Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“MÜSƏLMANIQ deyə, azana görə oyun saxlansa yaxşı olar” – FİFA HAKİMİ

“Böyük ehtimalla matçı dayandırardım. Biz müsəlman olduğumuza görə bunu etməliyik”.

Azərbaycanlı FİFA hakimi Ömər Paşayevin “Qafqazinfo”ya müsahibəsi:

– Hakimlərin Antalyadakı təlim-məşq toplanışı necə keçdi?

– 2 həftədən çox toplanış keçdik. Fiziki hazırlığımız üzərində işlədik. Hər şey əla keçdi. Oyunlar idarə etdik. Topaz Premyer Liqasının ilk yarısında etdiyimiz səhvləri analiz etdik. Ümid eliyirəm ki, çempionatın ikinci yarısında minimum səhvlər edəcəyik.

– Təlim-məşq toplanışlarının Premyer Liqada yaxşı idarəçiliyə nə qədər təsiri olur?

– Özümüzü təkmilləşdirmək baxımından çox təsir edir. Ən çox fiziki-hazırlığa təsir edir ki, bu zaman daha rahat oyunları idarə edirsən və hər epizoda yaxın olursan. Dərslər də keçirik, epizodlara baxırıq. Bu səhvləri aradan qaldırmağa çalışırıq. Hazırlıq çox vacibdir. Bütün hakimlərlə bir yerdə səhvlərimiz üzərində işləyirik. Həmçinin burada yoldaşlıq görüşlərini idarə edirik. Belə daha rahat olur. Mümkün qədər çox oyun idarə etmək lazımdır.

– Hakimliyi seçmək çətin olmayıb?

– Bura təsadüfən gəlmişəm. Dostlarımızla oturub futbollara baxa-baxa analiz edirdik. Hakim səhvlərini də müəyyənləşdirməyə çalışırdıq. Mübahisə edirdik, danışırdıq. Yaxın dostum məsləhət gördü ki, AFFA-ya gedib hakimlik üçün müraciət edim. Mənə kitab da verdi. Gəldim AFFA-ya və Xaqani Məmmədovla (Hakimlər Komitəsinin sədri) görüşdüm. O da məni qəbul etdi və dərslərə çağırdı. Qaydaları öyrəndim və yavaş-yavaş maraq artdı. Xoşbəxtəm ki, hakiməm.

– Futbolçu olmaq, yoxsa hakimlik?

– Hakimliyi seçərdim. Çünki doğrudan çox sevirəm sənətimi. Özümü bundan ayrı təsəvvür etmirəm. Çox maraqlıdır. Oyunlarda keçirdiyim emosiyaları heç nəyə dəyişmərəm.

– Hakim ədalət rəmzi deməkdir….

– Adına görə çox ağırdır. Bəlkə kənardan asan görünür. Baxıb deyirlər ki, filan epizodu gördü, amma düzgün qərar vermədi. Amma o insanları gəlib adi bir oyunu idarə etsə, görər. Görərlər ki, necə ağırdır. Hələ bunun dərinliklərindən danışmıram. Sadəcə başlanğıcda gördükləri çətinlikdən sonra qaçacaqlar. Ədalət prinsipi maksimal dərəcədə qorunmalıdır. Hər hansı oyunda səhv etdikdən sonra hakim özü özünü bağışlaya bilmir.

– Hakimliyi seçərkən etiraz edən oldu?

– Dostlarım çox sevindi. Çünki indi hansısa oyunda mübahisə düşəndə mənə zəng edirlər və soruşurlar ki, hansı qərar doğrudur? Dəstək olurlar.

– Valideynləriniz?

– Atam hər zaman mənə dəstək olub. Çox sevinirdi ki, mən hakim oldum. Çünki o, mənim futbolçu olmağımı istəyirdi. Futbola da başladım. Amma sonradan daha çox təhsilə diqqət ayırdığım üçün ayrılmalı oldum. Oxumağa üstünlük verdim və futboldan uzaqlaşdım. Bu sahəyə qayıdanda isə atam ən çox sevinən adam idi.

– Futbolu seçmədiyiniz üçün peşmansınız? Çünki futbol həm məşhurluq, həm də qazanc tərəfdən daha maraqlı sahədir…

– Əlbəttə ki, maddi tərəfdən idman çox yaxşıdır. Bu, maddi tərəfdir. Amma mənəvi cəhətdən təhsil insana daha çox şey qazandırır. Mənim üçün bu, daha vacibdir. İdmanı sevməmək olmur. Amma təhsil almaq lazımdır.

