Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub

“Əxlaqda, mənəviyyatda, dildə və dində istiqamətləndirici məfkurəmiz olmalıdır”.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2 fevral – Gənclər Gününə həsr olunmuş “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Din.az bildirir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov “dəyirmi masa” iştirakçılarını salamlayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafı və milli-mənəvi dəyərlərin zənginləşdirilməsi üzrə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Rektor vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü Azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olmalıdır. C.Məmmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti hazırda ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev uğurla davam etdirir.

Aİİ rektoru ali tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Mövzunun əhəmiyyətini qeyd edən C.Məmmədov milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini söyləyib. İnstitut rəhbəri gənclərin milli ruhda tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib. Tariximizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında gənclərimizin fəallığının daha da artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarından, sosial şəbəkələrdən səmərəli istifadəyə təşviq edilməsinin zəruriliyi bildirilib.

Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslamda gənclik” mövzusunda çıxış edib. Ə.Niyazov İslam dininin, xüsusilə də Həzrəti Peyğəmbərin gəncliyə verdiyi əhəmiyyətli bilgilərdən bəhs edib.

AMEA Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Amal Həsənli “Azərbaycan gənclərinin milli dövlətçiliyimizin qorunmasında rolu” mövzusu ilə çıxış edərək bildirib ki, milli dövlətçilik dəyərlərinin zənginləşdirilməsi və inkişafı üçün sağlam cəmiyyətə ehtiyac var.

YAP Suraxanı rayon təşkilatı İdarə Heyətinin üzvü Arzu Həsənzadə “Dəyərlərimizdə qadın amili” mövzusunda çıxışı zamanı cəmiyyətimizin qadına xüsusi önəm verdiyini, onlara hörmət, sevgi, şəfqət, mərhəmət nümayiş etdirdiyini söyləyib. A.Həsənzadə, həmçinin ulu öndərin Azərbaycan qadınına hər zaman yüksək qiymət verməsindən bəhs edib.

Azərbaycan İlahiyyat İnstitutunun 1-ci kurs magistri Fərhad Ələkbərov “Milli-mənəvi dəyərlər amili” mövzusunda çıxış edərək, Azərbaycan xalqının milli-mənəvi zənginliklərinin yaşadılması və inkişaf etdirilməsində məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb. O, Avropanın və Qərbin mütərəqqi inkişaf meyillərini mənimsəməklə yanaşı, mlli-mənəvi, dini dəyərlərimizi qoruyub saxlamağı, ona sadiq qalmağı hər bir gəncin üzərinə düşən məsuliyyət hesab etdiyini söyləyib.

Azərbaycan İlahiyyat İnstitutunun 2-ci kurs magistri Nərgizxatun Həsənova isə “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda çıxışı zamanı milli ideologiyanın, milli tarixin, milli dilin, milli mədəniyyətin, incəsənətin, milli ədəbiyyatın, milli özünüdərkin, ailənin, milli musiqimizin və folklorumuzun xalqın yaddaşı olduğunu bildirib. O qeyd edib ki, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.

“Dəyirmi masa”da milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə xalqın rəğbətini qazanmış Heydər Əliyev Fondunun bu sahədə böyük uğurlara imza atdığı da xüsusi vurğulanıb.

“Dəyirmi masa” məruzələr ətrafında fikir mübadiləsi ilə davam etdirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...