Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Molla Nəsrəddin” jurnalında erməni – müsəlman münaqişəsi və onun səbəbləri

Erməni keşişlərinin kilsə nitqləri vasitəsilə xalqı erməniçilik, milli şovinizm ruhunda yetişdirmək adəti əsrlərdir ki davam edir.

Nəzmiyyə Yigitoğlu,

AMEA Nizami Gəncəvi adına

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru
[email protected]

Verdiyi dərsləri, öyüdləri ilə Azərbaycan xalqının milli oyanış və maarifi, mətbuat tarixində böyük məktəb olan ölməz “Molla Nəsrəddin” jurnalı nəşr olunduğu 1906-1931-ci illər zaman kəsimindəki siyasi-tarixi mühiti də obyektiv təhlil edən bir mənbədir. Cəlil Məmmədquluzadə başda olmaqla bu dərginin işığına toplanmış dövrünün uzaqgörən ziyalıları yalnız Azərbaycan cəmiyyətindəki geriliyi, durğunluğu başqa xalqların tərəqqisi ilə müqayisə etməklə kifayətlənmirdilər. Onlar bədii publisistikanın kiçik, lakin dolğun janrlarında XX əsrlə birgə başlamış mühüm siyasi hadisələrin, eyni zamanda, icmalçıları idilər. Vaxtilə bır sıra qaraguruha “aynada əslini göstərən” cəridənin (məcmuə) səhifələrində Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Bayraməli Abbaszadə, Mirzə Əli Möcüz Şəbüstəri, Əbdürrəhim bəy Haqverdiyev və digərlərinin qələmilə Sultan Əbdülhəmidin “Qanuni-əsasi”, “Gənc türklər” hərəkatı, rus-yapon müharibəsi, Rusiyada hürriyyət davası, dünyada məktəb və əlifba, Qafqaz və Osmanlı ermənilərinin yardımlaşma əlaqələri və s. hadisələr haqqında xəbər və şərhlər də yer alırdı.

XX əsrin başlanğıcında olduğu kimi əsrin sonlarından indiyədək Azərbaycan xalqının sağalmaq bilməyən yarası – erməni-azərbaycanlı münaqişəsi “Molla Nəsrəddin” səhifələrində də özünəməxsus dillə bədii inikas tapırdı. Bu baxımdan erməni-müsəlman millətlərinin, dünyabaxışının müqayisəsi bədii yaradıcılığında olduğu kimi, publisistikasında da geniş yer tutan Cəlil Məmmədquluzadənin – Molla Nəsrəddinin felyetonları bu münaqişənin tarixi səbəblərini öyrənməyə kömək edir.

Məlumdur ki, XX yüzilin başlanğıcı vahid mütləqiyyətə tabe etdirilmiş Qafqaz xalqları üçün siyasi-inqilabi çaxnaşmalar, milli iğtişaş və müharibələrə gətirib çıxarmış mürəkkəb dövr idi. Xüsusilə 1905-1907-ci illərin üsyan və həbslər, inqilab və manifest, məqsədli erməni-müsəlman davası kimi hadisələri dövrün maarif xadimlərinin mətbu əsərləri ilə xalq mənafeyi zəminində öz dəqiq siyasi-hüquqi qiymətini alırdı.

Hələ 1870-ci illərdə böyük maarif xadimi Həsənbəy Zərdabi erməni “Mşak” qəzetinin müsəlmanlara qarşı təxribatçı, hücumçu nidalarına qarşı “Əkinçi”dən barışığa, dinc yaşayışa, sülhə səsləyən cavabları ilə çıxış edir, 1905-1907-ci illərin qanlı erməni-müsəlman savaşı zamanı bir müdrik ziyalı erməni müəllimlərini insanlığı, həmrəyliyi təbliğ etməyə, müştərək məktəblər qurmağa səsləyirdi.

Acı reallıqdır ki, Qafqaz hüdudlarında hegemon dövlətin öz mütləqiyyatını qorumaq üçün işə saldığı erməni-müsəlman konflikti “layihəsi” əsrlərdir ki, işlək haldadır. Fədakar maarifçi və mütəfəkkir Cəlil Məmmədquluzadənin bir vaxtlar öz xatirələrində yazdığı, gözlədiyi kimi həll tapmadı bu “iblis oyunu”. Mütəfəkkir yazırdı: “Erməni-müsəlman ədavəti, bu iki qonşunun tarixində qara səhifələrdir və qanlı bir yadigardır. Və keçmişdə hər nə olubsa keçib gedibdir, ən səmimi qəlb ilə və etiqadi-tam ilə deyirəm ki, daha o qara günlər bizim məmləkətdə həmişəlik bir qəmli yadigar olar və ancaq yadigar olacaqdır. Və o bədbəxtliyi yaradan, ona ruh verən hökumət əbədi puç olan kimi, bu iki qonşunun və iki qardaşın dəliliyi də həmişə puç olub gedibdir”.

