Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Paşinyan üçün yeni problem – Ümumerməni Kilsəsi – ŞƏRH

Ümumerməni Kilsəsi Ermənistandakı başqa xristianlara məxsus tarixi abidələri dağıtmaqda ittiham olunur.

Ermənilərin millət və dövlətə sahib olmalarında kilsə, Rusiya və diaspor (ABŞ, Fransa) əsas rol oynayıb. Bu üç qol arasında münasibət normal olanda ermənilərin işi yaxşı gedir. Ancaq Nikol Paşinyanın başçılıq etdiyi siyasi və ictimai qüvvə hakimiyyətə gələndən sonra həmin dayaqlar arasında ziddiyyət yaranıb. Bu azmış kimi, onlardan ikisi kilsə ilə Rusiyanın Nikol Paşinyan hökuməti ilə münasibətində gərginlik davam edir.

Hətta Nikol Paşinyanın Los Ancelesdə keçirdiyi mətbuat konfransında baş nazirin kilsə ilə münasibətlərindəki gərginliyin həllini tapmadığı məlum olub. O bildirib ki, Ermənistan xalqı hökumətin Ümumerməni Kilsəsinin daxili işlərinə qarışmağı tələb edərsə, hakimiyyət təcili olaraq bunu müzakirəyə çıxarıb uyğun addımlar atacaq. Onun sözlərinə görə, Ermənistan hökumətinin liberal siyasətini bəzi siyasi qüvvələr bəzən səhv olaraq zəiflik kimi dəyərləndirirlər: “Bu hal artıq bəzi ruhani dairələrdə də müşahidə edilməkdədir. Bizim kilsənin daxili işlərinə müdaxilə etməyəcəyimiz barədə dediklərimizi “kilsədəkilər” zəiflik kimi qiymətləndirirlər. Onlar çox sərt əks-zərbə alıb birbaşa və dolayı olaraq diz çökəcəklər. Təkrar xəbərdarlıq edirəm, bizim təbəssümümüzü və hörmətimizi kimsə zəiflik hesab etməsin”.

Ötən il Ermənistan parlamenti Ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılması haqqında qanun layihəsini qəbul etmədi. Bu tərəflər arasında ziddiyyətin ilk görüntüsü idi. Onda Nikol Paşinyanın “Çıxış” fraksiyası bildirdi ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi öz problemidir: “Bu barədə özü düşünməlidir”.

Ötən il noyabrın 1-də Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ABŞ-ın Tehrana münasibətinə və başqa geopolitik problemlərə görə Ermənistan-İran sərhədinin istənilən vaxt de-fakto bağlana biləcəyini söyləmişdi. Onda Terhandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan cavab olaraq bildirmişdi ki, İranla sərhədin bağlanmasından yalnız Ermənistan ziyan çəkəcək və Nikol Paşinyanın sərhədin bağlanacağı ilə bağlı ehtimalı reallığı əks etdirmir: “İran güclü dövlətdir. O, bütün təzyiqlərə müqavimət göstərəcək. Tehranla münasibətlərin korlanmasından yalnız Ermənistan əziyyət çəkəcək”.

Yeri gəlmişkən, Paşinyan diaspor komitəsini ləğv edəndə kilsə ona qarşı çıxdı. Ümumerməni Kakalikosu ona açıq məktub ünvanlayaraq erməni diasporunun fəaliyətini yüksək qiymətləndirmiş, komitəyə ehtiyacın olduğunu vurğulamışdı. Bundan başqa, Ermənistan kilsəsi ilə diaspor arasında da ziddiyyət yaranıb. Sibir, Volqaboyu və Uraldakı erməni icması Rusiyadakı Erməni Apostol Kilsəsini tamahkarlıq, avtoritarlıq və diaspor nümayəndələri arasında qarşıdurma yaratmaqda ittiham edir. Kilsə isə onları “savadsız və yekəxana” adlandırıb. Ümumerməni katolikosunun baş keşişi II Qareginin qardaşı, Rusiyadakı ermənilərin arxiyepiskopu Yezras kilsə qanunlarını pozmaqda günahlandırılır. İcma övladlarının xaç suyuna salınmasının gecikdirilməsində Ermənistandakı baş kilsəni ittiham edib. Arsen Mosoyan adlı icma nümayəndəsi bunu belə izah edib: “Biz qızımızı 5 ildir xaç suyuna saldıra bilmirik. 17 dəfə yeparxiyaya zəng edib onu dəvət eləmişəm. Hələ onlardan xəbər yoxdur”. 2012-ci ildə Moskvada erməni kilsəsinin tikintisi başa çatıb. Ancaq indiyə kimi ora keşiş təyin edilməyib. İcma nümayəndələri bildiriblər ki, Moskvadakı yeparxiyanın bütün danışıqlarının əsasında pul toplamaq durur. Bu səbəbdən Kemerovo vilayətinin Novokuznes şəhərindəki erməni kilsəsi bağlanıb. Yeparxiya dini ayinlərin icrasının qiymətini qaldırdığından oradakı icma kilsəyə getməkdən imtina edib. Novosibirsk vilayəti üzrə erməni icmasının sədri Artur Xaçatryan BBC-yə müsahibəsində erməni kilsəsinin fəaliyyəti ilə bağlı deyib: “Onlar bizim inamımızı oğurlayıblar”.

