Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Müsəlman dünyasında elm və təhsilin inkişafı üçün zəruri mühit lazım olandan azdır”

“Niyə yapon mentaliteti elmi inkişaf etdirə bilir, amma ərəb mentaliteti yox?”

Noyabrın 10-u Beynəlxalq Elm Gündür. Din.az bildirir ki, bu münasibətlə Moderator.az görkəmli elm adamı, əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikirlərini öyrənib:

“İnkişaf etmiş ölkələrdə alimin cəmiyyətdə rolu çox mühüm tutulur. Bu səbəbdən də XXI əsr elmə, biliyə əsaslanan əsr adlanır. Müqəddəs Qurani-Kərimdə bildirilir ki, axırıncı Pyğəmbərdən sonra insanlığın qarşısında çıxan sualların cavablarını alimlərin verəcək və zəmanənin alimləri öz dövrlərinin peyğəmbərləri kimi dəyərləndiriləcək.

İnkişaf etmiş ölkələrdə qəbul olunan qərarlar elmi qərarlardır. Elmi qərarlar səhv ola bilməz. İnsanlar düzgün qərarlar qəbul edərək şəxsiyyətə, dövlətlər düzgün qərarlar qəbul edərək qüdrətli dövlətə çevrilirlər.

Bizim xalq da elmə, alimə həmişə layiq olduğu qiyməti verib. Kifayətdir ki, böyük Nizaminin fikirlərini xatırlayaq:

Alimdir gözümdə ən əziz insan
Qüvvət elimdədir – başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz
Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır əlbət.

Müasir Azərbaycanın ilk elmi qurumu Azərbaycan Elmlər Akademiyasıdır. Bu akademiya SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 23.01.1945 ci ildə təsis edilmişdir. 72 il öncə yaradılmış akademiyaya 15 həqiqi üzvü seçilmişdir. Bu gün həm də onları xatırlamaq və onlara rəhmət diləmək vicdan borcumuzdur. Baxın, seçim möhtəşəmdir:

1. Üzeyr Hacıbəyov -musiqiçi
2. Səməd Vurğun – şair
3. M. İbrahimov – yazıçı
4. Y.Məmmədəliyev kimya
5. M. Qaşqay geoloq
6. A. Qrossheym -botanik
7. S. Dadaşov – inşahat
8. İ.Yesman – energetik
9. M. Mirqasımov -tibb
10. Ş. Əzizbəyov -geoloq
11. Əlizadə Ələşrəf – geoloq
12. M. Topçubaşov -tibb
13. M. Hüseynov
14. H. Hüseynov -filosof
15. İ. Şirokoqorov – tibb

Əgər “elmin mentalitetdən asılılığı varmı, niyə yapon mentaliteti elmi inkişaf etdirə bilir, amma ərəb mentaliteti yox?” sualına cavab vermək istəsək, görərik ki, elm mentalitetdən yox, həyatı elmi dərketmədən asılıdır. Tarixən Şərq xalqları günəşli, münbit və yeraltı sərvətlərlə zəngin, insanı yaşatma potensialı çox olan torpaqlarda məskunlaşmışlar. Qərblilərin yerləşdiyi torpaqlar nisbətən az günəşli və az zəngin və az münbitdir. Bu fiziki fərq tarixin sonrakı gedişinə və elmin inkişafına mühüm təsir göstərmişdir. Özünü yaşatmaq niyyəti ilə İslam dünyasında biznes, ticarət geniş yayılıb. Qərb xalqları yaşamanı asanlaşdırmaq üçün müxtəlif texniki vasitələrin icadına, başqa sözlə, sənaye istehsalına diqqət yetirmişlər. Biznesin əsas məqsədi pul qazanmaqdır. Sənayeçinin amalı bazara yeni və keyfiyyətli mal çıxartmaqdır. Bu gedişat düşüncə tərzində böyük fərq yaratmışdır. Tacirin, biznesmenin düşüncəsində elmə, alimə qayğı yoxdur. Sənayeçi isə yeni və keyfiyyətli məhsul üçün elmə, alimə möhtacdır.Onlar alimin, ixtiraçının adi vətəndaşdan fərqini əla bilirlər və qiymətləndirirlər. Qərb ölkələrində elm həm dövlətdən, həm də cəmiyyətdən (sənayeçilər) tərəfindən maliyyələşir.

Qərb cəmiyyətlərində həyat bütövlükdə elmi müstəvidə oturmuşdur. Müsəlman Şərqi inkişafa doğru irəliləyirsə, Qərb artıq tərəqqiyə doğru irəliləyir. İnkişaf ilə tərəqqinin fərqi böyükdür. Qənaətimə görə tərəqqi – iqtisadiyyatın zamana görə birinici tərtib törəməsidir. İnkişafda bu törəmə sıfırdı.

Jurnalist araşdırmasından İslam dünyası elmində vəziyyət ürək açan olmamağı göstərilir. Həm Nobel mükafatı alanların sayında, həm əhalinin 1 milyonuna düşən alimlərin sayında, həm elmin büdcəsində geriqalma ciddidir. Jurnalistin gəldiyi nəticələrin biri belədir ki, müsəlmanlar elmi bilikləri istehsal edə və yaya bilmirlər. Bu o deməkdir ki, müsəlman dünyasında elm və təhsil inkişafı üçün zəruri mühit lazım olandan azdır.

İstənilən ölkənin inkişaf zəncirinə diqqət yetirsək görərik ki, təhsil elmi, elm texnologiyanı, texnologiya texnikanı, texnika sənayeni, sənaye isə iqtisadi inkişaf etdirir. Yüksək iqtisadiyyat isə firəvan həyat deməkdir. Bu həyat zəncirinin hər halqası önəmlidir.Təhsil və iqtisadiyyat da bu zəncirin birinci və sonuncu halqasıdır. Bu həlqələrin vacibliyini ABŞ keçmiş prezidentlərindən biri bu münsibəti belə ifadə etmişdir: “Amerika universitetləri qüvvətlidir, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır, ona görə ki, onun universitetləri qüvvətlidir.”

İnkişaf zəncirinində elm həlqəsinə kimi biz gedə bilirik. Elmi məqalələr yazırıq, mötəbər jurnallarda çap etdiririk, monoqrafiya çap edə bilirik. İstinadlara nail oluruq. Ancaq elmi texnologiyaya çevirə bilmirik. Bu səbəbdən də elmi tutumlu məhsul istehsal edə bilmirik. Bu səbəbdən də bəzi elmi qurumlar həm yuxarıdan, həm aşağıdan tənqid atəşinə tutulur. Elmin texnologiyaya çevrilə bilməməsi dərin kökləri var. Bu haqda növbəti dəfə müzakirə açarıq. Fikrimi J.J Russonun bir fikri ilə yekunlaşdırmaq istəyirəm:
“Bilməmək heç zaman bəla törətmir; çaşmaq məhvedici təsirə malikdir. İnsanlar çaşırlar ona görə yox ki, bilmirlər, ona görə çaşırlar ki, özlərini savadlı bilirlər”. Buradan çıxaracağımız nəticə bundan ibarətdir ki, özlərini savadlı bilənlər elmi idarəetmənin başına keçməməlidirlər.

Sonda elm günü münasibəti ilə ölkəmizin bütün alimlərin və elmi işçilərini səmimi qəlbdən təbrik edirəm və arzu edirəm ki, onlar öz elmi nəticələrinin tətbiqinə nail ola bilsinlər”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...