Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MUSTAFA İSLAMOĞLU: “QURANI KƏŞF ETMƏSƏYDİM, YA ATEİST OLARDIM, YA DA DEİST…” – VİDEO

Mustafa İslamoğlu ilə maraqlı söhbət…

Tanınmış ilahiyyatçı Elşad MİRİ Macarıstanın Szeget şəhərində olarkən “Uydurulan, yoxsa endirilən din?” mövzusu ətrafında Türkiyənin tanınmış ilahiyyatçısı, alim Mustafa İslamoğlu ilə söhbətləşib.

“Din.az” ilahiyyatçının müsahibəsini ətraflı şəkildə təqdim edir:

Mustafa İslamoğlu kimdir?

– Müsahibəmizə imkan yaratdığınız üçün təşəkkür edirik. Sizin haqqınızda saatlarla danışmaq olar, amma sizi sizdən soruşmaq istərdik. Mustafa İslamoğlu kimdir?

– Bir insanın özü haqqında danışması çətindir. Xüsusilə də bizim kimi insanların özü haqqında fikir söyləməsi yanlış da anlaşıla bilər. İnsan işi ilə tanınır. Yəni harda doğulduğunuz, atanızın adı, ananızın adı, doğum iliniz, doğum yeriniz – bunlar şəxsiyyət vəsiqəsindəki sadə məlumatlardır. Şəxsiyyət vəsiqənizdəki məlumatlar qeydiyyat şöbəsinin məmurlarını maraqlandıra bilər. Məlumatlar qeydə alınır, amma insanlar bunlardan istifadə etməzlər. Yəni bunları bilmək əslində bir insanı tanımaq deyil. Elə olsaydı, qeydiyyata alan məmurlar hər kəsi tanımış olardı. Amma insanı tanımaq, düşüncələrini, fikirlərini, əməyini, əməllərini tanımaqdır. Dolayısı ilə şəxsən insanların məni də əməllərimlə, əməyimlə, fikirlərimlə tanımalarını istəyirəm. Çünki mən fikir işçisiyəm, bir Quran tələbəsiyəm, bir elm tələb edənəm. Bildiklərimin müəllimiyəm, bilmədiklərimin tələbəsiyəm.

Bu arada, 36 ildən bəri Quran davası üçün qaça-qaçda olan birisiyəm. Türkiyənin mərkəzində – Kayseridə dünyaya gəlmişəm. Nəslim 100 illərdən bəri orda yaşayıblar. Bəlkə də monqolların istilası dövründə, onların hücumlarından qaçan türkmənlərin arasında 1258-ci illərdə Anadoluya gəlmişik. Yəni bu günlərə gəlməyimiz o tarixlərə qədər gedib çıxır.