Qələminin hədəfinə çevirdiyi cəhalət girdabını, məmləkət məsələlərini “gözündən vuran”, Böyük Ustad, heyif ki, bu arzuların həqiqət olmadı. “Erməni-müsəlman”, “erməni-türk”, “İki Qafqaz milləti arasında nifaq” kimi istilahlarla ad çıxarmış bu düşmənlik 30 ildən artıqdır erməni vandalizmi, torpaqların istilası, Xocalı soyqırımı, qaçqınlıq faciəsi kimi yeni adlarla dünya siyasətinin mərkəzindədir.

Lakin müasir dövrün mühüm hadisələrini doğru qiymətləndirmək üçün təbii ki, onun tarixi köklərindən xəbərdar olmaq gərəkdir. Bu gün elmi ictimaiyyətin diqqət mərkəzində dayanan erməni-azərbaycanlı qarşıdurmasının tarixi keçmişi publisistik irsdə, ziyalı memuarlarında, savaş salnamələrində (Mir Möhsün Nəvvab “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri”, Məmməd Səid Ordubadi “Qanlı sənələr” və s.) öz müfəssəl ifadəsini tapmaqla yanaşı mütləqiyyatın məkrli siyasi-coğrafi mənafe və niyyətlərini də aşkara çıxarır.

1905-1907-ci illərin amansız iğtişaşlarının canlı şahidlərindən, Azərbaycan mətbuatının, maarifinin isə qorxmaz fədailərindən olan Ömər Faiq Nemanzadənin Tiflisdə yaşadığı və milli oyanışa təkan verəcək yeni bir mətbu “ayinə” üçün çalışdığı illərdə gördüyü və qələmə aldığı erməni vəhşiliklərini unutmaq mümkün deyil: “Mən Vorontsov körpüsünün barmaqlıqlarına yaxınlaşdım və hər kəsin təlaşla baxdığı səmtə baxdım. Baxdım, amma çaydakı faciəni gözlərimlə görəndə Qafqazın mədəni mərkəzində bulunduğuma inanmaq istəmədim. Mazutlarda işləyən türk əmələlərini gizləndikləri yerlərdən çıxarıb xəncərlə yaralaya-yaralaya Kürün kənarındakı dəyirmanların hündür yerlərinə gətirir və oradan aşağıya, çaya tullayırlardı. Suya atılan biçarələr böğulmamaq üçün var gücü ilə çalışır, kənara doğru yaxınlaşırdı, lakin kənardakı vəhşi ovçuların yağdırdıqları güllələrlə yaralanır, təkrar suya batırlardı. Bir az sonra yenə üzə çıxıb əl-ayaq çırpır, üzməyə çalışırlardı. Lakin yenə güllə yağışına tutulub batır, axırda görünməz olurlardı. Bir faciə qurtulmaq üzrə ikən o biri yandan təzəsi tullanır… İkinci, üçüncü, dördüncü pərdə başlanırdı…”

Lakin istər Həsən bəy Zərdabi, sonralar Ömər Faiq və Mirzə Cəlil xatirələrində, istərsə də Mir Möhsün Nəvvabın tarix salnaməsində bu iğtişaşın səbəb rüşeymi xalqın diqqətinə aydın çatdırılır. Məslək silahdaşı Ömər Faiq kimi erməni-müsəlman qırğınlarına həm gənc Cəlil, həm də sonrakı məşhur “Molla Nəsrəddin” sinnidə şahid olmuş Cəlil Məmmədquluzadə yazırdı: “Pəs niyə bunlar, qabaqlarda, əsrlər uzunu bir-birilə qardaşcasına dolanan iki qonşu birdən-birə yırtıcı heyvan olub, bir-birinin canına daraşdılar? Hər bir kəs ki, o vaxt rus-yapon davasının nəticəsində zəif düşən çar hökumətinin vəziyyətinə və politikasına vaqif idi, o vaxt görə bilərdi ki, erməni-müsəlman ədavəti Peterburq siyasətinə xeyli əlverişli bir məsələ oldu; çünki Qafqazın bu iki güclü millətləri öz içəri dərdlərinə mübtəla olanda, əlbəttə, dəxi Rusiya hökumətinin politikasına qarışmağa vaxt tapa bilməzdi. Və sonralar erməni-müsəlman davasının tarixini oxuyanlar və yıxılmış Nikolay arxivini qurtdalayıb oradan gizli və sirri materiallar tapanlar elə bir sənədlərə rast gəldilər ki, o sənədlər aşkar dəlillər ilə sübuta yetirdi ki, erməniləri müsəlmanların, müsəlmanları ermənilərin üstünə küşkürən tək bircə Rusiya hökuməti idi. Onuncun da bu iki qonşunun ən sədaqətli, insan – dost və tərbiyəli ünsürləri nə qədər bu ədavəti söndürməkdə təlaş etdilərsə, bu zəhrimar ədavət uzun illər müddətində davam etdi və minlərcə günahsız zəhmətkeşlərin müsibətinə səbəb, bir nagəhan bəla oldu”.

