Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mustafa İslamoğluna böhtan atanlar…

“İslam nədir?” adlı kitabdan qorxuya düşənlər.

mustafa-islamoglu

Bir insana böhtan atmaq, bir adamın heysiyyatı ilə oynamaq, bir şəxsi ləkələməyə çalışmaq bu qədər asan olmamalıdır. Təəssüf ki, bəziləri bunu çox asanlıqla, vicdanları sızlamadan, utanıb xəcalət çəkmədən

Bəziləri bu tərbiyəsizliyi hətta ictimailəşdirir, rəhbərlik etdiyi saytı, o saytda çalışan insanları da öz məkirli əməllərinə alət edirlər.

Belə ki, fikirlərinə hörmət etdiyim, əsərlərini oxuduğum, tezislərindən faydalandığım böyük alim, təvazökar insan Mustafa İslamoğlu haqqında təhqiramiz, böhtan xarakterli illər əvvəl yazılmış yazını “update” edib saytlarının manşetində, gözəgəlimli yerində yenidən sərgiləyirlər.

“İslam nədir?” adlı kitabdan qorxuya düşənlər
Buna səbəb isə adını çəkdiyim alimin “İslam nədir?” adlı kitabıdır. Elə bilməyin ki, bir çox dəyərdən yoxsul olanlar bu kitabı oxuyub və kitabdakı «səhv»lərə görə öz zəhərlərini axıdıblar. Əsla! Bu adamlar sadəcə həmin müəllifin kitabının Azərbaycan dilində çap olunması xəbərini həzm edə bilmirlər. “Həzm sistemlərində” problem olan bu zavallılar yazdıqları “araşdırmalarına” məni də qonaq etmişdilər. Sadəcə mən “çağrılmamış qonaqlığa” getməyi xoşlamadığımı onlara deyəndən sonra yazıdan ancaq mənimlə bağlı hissəni sildilər. Bu adamlar nə hikmətdirsə, saytlarını yazı taxtası kimi yazıb-pozmaq (silmək) məqsədi ilə istifadə edirlər. Bu saytda kimlərisə qaralamaq çoxdan adət halını alıb.

Mənim adımın hallanması isə “İslam nədir” adlı kitabı şəxsən mənim tərcümə etməyimdir.

Bu haqda yazmamışdan əvvəl bəzi dəyərlərdən yoxsul olanların iddia etdikləri nüanslara aydınlıq gətirmək istəyirəm. İstəyirəm ki, bilməyənlər də bilsinlər.

Yarandığı gündən mənfi reputasiyaya malik, sifariş və qərəzi şüara çevirmiş bu sayt yazır ki, “Türkiyənin ictimai rəyində çox mənfi obraza malik olan, adı dini-siyasi intriqaların önündə gələn, hətta uşaqbazlığa görə həbs olunan “ilahiyyatçı” Mustafa İslamoğlunun “İslam nədir?” kitabı Azərbaycanda nəşrə hazırlanır”.

Görəsən bunlar hansı sorğuya, hansı ictimai rəyə əsasən insanlar haqqında mənfi və ya müsbət rəyin olduğunu iddia edirlər? Bu cür yazıları ilə özlərini gülünc vəziyyətdən də aşağı salaraq istehza obyektinə çevirmirlərmi? Belələri sadəcə ictimai rəyi düşünmək və araşdırmaq qabiliyyətindən yoxsul olan beyinlərindəki mənfəətçi düşüncələrini, daha doğrusu mənfur niyyətlərini ictimai rəy deyərək sırımığa çalışırlar.