İlk və orta təhsilimi “İmam hatip”də doğulduğum yerdə alımışam. Ali təhsilimi yenə də Kayseri İlahiyyat və Misirdə Qahirə Əl-Əzhər Universitetinin Şəriyya-İslamiyyə fakultəsində oxumuşam. Daha sonra həm müəllif, həm də tərcümə əsərləri yazmağa başladım. Misirdə qaldığım zamanlarda yazdığım əsərlər oldu, məsələn; “İmamlar və Sultanlar” “İslami hərəkatlar” kimi… Türk dilinə tərcümə etdiyim əsərlər də oldu. Safinaz Kazım xanımdan qadın və örtünməyə dair əsəri “Qadının azadlığı” adında tərcümə etdim. Ərəb dilindən başqa tərcümələrim də oldu. Lakin ərəb dilinə tərcümə olunan əsərlərimin bəzilərini özüm tərcümə etmişəm. Mələsən; “İslami hərəkatlar” adlı kitabımın bir hissəsini ərəb dilinə mən tərcümə etmişəm. 1992-ci ildə Türkiyəyə gələndən sonra açıq təfsir dərslərinə başladım. Həmin təfsir dərsləri kütləyə, insanlara açıq dərslər idi və 16 il davam etdi, getdikcə daha da böyüdü. İlk başlayanda gələnlər ancaq dinləyirdi, lakin bina böyüdükcə tələbələr daha da artdı və 2 min tələbəyə müəllimlik etdiyim canlı dərsə çevrildi. 16 ildən sonra təfsir dərsi “məal”la (Quranın tərcüməsi) taclandı. Əlbəttə ki, o zamana qədər də bir çox əsərlərim işıq üzü gördü: “Yürek Devleti”, “Yürek Fethi”, “İman”, “Tavsiyyeler”, “Yahudileşme temayülü”, “Üç Muhammed”, “Hayatın yeniden inşaası”, “Ne yapmalı?” və sair. Hal-hazırda 80-ə yaxın əsərim var. Bunların əskəriyyəti sənədli və elmi araşdırmalar olaraq yazıldı. Yazdığım əsərlər təqlid deyil, hamısı təhqiq əsərlərdir. Bunları mənim deməyim nə qədər doğrudur bilmirəm, amma belədir. Sadəcə bu əsərləri sevənlər deyil, sevməyənlər də bunu təsdiq edirlər.
Bu mənada, 2008-ci ildə təfsiri yekunlaşdırıb, “Esma-i Hüsna” dərslərinə başladıq və 5 il davam etdi. Həmin 5 il müddətində də üç cildlik “Esma-i Hüsna” kitabını yazdım. Lakin bu əsər keçdiyimiz dərslərdən qaynaqlanan bir əsər deyil, ayrıca yazılmış bir əsərdir. Ondan sonra “Kuranı anlama yöntemi” ,“Kader Risalesi”ni yazdım. Əsər Qurandan sonra islam tarixinin ilk yazılı əsərlərindəndir. 1350 il bundan əvvəl Hasan əl-Basri tərəfindən yazılmış bir risalədir. O risalənin dünyada olan yeganə əlyazma nüsxəsi Süleymaniyyə kitabxanasında idi. Həmin nüsxəni tapdım və nəşr etdim. Yəni həm ərəb dilində olanını ortalığa çıxartdım, həm tərcümə, həm də şərh etdim.

Papaqdan dovşan çıxaran Allah tərifinin yerinə,
qanun və qaydaları olan Allah inancını müdafiə edirəm…

Ən son kitabım “Yaratılış ve evrim” əsəridir. Bu kitabım da çox səs-küy gətirdi. Kitabımın dostları da oldu, daşlayanları da, düşmənləri də… Allahın izni ilə mən inanıram ki, o kitab da cığır açan bir əsər kimi yerini tapdı. Ondan sonra da Allahın izni ilə həmin sahədən alimlər çıxacaq və bu cığırı davam etdirəcək. Yəni papaqdan dovşan çıxaran Allah tərifinin yerinə, qanun və qaydaları olan Allah inancını müdafiə edən müsəlman alimlərə cığır açmış oldu deyə düşünürəm.

Uydurulan, yoxsa endirilən din?

– Sizin belə bir ifadəniz var: “Uydurulan və endirilən din”. İndi əksəriyyət Mustafa İslamoğlu ortalığa yeni bir din çıxardıb deyir. Çünki hər kəsin inandığı ənənəvi islama, dinə əks olan bir din çıxarıb və bu da yeni bir dindir, sadəcə adını qoymayıb deyə fikirlər var. Bir anda öyrəndiklərimizin tam tərsi olan bir qavramla ortaya çıxdınız. Səbəb nədir? Necə anlaşılmalı, insanlar bunu necə qavramalıdır?
Uydurulan din və endirilən din əslində ayrıdırmı? Quran bu müqayisəni belə edir: Allaha öyrədilən din və Allahın öyrətdiyi din. Qurandakı ayə də bunu açıq şəkildə öyrədir: “Siz Allaha dininizi öyrədirsiniz?” Yəni Allaha din öyrədilərmi? Əslində bu ironiyadır. Allaha din öyrətməyə çalışan müsəlmanlar var. Ənənəvi din Allaha din öyrətməyə çalışmaqdır. Yəni ənənəvi din və ya uydurulmuş din dediyimiz din budur. Bunu ilk dəfə mən deməmişəm. Bunu məndən əvvəl Quran söyləyib. Qurandan sonra Allahın rəsulu söyləyib. Yəni Quran atalar dini deyə adlandılan dindən danışır. Nədir bu? Bax, “uydurulan din” dediyin din “atalar dini”dir. Atalarımızdan miras qalan dindir. Müşriklər də belə deyirdi: Allahın rəsulu Quran oxuduğu zaman müşriklər, “biz atalarımızı bu yolda tapdıq, əgər atalarımız bu yolda olmasaydı biz də bu yolda olmazdıq” deyərdilər. Quranın “atalar dini” dediyi şeyə mən “uydurulmuş din” deyirəm. Niyə “uydurulmuş din” deyirəm? Çünki uydurulub! İslam Allahın dinidir. İslam müsəlmanların sahibi olduğu bir din deyildir. Müsəlmanlar islamın sahibi deyil, tələb edənidir. İslamın sahibi Allahdır. Bir dinin tanınmasını onun sahibi edər. İslam dinin tanınmasını da İslamın sahibi olan Allah edər. Bəs, Allah bunu harda etdi? Quranda etdi, vəhyi ilə etdi.