Sələfi Həsən bəyin sülhpərvər, danışığa, barışığa, səbrə səsləyən fəaliyyəti Cəlil Məmmədquluzadə görüşlərində də davam edir. Çünki onlar həm öz xalqının xislətini tanıyan, ruhuna bələd olub, avamlığına yanan gözüaçıq insanlar idilər, həm də Tiflis, Bakı quberniyalarında ermənilərin geniş yayılması səbəbilə bu qonşuların da iç üzünü, əqidəsini yaxşı bilirdilər. O zamanın qəzet çıxaran bir çox mühərrirlərindən də onları fərqləndirən məhz bu cəhət idi–zamanın nəbzini, istibdadın siyasətini, xalqların əqidəsini düzgün dərk etmək, nəticədə adı-sanı üçün deyil, qafil xalqının qurtuluşu üçün çalışmaq. Əlbəttə, müdrik Həsən bəy də, Mirzə Cəlil də ermənilərin yaxşısını da tanıyırdılar, qana susamışını da. Lakin qurtuluşu əvvəlki dincyaşayışda görən bu ziyalılar sülh yaratmaq üçün əllərindən gələni edirdilər. Həsən bəyin qızı Qəribsoltan xanım xatirələrində yazırdı: “1905-ci ildə, ermənilərlə müsəlmanlar arasındakı ədavətin dəhşətli və kədərli günlərində Həsən bəy bu ağılsız düşmənçiliyin hər iki millət üçün məhvedici olduğuna kütlələri inandırmaq üçün bütün natiqlik məharətini sərf etmişdi. O, açıq-aşkar deyirdi ki, bu ədavət əslində hökumətin fırıldağıdır. Maarifin adamları birləşdirmək üçün ən yaxşı qüvvə olduğunu bilən Həsən bəy türklərin və ermənilərin birgə oxuduqları məktəblər açmaq ideyası ilə çıxış edirdi”.

Vaxtilə İranın Rəşt şəhərində bir erməninin öldürülməsi ilə erməni “Mşak” qəzetinin səhifələrindəki nifaq, intiqam dolu yazılara qarşı “Əkinçi”nin tanınmış müxbiri Əhsənül Qəvaid yazırdı: “Neçə yüz ildir ki, biz ermənilərlə qonşuluq edirik, indi cənabınıza eyb deyilmi ki, bizim aramızda ədavət salırsınız?”.

Mirzə Cəlil isə realist-satirik bədii nəsri ilə yanaşı mühərriri olduğu həftəlik “Molla Nəsrəddin”in səhifələrində də əsl xalq mücahidi idi. Vaxtilə gecəsini gündüzünə qataraq yaratdığı, ən pulsuz, çarəsiz vaxtlarında belə nəşrindən əl çəkmədiyi “Molla Nəsrəddin” məktəbi ilə sağlığında da, bu gün də dünyada tanınır. Məlumdur ki, “Molla Nəsrəddin” zamanında Rusiya, İran, Türkiyə və Türküstan ərazilərində məşhur bir dərgi idi. Baxmayaraq ki, din və hakimiyyət nümayəndələrini tənqid etmək səbəbilə İranda və Türkiyədə oxunması yasaq edilmişdi. Lakin 1921-ci ildə, nəşrinin Təbriz dövründə “Molla Nəsrəddin” Amerikaya da gedib çıxır. Bu haqda Mirzə Cəlililn həyat yoldaşı – fədakarlığı, bilik və maarifpərvərliyi ilə ondan heç də geri qalmayan Həmidə xanım yazır: “Təbrizdə bir Amerika missioner məktəbi var idi. Məktəbdə müəyyən saatlarda şagirdləri ibadətxanaya aparıb katolik dini ayinləri üzrə dua oxumağa məcbur edirdilər. Bu münasibətlə Mirzə Cəlil jurnalda məqalə yazıb böyük yumorla missionerlərə toxunmuşdu. Onlar Amerikaya göndərmək üçün jurnalın həmin nömrəsindən otuz nüsxə aldılar. Uşaqları da bir daha dua oxumağa məcbur etmədilər”.

