Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Niderland parlamentinin qərarının hüquqi qüvvəsi yoxdur”

Xarici işlər naziri Kaaq bu qərarın “erməni soyqırımının tanınması” mənasını vermədiyini bildirib.

Mayisə Ağamirzəyeva: “Hollandiyada türklərə qarşı o qədər nifrət var ki, burada qalmaq üçün evə görə müraciət edəndə, türklər eyni istiqamətə yığırlar”

Din.az Sputnik.az-a istinadən bildirir ki, Hollandiya Parlamenti koalisiya hökumətinin şəriki Xristian Birliyi tərəfindən hazırlanan “1915-ci ildə Anadoluda ermənilər”in “qətliamlarının” soyqırım olaraq tanınması” təklifini qəbul edib. Hollandiya Xarici İşlər Naziri Siqrid Kaaq (Sigrid Kaag) aprelin 24-də Ermənistanın Yerevanda keçirəcəyi “Soyqırımı anma mərasimi”nə hökuməti təmsil edən heyət göndəriləcəyini də qeyd edib.

Təklifə Türkiyə əsilli millət vəkilləri tərəfindən qurulan “DENK” partiyasından başqa, bütün partiyalar dəstək verib. Və təklif 3-ə qarşı 142 səslə qəbul edilib. Bütün bunlara rəğmən, xarici işlər naziri Kaaq bu qərarın “erməni soyqırımının tanınması” mənasını vermədiyini də bildirib. Hökumət bu məsələni soyqırımı kimi deyil, “soyqırım məsələsi” kimi qəbul edib.

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın sözlərinə görə, hər şey Hollandiya ilə Türkiyə arasında olan rəsmi münasibətlərin pozulmasından sonra başlayıb. Onlar ermənilərə daha çox dəstək verməyə başlayıb: “Onlar xristianları üstün tuturlar. Onların adətləri, dinləri yaxındır. Müsəlmanları burada istəmirlər. Bu səbəbdən də nə ediriksə, edək, bunun qarşısını almaq mümkün deyil”.

Ağamirzəyevanın sözlərinə görə, Hollandiyada türklərə qarşı o qədər nifrət var ki, burada qalmaqla bağlı ev üçün müraciət edəndə, türkləri eyni istiqamətə yığırlar, hamısını eyni yerdə toplayırlar.

“Türklər məhəlləsi kimi bir yer yaradırlar. Məsələn, hollandların yaşadığı ərazilərdə bir müsəlman, ərəb, türk görə bilməzsən. Rəsmi iş yerlərində bu açıq şəkildə özünü büruzə vermir. Çünki bu, diskriminasiya hesab olunur. Amma üzdə olmasa da, daxildə yaxşı davranmırlar” — deyə Ağamirzəyeva bildirib.

Onun fikrincə, bu prosesin davamı yaxşı olmayacaq: “Əgər bunlar qondarma soyqırımı qəbul etdilərsə, Qarabağ problemində də eyni davranacaqlar. Heç xoşa gələn vəziyyət deyil. Azərbaycan, Xocalı hollandlara maraqlı deyil”.

Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, Niderlandın Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasovun sözlərinə görə, “qondarma erməni soyqırımı”nın tanınması məsələsini Niderland parlamentində təmsil olunan Xristian Birliyi (Christen Unie) partiyası qaldırıb: “DENK” partiyası istisna olmaqla, parlamentdə təmsil olunan bütün partiyalar bunu dəstəkləyib. Ancaq Niderlandın koalisiya hökuməti 1915-ci il olaylarını soyqırım kimi tanımadığını bildirib”.

V.Abbasov məsələnin nədən bu yerə gəlib çıxması ilə bağlı fikirlərini də bildirib: “Sözügedən partiya 2004-cü ildə də eyni təşəbbüslə çıxış etmişdi. Ancaq o vaxt parlament bunu qəbul etməkdən imtina etmiş və məsələyə siyasətçilərin deyil, tarixçilərin qiymət verməli olduğunu bildirmişdi. Mən özüm dəfələrlə Niderland parlamentindəki görüşlərimdə bu məsələni qaldırmış və sual vermişəm ki, Niderland parlamentində qondarma soyqrımın gündəmə gəlməsinin dini amilləri varmı? Çünki təsadüfi deyil ki, təklif hər dəfə Xristian Birliyi Partiyası tərəfindən qaldırılır. Hətta müsahiblərimdən biri, Niderland parlamentinin o zamankı üzvü Marit Mij (İşçi partiyasından — PvdA) mənə dedi ki, “Siz soyqırım sözünü dırnaq işarəsi içərisində yazmısınız. Düşünmürsünüz ki, bununla erməni xalqının qəlbinə dəyərsiniz?” Demək istədiyim odur ki, bu məsələ hər zaman aktual olub”.

