Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Millət vəkili: “Özlərinə molla deyir, ancaq donuz əti yeyənlə ağız-ağıza öpüşürlər”

“İran 30 ildir, bu hadisələr başlayandan ermənilərin yanındadır”.

İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə “Qarabağ Ermənistanındır!” plakatı qaldırılıb. Təbii olaraq, bu da azərbaycanlıların ciddi etirazlarına səbəb olub.

Din.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov “Yeni Sabah”a açıqlamasında deyib ki, İran Dağlıq Qarabağ məsələsində Ermənistanın ən yaxın iki dostundan biridir:

“Mən bunu hər zaman demişəm. Ola bilər, kimlərinsə xoşuna gəlməz. Ancaq riyakarlıqla, saxtakarlıqla danışmaq istəmirəm. Mən İranın bu məsələdə mövqeyi haqqında uzun illərdir münasibətimi bildirmişəm. Bu gün də deyirəm ki, İran 1988-ci ildən bu günə qədər, xüsusilə Ermənistanın kritik dövrlərində, savaş zamanında da onlar üçün təminat-təchizat ölkəsi olub. Ermənistanın qida borusu olublar. Onların bütün istiqamətlərdə – enerji, ərzaq sahəsində – təminatları İran idi. Doğrudur, silahları həmişə şimal qonşumuz verib. Lakin qalan nə varsa, İran tərəfindən təmin edilib. İran fars-molla rejimi Azərbaycanın işğal olunmuş ərazilərində nə qədər talan, söküntü-tikinti materialları olubsa hamısını ermənilərlə birlikdə İrana daşıyıblar. Bu ölkələr arasında ciddi səmimi dostluq münasibətləri var. İran iş adamları Ermənistana sərbəst gedib gəlir. İranın bu günki, bundan qabaqkı prezidentləri həmişə Ermənistanın əli Xocalıda dinc insanların qanına batmış, uşaq qatilləri olan Sarkisyanla filanla qucaqlaşıb, ağız-ağıza öpüşüblər. İndi bu molla deyir ki, İran İslam Respublikasını təmsil edirəm, ancaq donuz əti yeyib, araq içən erməni ilə qucaqlaşıb öpüşür. Yəni İran din pərdəsi altında maskalanıb. Türk dünyası ilə İran molla rejiminin heç vaxt münasibətləri normal olmayıb. Bəziləri deyir ki, İranla dost-qardaş dövlətik. Xeyr, biz sadəcə qonşu dövlətlərik. İranda bizim 30 milyondan çox qardaşlarımız, soydaşlarımız var. Onlar hüquqları pozulmuş , əsarət altında yaşayan insanlardır. Həmin molla-fars rejimi heç vaxt Azərbaycanın Qarabağ məsələsində qalib gəlməsini, ərazi bütövlünü təmin etməsini, inkişafını istəməyib. Sabah da bu, belə olacaq. Boğazdan yuxarı , yalandan deyirlər ki, biz dostuq, qardaş ölkəyik. Yalandır! İranın əməli göz qabağındadır”.

Deputat vurğulayıb ki, İran 30 ildir, bu hadisələr başlayandan ermənilərin yanındadır:

“İranda azsaylı ermənilərin universiteti, qəzet-jurnalı- hər şeyi, hüquqları var, amma 30 milyon azərbaycanlının hüququ həmişə tapdalanır. İran bundan sonra da belə edəcək. Onlar yalandan dostuq deyir, üzünü o tərəfə çevirib erməni ilə qucaqlaşır, kömək edir. Biz bundan düzgün nəticə çıxarmalıyıq. 1992-ci il, Şuşanın işğalı ərəfəsində də hesab edirəm ki, İranın hökmən günahı var. Burdan Azərbaycan rəhbərliyini bir mahnı ilə aldadıb İrana apardılar, həmin günün səhəri Şuşa işğal edildi. Yəni bunlar məkrli rejimdir. Müəyyən məqsədlərlə bizimlə dost olduqlarını bəyan edirlər. Budur sənin dostluğun? Sən İslamın məscidlərini dağıdan, müqəddəs yerlərini murdarlayan, İslam dinindən olan günahsız insanları öldürənlərlə dostluq edirsən. Mənlə necə dost ola bilərsən?”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu saytımıza danışarkən bildirib ki, azərbaycanlıların etirazları tam təbiidir:

“Mənə bu istiqamətdə İran hökumətinin rəsmi mövqeyi maraqlıdır. Onlar necə reaksiya verəcək? Əgər Paşinyanın bu hərəkətinə İranın rəsmi mövqeyi yoxdursa, həm də İranın keçmiş rəhbərliyindən biri “farslarla ermənilər eyni soy-kökə malikdirlər” deyirsə, indiki halda da qonşuluğu, münasibətləri əsas gətirərək İran bu məsələlərdə susursa, Azərbaycan hakimiyyəti konkret rəsmi mövqeyini qoymalıdır. Dünyada bütün bu məsələlərlə bağlı istər ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər, istərsə beynəlxalq güclər hərəkət gözləyir. Azərbaycanın mövqeyi nədir? Biri deyir sülhlə, biri deyir danışlar yolu ilə həll etmək lazımdır. Əgər Azərbaycan bu mövqedə duracaqsa, Qarabağ problemi həll olunmayacaq. Anında cavab verilməlidir. Necə olur, Azərbaycanın Müdafiə nazirliyi, Xarici işlər nazirliyinin mətbuat xidməti gündəlik atəşkəsin pozulması haqqında məlumatlar yayırlar. Biz ancaq 100 dəfə, 20 dəfə atəş açıldığını hesablamaqla məşğul olacağıq? Azərbaycan tərəfi susdurmalıdır, müharibə elan edilməli və torpaqlarımız qaytarılmalıdır. Sonda isə təbii ki, sülh bağlanacaq”.

M.Mirəlioğlu qeyd edib ki, İranın mövqeyini təbii qəbul etmək lazımdır:

“Bu məsələlər sadəcə olaraq saytların suallarının bizim tərəfimizdən cavablandırılması ilə bitdiyi kimi, hesab edək ki, bu məsələni belə həll edəcəklər və gün keçəcək. Bu cür olmalı deyil. Konkret olaraq Azərbaycan öz mövqeyini ortaya qoymalıdır. Torpaqları işğaldan azad etdikdən sonra beynəlxalq güclər, təşkilatlar da bizə dəstək verəcək və.s. Ermənilər müharibə edib torpaqları alanda onlara “gözün üstündə qaşın var” deyən oldu? Hətta Rusiya ona dəstək verdi. Ötən gün Xocalının ildönümünü qeyd etdik. Kim iştirak edirdi orda? 366-cı alay. Bütün bunları bilə-bilə, siz öz planınızı doldurursunuz, biz də guya öz vətəndaşlıq mövqeyimizi bildiririk. Azərbaycan hökuməti də bundan o tərəfə bir iş görmür. İranın mövqeyini də təbii qəbul etmək lazımdır. Farsla erməninin eyni soy-kökə malik olduğunu düşünənlərdən nə gözləmək lazımdır ki? Azərbaycan türkləri o taydan etiraz edəcəklər. Bəs Azərbaycan hökuməti nə edəcək? Ancaq susacaq, və ya bəyanat verəcək? Qisası kim alacaq?”. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...