Demokrat yazıçının irsi və çətin, əzablı mətbuat yolumuzda günəş kimi parlamış “Molla Nəsrəddin” yazıları onillərdir ki, Azərbaycan elmi fikrinin, tarixi, filoloji, linqvistik, təhlillərin diqqət mərkəzindədir. Bu günün oxucusu jurnalın 23 illik külliyyatını asanlıqla əlinə alıb o vaxtkı Azərbaycan, İran, Türkiyə və Yaxın Şərqin siyasi-ictimai mühitini, istibdad zülmünü ən məzəli kinayəyə söykənən yazılarını oxuya, tarixin gizlinlərini öyrənə bilirsə, bu görkəmli alimlərimiz Əmin Abid, Əziz Şərif, Abbas Zamanov, Əziz Mirəhmədov, Qulam Məmmədli, Nazim Axundov, Mikayıl Rəfili, Mir Cəlal Paşayev, Məmməd Cəfər, Kamal Talıbzadə, İsa Həbibbəyli və digərlərinin genişmiqyaslı araşdırmaları, dəyərli tədqiqat əsərləri hesabına başa gəlmişdir.

“Molla Nəsrəddin” nədən yazmırdı ki? Elmi fikrin demokratik mətbuat adlandırdığı bu azad söz meydanının açılmasında rus çarının 1905-ci ildə məcbur olub imzaladığı güzəştlər, kompramislər manifesti təkanverici rol oynadı. “Molla Nəsrəddin” bu fürsətdən cəldliklə istifadə edərək zamanını və vərəqlərini özünün də yazdığı kimi dini söhbətlərə, yüksək mənsəblilərin tərifinə, pul gətirən elanlara sərf etmədi. Əksinə, yeri gələndə bu yolu tutmuş dövrün bəzi mətbuat üzvlərini də satira atəşinə tutdu. Onun nizamnaməsi yalnız nöqsanları, diləgəlməz eyibləri, bağışlanmaz haqsızlıq və soyğunluqları, utanc verici cəhaləti hədəfə almışdı:

“Ev birdən uçmaz, yavaş-yavaş ucar. Ev sahibi evin qədrini bilsə, görər ki, ev uçacaq və elə ki, gördü ki, ev uçacaq başlar təmir eləməyə. Amma zəmani ki, evin qədrini bilmədi, deyər ki, “ev cəhənnəmə-gora uçsun!”. İndi mən əsrimizin bu günlərində eşidəndə ki, birisi əlində bir kağız tutub oxuyur ki, “hər kəs ayın əvvəlində başını qırxdırsa, ömrü az olar; ayın ikisində qırxdırsa, istədiyi əmələ gələr; üçündə qırxdırsa, zərər toxunar”, – bunu mən eşidəndə haman ev sahibinin sözləri yadıma düşür ki, “eh cəhənnəmə-gora uçsun!”.

İranın, Turanın diplomatiya, politika məsələlərini də izləyib onlara acı-acı güldüyündən, nöqsanlardan yazdığındandır ki, bu ölkələrin sərhədlərində jurnalın yayılması qadağan edilmişdi. Həmin başıbəlalı karikaturalardan biri də vaxtilə İranın baş naziri, Təbriz şəhərinin valisi olmuş Mehdiquluxan Hidayət Müxbirüssəltənənin şəkli idi. Rəssam onu boynuna ip bağlanmış şəkildə təsvir edir. İpi əllərində tutmuş mollalar meymunu istədikləri kimi oynamağa məcbur edirlər.

“Molla Nəsrəddin”i zəmanə, təbiət özü yaratmışdısa, Mirzə Cəlili də Allah əməlində, yolunda elə bərqərar qılmışdı ki, qadağalar, həbslər, türk mətbuatını gözləri götürməyən Kişmişov, Qaraxalov kimi erməni senzorları ona sözünü, kinayəsini yazıb-yaymağa mane olmuşdularsa da qarşısını ala bilməmişdilər.

