəd o olmalıdır ki, biz də öləcəyik. Bu o biri dünyanı xatırlatmadır. Biz məsələlərə öz doğru münasibətimizi qurmalıyıq. Təəssüflər olsun ki, qurmadığımız üçün bu problemlər ortaya çıxır”.

b5269ba42076Qərar insan haqlarının pozulmasına səbəb ola bilər?

Hüquqşünas Ələsgər Məmmədli “Cümhuriyət”ə deyib ki, standart ölçülərin müəyyən olunması o demək deyil ki, kimlərsə bunu pozacaqlar. Ə.Məmmədli hesab edir ki, maksimum və minimum hədd müəyyən olunsa, pozuntu olmayacaq: “Əgər insanların dini düşüncələrinə və inanclarına müdaxilələr olsa, bu, qaydaları pozacaq. Əgər ölçü İslam dini dəyərləri və minimum-maksimum formada müəyyən olunsa, hesab edirəm ki, pozuntu olmayacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...