Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məzarlıqlar məsələsi qanunla tənzimlənməyəcək

Dövlət insanların ziyarətgahlara, ibadət yerlərinə və pirlərə gəlməsinə heç bir halda müdaxilə etmir.

Azərbaycanda ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında ayrıca müstəqil qanunun (və ya qanunların) hazırlanması və parlament müzakirələrinə çıxarılması nəzərdə tutulsa da, son anda buna ehtiyac duyulmayıb.

Din.az bildirir ki, bu haqda Oxu.Az-a parlamentdən bildirilib.

Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hələ 2016-cı ilin sonlarında parlamentə “Məzarlıqlar haqqında” qanun layihəsi təqdim etsə də, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov tərəfindən ziyarətgahlarla, ibadət yerləri ilə bağlı qanun layihəsinin hazırlanması təklif olunsa da və sonda onların birləşdirilib, eyni qanunvericilik sənədində əks olunması qərara alınsa da, müəyyən müzakirələrdən və məsləhətləşmələrdən sonra bu məsələlərin daha çox Nazirlər Kabinetinin təlimatları, qərarları ilə tənzimlənməsi məqsədəuyğun sayılıb.

“Yəni, belə məsləhət bilindi ki, bu yöndə ayrılıqda bir və ya iki qanuna ehtiyac yoxdur. Bu məsələlər Nazir Kabinetinin təlimatları, əsasnamələri, o cümlədən, ziyarətgahlara, ibadət yerlərinə, məscidlərə nəzarət funksiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) özünün nizamnaməsi ilə tənzimlənir.

Eyni zamanda, insanların ziyarətgahlara, ibadət yerlərinə, pirlərə gəlməsi, öz istəklərinə uyğun nəzir-niyaz verməsi əvvəllər də olub, bu gün də var və dövlət bu işlərə heç bir halda müdaxilə etmir. Həmin ziyarətgahlarda toplanan nəzir-niyazların bir qismi ziyarətgahların məhz öz xərclərinə sərf olunur.

Həmçinin, nəzir-niyazların toplandığı nəzir qutuları Xüsusi Komissiya tərəfindən açılır və həmin qutuların açılmasında həm Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri, həm də yerli icra hakimiyyətlərinin təmsilçiləri iştirak edir.

Dini komitənin əməkdaşları isə bəzən bu prosesdə iştirak edir, bəzən etmirlər. Əslində, kimin iştirak edib-etmədiyinin o qədər də önəmi yoxdur.

Çünki bu məsələ bir adam tərəfindən icra edilmir, Xüsusi Komissiya ona baxır, oraya toplanan vəsaitlər hesablanır, həmin ziyarətgahın xərclər hissəsi ödənilir, qalanları QMİ-də xüsusi fonda gətirilir və həmin fond vasitəsilə müxtəlif tədbirlər üçün sərf olunur.

Məsələn, dini baxımdan müəyyən tədbirlər olur, onlara vəsait ayrılır, eyni zamanda, yardımlar edilir. QMİ-yə ərizə ilə müraciət edənlər, şəxsən qəbullara gəlib bu və ya digər problemlərini qaldıranlar olur, onlara əl tutulur.

Müəyyən sovqatlar hazırlanır, bayramlarda şəhid ailələrinə, ehtiyacı olan ailələrə göndərilir. Yəni, həmin ziyarətgahlarda toplanan vəsaitlər heç də hamının təsəvvür etdiyi kimi astronomik məbləğdə olan pullar, ianələr deyil.

Odur ki, bu və ya digər məqamlar nəzərə alınaraq, sonda adıçəkilən məsələlərlə bağlı qanunun və ya qanunların qəbul edilməsindən vaz keçilib”, – deyə parlamentdən bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...