Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Millət vəkili: “Siqaret və narkotik aludəçiləri pulsuz müalicə olunmalıdır”

Ölkəmizdə siqaret aludəçilərinə necə yardım edilir?

Fazil Mustafa: “Hazırda ölkəmizdə narkomaniya daha çox vəzifəli şəxslərin övladları arasında yayılıb”

Türkiyədə ötən il xəstələrin daha çox siqaret əleyhinə olan dərmanlara tələbatı artıb. Ölkədə bu zərərli vərdişdən xilas olmaq üçün istifadə olunan dərmanların pulsuz verilməsinə baxmayaraq, Prezident Ərdoğan tərəfindən yeni bir qərar da imzalanıb.

Belə ki, 300 min nəfərədək belə xəstə ölkənin Səhiyyə Nazirliyi tərəfindən pulsuz müalicə ediləcək. Həmçinin, həmin xəstələr bahalı dərmanlarla da pulsuz təmin olunacaqlar.

Nəzərə alaq ki, Azərbaycanda da tütündən istifadə ilə bağlı rəqəmlər heç də ürəkaçan deyil. Dünyada tütündən istifadə ilə bağlı xəritə hazırlayan tobaccoatlas.org-un 2015-ci ili əhatə edən son statistikasına görə, ölkəmizdə siqaret çəkənlərin 46.5 faizi yaşı 18-dən yuxarı olanlar, 2.16 faizi isə 10-14 yaşlı yeniyetmə oğlan uşaqlarıdır.

Din.az bildirir ki, “Sputnik Azərbaycan”nın əməkdaşı problemin aktuallığını nəzərə alaraq Azərbaycanda siqaret əleyhinə mübarizənin necə təşkil edildiyini araşdırıb, Türkiyədə reallaşan bənzər proqramların ölkəmizdə tətbiq olunub-olunmadığına aydınlıq gətirməyə çalışıb.

Hazırda siqaret əleyhinə olan dərmanlara tələbatın nə qədər olduğunu öyrənmək üçün bir neçə dərman idxalçısı ilə əlaqə saxladıq. Belə məşhur firmalardan birindən sorğumuza cavab olaraq qeyd edildi ki, 2017-ci ildə siqaret əleyhinə olan vasitələrin ümumi satış sayı 3944 qutu, 2018-ci ildə isə 6693 qutu olub.

Millət vəkili Fazil Mustafa isə son illərdə ölkəmizdə tütün və narkomaniya ilə bağlı rəqəmlərinin artdığına diqqət çəkərək bu cür proqramların Azərbaycanda da hazırlanmasının vacibliyini bildirdi: “Azərbaycanda bu istiqamətdə hansısa işlərin görülməsini söyləməkdə çətinlik çəkirəm. Çünki ölkəmizdə bu cür dərmanların tapılmasında müəyyən problemlər mövcuddur”.

“Düşünürəm ki, ölkəmizdə də bənzər proqramların tətbiqinə ehtiyac var. Lakin təəssüflər olsun ki, Türkiyədən fərqli olaraq Azərbaycanda hələ ki, bu məsələyə ciddi yanaşmanın sərgilənməsi müşahidə edilmir” – deyə deputat vurğuladı.

F.Mustafa son bir neçə ayda tütün və tütün məhsulları, həmçinin də ondan istifadə ilə bağlı atılan addımlardan da söz açdı: “Tütün məhsullarına verginin tətbiq edilməsi, siqaret kötüklərinin yerə atılmasına görə cərimələrin müəyyənləşməsi heç də pis tendensiya deyil. Bunlar da olmalıdır. Siqaretin ziyanlı təsirləri haqda dəfələrlə danışılsa da, heç bir fayda yoxdur. O səbəbdən düşünürəm ki, qiymət qalxdıqda siqaret çəkən şəxslər maddi ziyana görə ondan imtina etmək məcburiyyətində qalırlar”.

“Bu gün Azərbaycanı narkomaniya bürüyüb və bunun qarşısını almaq mümkün deyil. Bu problem daha çox vəzifəli və imkanlı şəxslərin övladları arasında yayılıb. Bununla belə, imkansızların da bir çoxu bu bəlaya yoluxub. Bakının elə bölgələri var ki, orada hər 5 nəfərdən ikisi narkomandır” – deyə millət vəkili əlavə etdi.

Deputatın sözlərinə görə, bu gün narkotik transferi qonşu ölkələrdən məqsədyönlü şəkildə Azərbaycana yönləndirilir: “Bütün bunların, yaranacaq arzuolunmaz mənzərənin qarşısının alınması üçün narkomaniya və siqaretin zərərlərinə görə pulsuz müalicənin təşkil edilməsi faydalı addım olar”.
Qeyd edək ki, hələlik ölkəmizdə bu zərərli məhsula olan tələbatı azaltmaq üçün yalnız tütün və tütün məhsullarına vergi tətbiq olunur. Siqareti yerə atanlara isə cərimələr nəzərdə tutulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...