V.Abbasov bu məsələnin iki dəfə müzakirəyə çıxarıldığını, hər iki halın da Niderland və Türkiyə arasında diplomatik münasibətlərin gərgin olduğu dövrə təsadüf etdiyini qeyd edib:

“Birinci dəfə, 2004-cü ildə bu təşəbbüs olanda Niderland Avropa Birliyinə (AB) sədrlik edirdi və Türkiyə ilə AB arasında yaranmış gərginlik quruma sədrlik edən dövlət kimi Niderlandın marağında deyildi. Sonradan, danışıqlar yolu ilə Türkiyə və AB arasında gərginlik səngidi. Niderland parlamenti də məsələni tarixçilərin ixtiyarına buraxdığını bildirdi”.

Jurnalistin qənaətinə görə, gedişat göstərdi ki, Niderland parlamenti məsələni tarixçilərin araşdırmasına deyil, tarixin axarına buraxıb:

“Zamanı gələndə yenə də məsələni gündəmə gətirdilər və bu dəfə qəbul etdilər. Sual oluna bilər ki, bəs bu dəfə məsələni tarixçilərə, yaxud da tarixin axarına niyə buraxmadılar? Çünki ötən ilin mart ayından başlayaraq Niderland və Türkiyə arasında diplomatik münasibətlər gərginləşən xətt üzrə getdi. Sonda iki ölkə arasında diplomatik münasibətlər kəsildi. “Erməni soyqırımı”nın tanınması məhz bununla bağlıdır. Yoxsa niyə Niderland parlamenti “soyqırım”ı 100 illiyində deyil, indi tanıdı? Yüzillikdə tanısaydı daha məntiqli olmazdımı?”

Abbasov hesab edir ki, iki ölkə arasında diplomatik münasibətlər qaydasına düşməsə, gələcəkdə Niderland hökuməti də “soyqırım”ı tanıya bilər.

Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın isə bildirir ki, Hollandiya Türkiyə ilə münasibətlərin tamamilə pozulmasından çox qorxur: “Dünən Hollandiya Parlamentinin səsverməsi zamanı mən də orda idim. Hollandiya dövlət olaraq qondarma soyqırımı tanımaq tərəfdarı deyildi. Onlar yalnız “soyqırım” sözünü tanıdılar. Yəni bunun hüquqi qüvvəsi yoxdur. Sadəcə ermənilərə qarşı soyqırımın törədildiyi tanınıb. Baş nazir və xarici işlər naziri çıxışları zamanı bildirdilər ki, Türkiyə ilə münasibətləri soyuq ola bilər, ancaq bu o demək deyil ki, “soyqırım” sözü iki dövlətin münasibətlərini pozacaq”

Aşkının sözlərinə görə, qondarma soyqırımın qəbulu Qarabağ probleminə də təsir edə bilər: “Erməni diasporunun ətrafında çox sayda millət vəkili var. Bu işlərə məlumatlı insanlar qoşulmalı və bütün ölkələrdə Xocalı hadisəsini təbliğ edən qurumlar olmalıdır. İllərdir ki, Azərbaycanda Diasporla iş üzrə Dövlət Komitəsi var. Amma bu günə qədər bir addım da olsun irəli getməmişik. Hollandiya artıq qondarma soyqırımı qəbul edib, bizimkilər isə yemək-içmək, konsert həvəsindədir. Hollandiyada normal bir iş görülmür”.

Aşkın ermənilər Qarabağla bağlı parlamentə məktublar verəndə orada olduğunu deyib: “Polis bizi oradan uzaqlaşdırdı. Amma gördüm ki, onlar millət vəkillərini ələ ala biliblər. Bizimkilər isə şou yaradırlar. Biri gedir Hollandiyaya, hər hansı bir şəxslə şəkil çəkdirib paylaşır ki, mən Hollandiyanın millət vəkili ilə görüşdüm. Özünə oxşarlar da yazır ki, “halal olsun!”

Aşkının fikrincə, Azərbaycanın Xocalı və Qarabağ probleminin tanınması üçün dürüst işləmək lazımdır.

“Belə davam etsə, onlar Qarabağın da onların olduğunu qəbul etdirə biləcəklər. AB, BMT Qarabağın Azərbaycana aid olduğunu deyir, amma Xocalının adını belə çəkmək istəmir. Diasporla iş Komitəsində işini bilən insanlara üstünlük verilməlidir. Sabah ermənilər “Qarabağ Ermənistanındır, bunu da tanıyın” desələr, qəbul edəcəklərinə şübhəm yoxdur. Biz bunun qarşısını almaq üçün çalışmalıyıq”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...