– İlk dəfə neçə yaşınızda oyun idarə etmisiniz?

– Yaş yadımda deyil. Amma ilk görüşüm “Kəpəz” – “Turan” qarşılaşması olub.

– Təsadüfdən FİFA referisinə qədər yüksəlmisiniz…

– Hədəflərim böyükdür. Buradayamsa ən yüksək yerlərə qədər getməyi hədəfləmişəm.

– Avropada idarə etdiyiniz oyunlarla Azərbaycan çempionatındakı matçlar arasında nə fərqlər var?

– Bilirsiz, Avropada futbol mədəniyyəti başqadır. Beynəlxalq yarışlarda bəzən elə qarşılaşmalar olur ki, hakim-inspektorlar hər hərəkətə diqqət yetirirlər. Bizə rahat olmasa da, onlar bizim meydandakı hərəkət cədvəlimizi belə analiz edirlər. Ona görə qiymət verirlər. Daxili liqada isə o baxımdan sərbəstlikdir və özümə uyğun mövqe seçə bilirəm. Amma özümüzü beynəlxalq yarışlara daha çox hazırlayırıq. Çünki Azərbaycanı təmsil edirik.

– Hakimlərin ən yaralı yeri azarkeşlərdir. Daim hakimə təzyiq edirlər, təhqir edirlər…

– Biz peşəkar olaraq matç idarə etdiyimiz zaman azarkeşlərə baxmırıq. Düzdür, bəzən emosiyalar dözmür, özünü pis hiss edirsən, amma sırf peşəkarlığa sığınıb özünü cilovlayırsan. Çünki başqa yolun yoxdur.

– İndiyə qədər hər hansı azarkeşlə mübahisə etmisinizmi?

– Yox, belə şey olmayıb.

– Azərbaycan bir çox hakimlər rüşvət aldığına görə qovulub. Sizə belə təkliflər olub?

– Şükür edirəm ki, mənə belə təklif edən olmayıb. Yəqin ki, tanıdıqlarına görə rüşvət vermək istəməyiblər.

– Yaxınlarda bir maraqlı hadisə olmuşdu. Məşhur referi Mark Klattenburq Səudiyyə Ərəbistanda oyun idarə edərkən azan səsinə görə matçı saxlamışdı. Heç olub ki, oyun idarə edərkən azan səsi stadiona qədər gəlib?

– Başıma belə şey gəlməyib. Lakin düşünürəm ki, Klattenburq matçı saxlamaqla düz edib.

– Eynisini edərdiniz?

– Böyük ehtimalla matçı dayandırardım. Biz müsəlman olduğumuza görə bunu etməliyik.

– Şəxsi həyatı da hakimlik kimi idarə etmək çətindir?

– Məncə, fərqli-fərqli situasiyalardır. Hər şey qaydasındadır.

– Boyunuza, bədəninizə görə yəqin ki, məhəllə uşaqlarından seçilirdiniz. Belə davalara çox dəvət edirdilər sizi?

– Çox olub. Uşaqlıqda olması normaldır.

– Qalib ayrılırdınız davalardan?

– Yox, həmişə qalib ayrılmırdım. Bəzən döyülürdüm, bəzən döyürdüm.

– Qızlarla aranız necədir?

– Çox yaxşı, hətta əla. Əsas odur ki, problem yoxdur.

– Məşhur insanlara daha çox qızlar yazırlar. Məsələn, Azərbaycanda hansısa idmançıya bu sualı verəndə deyir ki, o qədər yazırlar ki,..

– Yox, demək olar ki, yazmırlar. Çünki sosial şəbəkələrdə o qədər aktiv deyiləm. İşimlə bağlı belə olur.

– Sosial şəbəkələr mane olurmu?

– Yox, o qədər mane olmur. Sadəcə FİFA və UEFA-nın tövsiyəsidir. Müəyyən qədər təsiri olur bəzən. Ona görə də daha çox iştirak etməsək, yaxşıdır.

– Evlənmək barədə düşünürsünüz?

– Əlbəttə ki, düşünürəm. Yavaş-yavaş hazırlaşmaq lazımdır (gülür).

– Kartınızı soyunub-geyinmə otağınıda unutmusunuz?

– Şükür ki, indiyə qədər unutmamışam. Amma belə hadisələr çox olur. / Din.az Qafqazinfo.az-a istinad edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...