Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

NAMAZ QILDIĞI ÜÇÜN İŞDƏN QOVULDUĞU İDDİA EDİLƏN OFİSİANTLA BAĞLI AÇIQLAMA: “NAMAZ OTAĞINDA YATIB” – FOTOLAR

“Gördüm ki, haqqında şikayət edilən ofisiant namaz otağında uzanıb, yatıb, öz kefindədir”.

Ötən gün Azərbaycanda fəaliyyət göstərən “Xezine Palace” şadlıq sarayında Vüqar adlı ofisiantın toy zamanı namaz qıldığı üçün işdən çıxarıldığı haqda xəbər yayımlanıb.

İddiada deyilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və 10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib. Elə bu zaman stolda oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək rəhbərliyə şikayət edib. Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında mübahisə yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də, şadlıq sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini verib.

Din.az bildirir ki, “A24.az” məsələni aydınlaşdırmaq üçün “Xezine Palace”ın inzibatçısı Nizami Əliyevlə əlaqə saxlayıb. Nizami Əliyev həmin gün baş verənləri bu cür izah etdi:

“Məclis keçirilən günü sarayda olan qonaqlardan biri administratora yaxınlaşıb ki, müdirinizi bura çağırın. Müdirin çağrılmasını istəyən adam da içkili olmayıb. Deyib ki, stolunuzda ofisiant yoxdur. Həmin uşaq da 14 nəfərə qulluq edir. Mən də dedim ki, ola bilməz ki, ofisiant stola qulluq etməsin. Dedi ki, gəlin gedək birlikdə baxaq. Stola yaxınlaşanda həqiqətən də gördüm ki, uşaq stolun ətrafında yoxdur. Deyilənlərə görə, namaz qılmağa getdiyini deyib. Amma namaz qılmaq üçün kimdən icazə alıb getdiyi məlum deyil. Qonaq da toy sahibinin yanında qışqırmağa başladı ki, mən sənə ona görə dedim ki, burda toy eləmə, ofisiant gedib namaz qılmağa, nə bilim nə… Mən də tez başqa bir ofisiantı stola təyin etdim ki, xidmət göstərsin. Sonra da getdim namaz otağına və gördüm ki, haqqında şikayət edilən ofisiant namaz otağında uzanıb, yatıb, öz kefindədir”.

İnzibatçının dediklərinə görə, daha sonra özü ofisianta yaxınlaşıb və harda olduğunu soruşub. Gənc oğlan namaz otağında olduğunu desə də, Nizami Əliyev ona inanmayıb və onu işdən çıxardıb.

Ofisiantı həmin şadlıq sarayına qardaşı gətirib, anaları da burda işləyib və artıq bir ilə yaxındır ki, ailəliklə bu məkanda xidmət göstərirlər.

Ofisiantın şadlıq sarayından qovulmasına isə inzibatçı “Səhəri gün anası bizə zəng edib üzürxahlıq etdi, “Bağışlayın, səhv edib” dedi. Mətbuatda qovulması ilə bağlı yazılan xəbərlər isə yalandır. Mən ona iki günlük istirahət vermişəm, ondan sonra gəlib işləyəcək”.

Şadlıq sarayında namaz vaxtlarının tənzimlənməsinə gəldikdə Nizami Əliyev bildirdi ki, yazıda qeyd edilən 9-10 radələrində qılınan namaz əslində gecə namazıdır və İşa namazı gecə saat 2-yə, bəzi yerlərdə 3-ə kimi qılına bilər. Amma evə getməzdən əvvəl namazını qılmaq istəyənlər üçün bu xüsusi tənzimlənib:

“Toy zamanı masalara 2 nəfər nəzarət edir. Əgər kimsə icazə alıb namaza gedirsə, administrator başqa birisini onun yerinə təyin edir və o da rahatlıqla namazını qılıb qayıdır, heç bir problem də yaranmır. Lakin bu ofisiant isə heç kimə demədən çıxıb gedib. Bu da səhlənkarlıqdan və özbaşınalıqdan irəli gəlir. Çünki bizdə ofisiant işinə ötəri iş kimi baxırlar, sənət kimi baxmırlar. Bu vaxta kimi 150-160 ofisiantı işdən çıxartmışam. Çünki toy zamanı içkili vəziyyətdə olurlar, oğurluq edirlər və sair”.

Qeyd edək ki, şadlıq sarayında namaz qılanlara münasibətin özəl olduğunu, onlar üçün xüsusi otağın yaradıldığını sübut etmək üçün Nizami Əliyev həmin məkanın şəkillərini göndərdi. Həmin fotoları sizə təqdim edirik:

 

 

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...