Osmanlı tarixində bir əhvalat var: Osmanlıların ordusunda olan yeniçərilərə yeni bir ağa gəlir. Ədəbi, bacarığı, qabiliyyəti olmayan həmin şəxs çox tənbəl biri olur. Günlərin bir günü yeniçərilər üçün quru üzüm dənələrindən kompot hazırlayırlar. Lakin plov bişirdikləri qazanın içərisindəki yeməyi boşaldırlar və qazanın yağını yumadan kompot qaynadırlar. Halbuki kompotda yağ olmamalıdır, əksinə tər-təmiz olmalıdır. Amma yeni gələn ağa ləyaqət əhli olmadığı üçün kompotu qazanı yumadan hazırladır. Ona görə də kompotun üzərində bir qarış yağ əmələ gəlir. Təbii ki, yeni ağa ömründə ilk dəfə olaraq yağlı kompot görür, yeniçərlər mızıldayır, etiraz edir, amma günlər keçdikcə buna vərdiş edirlər, öyrəşirlər. Hətta elə vərdiş olurlar ki, bir gün yeniçərilərin ağası dəyişir, yerinə daha layiqli, işini bilən birisi gəlir. Şərbətli işçini görəndə “yağlı kompot olarmı? Belə şərbət hazırlanarmı?” deyərək, qazanı tər-təmiz yuduzdurur və kompotu hazırladır. Lakin bu dəfə “kompotun yağı kəsildi” deyərək, yeniçeri ordusu ayağa qalxır. Çünki ordu artıq kompotu yağlı zənn etməyə başlamışdı.