Tərcümə etdiyim kitabın müəllifi, 5 övlad atası Mustafa İslamoğlu həyatı boyunca Qurana atılan böhtanları təmizləməyə çalışıb, Quranı sadəcə üzündən oxumaqla kifayətlənməyərək ürəkdən oxumağı, dərk edərək yaşamağı tövsiyə edib və edir. Ömrünü Peyğəmbəri uşaqbazlıqda ittiham edənlərə mübarizə ilə keçirən bir şəxsi görün nədə ittiham edirlər? Peyğəmbəri uşaqbazlıqda ittiham edənlər Peyğəmbərin uşaqbaz olmadığını sübut edən insanı uşaqbaz adlandırırlar…

«İslam nədir?» kitabının təşəbbüskarı

Böhtançı sayt iddia edir ki, “İslamoğlunun “İslam nədir?” kitabının Azərbaycanda çap olunmasının təşəbbüskarı “bir qrup könüllü”dür və bu iş “Uydurulmuş dindən endirilmiş dinə” layihəsi çərçivəsində görülür.

Bu iddianın özü belə həmin yazını cızma-qara edənlərin iftiraçı olduğunu açıq-aydın göstərir. Çünki «İslam nədir?» kitabının ölkəmizdə çap olunmasının təşəbbüskarı nə bir qrupdur, nə də hansısa könüllülər. Bu kitabın Azərbaycan dilində, hətta rus dilində çap edilməsinin təşəbbüskarı şəxsən özüməm. Eyni zamanda xatırladım ki, kitabın həm də elektron versiyasını və saytını da hazırladıram. Kitabın Azərbaycan dilindəki səsli versiyası da artıq hazırdır. “İslam nədir?” kitabını Azərbaycanın xalq artisti Eldost Bayram və əməkdar artist Sabir Məmmədov səsləndirib. Bunları etməkdə məqsədim isə həmin kitabın daha geniş oxucu və dinləyici kütləsinə çatmasını təmin etməkdir. Çünki, kitabın nə dərəcədə əhəmiyyətli olduğunu bilirəm.

Bu işə “Uydurulmuş dindən endirilmiş dinə” layihəsi çərçivəsində, www.din.az saytının rəhbəri olaraq başlamışam, inşəAllah davam etdirmək fikrindəyəm. Bu layihə çərçivəsində professor Abdulaziz Bayındırın, professor Caner Taslamanın, dosent Emre Dormanın, professor Mehmet Okuyanın bir neçə kitabını nəşr etdirib dəyərli oxuculara çatdırmaq arzusundayam. Düşündüyüm işləri inşəAlah planlı şəkildə, Allahın izniylə həyata keçirəcəyəm. Əleyhimizə təbliğat aparanları çox təəssüfləndirməli olacağam.

Azərbaycanı sevən şəxsləri niyə əleyhdar kimi göstərmək istəyirlər?
Saytın “Onun Azərbaycan iqtidarının əleyhinə səsləndirdiyi kəskin tənqidi fikirlər isə hələ də xatırlanır” böhtanına bircə kəlmə də olsa sitat gətirməyən bu əxlaqdan yoxsullar İslamoğlunun 2009-cu ildə Bakıya gəldiyini gizlədə bilmirlər. Əgər bu şəxs ölkəmiz və ya iqtidar haqqında yanlış fikirlər səsləndirmiş olsaydı, asanlıqla ölkəmizə gəlib, məsciddə xütbə oxuya bilməzdi. Deməli, sayt və rəhbərliyi kim(lər)insə sifarişini yerinə yetirərək insanları xurafatdan ayılmasını istəmir(lər). Çünki yaxşı bilirlər ki, insanların xurafatdan ayılması onlara və havadarlarına sərf etməyəcək.

Mustafa İslamoğlunun Azərbaycan əleyhində yazdığını iddia etmələrinə baxmayaraq, həmin şəxs “Can Azərbaycan” adlı məqalə yazıb və xütbə oxuyub. Maraqlıdır, Mustafa İslamoğlunun adıçəkilən məqaləsində komunizmi pisləməsi görəsən niyə bəzilərini narahat edir? Azərbaycanın işğal altındakı torpaqlarından, şəhidlərin uyuduğu xiyabandan ürək ağrısı ilə bəhs edən müəllifin ölkəmizin əleyhində yazdığı hansısa bir cümləsini göstərə bilsəydilər, bunu çoxdan əllərində bayraq edərdilər.