Ədibin ömür-gün yoldaşı Həmidə xanımın xatirələrinə görə Mirzə Cəlil gecə yarısınadək işləyər, ağlını, ürəyini narahat edən heç bir millət dərdini “Molla”nın satirik dilinə salmadan yuxuya getməzdi. Onu da qeyd edək ki, “Molla Nəsrəddin” məcmuəsi, hər şeydən əvvəl, XX əsr Azərbaycanının məişət tərzi, milli geyim örnəklərini də tanıdan münbit bir qaynaqdır. Çünki ədibin özünün və yaxın dostu, məsləkdaşı, publisist Ömər Faiq Nemanzadənin də yazdığı kimi burada Oskar Şmerlinqin fırçasından çıxmış bütün şəkillər elə həqiqi qırmızısaqqal mollaların, yalançı seyidlərin, hoqqabaz dərvişlərin, tacir və bəylərin, intiligentlərin və başqa prototiplərin gerçək görünüşüdür: “ Ey mənim dostum! Tiflisə təşrif gətirməyin ona səbəb ola bilərdi ki, nökərinə bir yadigar qoyub gedərdin, çünki məcmuəmizin nəqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb sənin ismi-rəsminin yer üzündə məşhur olmağına ciddü cəhd edərdi”. ( 14 aprel, 1906, № 2)

Biz yuxarıda milli mətbuatın keçdiyi yolu təsadüfi olaraq çətin və əzabla başa gələn bir hadisə adlandırmadıq. Həsənbəy Zərdabinin hökumətlə yeddi illik yazışmalarından sonra nəhayət ki, 1875-ci ildə ilk dəfə Bakıda milli mətbuatımız işıq üzü gördü. Halbuki, elə həmin dövrdə erməni dilində çıxan “Mşak” (Əməkçi) qəzeti Tiflisdə artıq çoxdan çap olunurdu. Azərbaycan mətbuatının böyük maddi, hüquqi maneələrə sinə gərdiyi həmin illərdə, hətta Təbrizdə də erməni dilində qəzetlər nəşr olunurdu. Bu həmin 1920-ci illər idi ki, Cəlil Məmmədquluzadə böyük ailəsi ilə məcburən Təbrizə köçmüş və ciddi maneələr dəf edərək məcmuənin çapına çalışırdı. Təbriz valisi mühərririn qarşısında bəzi şərtlər qoymuşdu. Hər şeydən əvvəl məcmuə dini möhvumata sataşmamalı idi. İkincisi isə “Molla” gərək fars dilində danışa idi. Lakin onsuz da evindən didərgin düşməyə məcbur olmuş, iş rejimi tamamilə pozulmuş ədib cavab verir: “Mən “Molla Nəsrəddin” jurnalını on beş il Azərbaycan dilində nəşr etmişəm. Qafqaz Azərbaycanında olduğu kimi, İran Azərbaycanında da ancaq azərbaycanlılar yaşayırlar, burada yalnız ayrı-ayrı savadlı adamlar fars dilində danışırlar. Mən “Molla Nəsrəddin” jurnalını onlar üçün deyil, xalq kütlələri üçün buraxıram. O şeyə ki mənə hətta rus hökuməti icazə verirdi, siz icazə vermirsiniz. Təbriz şəhərində dörd erməni qəzeti nəşr edilir. Lakin bir nəfər iranlı belə erməni dilini bilmir. Mən erməni dilini bilirəm. İndi ki, belə oldu, onda icazə verin mən jurnalımı erməni dilində buraxım”. Onun bu şərti qarşısında söz tapmayan Təbriz valiis məcmuənin bir məqaləsi farsca olmaq şərti ilə azərbayacan dilində çap olunmasına icazə verir.

XX əsrin əvvəllərindəki erməni milləti, erməni mühiti haqqında məlumatlara Cəlil Məmmədquluzadənin publisistik yazılarında olduğu kimi “Molla Nəsrəddin”in səhifələrində də az rast gəlmirik. Bunun əsas səbəbi o idi ki, yazıçının uzun müddət yaşadığı Tiflis şəhərində müsəlmanların yaşadığı Şeytanbazar məhəlləsi olduğu kimi Naqornıy və s. adlı erməni məhəllələri də var idi.

Ay qardaş, bir mənə de görüm, məgər bu şəhərdə heç müsəlman yoxdu?
Naməlum şəxs əlini qiblə tərəfinə uzadıb dedi:

Şeytanbazar mnoqo.
Dedim: – Necə Şeytanbazar?

Cavab verdi: Yəni müsəlman aləmi. (25 avqust, 1906-cı il, №21)