Dinə özündən bir şey əlavə etmək allahlıq iddia etməkdir

Bizim müsəlmanların ənənəvi dini də budur. Onlar dinlərini Qurandan öyrənmədilər. Onlar dinlərini atalarından, babalarından xürafə ilə, uydurulmuş hekayələrlə öyrəndilər. Bu uydurulmuş hekayələrin içərisində xristianlıqdan, yəhudilikdən, şamanizmdən, Qərbdən, Şərqdən, zərdüştlükdən gəlmə hekayələr vardır. Bunların hamısını din qazanının içinə atdılar, aşura hazırlayıb qaynatdılar, müsəlmanlara da “yeyin” dedilər. Müsəlmanlar isə bunu din zənn etdi. Halbuki bu din deyildi, bu bir mədəniyyət idi. Mədəniyyətlə bağlı film çəkmək, əsər yazmaq, teatr səhnələşdirmək olar, lakin bunu din olaraq təqdim edəndə artıq burda dayanmaq lazımdır. Niyə? Çünki bu dinin qaynağı bəllidir. Bu dinin qaynağı Qurandır. Bu din Allahın dinidir. Bu dinə nəyin girə biləcəyini, nəyin girə bilməyəcəyini biz müəyyən edə bilmərik. Bizə bu dinin tamamlandığını Quran ifadə edir. “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim” – Maidə surəsi 3-cü ayədə bildirilib. Dolayısı ilə tamamlanmış dinə əlavə edən kimsə “bu dinin sahibi Allah deyil, mənəm” demiş olur. Bu dinə özündən bir şey əlavə etmək allahlıq iddia etməkdir. O zaman bu din xristianlıq kimi olur. Yəni xirstianlığın başına nə gəlirsə, islamın da başına o gəlir. Niyə bu gün dünyada xristianlıq bitmək üzrədir? Niyə ən böyük kütləni ateizm, nehilizim təşkil edir? Çünki xristianlıq yaşana bilinməyən bir dindir. Xristianlığın içi boşdur, həyatda qarşılığı yoxdur. Artıq Allahın göndərdiyi bir din deyil, insanların udurduğu bir dindir, mədəniyyətdir. Bax mən buna etiraz edirəm və deyirəm ki, Allahın endirdiyi dinə razı olun. Allahdan razı olmaq budur. Allahın sizdən razı olmasını istəyirsinizsə, siz Allahdan razı olun! Sizin Allahdan razı olub-olmadığınızın ölçüsü də Allahın endirdiyi dindən razı olub-olmadığınızdır.
Bir yeriniz ağrıyan zaman həkim müayinəsinə gedirsiniz. Səhhətinizdə yalnış nəsə varsa, onu araşdırıb müalicə etməyə çalışırsız. Baxın, din də belədir. Dinə də mikrob, virus daxil olar. Bəs, dini necə müayinə edəcəyik? Bugünkü müsəlmanların vəziyyəti məqbul deyil! Müsəlmanların hər tərəfi tökülür. Ölən 100 müsəlmandan 95-ini yenə müsəlmanlar öldürür! Müsəlmanlardan vəziyyətlərindən razıdırlarmı deyə soruşsanız, “müsəlman yalan danışmaz, sözündə durar” cümləsini asanlıqla deyə bilirikmi? Amma bir yapon yalan söyləməz deyə bilirik. Bəs müsəlmanlar niyə bu hala gəldi? Müsəlman müsəlmana güvənmir. Zülm, iftira, şirk, insan həyatına qəsd etmək, hər cürə rüşvət, iftira, fırıldaqçılıq müsəlmanların içərisindədir. Niyə bu haldayıq? Əxlaqa baxanda çökmüşük, elmi tərəflərinə baxanda “müsəlmanlar elm, texnologiya, mədəniyyət, iqtisadiyyat, siyasət sahəsində öndədirlərmi? Xeyir! Mən bu günün müsəlmanlarından danışıram. Lakin keçmiş zamanlarda müsəlmanlar böyük alimlər yetişdirib. Bu gün niyə Qərbin batırmağa çalışdığı bir hala gəlmişik? Niyə deyə sual etdiyimiz vəziyyət yaxşı bir hal deyil. Hər nəticənin bir səbəbi var. Mənim təklifim budur: səbəblərini axtarıb tapaq. Əyrilik nəticədən deyil, səbəbdən düzəldilər. Səbəbini araşdırdıqda “uydurulmuş din”, Allaha öyrədilən dini görürük.

Bu adı mən verməmişəm, məndən əvvəl 20-ci əsrdə yaşayan Pakistanın böyük şairi İkbal bu dinin adını onsuz da qoymuşdu. O da “mollanın dini” “Allahın dini” kimi müqayisələr edirdi. Başqa birisi, Əli Şəriəti də “dinə qarşı din”, – deyə bu müqayisəni etmişdi: “Ağanın dini, Allahın dini”, yəni paralel din deyirdi. Daha sonra bizim milli şairimiz Mehmet Akif Ersoy bu müqayisəni məndən 100 il əvvəl etmişdi: “Sidqi dayının dini və Quranın dini” deyə… Dolayısı ilə mən də öz mövqeyimdən bunu etdim və endirilmiş din mənim dediyim din deyildir. Bunun xüsusi qeyd edirəm. Endirilmiş din Quranın dediyi dindir. Lakin insanlar bunu mən söylədiyim üçün qəbul etməsin, Qurana inanıb dini qəbul etsin.

