Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman ölkələri FƏLƏSTİNƏ BÖYÜK DƏSTƏK nümayiş etdirdi

“Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının möhtəşəm açılışı olub.

Bütün maneələrə baxmayaraq, “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının möhtəşəm açılış mərasimi keçirilib.

Din.az Qaynarinfo-ya istinadən xəbər verir ki, dünən Fələstinin mərkəzi Ramalla şəhərində “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub. İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələrə baxmayaraq, 10-u nazir səviyyəsində olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib. Mərasimdə eyni zamanda, “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilib və bu Şuranın ilk işçi iclası keçirilib.


Dünən axşam Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimində Fələstinin Gənclər və İdman Naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov Programı rəsmən açıq elan ediblər. Elşad İskəndərov öz çıxışında Qüdsün İslami kimliyininin hədəfə alındığı çətin bir vaxtda, müsəlmanların ilk qibləsi olan bu şəhərin Gənclər Paytaxtı elan edilməsini əməldə İslam Həmrəyliyinə töhfə kimi dəyərləndirib. Proqram və onun icra edən İƏT Gənclər Forumuna qarşı, bu proqramı saxlamaq üçün törədilən əngəllərdən danışan, bütün bu çətinliklərə rəğmən qurumun Proqramı davam etdirməkdə qərarlı olduğunu vurğulayan E.İskəndərov, İƏT ölkələrini əməldə həmrəylik nümayiş etdirməyə dəvət edib.
Fələstin dövlətinin rəhbəri Mahmud Abbas çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətlərinə yüksək qiymət verib, “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqda İƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə edib, bunu Qüdsü Fələstindən ayırmaq istəyənlərə layiqli cavab adlandırıb, eləcə də bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında “Qüds – Gənclər Paytaxtı” proqramına üzv-ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov öz çıxışında keçən il Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən İslam Həmrəyliyi elan olunduğunu diqqətə çartdırıb, keçirilmiş tədbirlər haqda məlumat verib, Azərbaycanın bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcəyini qeyd edib, Qüds – İƏT Gənclər Paytaxtı proqramının uğurla həyata keçməsi üçün Azzərbaycanın lazımi dəstək verəcəyini bildirib.

Açılış mərasimində həmçinin, Türkiyə, İordaniya, Küveyt, Qatar, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış edib, eləcə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın və İƏT-in baş katibi Yusif Əl-Useyminin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubları səsləndirilib.

Açılış mərasimi çərçivəsində Fələstin tarixində ilk dəfə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə, gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və milli dialoqa dəstək olacaq Fələstin Gənclərinin Milli Şurasının yaradıldığı da elan olunub.

Qeyd etmək lazımdır ki, “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlanmış, 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunmuşdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...