Bu millətlər bir-birilə dinc qonşuluq şəraitində yaşayan, ticarət edən iki Qafqaz xalqı idi. Mirzə Cəlilin milli, zehni oyanışa səsələyən qələmi, siyasi istibdadın xalqları mütilikdə saxlamaq, üsyan edən səsləri batırmaq üçün bu iki xalqı bir-birinə qırdırmaq planını da ən bariz şəkildə anlatmağa çalışırdı. Bildiyimiz kimi “Molla Nəsrəddin”, erməni-müsəlman savaşının yenicə tüğyan etdiyi 1905-ci il qırğınlarının mərkəzində – Tiflisdə yarandı. Elə ilk nömrədə diqqəti çəkən rəsm həm Mirzə Cəlilin, həm də Ömər Faiqin bu amansız qırğın haqqında bildikləri həqiqəti çatdırırdı. “Qırğından və “sülh komediyasından” bir az sonra meydana çıxan “Molla Nəsrəddin” birinci nömrəsindən başlayaraq qırğının səbəblərini yavaş-yavaş açır, sırası gəldikcə yazır, nəticələrinə dair şəkillər çəkir, işin iç üzünün aşkara çıxarır, “Şeytan”ın kim olduğunu apaydın bildirirdi”. Məcmuənin ilk nömrəsində rəssam Oskar Şmerlinqin yaratdığı səhnə erməni-müsəlman qırğının mayasını şərhsiz anladır. Burada bir müsəlman kəndlisi öz qaramallarını əli tüfəngli kişiyə verib deyir: “Mən ölüm, götür bu heyvanları ver mənə tüfəngi”. Digər şəkildə isə bir erməni əlitüfəngli bir rus soldatına yüz manat uzadaraq deyir: “Pajalusta vazmi denqi davay rujyo”.

“Molla Nəsrəddin”in rəngli səhifələrində və ya onun yaradıcılarının xatirələrində erməni-müsəlman qarşıdurmasını milli-tarixi zəmində konflikt olmaqdan çox siyasi zəmində, düşünülmüş nifaq olduğunu bəyan edən görüşlərə çox rast gəlirik. Həmin hadisələrin güllələri, sürgünləri altında küçələrdə naçar dolaşan Ömər Faiq insanlara deyirdi: “Şeytan hökumət axmaq müsəlman ilə sarsaq ermənini tapıb aranı qarışdırır ki, özü salamat qalsın. Bircə düşünün, bu davada xeyrimiz nədir, nə gözlüyürük, nə qədər qoçaqlıq edib irəli getsək də sabah bizə nə ermənilərin mağazalarını verəcəklər, nə də ermənilərə bizim dükanları. Arada vəhşicə qırılıb boş yerə tələf olacıyıq”. Bu məntiqi nəticəni təsdiqləyən “Molla Nəsrəddin” də yazırdı: “Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla olurdular ki, təbiblər onların çölə çıxmağını rəva görmürdülər”.

Tariximizin bu çətin illərində xalqının ziyası, beyni olmaq missiyasını daşıyan maarif fədailərimiz həm də lazımi tolerantlığın, uzaqgörənliyin timsalı idilər. Lakin “Molla Nəsrəddin”in dili elə ilk səhifələrindən acı idi, sərt idi: “Amma vallah Molla Nəsrəddin yalan danışa bilməz; biz deyirik ki, belə milləti biz cani dildən istəyə bilmərik (bəlkə içində 1-2 yaxşısı tapıla)”.

Adətən kimə isə istehza etmək, onu lağa qoymaq cəhdində həmişə bir niyyət gizlənər. Bir var ki, insanın gülünc, aciz vəziyyətdə olmağından həzz alıb ona istehza edəsən, bir də var valideynin doğma övladının halına yanıb tənbeh, sitəm etməsi. Ata övladının daha elmli, mədəni, gözüaçıq yetişməsi üçün nəsihət yolundan başqa ağıllı yaşıdlarını da misal çəkərək yeri gələndə öz övladının naqisliklərinə istehza edər, ondakı qeyrət duyğusunu oyatmağa çalışar. Mirzə Cəlil felyetonlarının da xalqın primitiv düşüncə tərzini, avamlığını, bir işə yaramayıb hamamlarda yatmaq adətini, varlıların ac və kasıb rəiyyətə, məktəb xarabalıqları və təhsilsiz uşaqlara fikir verməməsi kimi dərdləri acı kinayə ilə qələmə alması məhz övladının mənəvi şikəstliyinə yanan ata narahatlığıdır. Bu felyetonların təsvir etdiyi müsəlmanlar rusun, erməninin məhsulu olan pendiri, yağı belə evlərinə salmaz, onların əlindən keçən əskinası yuyub, qurudub istifadə edərmişlər. “Biz müsəlmanlar həmişə ibadətdən və insaniyyətdən söhbət düşəndə öz-özümüzə demişik: “Yazıq ermənilər, görəsən bunlar allaha nə cavab verəcəklər”.

( 24 mart, 1907-ci il, №12)

Lakin müəllif Şeytanbazarda, Bakıda, Təbrizdə müşahidə etdiyi bütün bu cəfəng ehkam və inanclar pərdəsi ardında artmaqda olan əsl bəlaya – qəflət dünyasına ağlayır. Şikayət, tənqid, kinayə, lağ dolu felyetonlarında qafil, avam müsəlmanla, bic, gözüaçıq ermənini müqayisə edir, dirçəliş şeypuru çalır, xalqının gələcəyini düşünür. Bu təşvişini o, “Keçən günlər”, “Ot”, “Axund ilə keşişin vəzi” kimi hekayətlərində açıq yazır.

