Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Milyonçu Tağıyevin İran şahı ilə maraqlı dialoqu və TARİXİ FOTO

İran şahı ilə maraqlı dialoq …

Din.az bildirir ki, Moderator.az siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin təqdim etdiyi tarixi fotonu oxucuların diqqətinə çatdırır. 1902-ci ilə aid olan bu fotoda iki tarixi şəxs Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev və İran şahı Müzəffəriddin şahdır:

Tağıyev haqqında çox danışmağa bir o qədər də ehtiyac yoxdu. Lakin Müzəffəriddin şahla bağlı bir neçə qısa məlumatı təqdim edək:

Müzəffəriddin şah 1896-1907-ci illərdə İran şahı olub. Qacar nəslindən olan Nəsirəddin şahın oğludur. 1861-ci ildə vəliəhd seçilib və ölkənin şimalına vali təyin edilib. Atasının vəfatından sonra 1896-cı ildə taxta çıxıb. Deyilənlərə görə, onun həm özü taxta tam hazır deyilmiş, həm də atasından sonra qalan bir çox problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkirmiş. Xüsusən də büdcədə xeyli kəsirlərin olması, ölkənin iqtisadi durumunu pisləşdirirdi. Bu səbəbdən siyasi addımlar ataraq, Rusiyadan borc pul alır. Lakin bu da vəziyyətin düzəlməsinə bəs etmir. Borc alınan pulların ölkəyə bir xeyri dəyməsə də, orada Rusiyanın nüfuzunun artmasına səbəb olur. Bütün bunların nəticəsində 1906-cı ildə ölkədə kəskin etirazlar baş qaldırır. Nəticədə şah ilk dəfə olaraq, Konstitutsiya fərmanı imzalayır. Qeyd edək ki, Səttarxanın başlatdığı Məşrutə inqilabı da (1905-1911) Müzəffəriddin şahın zamanına təsadüf edib.
Şah 1907-ci ildə 53 yaşında dünyasını dəyişib.

Təqdim etdiyimiz foto isə şahın Bakıya gəldiyi zaman çəkilib.Manaf Süleymanovun həmin səfərlə bağlı tarixi araşdırmasından oxuyuruq:

“Tumanyanın möhtəşəm imarətinin qabağında çoxlu xalı-xalça döşənmişdi, bina bayraqlarla və çıraqlarla bəzədilmişdi. Ətraf çırağbanla işıqlandırılmışdı. Karetadan düşüb imarətdəki pillələrlə qalxdıq. İmarət dördmərtəbəlidir. Biz üçüncü mərtəbədə yerləşdik. Otaqlar avropasayağı, çox zəngin və əla döşənib bəzədilmişdi. Tumanyanın adamları məni qarşıladılar, onlarla görüşəndən sonra mənim üçün hazırlanmış otaqlara keçdim. Mənimlə gələnlərin çoxusu da bu mülkdə yerləşdirildilər. Ertəsi gün sədrəzəm xəbər verdi ki, rus imperatorunun əmri ilə Qafqaz canişini Tiflisdən mənimlə görüşmək üçün Bakıya gəlib, hüzura müntəzirdir. Canişin içəri girdi; görüşdük. Cüssəli, xoş sima, fərasətli və aqil bir şəxs idi. Qısa söhbətdən sonra o getdi. Bakının bütün əyanları və şəhər hakimləri hüzuruma gəldilər, imperatorlara layiq mənə üç məcməidə duz-çörək gətirdilər. Fərəcbəy də hüzuruma çatdı. Ona da izhar iltifat etdim. Rus imperatorunun hədiyyə göndərdiyi altı dənə əla tüfəngi mənə təqdim etdilər. Həddindən yaxşı tüfənglər idi. Olduğumuz imarətin böyük bir eyvanı vardı. Buradan dəniz görünürdü. Eyvandan ətrafa tamaşa etdik. İmarətin qabağında çoxlu adam yığılmışdı. İran təbəələri də çox idi; dalbadal salavat çəkir və uca səslə “hurra” deyirdilər”.

Bakı milyonçuları” araşdırma kitabından şahın milyonçu Tağıyevlə maraqlı diaoqunu təqdim edirik:

“Hacı Zeynalabdin Tağıyev şahın şərəfinə verdiyi böyük ziyafətdə giley-güzar edir ki, “mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın evinə düşdünüz?”
Şah cavab verir ki, “sən müsəlman olsan da, rus təbəəsisən, Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir””.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...