Əgər peyğəmbərin seçim haqqı olsaydı, məncə vəhyi qəbul etməzdi

– Hazırda Azərbaycanda belə vəziyyət var: İnsanlar bizə göndərilən dindən soyuyaraq ateist və ya deist olmağa qərar verirlər. Sizinlə müsahibədən əvvəl sosial mediada insanlardan Mustafa İslamoğlundan nəyi soruşmaq istərdiniz deyə sual etdim. Onlardan çox sadə suallar gəldi. Mənsə onlardan yalnız bir neçə qismini sizdən soruşmaq istəyirəm. Deyir ki, peyğəmbərə ilk dəfə vəhy gəldi. Pəyğəmbərin özü vəhyin vəhy olduğu hardan anladı? Peyğəmbər peyğəmbər olduğunu necə bildi? Bəlkə də peyğəmbər daha zəkalı olması ilə bunu insanlara sırımağa çalışıb?!


– Birincisi,
peyğəmbərimiz peyğəmbərlik gözləyən bir şəxs deyildi. Cəmiyyət içərisində nəzərə çarpan, qabaqcıl, lider deyildi. Peyğəmbər rəhbər, şair, kahin, seyyid, din xadimi deyildi! Yəni həmin cəmiyyətdə öndə gedən liderlər var idi, lakin Peyğəmbərimiz bunlardan heç biri deyildi. Ona görə də Quran bunu təsdiq edir və deyir ki, “Bu iki şəhərin böyüyündən birinə gəlməli deyilmiydi? müşriklər dedilər” (“Zuxruf” surəsi, 43/31) Niyə? Çünki Peyğəmbərimiz namizədlər arasında yox idi.

İkincisi, ilk vəhy gələndən sonra peyğəmbərimiz ilk vəhyin gəlişini sevinclə qarşılamadı. Əksinə təlaşa düşdü. Hətta Təbərinin verdiyi məlumat doğrudursa, peyğəmbərimiz vəhyin ilk gəldiyi dağda sıldırımın ucuna çıxıb özünü atmağı düşünüb. Yəni gələn vəhyi peyğəmbərimiz əl çalaraq qarşılamadı.

Üçüncüsü, gələn vəhy Peyğəmbərin hər şeyini təsdiq etmədi. Vəhylər içərisində peyğəmbərimizin üzünü qızardan, gizlinini üzə çıxardan, peyğəmbərimizin gizlətdiklərini ortalığa qoyan ayələr yer aldı. Məsələn; Həzrəti Zeynəb ilə bağlı olan ayələr onlardan biridir.

Dolayısı ilə bütün bunları bir yerə topladıqda, Allahın Rəsulu və ya adi bir insan onu çətinə salan, onu incidən hadisəni niyə qəbul etsin? Onun bundan nə qazancı var ki? Çünki Quran vəhyi gəlməmişdən əvvəl peyğəmbər hər kəs tərəfindən sevilən bir insan idi. Düşmənləri ona qucaq açırdılar, əl üstündə daşıyırdılar. Yəni belə bir insan niyə başına bəla yığsın? Durduğu yerdə niyə ağrımayan başına dəsmal sarısın? Əgər peyğəmbərin öz ixtiyarında olsaydı, yəni seçim haqqı olsaydı, məncə vəhyi qəbul etməzdi.

– O zaman, bu məcburiyyət deyilmi? Peğəmbərdən heç soruşulmur ki, peyğəmbər olmaq istəyirsən, ya yox? Yaxud da gördüyü çətinliklərdən sonra Peyğəmbərin peyğəmbərlikdən istefa vermək hüququ olubmu?

Əgər bu məcburiyyətdirsə, hər birimizə iradə verərək məcbur etməklə eyni bir şeydir. Yəni, ey Allahım, məni məcburi şəkildə insan etdin, mənsə insan olmaqdan istefa edirəm deməklə bərabərdir.

Quran Muhəmməd peyğəmbərin yazdığı kitab ola bilməzmi?

– Əlimizdə Qurani Kərim var. Birisinə sitat gətirdiyimiz zaman, bu Allahın kitabıdır, Allahın cümlələridir, Allahın insanla ünsiyyətidir, deyə ona təqdim edirik. Bəs bir insan həqiqətən necə anlayacaq ki, Allahın sözləridir, yoxsa zəkalı olan Muhəmməd peyğəmbərin yazdığı kitabdır.