Bəlkə müəllifin «Sovet dövründə tamamilə manqurtlaşan bir qrup bizdə olduğu kimi orda da var» deməsi bu manqurtların, zombilərin kürkünə birə salıb?

Sayt dövlət qurumlarımıza böhtan atır
Sayt iddia edir ki, “müəllifin təriflədiklərinin bir çoxu hazırda İrana casusluq suçundan həbsdədir”. Həmin yazıda kimin və ya kimlərin adlarının çəkildiyinə baxmağınızı xahiş edirəm. Görün bu gün adı çəkilən hansı qurumun sektor müdiri İrana casusluq suçundan həbsdədir və kiminlə əlaqəsinə görə?

Sayt və bu yazını yazan(lar) və yazdıran(lar) görəsən Allahın hüzuruna hansı üzlə çıxacaqlar? Böhtanlarına cavab tapa biləcəklərmi?

Sayt yazır: “Bu “ilahiyyatçı” Azərbaycanda təmas qurduğu dini icmaları mövcud hakimiyyətə qarşı cihada qalxmaq yönündə təhrikçilik fəaliyyətindən bu gün də əl çəkməyib. …Bütün vasitələrlə İranın maraqlarını həyata keçirmək xəttində qalmaqdadır”. Əgər bu sayt və rəhbərliyi hansısa dini icmaların hakimiyyətə qarşı qaldırıldığını iddia edirsə və bunu açıqlamırsa, deməli cinayət işləyir. Cinayəti gizlətməklə də başqa cinayət törədir. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bu məsələlərə aydınlıq gətirməli və ya bunu yazanlarla bağlı tədbir görməli deyilmi?

İslamoğlu kimi «iranpərəst» ola bilərmi?
«İslam nədir?» kimi 70-ə yaxın elmi – dini kitabın müəllifi olan, illərlə TV-lərdə dini mövzularda çıxışlar edən Mustafa İslamoğlunu İranla əlaqələndirmək isə ən absurd iddialardan biridir. Sayt iddia edir ki, «Mustafa İslamoğlunun adı qardaş ölkədə “iranpərəst” məfhumunun sinonimi kimi qəbul olunur».

Gəlin, bu məsələni çox uzatmadan bir neçə suala cavab axtaraq. Oğlunun adı Ömər olan bir iranpərəst tanıyırsınızmı? Siğənin olmadığını sübut edən, Mehdinin gələcəyini inkar edən, imaməti qəbul etməyən bircə nəfər iranpərəst görmüsünüzmü? Bu suallara cavabını bilirsinizsə, iddianın da əsassız olduğunu anlayırsınız.

İslamoğlunu FETÖ-çülükdə ittiham edən, bizə videomüsahibəsində Azərbaycandakı bəzi FETÖ-çü olduğunu iddia etdiyi məmurların adlarını müsahibədə getməməsini xahiş edən bu zavallı qorxaqlar adıçəkilən şəxsin FETÖ əleyhindəki fikirləri ilə bağlı CNNTürk kanalındakı 3 saatlıq videosuna baxmaları və bu linkdəki yazını oxumaları kifayətdir.

İslamoğluna şər-böhtan atanlar, onu “uşaqbazlıq”da ittiham edirlər. Ömrünü peyğəmbəri bu suçla ittiham edənlərlə mübarizəyə həsr etmiş alimə bu cür quru böhtan təbii ki, yapışmaz. Atalarımız gözəl deyib, «Yalan ayaq tutar, ancaq yeriməz». Uca Allah belə buyurur: «Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!» («Əhzab» surəsi, 33/58).

Əziz oxucular, çalışın yalançının ipi ilə quyuya düşməyin, çünki yalançının ipi ilə quyuya düşən quyuda qalar. Gəlin, hamılıqla Allahın ipindən yapşaq ki, ayrılmayaq. Bir olaq, diri olaq!

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...