Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Osmanlı soyundan olan baş nazirlə bağlı gözləntilər – ilginc reaksiyalar

Fazil Mustafa: “Osmanlı irsindən olması hələ türklərə simpatiya daşımasından xəbər vermir”.

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin yeni baş naziri bəlli olub. Yeni baş nazir 55 yaşlı Boris Consondur. Onun həyatı ilə bağlı bir çox maraqlı məqamlar mövcuddur ki, bunlardan ən əsası britaniyalı dövlət adamının əslinin Osmanlıya gedib çıxmasıdır.
B.Conson 1964-cü ildə Nyu-Yorkda anadan olub. Lakin onun ata tərəfdən ulu babası türk jurnalisti Əli Kamal bəydir. Əli Kamalın əsli Türkiyənin Çankırı vilayətinin Orta rayonundandır. İstanbulda və Avropada ali təhsil aldıqdan sonra ictimai həyata atılan Əli Kamal əsasən diplomat və jurnalist fəaliyyəti ilə məşğul olub.

Din.az xəbər verir ki, 1903-cü ildə yay tətili üçün Londona gedən Əli Kamal burada Vinayfr Bran adlı ingilis xanımla evlənir. Həmin evlilikdən onun Selma adlı qızı, Osman adında oğlu dünyaya gəlir. Boris Conson iş həyatına 1987-ci ildə “Daily Telegraph” qəzetində başlayır. Bu qəzetdə o, aparıcı siyasi analitik və baş redaktorun müavinliinə qədər yüksəlir. 2001-ci ildə Boris Conson Mühafizəkarlar parityasından Henli dairəsindən İcmalar palatasına deputat seçilir. 2004-cü ildə o, müxalifətin kölgə kabinetində mədəniyyət naziri olur. 2007-ci ilin martında Boris Conson London merliyi uğrunda mübarizəyə qatıldığını bəyan edir və 2008-ci il mayın1-də keçirilən seçkilərdə qalib gəlir. O, bu vəzifəsini 2012-ci ildə ikinci dəfə qələbə qazanaraq sürdürür.

2015-ci ilin may ayının 7-də keçirilən seçkilərdə İcmalar palatasının deputatlığına seçilən Boris Conson mer postunu da qoruyub saxlayır. O, həmin dövrdən başlayaraq Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün “Breksit” kampaniyasının ən aktiv üzvlərindən birinə çevrilir. Breksitdən sonra iyulun ayının 13-də o, baş nazir Tereza Mey tərəfindən xarici işlər naziri vəzifəsinə təyin edilir. 2018-ci ilin iyulun 9-da isə hökumət başçısı ilə “Breksit” anlaşması ilə bağlı ziddiyyətə düşməsi səbəbindən vəzifəsindən istefa edir. İndi isə artıq baş nazirdir.

Böyük Britaniya tarixində ilk dəfə türk əsilli baş nazir hakimiyyətdədir. Onun çox da yaxşı münasibətdə olmadığı deyilən Tayyip Ərdoğan hökuməti ilə bundan sonra hansı siyasət izləyəcəyi indidən maraq doğurur. Osmanlı soyundan olan birisinə Türkiyənin mövcud iqtidarının münasibəti elə də normal deyil. Eyni zamanda Türkiyənin Avropa Birliyindən kənarda saxlanılmasında da Londonun “xidmətləri” az olmayıb. Ancaq ümidlər var ki, bundan sonra, Osmanlı soyundan olan baş nazirin dövründə Türkiyə və Türk dünyasına Böyük Britaniyanın münasibəti dəyişə bilər. Lakin əksini deyənlər, pessimizmə qapılanlar da var.

Xatırladaq Conson vəzifəsinin icrasına iyulun 24-dən başlayıb. Lakin hələlik onun Türk dünyasına ünvanlı mesajı eşidilməyib.