– Əla sualdır! Birincisi, bəşəriyyətin peyğəmbərlik haqqında bir təcrübəsi vardır. Bəşəriyyət təcrübəsinin içərisində peyğəmbərlik deyə bir qurum var. Bu təcrübəyə görə Allah rəsulunun peyğəmbərliyi bəşəriyyətin əvvəlindən bəri peyğəmbərlik qurumuna yaraşan bir təcrübədir. İkincisi, vəhy Allah Rəsulunun bilmədiklərini də ehtiva edir. Yenə Allah Rəsulunun bilməsi mümkün olmayan kainatla əlaqəli məlumatlar var. Peyğəmbərimizin dünyanın yuvarlaq şəklində olması və Günəşin ətrafında fırlanması kimi elmi bilikləri bilməsi mümkün olmayan məlumatlar idi. Peyğəmbərin əvvəl yazdığı heç bir əsər olmayıb. Buna müşriklər də etiraz edə bilmirlər və Peyğəmbərə öyrədildi deyirlər. Quran Peyğəmbərimizin bilməsi və yazması mümkün olmayan bilgilərdir. Peyğəmbərə istinad edilən sözlərin nə bəlağət, nə də ədəbiyyat baxımından Quran ayələrinin yanından da keçə bilmədiyinə şahid oluruq.

Lakin əsl amil Quranın insanın daxili aləminə təsir etməsidir. Belə ki, bir insanın özünü dəyişdirməsindən daha çox Quranın insanı dəyişdirmək potensialı vardır. Mən sufi bir ailədə böyümüşəm. Amma, əlhəmdülillah, o günlərimdən, o illərdimdən təmizləndim. 20 yaşımda Quranı kəşf etdim. Hansı ki, 7 yaşından Quranı əzbərləməyə başlamışam, lakin Qurandan xəbərim olmayıb. Amma Quran məni dəyişdirdi. Əgər Quranı kəşf etməsəydim, ya ateist olmuşdum, ya da deist. Bunu açıq şəkildə etiraf edirəm. Quranla tanış olmayasdım mən bu gün gördüyüm və yaşadığım hadisələr qarşılığında müsəlmanlardan diksinərdim. Uydurulmuş din məni heç vaxt qane edə bilməzdi. Çünki uydurulmuş dini qəlbin qəbul etməsi mümkün deyil. Mən Quranın dəyişdirdiyi neçə belə insanlar tanıyıram. Ona görə də Quranın Allahın kitabı olduğuna, bütün dəlillər bir tərəfə bu dəlil yetərlidir. İnsan tərəfindən yazılan bir kitab milyonlarla insanı dəyişdirə bilməzdi. Quranın Allahın kitabı olduğuna dair dəlillər budur: Quranın hələ də insanı dəyişdirmək gücünə malik olmasıdır.

Çox gözəl suallar veriblər. Bütün sualları toplayın, mən sizə bu reportajın davamı üçün söz verirəm. Hətta ateist, aqnostik insan qardaşlarımdan da suallar gözləyirəm.

– Bu gün Peyğəmbər yoxdur. Bəs niyə Quran peyğəmbərə ehtiyac duydu?

Cavab budur: Bəşəriyyətin bütün tarixi bir insanın tarixi kimdir. Bir insan necə doğular, böyüyər, uşaqlıq, yeniyetməlik, gənclik dövrünü yaşayaraq ömrünü sürüb gedərsə, bəşəriyyətin tarixi də belədir. Bəşəriyyətin ağlı sonuncu peyğəmbərlə birlikdə yetkinləşdi. Sonuncu peyğəmbərlə artıq insanlardan prinsiplərə keçdi. Həmin prinsipləri də Quran ehtiva etdi. Yəni Quran eyni zamanda Peyğəmbəri təmsil edir. Ona görə də Quran təhrif olunmadan yaşayır. Yəni Quran eyni zamandan yaşayan peyğəmbərdir. Bildiyimiz kimi peyğəmbərin əxlaqı Qurandır. Əxlaqı Quran olan peyğəmbər də Quranı miras qoydu. Beləliklə, peyğəmbər axtaranlara əxlaqı orda deyirəm. Əxlaqı Qurandır, Peyğəmbər ordadır. Quran həmçinin Rəsuldur!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...