Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müəyyən xəstəliyi olan şəxslərin oruc tutmaqla bağlı verdiyi suallar və onların cavabları

Ramazan ayında bir çox insanları maraqlandıran suallar…

Sual: Mən indi orucluyam. Bağırsaqlarımdakı narahatlıq üzündən bayıra çıxmağa çətinlik çəkirəm və bu, məni incidir. İndi oruclu ola-ola imalə etsəm, orucum pozular?

Cavab: Rəsmi dini qurumun imalə ilə əlaqədar qərarı aşağıdakı kimidir:

“İmalə etdirmək məsələsində iki hal var: qalın bağırsaqlarda su, qlükoza və bəzi minerallar sorulduğuna görə tərkibində qida olan mayenin bağırsaqlara verilməsi və ya orucu batil edən qədər sorulacaq suyun bağırsaqda qalması halında oruc pozulur. Ancaq suyun bağırsaqlara daxil edilməsindən sonra orada qalmadan bağırsaqların dərhal təmizlənməsi halında verilən suyla birlikdə bağırsaqlarda olan ifrazat xaricə çıxarıldığı və bu vaxt əmilən su da çox az olduğuna görə oruc pozulmur”.

Bizim fikrimizcə isə hər iki halda da oruc batil olmaz. Çünki imalə etdirmək yemək-içmək qəbilindən bir şey kimi qiymətləndirilmir.

 

Sual: Göz, qulaq və burun damcıları (dərman) orucu pozurmu?

Cavab: Xeyr, pozmur. Çünki bu dərmanlar mədəyə gedib çatmır. Hətta bu dərmanların çoxu qana belə qarışmır. Ancaq burun damcılarının bir qisminin qana qarışması mümkündür. Lakin bu da orucu pozmaz.

Göz və qulaq damcıları (eynilə dəriyə tətbiq edilən bir məlhəm kimi) daha çox tətbiq edildiyi hissələrə təsir edir. Bu formadakı topikal (bölgə) dərmanların qana qarışan qisimləri demək olar ki, yox deyiləcək qədər azdır. Qısa şəkildə ifadə edərsək, bu dərmanlar orucu pozmaz.

Mənbə: Dok. Zəki Bayraqdar. “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”. “Kitab və Hikmət” jurnalı, iyun-sentyabr 2015, say 10, s. 21.

 

Sual: Dilaltı həblər boğazdan mədəyə keçirmi, keçirsə, orucu pozurmu?

Cavab: Dilaltı (sublinqual) həblər mədəyə çatmır. Bu həblər adlarından da məlum olduğu kimi, dil altında əriyərək ağıziçi mikozadan sorulur. Beləliklə qana qarışma (və təsir) dərəcəsi digər dərmanlara nisbətən daha tez olur. Yəni, bu dərmanlar orucu pozmur.

Mənbə: Dok. Zəki Bayraqdar. “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”. “Kitab və Hikmət” jurnalı, iyun-sentyabr, 2015, say 10, s. 21.

 

Sual: Ac qaldıqları üçün şiddətli baş ağrısı çəkən migren xəstələri oruc tuta bilərmi?

Cavab: Aclıq miqren ağrısını aktivləşdirən hallardan biri ola bilər. Bu vəziyyətdə alınan tədbirlər kifayət etmirsə, əlbəttə ki, orucu sonraya saxlamaq lazımdır. Çünki xəstəlik orucun sonraya saxlanılması, yəni, qəzaya buraxılması üçün bir icazədir. Lakin bilindiyi kimi miqren xroniki (qalıcı) xəstəlik olduğu üçün belə xəstələr Ramazandan sonra da oruc tuta bilmirlər. Bu səbəbdən dərmanlarını qəbul etmək şərtilə (əgər bu, əks təsir göstərməyəcəksə) oruclarını tutmaları mümkünsə, bu yolu seçməlidirlər. Ancaq bu da mümkün deyilsə, (oruc miqreni aktivləşdirirsə) bu cür xəstələr oruc tutmaya bilərlər.

Mənbə: Dok. Zəki Bayraqdar. “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”. “Kitab və Hikmət” jurnalı, iyun-sentyabr, 2015, say 10, s. 19.

 

Sual: Tez-tez su içməyə məcbur olan böyrək xəstələri oruc tuta bilərmi?

Cavab: Hər böyrək xəstəsi tez-tez su içməyə məcbur deyildir. Hətta bəzi böyrək xəstələrinə su məhdudiyyəti qoyulur. Ancaq böyrək daşı və böyrək iltihabı olanlara tez-tez su içmək tövsiyə edilir. Buradakı məqsəd gündəlik sidik miqdarını artırmaqdır (bu xəstələr sutka ərzində azı 1-1,5 litr sidik ifraz etməlidirlər). Bunun üçün böyrəklərdə sirkulyasiya (dövr) edən maye miqdarının artırılması lazımdır. Belə xəstələr (24 saatda) ən azı 3 litr maye almalıdırlar. Yalnız buna riayət etdikləri təqdirdə 1-1,5 litr sidik xaric edə bilərlər. Çünki, hardasa 2 litr maye vücud tərəfindən metabolizma (maddələr mübadiləsi) üçün istifadə edilir (müəyyən qədəri də bağırsaq və tənəffüs yolu ilə atılır). Bunların xaricində artıq qalanı da sidik yolu ilə xaric edilir. Böyrəklərdə daim dövr edən maye miqdarı artdıqca sidik miqdarı da artır. Artan sidik miqdarı suyunun həcmi çoxalan çayın yatağından sürüklədiyi daş və ağac kötükləri kimi, böyrəklərdəki daş, qum və iltihab qalıqlarını sürükləyir. Nəticədə sürüklənən bu maddələr sidik yolu ilə çölə atılır.

İdrar üçün mühüm olan 24 saat ərzində alınan ümumi maye miqdarıdır. Bu səbəbdən oruclu xəstələr iftarla sahur arasında kifayət qədər maye qəbul edərlərsə, problem qalmaz.

Qısa olaraq, iftardan sahura qədər təqribən 2,5-3 litr maye qəbul edilməlidir. Ancaq vəziyyəti ağır olan, ishal və qızdırmalı xəstələr bu miqdarı daha da artırmalıdırlar. Əgər bunu ürək bulantısı və qusma kimi müxtəlif səbəblər üzündən yerinə yetirmək olmursa və ya bunu damar yolu ilə serum verməklə həyata keçirmək lazımdırsa, o zaman oruc təxirə salına bilər.

Mənbə: Dok. Zəki Bayraqdar. “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”. “Kitab və Hikmət” jurnalı, iyun-sentyabr, 2015, say 10, s. 18-19.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...