Toğrul İsmayıl: “Böyük Britaniyanın bu məsələdə öz maraqları var”

Politoloq Toğrul İsmayıl bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Əlbəttə, İngiltərənin baş naziri ilk növbədə ölkəsinin maraqları naminə hərəkət edəcək. İngiltərə hər zaman bu cəhətdən fərqlənirdi. İngiltərə hətta AB üzvü olduğu zaman belə, öz maraqlarını AB-nin maraqlarından üstün tuturdu, bunun nəticəsi də Brexitdir. Bundan sonra ”Brexit”lə əlaqədar necə olacaq, bunu demək çətindir. Mən bu barədə yazımışdım ki, əvvəllər əsrin sualı Türkiyə nə zaman Avropa Birliyinə üzv olacaq, sualı idisə, bu gün əsrin sualı “ingilislərin ”Brex”it məsələsi necə olacaq”dır. Təbii ki, bu, sadə məsələ deyil. İngiltərə iqtisadiyyatına bundan nə qədər zərər və ya fayda dəyəcəyi sualı var. Amma əsas olan qanundur və qanuna görə də hələlik ingilislər AB-dən çıxmağa səs veriblər və bu proses davam edəcək”. Böyük Britanıyanın Türkiyə və Türk dünyası ilə perspektiv münasibətlərinə gəldikdə, T.İsmayıl bunları bildirdi: “Böyük Britaniyanın bu məsələdə öz maraqları var. Əgər o maraqlara uyğun olarsa, o zaman projelərə, yaxınlaşmalara dəstək verə bilər. Dediyim kimi, İngiltərənin maraqları ingilislər üçün hər zaman üstün mövqedə olub”.

Elçin Mirzəbəyli: “Müsəlman keçmişli Obamanın nə qədər müsəlman ölkəsini viran qoyduğunu xatırlasınlar”

Politoloq, BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli isə qəzetimizə açıqlamasında dedi ki, müasir dövrdə, xüsusilə də Böyük Britaniya kimi böyük dövlətçilik ənənələri olan dövlətlər emosiya ilə deyil ağılla, yüzillik geostrateji nəzəriyyələrlə idarə olunurlar: “Bu baxımdan da Boris Consonun Böyük Britaniyanın baş naziri seçilməsi Türkiyəyə münasibətdə pozitiv dəyişikliklərə səbəb olmayacaq. Məsələyə tarixilik nöqteyi-nəzərindən yanaşanda isə yeni baş nazirin Türkiyəyə münasibətdə müsbət addımlar ata biləcəyini düşünmürəm. Boris Consonun babası Əli Kamal Osmanlı dövlətinin naziri olub, işğalçı qüvvələrə xidmət edib, işğala qarşı dirənişin önündə gedən Mustafa Kamal Atatürkün həbsinə göstəriş verib. Atatürkün hakimiyyətə gəlişindən sonra Britaniyaya qaçıb və burada özünə Vilfred Conson (Wilfred Johnson) adını və soyadını götürür. Yəni türk milli kimliyindən imtina edib”. E.Mirzəbəyli dedi ki, tarixilik baxımından Boris Conson Türkiyəyə xəyanət etmiş bir şəxsin, vətən xaininin nəvəsidir: “Bütün bunları ona görə nümunə gətirdim ki, bir zamanlar Barak Obamanın müsəlman ailəsində doğulduğunu önə çəkib hətta onun prezident seçilməsi münasibətilə qurban kəsənlər kimi Boris Consonun ”Osmanlı nəvəsi” olduğundan vəcdə gələnlər də ekstaz vəziyyətinə düşməsinlər, müsəlman keçmişli Obamanın nə qədər müsəlman ölkəsini viran qoyduğunu xatırlasınlar. Boris Conson da şübhəsiz ki, babası kimi, Böyük Britaniyaya xidmət edəcək və onun fərd olaraq Türkiyənin dünyəvi, demokratik bir dövlət kimi inkişafında maraqlı ola biləcəyini düşünmürəm”.

Fazil Mustafa: “Osmanlı irsindən olması hələ türklərə simpatiya daşımasından xəbər vermir”

Deputat, BQB başqanı Fazil Mustafa da nikbin deyil. Hətta ona təhlükəli fiqur kimi baxır: “Bu fakta, məncə, sevinmək bizə düşməz. Mən bilən ulu babasını edam ediblər, bir də görərsən ki, Türkiyədən babasının pozulmuş hüquqlarını tələb edə bilər. Yəni qisasçılıq duyğusuna da sahib olması istisna deyil. Osmanlı irsindən olması hələ türklərə simpatiya daşımasından xəbər vermir. Bir az gözləyək, davranışları ilə qısa zamanda münasibətlərini büruzə verəcək”. / Musavat.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...