II Qaregin 1990-cı ildən Ümumerməni katalikosudur. Qüdsdəki və İstanbuldakı erməni kilsələri onu maddi məsələlərə həddindən artıq üstünlük verməyə və avtoritarlığa görə tənqid ediblər. 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra “Yeni Ermənistan- yeni partiarx” adlı təşkilat yarandı. Bu isə Ümumerməni Kilsəsində də islahatların aparılmasının vaxtı çatdığı kimi qiymətləndirilir. Ümumerməni Kilsəsində islahatçı keşişlərin olduğu bildirilir. BBC-nin yaydığı materialda Koryun adlı keşiş bildirib: “Kilsə mənim üçün Qaregin deyil, müqəddəs atalarımızdır. Mən onunla cənnətə getmərəm, ancaq həmin atalarla cəhənnəmə getməyə razı olaram”.

Ümumerməni Kilsəsi Ermənistandakı başqa xristianlara məxsus tarixi abidələri dağıtmaqda da ittiham olunur. Ermənistanın Ararat vilayətinin Dmitrov icmasındakı kilsənin ətrafında yaranan gərginlik hələ də qalmaqdadır. Yerli aysor icmasının nümayəndəsi İrina Saqradova-Qasparyan açıq məktubla Nikol Paşinyana və Ümumerməni katalikosu II Qareginə müraciət edərək Ararat vilayətinin Dmitrov kəndinin keşişi Mikael Nuricanyan və məktəbin direktoru olan arvadı tərəfindən kənddəki aysorlara məxsus kilsənin müqəddəs simvollarının məhv edildiyini, xüsusilə aysorların ikona və xaçlarının yandırıldığını vurğulayıb. Ararat patriarxiyası isə hələ də Paşinyanın məktubuna əməli işlə cavab verməyib. Ararat patriarxiyasının keşişi Mikael Nuricanyan ünvanına səsləndirilən ittihamlara cavab olaraq bildirib ki, kilsə ilə əlaqəsi olmayan bəzi plakatlar guya təmizlik işləri aparılarkən çıxarılıb.

Ermənistanın ali dini lideri Ümumerməni katolikosu II Qaregin ətrafında söz-söbətlər yeni deyil. Hələ 2011-ci ildə araşdırmaçı jurnalistlər Eçmiədzin kilsəsinin başçısını maliyyə fırıldaqlarında və mafioz işlər görməkdə suçlayırdılar. Ermənistan ictimaiyyətində bu şəxsə qarşı inamsızlıq, ikrah hissi oyanmaqdadır. Sadə vətəndaşlar, o cümlədən ziyalılar II Qareginin fəaliyyətini qənaətbəxş saymırlar, hətta bəzi hallarda onu şəxsi mənafeyini ümumi maraqlardan üstün tutmaqda ittiham edirlər. Katolikosun Yerevan şəhərində inşa olunan dəbdəbəli iqamətgahı da onlardan biridir. 2011-ci ildə Eçmiədzin “Toyota” şirkətinin Yerevan ofisindən ümumi dəyəri 309 min dollar olan 7 avtomobil alıb.

Nəhayət, Ermənistanı ayaqda saxlayan dayaqlardan birinin iç üzü açılır. Ehtimal etmək olar ki, onun çirkli pulların yuyulmasında əlinin olduğu yaxın zamanlarda təsdiqlənəcək. 2018-ci ildə “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşmaqla külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edildi. Bu fondun çirkli işlərində Ümumerməni katolikosunun əməkdaşlığının aşkarlanacağı istisna edilmir.

Beləliklə, erməni xalqının güvəndiyi kilsə, əslində, dələduzluqla məşğul olub. Məlum olub ki, dini inanc adından sui-istifadə edən bu qurum Ermənistanın inkişafına mane olan qurumdur. Ukrayna Pravoslav Kilsəsinin Rusiya Patriarx Kilsəsindən ayrılması perspektivdə Ermənistan kilsəsi üçün örnək ola bilər. Bu baxımdan, Ermənistan müstəqil dövlət olmaq istəyirsə, onda onun həyatında başlıca rol oynayan kilsənin də heç bir xarici dövlətə bağlı olmaması məsələsi gündəliyə çıxır.

II Qaregin də Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan kimi Rusiya üçün əhəmiyyətlidir. Bu isə Nikol Paşinyanla Kreml arasında mövcud gərginliyin artmasına stimul ola bilər. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...