Erməni keşişlərinin kilsə nitqləri vasitəsilə xalqı erməniçilik, milli şovinizm ruhunda yetişdirmək adəti əsrlərdir ki davam edir. Müəllif “Axund ilə keşişin vəzi” satirasında bu tarixi faktı unudulmağa qoymur:

“Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub. Qarışqalar at nalının altında əzilən kimi, ermənilər qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar; bunilə belə erməni ölüm halında can verə-verə, yenə deyib: “vətən, millət, hayreniq” (7 iyul, 1906, № 14).

Lakin keşişin millətçi çıxışı müqabilində görək həmin vaxtlar məsciddə Axund Molla Qurbanqulu müsəlmanlara nə öyrədir:

“Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz; çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər…”

Bütün yaradıcılığı boyu əsl qayəsi yalnız öz millətinin qəflətdən nicatı olub “sizdən ötrü gəlmişəm, qeyrilərindən ötrü gəlməmişəm” deyən Mirzə Cəlilin yaratdığı, bəzən üstünlük verdiyi qeyri müsəlman, xüsusən erməni obrazları onun vətəndaş narahatlığının bədii ifadə yolu idi. Bu satirik erməni-azərbaycanlı müqayisəsinin bir gözündə süni “ermənipərəstlik” var idisə, digər gözündə əsl millətpərəstlik – “məktəb günahdır”, “elm haramdır” çığıran möhvumatın kor etdiyi zavallı xalqın mücahidi dururdu.

1905-1907-ci illərdə Qarabağ və Zəngəzurun dinc əhalisinə qarşı ermənilərin törətdikləri saysız və amansız qırğınlar, tarixi salnamə və sənədlərin dilindən daha təsirli şəkildə “Molla Nəsrəddin”in felyetonlarında əksini tapırdı:

Ey mənim əziz müsəlman qardaşlarım!

Zəngəzurda müsəlmanlar acından ölürlər. Mən sözümü qurtardım. Siz də hər kəsə istəyirsiniz baş əyin. İndi Zəngəzurda müsəlman acları buğda vaqonlarının yanına sevincək qaçıb görürlər ki, bu buğdaları ermənilər erməni aclarına göndəriblər. Biz yaxşı adamıq, ermənilər pis adamdırlar”. (24 mart, 1907, №12)

“Molla”nın 1907, 1908, 1909 -cu illər nömrələrində dəfələrlə bəhs etdiyi “Zəngəzur acları”, “Qarabağ və İrəvan acları” kimi xitabların izahını digər bir “mollanəsrəddinçi” Məmməd Səid Ordubadinin şahid söyləmlərinə, müxbir məktublarına söykənən “Qanlı illər” sənədli əsərindən öyrənmək olar. Görkəmli nasir və jurnalistin gərgin əməyinin bəhrəsi olan bu kitab, xalqın qəddar və riyakar olduğu qədər də qorxaq düşməninin əbədi xislətini hər nəslə tanıdan unudulmaz yaddaşdır: “Üzümə açılan bu qəmli mənzərədən nə qədər yazılsa, yenə də qurtarmaz, zənnindəyəm”.

İlk dəfə 1911-ci ildə işıq üzü görmüş bu əsərin millət qəflətini, elmsizliyini qamçılayan sətirləri, necə də müasiri “Molla Nəsrəddin”in əbədi ideyası ilə həmahəngdir:

“Müsəlmanlar elm və siyasətdən bixəbər olduqlarından hökumət məmurlarının Qafqazda tutduğu əqidəsini və ermənilərin o əqidədən necə istifadə etdiklərini düşünmədilər. Bakı faciəsindən sonra erməni müsəlman hadisələrinin bu qədər uzanmasına səbəb müsəlmanların elmsizliyidir, digər bir cəhət var isə, o da müsəlmanların silahsız və müasir işlərdən xəbərsizliyidir. Burasını düşünməliyik ki, ermənilər Bakıda müsəlmanları yoxlamaq üçün öz əsgərlərinə müəyyən işarə verdilər. O vaxt müsəlman camaatı hazırlıq görüb ayıq tərpənsəydi, erməniləri bir oyanışa, bir tənbihə uğratsaydı, Qafqaz faciələrinə büsbütün son qoyular, müsəlmanların da təbii şücaət və rəşadəti onlara məlum olardı”.

Bölgə müxbirlərinin məktublarına əsaslanan “Qanlı illər”dən öyrənirik ki, Gəncə, Şuşa quberniyalarında müharibə qızışdıran ermənilər məğlubiyyətə uğrayırlar. “Şücaət və igidliyi qanında olan Şuşa camaatı erməniləri cəzalandırmaqdan əsla çəkinmədilər. Açıq-açığa ermənilər məğlub oldular. Hər tərəfə gizli bir halda məğlubiyyət teleqramları vuruldu. Şuşada yalvar-yaxarla aman diləyən ermənilər geri oturdulduqdan sonra əl altından silahlanır, Zəngəzur üzərinə hücum planı hazırlayırdılar. Yüksək dağ silsiləsi ilə əhatə olunmuş Zəngəzur mahalına hücum edərək sakinlərinə vəhşicəsinə divan tuturlar. Bu faciədən sağ qalanlar pərişan və yaralı halda, Ordubad şəhərinə pənah gətirib buradakı əhalinin qayğısı ilə sığınacaq tapırlar. Ordubadi kitabında o faktı da qeyd edir ki, Zəngəzur iğtişaşı böyük Rusiya inqilabının ən təlatümlü bir vaxtına təsadüf etdiyindən erməni quldurlarını islah etməkdə hökumət özü də gücsüz idi. Ordubadinin “Oxçunun (kənd adıdıdr) şəhərə tökülmüş bikəsləri”, “fəlakətzadə köylərin camaatı” deyə bəhs etdiyi qaçqınları Mirzə Cəlil dili “Zəngəzur acları”, “Qarabağ acları” adlandırır. Məhz bu xitab, “Molla Nəsrəddin”in daim millət qeyrətini, şüurunu “dümsükləyən”, “şapalaqlayan” dilinə uyğun idi. “Aclar” xitabı və buna müvafiq üst-başı cırıq, ayağıyalın qadın, uşaq rəsmləri bu məşhur dərgini açıqda, gizlində oxuyanların vicdanını oyatmaq, islamın yardımpərəstlik şüarını xatırlatmaq üçün ən uyğun xalq dili idi.

“Məcmuənin çoxu Qarabağ və İrəvan tərəflərinə gedir. Bu gün də lənətə gəlmiş şeytan gəlib yapışıb yaxamızdan ki, “niyə yazmırsız?” – Deyirik:

Nə yazaq? – Deyir:
İrəvan və Qarabağ vilayətinin aclarının dad-fəryadı sizin qulaqlarınıza çatmır? İrəvan və Qarabağ aclarının vayıltısı Tiflisdə gürcüləri ağladır.
Ey mənim munislərim! Mən bu sözləri ondan ötrü yazmıram ki, siz oxuyandan sonra məcmuəni qoyasınız kənara və bu sözləri yaddan cıxarasınız! Mən bu sözləri yazıram ki, siz oxuyub fikrə gedəsiniz. Mən bu sözləri yazıram ki, fikir edəsiniz, yazıram ki, fikir edəsiniz… (8 dekabr, 1906, № 36)

XX əsrin əvvəllərində Tiflisin Şeytanbazar adlı müsəlman məhəlləsindən başlayaraq Qafqazın bütün müsəlmanlarının ətalət yuxusuna haram qatan, sədası Yaxın və Orta Şərqi bürümüş qoca “Molla Nəsrəddin”, yumoru satiraya, istehzanı məsxərəyə qataraq anlatdığı “müsavat”, “ittihad”, “hüriyyət” mətləbləri ilə istiqlal ideyasını milli düşüncəyə təlqin edən ilk müəllim idi.

1994-cü ildə, böyük mütəfəkkirin 125 illik yubileyində onun orijinal dramaturgiyasını, nəsr və publisistikasını nitqində ayrı-ayrılıqda təhlil edən ulu öndər Heydər Əliyev ədibin bütün yaradıcılığını izləyən məhz bu xəlqiliyi – vətəndaş narahatlığı, azərbaycançılıq arzusunu xüsusi vurğulamışdır: “Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyamızın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. “Molla Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.

Böyük azərbaycanlı Heydər Əliyev Cəlil Məmmədquluzadənin çoxşaxəli, zəngin irsinin müasirliyini “Cəlil Məmmədquluzadə daim bizimlədir” fikri ilə bildirir. 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə görkəmli ədibin anadan olmasının 150 illiyinin qeyd olunması, onun tərəqqiyə, azad düşüncə və özünüdərkə səsləyən fəaliyyətinin təbliği məhz bu dəyərli fikrin əməli təzahürü, Azərbaycan dövlətinin mədəni, ədəbi irsə göstərdiyi qədirşünaslığın bariz ifadəsidir. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...